Məsih Mehmed Paşa | |
---|---|
هادم ميسيه مهمد باشا | |
1 noyabr 1585 – 14 aprel 1586 | |
Əvvəlki | Özdəmiroğlu Osman Paşa |
Sonrakı | Kanijalı Siyavuş Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1485 |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Dini | islam |
Xədim Məsih Mehmed Paşa (1485, Bosniya əyaləti – 1592, İstanbul) — III Murad dönəmində 1 noyabr 1585 – 14 aprel 1586 tarixlərində ümumilikdə 5 ay 13 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.
Əslən bolqar olan Məsih Mehmed Paşa kiçik yaşlarında xədim edilərək saraya alınmışdır, burada təhsil aldıqdan sonra hərəmdə vəzifələndirilmişdir. Ardından bir müddət xəzinədar olan Mehmed Paşa 1574-cü ilin oktyabrında Misir bəylərbəyiliyinə gətirildi. Osmanlı tarixçilərindən İbrahim Peçəvi, Gəlibolulu Mustafa Əli və onları mənbə olaraq alan digər tarixçilərin yazdığına görə, II Səlim dövründə saray anbarında böyük bir yanğın çıxmış, sarayın bütün ərzaq və ləvazimatları məhv olmuşdu. Bu səbəblə saray anbarını yenidən təmin etmək üçün saray ağalarından Məsih ağaya paşa ünvanı verilərək Misirə göndərilmişdir.
5 il bu vəzifədə qalan Məsih Mehmed Paşa idarəçilikdəki bacarığı ilə məşhurlaşmış, 1579-cu ildə paytaxta çağırılaraq ikinci vəzir olaraq divan məclisinə alınmışdır. Sədrəzəm Özdəmiroğlu Osman Paşanın yerinə paytaxtda qalaraq sədarət naibi oldu. Ancaq sədrəzəmin səfər əsnasında xəstələnib ölməsi ilə 1 noyabr 1585 tarixində III Murad tərəfindən sədrəzəmliyə gətirildi. Sədrəzəm olaraq padşahın və saray əhlinin dövlət idarəsinə qarışmasına qarşı idi. 1586-cı ilin aprelində vəzifəsindən razı olmadığı rəis-ül küttab Həmzə ağanın vəzifədən alınmasını istəmiş, ancaq bu istəyi padşah tərəfindən qəbul edilməmişdir. Ardından "istiqlalı olmayan bir sədrəzəmin xeyri də olmaz" deyərək vəzifədən öz istəyilə ayrılmış, bundan sonra heç bir vəzifəyə gətirilməmişdir. Məsih Mehmed Paşa 1592-ci ildə İstanbulda vəfat etmiş, inşa etdirdiyi Məsih Mehmed Paşa məscidindəki türbəsinə dəfn olunmuşdur.