Votergeyt qalmaqalı

Votergeyt otel və iş mərkəzinin binası

Votergeyt qalmaqalı (ing. Watergate scandal) — Amerika Birləşmiş Ştatlarında cərəyan edən və prezident Riçard Niksonun istefası ilə nəticələnmiş siyasi skandal. Votergeyt, ABŞ-nin paytaxtı Vaşinqtonda yerləşən otel və iş mərkəzinin adıdır. Qalmaqal hotelin daxilində baş verdiyinə görə elə Votergeyt qalmaqalı və ya qısa olaraq Votergeyt adlanmışdır.

Respublikaçılar Partiyasının səsdinləmə qurğuları

[redaktə | vikimətni redaktə et]

17 iyun, 1972-ci ildə ABŞ Demokrat Partiyasının Vaşinqtondakı məşhur "Votergeyt" hotelində yerləşən qərargahında danışıqları dinləmək məqsədilə oraya dinləmə cihazları yerləşdirmək istəyən beş nəfər ələ keçirildi. Polislər onları ələ keçirəndə istintaq işləri başladıldı. Araşdırmalar zamanı hər beş şəxsin Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı olduğu və bu məsələnin arxasında hakimiyyətdə olan Respublikaçılar Partiyasının dayandığı üzə çıxdı.

Mühafizəçi sayıq tərpənir

[redaktə | vikimətni redaktə et]

