Yaponiyada mobil telefon mədəniyyəti

Haracuku rayonunda mobil telefondan istifadə edən qız (2008).

Yaponiyada mobil telefon mədəniyyəti özünəməxsus şəkildə inkişaf etmişdir. Yapon dilində mobil telefona "keytay denva" (携帯電話?) və ya qısaca "keytay" (携帯電話?) deyirlər. Ona görə də Yaponiyadakı mobil telefon mədəniyyətini Keytay mədəniyyəti də adlandırırlar.

Yaponiyada mobil telefondan istifadə geniş yayılmışdır və yayılmağa da davam edir. 2013-cü ildə əhalinin 39,1%-nin mobil telefonu olduğu halda, 2021-ci ildə bu rəqəm 74,3%-ə çatmışdır.[1]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Yaponiyada mobil telefon mədəniyyəti özünəməxsus şəkildə inkişaf etdiyi üçün bu hal Qalapaqos sindromu adını almışdır. [2]

Yaponiyada mobil telefon mədəniyyətinin populyar elementlərindən biri romanlardır. Mobil telefon romanı və ya keytay romanı mobil telefon vasitəsilə yazılan roman növüdür və Yaponiyada ədəbi janra çevrilmişdir.[3] Mobil telefon ədəbiyyatı ilə əsasən həvəskarlar məşğul olsa da, bəzi əsərlər populyarlaşaraq kitab şəklində çap oluna bilir.[3] Yaponiyada mobil telefon vasitəsilə yazılmış ən məşhur roman olan "Dərin sevgi" (2002) əsasında film, serial və manqa istehsal olunmuşdur.[3]

İstifadə mədəniyyəti

[redaktə | mənbəni redaktə et]

Yaponiyada insanlar evdən çıxanda mobil telefonlarını səssiz rejimə qoyurlar.[4] Hətta qatarlarda telefonu səs rejimə keçirməklə bağlı anonslar səsləndirilir.[4] Yaponiyada ictimai yerlərdə mobil telefonlardan istifadə etmək xoş qarşılanmır.[4] Avtobus sürücüsü avtobusa minərkən telefondan istifadə edən şəxsi avtobusa minməyə icazə verməyə bilər.[4] İctimai yerdə telefon zəng çalarsa insanlar dərhal telefonu səssizləşdirirlər, hətta buna görə həyəcan keçirə bilirlər.[4] Yaponiyada telefondan istifadə edərkən digər insanları narahat etməməyə çox diqqət yetirilir.[4]

Mobil telefonlarda yazı yazarkən kancilər avtomatik yükləndiyi üçün bir çox mobil telefon istifadəçisində əllə kanci yazmaq qabiliyyətinin zəiflədiyi müşahidə olunur.[5] Yaponiya Təhsil Nazirliyinin Mədəni Əlaqələr Agentliyi tərəfindən keçirilmiş bir sorğuda iştirakçıların 66.5%-i əllə kanci yazmaq qabiliyyətinin zəiflədiyini bildirmişdir.[5] Agentlik kancinin gələcəyi ilə bağlı narahat olduğunu açıqlamışdır.[5]

Mobil telefon romanların çoxu seksual və şiddət məzmununa malik olduğu üçün valideynlər bu cür romanların uşaqlara pis təsir göstərdiyini hesab edirlər.[3]

  1. "Share of people in Japan who own smartphones from 2013 to 2021". Statista. 2022-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2022.
  2. "Cell phone culture here unlike any other". Japan Times (ingiliscə). Archived from the original on 2015-02-18. İstifadə tarixi: 23 iyul 2022.
  3. 1 2 3 4 "Cell phone novels come of age". Japan Today (ingiliscə). 2009. 2023-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2022.
  4. 1 2 3 4 5 6 "Cell phone culture: How cultural differences affect mobile use". CNN Business (ingiliscə). 2012. 2022-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2022.
  5. 1 2 3 "Dire Threat To Culture? - Mobile Phones, Email Destroying Penmanship". IB Times (ingiliscə). 2012. 2022-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2022.