1972-ci il, iyun ayının 17-də Vaşinqtondakı "Votergeyt" mehmanxanasında təhlükəsizlik əməkdaşı kimi çalışan Frank Vills gecəyarı qaraj və digər otaqları bir-birinə bağlayan pilləkənin arxasında qapının bağlanmasına mane olan bir neçə lent aşkar etdi. Əvvəlcə, o düşündü ki, bu xidmətçinin əməlidir və bunu təmizlik məqsədilə edib. Sonra bir necə mərtəbə yuxarı qalxıb, ətrafı yoxlayanda belə lentlərdən daha bir neçəsini gördü. Vills dərhal bunun təsadüfi ola bilməyəcəyini düşündü və tərəddüd etmədən polisə zəng etdi. Polis hadisə yerinə gələrək, araşdırma aparmağa başladı və mehmanxana daxilində bir neçə yerdə yeni dinləmə cihazları quraşdıran Bernard Barker, Virqilio Qonsales, Euqenio Martines, Ceyms Mak Kort və Frenk Sturqis adlı şəxsləri yaxaladı. Həbs edilənlərin üst-başını axtararkən Mak Kortun cibindəki qeyd dəftərindən E. Hovard Huntun telefon nömrəsi çıxdı. Axtarışa rəhbərlik edən polis qalmaqallı bir izə düşdüklərini anlayaraq, məsələ ilə bağlı rəhbərliyə məlumat verdi. Çünki Hunt adi bir adam deyildi. O, həm Mərkəzi Kəşfiyyat İdarəsinin məsul əməkdaşlarından biri, həm də Prezident Niksonun xüsusi tapşırıqlarını yerinə yetirən Ağ Evin nümayəndəsi kimi tanınırdı. Üstəlik, hadisə yerində yaxalanan Mak Kort da Niksonun seçki kampaniyasında iştirak etmişdi. Bu isə cinayət başında ələ keçirilən şəxslərlə Ağ Ev arasında bir əlaqə olduğunu göstərirdi. İşi təhqiq edən müstəntiqlər bunun ardınca bu məsələdə birbaşa əli olan daha bir neçə nəfəri həbs etdilər. Artıq Demokratlar Partiyasının Mərkəzi Qərargahının dinlənildiyi faktı ortada idi və bu işdə izin birbaşa Ağ Evə getdiyi şübhə doğurmurdu. Bu isə Nikson administrasiyası üçün xoşagəlməz sürpriz olmuşdu. Niksonun mətbuat sözçüsü Ron Ziqler baş verən hadisəni üçüncü dərəcəli və ciddi əhəmiyyət daşımayan bir olay kimi dəyərləndirdi. Lakin o özü də dediklərinə inanmırdı. Digər tərəfdən, bu hadisələr ABŞ-də qarşıdan gələn seçkilər ərəfəsində baş vermişdi və Nikson administrasiyasının üzvləri seçkilərdə onları hörmətdən salmaq üçün bu cəhdlərə baş vurulduğunu bəyan edərək, özlərinə haqq qazandırmağa çalışırdılar. Yeri gəlmişkən, qeyd edək ki, Nikson hakimiyyətə ABŞ üçün olduqca ağır bir dövrdə gəlmişdi. Belə ki, ölkəni Niksondan əvvəl idarə edən Lindon Conson Vyetnamda müharibəyə başlamış və bu müharibə ölkə əhalisi tərəfindən olduqca pis qarşılanmışdı. Ötən əsrin 60-cı illərinin ortalarından başlayaraq, ABŞ-də müharibə əleyhinə tələbələrin etiraz aksiyaları başlamışdı. Eyni zamanda ölkədə müharibədə əlil olaraq gələnlərin və yaxınları həlak olanların antimüharibə hərəkatı başlamışdı. Müharibə əleyhinə ABŞ-də güclənən etiraz aksiyaları isə Lindon Consonun növbəti prezident seçkilərində məğlubiyyətinə və ABŞ-nin 37-ci Prezidenti Niksonun qələbəsinə gətirib çıxarmışdı. Prezidentliyinin ilk 4 ilində, həqiqətən də, Nikson ölkə əhalisinə verdiyi vədi qismən yerinə yetirmiş, Vyetnamdan qoşunların çıxarılması istiqamətində müəyyən addımlar atmış və bu müharibəni tədricən başa çatdıracağını nümayiş etdirmişdi. Xarici siyasət sahəsində özünü qatı antikommunist kimi aparan Nikson beynəlxalq aləmdə gərginliyin zəiflədilməsinə və qarşıdurmanın yumşaldılmasına xidmət edən addımlar atmışdı. O gözlənilmədən Çinlə ABŞ arasında diplomatik əlaqələrin bərpası barədə qərar qəbul etmiş və bununla da hamını təəccübləndirmişdi. Eyni zamanda Nikson SSRİ ilə Soyuq müharibəni daha da qızışdırmaq cəhdlərinə son qoymuş və Moskva ilə nüvə başlıqlı raketlərin sayının azaldılması barədə danışıqlara başlamışdı. ABŞ-nin 37-ci prezidenti 1973-cü ildə özündə cəsarət taparaq, Moskvaya səfər etdi. O bununla da ABŞ prezidentləri tarixində Moskvaya ilk səfər edən prezident oldu. Bir sözlə, o qeyri-adı qərarlar qəbul etməklə diqqəti cəlb edirdi və onun hər addımı nəinki ABŞ daxilində, həm də beynəlxalq aləmdə güclü əks-səda verirdi. Təbii ki, Niksonun qeyri-adi qərarlar qəbul etməsi ölkənin təhlükəsizliyinə cavabdeh qurumların da ona diqqəti artırmasına gətirib çıxarmışdı. Çünki ABŞ-də antikommunist ovqatının hələ də tuğyan etdiyi bir dövrdə Çinlə diplomatik əlaqələrin bərpa edilməsi və SSRİ ilə nüvə başlıqlı raketlərin sayının azaldılması barədə danışıqlara başlaması ölkənin ali dairələrində olduqca ehtiyatlı qarşılanır və prezidentin kommunistlərə rəğbəti barədə onlarda rəy formalaşdırırdı. Ona görə də Niksonun ABŞ-yə daha çox təhlükə gətirə biləcəyindən xüsusi xidmət orqanları narahat olmağa başlamışdılar və onun xarici siyasət sahəsində daha çox əl-qol atmasının qarşısının alınması barədə fikirləşməyə başlamışdılar. Buna baxmayaraq, həmin dövrdə Nikson ABŞ üçün ideal prezident olaraq qalmaqda davam edirdi.

Əvvəlcə, Ağ Evdə baş verən hadisələri olduqca məxfi saxlayırdılar və bu barədə məlumatların mətbuata sızmaması üçün bütün vasitələrdən istifadə edirdilər. Amma Ağ Ev administrasiyası buna uzun müddət nail ola bilmədi. Hər şeydən xəbər tutan ABŞ-nin tanınmış qəzetlərinin bəzi əməkdaşları Ağ Evdə qəribə hadisələrin baş verdiyinin və orada bir əsəbi ovqatın hökm sürməsinin fərqində idilər. Amma nə baş vermişdi, bunu bilən yox idi. Ağ Evdə, adətən, KİV-lərə yaxınlığı ilə seçilən və onlarla ünsiyyətdən belə qaçmayan bəzi dövlət rəsmiləri jurnalistlərdən uzaq durmağa çalışırdılar. Nəhayət, "Vaşinqton post" qəzetinin hər şeyə burunlarını soxmağıqaşınmayan yerdən qaşıyıb qan çıxarmağı xoşlayan əməkdaşları Karl BernşteynBob Vudvord Ağ Ev rəsmilərindən birini hərəkətə gətirə və baş verən hadisə barədə ondan məlumat ala bildilər. Ertəsi gün "Vaşinqton post" qəzetində məsələ ilə bağlı dərc edilən yazı ABŞ-də bomba kimi partladı və bir neçə günün ərzində qəzetin tirajı 10 milyonu ötdü. Amma Nikson baş verən hadisələrin onlarla hər hansı bir əlaqəsi olmadığını bəyan edərək bütün bunların rəqiblərinin seçkiqabağı ortaya atdığını və onu gözdən salmaq vasitəsi olduğunu bildirdi. Bununla belə, Nikson baş verən hadisəni araşdırmaq üçün göstəriş verdi və bu işi ədliyyə naziri Elliot Riçardsona tapşırdı. O da məsələ ilə məşğul olmağı tanınmış vəkil Arçibald Koxa həvalə etdi. Amma Kox çox acı bir həqiqət qarşısında qalmışdı və bu məsələdə uduzacaqlarını ilk anlardan anlamağa başlamışdı. Kox gizli yazılan səslər olan lentlərin ona verilməsini istədi və yalnız bu halda prezidenti qismən də olsa müdafiə edə və onu daha ağır ittihamlardan xilas edə biləcəyini söylədi. Lakin Koxun bu tələbləri Niksonu özündən çıxardı və o dərhal Koxun vəzifəsindən azad edilməsi barədə göstəriş verdi. Amma ədliyyə naziri Riçardson Koxun təcrübəli bir vəkil olduğunu və onun səsyazma lentlərini boş yerə istəmədiyini yaxşı bilirdi. Ona görə də Riçardson Koxun vəzifəsindən götürülməsi barədə göstərişi qulaqardına vurdu. O, Niksona: "Biz bu işdə ortada olan faktların üstünü ört-basdır edə bilmərik. Amma bu məsələni yumşaltmaq üçün hansısa vasitə tapa bilərik. Ona görə də faktlarla tanış olmağımız vacibdir. Əks halda, qarşı tərəf bu faktları sizdən tələb edəcək və bizi küncə sıxışdıracaq", -demişdi. Lakin Nikson bunun mümkün olmayacağını bəyan edərək, Riçardsonu məsələ ilə məşğul olmaq istəməməkdə və qeyri-ciddilikdə günahlandıraraq, vəzifəsindən azad etdi. Bununla da Niksonun baş verən hadislərdə əli olması barədə ilk faktlar ortaya qoyulmuş oldu. Beləliklə, Niksonun tutduğu vəzifəsindən istefa verməsinə gedən yol açılmış oldu. Nikson administrasiyasında əsl çaxnaşma başlamışdı və artıq hamı hadisələrin təhlükəli bir istiqamətdə inkişaf edəcəyinin fərqində idi. Buna baxmayaraq, "Votergeyt" qalmaqalının ilk vaxtlarında hələ də ABŞ ictimaiyyəti Niksonun günahsız olduğuna inanırdı və bütün baş verənləri seçkiqabağı rəqibini gözdən salma, cəhdləri kimi dəyərləndirirdilər. Bu isə 1972-ci ilin payızında keçirilən növbəti prezident seçkilərində Niksona rəqibləri üzərində qələbə çalmağa imkan verdi və o, ikinci dəfə prezident seçildi. Nikson baş verən hadisələrin tezliklə unudulacağını və bununla bağlı aparılan təhqiqat işlərinin dayandırılacağına ümid edirdi. Hər halda, seçicilər tərəfindən ona ikinci dəfə etimad göstərilmişdi. Deməli, xalq ona inanırdı və lazım gələcəyi halda onu müdafiə də edəcəkdi. Lakin Nikson hadisələrin onun üçün yaxşı sonuclanacağına ümid etməklə də böyük səhv etmiş oldu və sonralar bunu artıq düzəldə bilmədi. Hər halda, Nikson ikinci dəfə prezident seçildikdən sonra xalqa verdiyi əsas vədlərindən birinə əməl edərək, 1973-cü ildə Vyetnamda müharibəni dayandırdı. Amma artıq hadisələr Niksonun istefasına və məhkəmə qarşısında dayanmasına aparırdı.

Mühasirə halqası daralır

[redaktə | vikimətni redaktə et]

"Votergeyt" qalmaqalını təhqiq edən komissiya 1973-cü il, yanvar ayının 30-da bu işdə baş rolda oynayanlardan ikisini — Nikson administrasiyasının keçmiş üzvlərindən olan Qordon LiddiCeyms Kordu həbs etdi. Bu isə o demək idi ki, artıq növbə Nikson komandasının daha tanınmış simalarına gəlib çatıb və onlar da etdikləri cinayətə görə məhkəmə qarşısında dayanacaqlar. Bunu hiss edən Ağ Ev administrasiyasının tanınmış simalarından olan və Niksona ən yaxın adam hesab edilən H. R Haldeman Con Ehrlichuman və Ədliyyə naziri Riçard Kleyndinstr 1973-cü il aprel ayının 30-da tutduqları vəzifələrindən istefa verdilər. Amma bununla da sular durulmadı və Niksonun vəziyyəti yüngülləşmədi. Bunun ardınca, 1973-cü il, may ayının 18-də Senat "Votergeyt" qalmaqalı ilə bağlı aparılan məhkəmə prosesinin canlı yayımlanması barədə göstəriş verdi. Artıq bütün dünyanın diqqəti ABŞ-yə yönəlmişdi və milyonlarla adam hər gün televizorun qarşısında oturaraq qalmaqalla bağlı məhkəmə prosesini izləyirdi.

"Votergeyt" qalmaqalını mətbuata çıxraraq dünyanın diqqətini bu işə cəlb edən "Vaşinqton Post"un əməkdaşları Bernşteyn və Vudvord 1973-cü il, iyun ayının 3-də daha bir sensasiyalı məlumat dərc etdirdilər. Onlar Niksonun ən yaxın məsləhətçilərindən biri olan Con Dinin (John Dean) istintaqa verdiyi ifadəsində Ağ Evin rəhbəri ilə baş verən hadisələri ört-basdır etmək üçün 35 dəfə məsləhətləşdiyini etiraf etdiyini yazmışdılar. Bundan sonra Din də tutduğu vəzifəsindən getməyə məcbur oldu. 1974-cü il, yanvar ayının 28-də Prezident Niksonun seçki kompaniyasının təşkilinə rəhbərlik edən Herbert Porter də istintaqa verdiyi ifadəsində bəzi etiraflar etməyə məcbur oldu. O, "Votergeyt" qalmaqalı ilə bağlı istintaqa verdiyi ilk ifadəsində Federal Təhqiqat Bürosu əməkdaşına yalan söylədiyini boynuna aldı. 1974-cü il, mart ayının 1-də isə "Votergeyt" qalmaqalının əsas oyunçuları olan və adları istintaq materiallarında "Votergeyt 7-liyi" kimi hallandırılan Niksonun keçmiş köməkçiləri Haldeman, Erlixumen, Mitçel, Qolson, Qordon C. Stroqan, Robert Mardian və Kennet Parkinson Niksondan aldıqları göstəriş əsasında istintaqa mane olmaq üçün düşünülmüş şəkildə çaşdırıcı ifadələr verməkdə günahlandırıldılar. Bununla da Niksonun baş verən hadislərdə əli olması barədə ilk faktlar ortaya qoyulmuş oldu. Beləliklə, Niksonun tutduğu vəzifəsindən istefa verməsinə gedən yol açılmış oldu. 1974-cü il, iyul ayının 27-də Senatın Ədliyyə komissiyası 27 lehinə, 11 əleyhinə olmaqla, haqq və ədalətin bərpasına mane olmaq cəhdlərinə görə Niksona qarşı ilk ittiham irəli sürdü. Bunun ardınca, iyulun 29 və 30-da keçirilən iclaslarda Nikson vəzifəsindən sui-istifadə etməkdə və Konqresə qarşı hörmətsizlik göstərməkdə günahlandırıldı. Artıq Niksonun ətrafında mühasirə halqası tam qapanmaqda idi.

Riçard Niksonun istefa ərizəsi

1974-cü ilin avqust ayında Niksonla Ağ Ev administrasiyasının rəhbəri Haldeman arasında gedən bir söhbətin lent yazısı televiziyada yayımlandı. 1972-ci il iyul ayının 23-də baş verən bu söhbətdə Nikson Haldemandan beynəlxalq təhlükəsizliyin təmini bəhanəsi adı altında hər vasitə ilə "Votergeyt" qalmaqalını araşdıran Federal Təhqiqat Bürosu əməkdaşlarına mane olunmasını və bununla bağlı MKİ-dən istifadə etməyi tapşırırdı. Bunun ardınca hadisələr daha sürətlə inkişaf etməyə başladı. Belə ki, ABŞ Ali Məhkəməsi Niksonun dinləmə materialları olan kasetləri istintaqa verməsi barədə qərar qəbul etdi. Nikson bir müddət buna müqavimət göstərdi və kasetləri istintaqa təqdim etmədi. Amma sonra o, bu kasetləri (bir neçəsi istisna olmaqla) istintaqa vermək məcburiyyətində qaldı. Bütün bunlar isə Niksonun əhali arasında sürətlə hörmətdən düşməsinə səbəb oldu. Niksonun dinləmə materiallarını istintaqa təqdim etməsi ilə iki il boyunca davam edən istintaq prosesi də yekun mərhələsinə qədəm qoydu. Bu isə Konqresdə Niksonu dəstəkləyən konqresmenlərin də ölkənin 37-ci prezidentindən tamamilə üz döndərməsinə səbəb oldu. Artıq kartlar açılmışdı və Niksonun belə bir vəziyyətdə öz vəzifəsini icra etməsi mümkün deyildi. Bunu anlayan Nikson 1974-cü il, avqust ayının 8-də televiziya ilə xalqa müraciət edərək, avqustun 9-da tutduğu vəzifəsindən istefa edəcəyini bildirdi. Ertəsi gün o, Ağ Evi tərk etdi. Beləliklə, Nikson ABŞ tarixində öz vəzifəsindən könüllü şəkildə istefa edən ilk və hələlik, son prezident kimi adını tarixə yazdırdı. Niksondan prezident kürsüsünü təhvil alan vitse-prezident Cerald Ford isə sentyabrın 8-də televiziya ilə etdiyi çıxışında baş verən hadisələrdə özünün və Niksonun da günahı olduğunu, ancaq bunun bəzi məqamlarda ölkənin təhlükəsizliyi məqsədilə edildiyini söylədi. O, eyni zamanda Niksonun ABŞ Prezidenti kimi toxunulmazlıq hüququ olduğunu və ona qarşı cinayət işinin başladılmasının ölkənin ali qanunlarına zidd olacağını söylədi və bunun yolverilməzliyini vurğuladı. Fordun televiziya ilə çıxışından az sonra Nikson da bir açıqlama verərək, baş verən hadisələrlə əlaqədar qətiyyətli hərəkət etmədiyini və bununla səhvə yol verdiyini etiraf etdi. Onun bu açıqlaması çoxları tərəfindən baş verən hadisələrə görə Niksonun günahını boynuna alması kimi dəyərləndirildi. Buna baxmayaraq, Nikson ömrünün sonuna kimi özünün günahsız olduğunu sübuta yetirməyə çalışdı və açıq şəkildə: "Baş verən hadisələrdə günahkaram", — demədi.

Qalmaqal mətbuatın əfsanəsidirmi?

[redaktə | vikimətni redaktə et]

"Votergeyt" qalmaqalının mətbuata çıxararaq Niksonun faciəsinin əsasını qoyan "Vaşinqton Post" qəzetinin iki əməkdaşı Bernşteyn və Vudvord isə məsələ ilə bağlı məlumatı hansı mənbədən aldıqlarını heç vaxt söyləmədilər. Onlar məlumat aldıqları mənbəni "Dərin boğaz" adlandırmışdılar. Amma ABŞ xüsusi xidmət orqanları bu məsələni mətbuata kimin ötürə biləcəyi məsələsini uzun müddət diqqət mərkəzində saxladılar. Qalmaqalla bağlı baş verən hadisələrdən yalnız 33 il sonra, 2005-ci ilin iyun ayında bu sirri mətbuata ötürən adamın adını müəyyən etmək mümkün oldu. Bu adam o dövrdə Amerika Federal Təhqiqat Bürosu rəhbərinin köməkçisi Mark Felt idi. O, "Vaniry Fair" dərgisinə verdiyi müsahibəsində bu sirri özü ilə qəbrə aparmaq istəmədiyini və "Votergeyt" qalmaqalı barədə mətbuata məlumat sızdırdığını etiraf etdi. Bundan sonra Bernşteyn və Vudvord da məlumatı məhz Feltdən aldıqlarını təsdiqlədilər.

Bernşteyn və Vudvord onlara "Pulitzer" mükafatı qazandıran "Votergeyt" qalmaqalı barədə 1974-cü ildə "Prezidentin bütün adamları" (All The Prezidents Men) adlı kitab nəşr etdirdilər. Bu kitabda gedən materiallar əsasında 1976-cı ildə məşhur aktyorlar Robert RedfordDastin Hoffmanın iştirakı ilə film çəkildi.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]