Yeni Orlean uğrunda döyüş | |||
---|---|---|---|
İngilis-Amerika müharibəsi (1812-1815-ci illər) | |||
Tarix | 8 yanvar 1815-ci il | ||
Yeri | Yeni Orleandan 5 mil (8 km) cənub-şərqdə (Şelmete plantasiyası bölgəsində) | ||
Nəticəsi |
Amerikalıların həlledici qələbəsi [1] İngilis qoşunları Luiziananı birdəfəlik tərk etdilər [2][3] |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Yeni Orlean uğrunda döyüş (ing. Battle of New Orleans) — 1814-cü il dekabrın 24-də (köhnə təqvimlə) və ya 1815-ci il yanvarın 8-də Luiziana ştatı, Yeni Orlean yaxınlığında baş verən döyüş[7].
Bu 1812-ci il İngilis-Amerika müharibəsinin son böyük döyüşü idi. Endrü Ceksonun komandanlığı altında olan ABŞ qoşunları İngiltərə ordusunu məğlub etdi. Müharibəyə son qoyan Gent müqaviləsi 24 dekabr 1814-cü ildə imzalanmışdı, ancaq sülh xəbərləri Yeni Orlean döyüşünün iştirakçılarına yalnız 1815-ci ilin fevralında çatdı. Yeni Orlean uğrunda döyüş amerikalıların bu müharibədə quruda qazandığı ən böyük qələbə sayılır.
1814-cü il dekabrın 12-də admiral ser Aleksandr Kokranın komandanlığı ilə 14.450 dənizçi və əsgərdən ibarət altmış İngilis gəmisi Ponçartreyn və Borqn göllərindən şərqdə Meksika körfəzində lövbər saldılar[4][8]. Göllərə giriş leytenant Tomas ap Ketsbi Consun rəhbərliyi altında beş silah gəmisi ilə Amerika donanması tərəfindən qorunurdu. Dekabrın 14-də kapitan Nikolas Lokerin[9] komandanlığı altında təxminən karronada ilə silahlanmış 1200 ingilis dənizçisi və dəniz piyadası 42 uzun qayıqla amerikalıların üzərinə istiqamət aldılar. Qısa müddətli bir döyüşdən sonra amerikalıların gəmiləri ələ keçirildi. Döyüşdə 17 ingilis öldürülmüş və 66-sı yaralanmışdı[10]. Amerikalılardan isə 6 adam ölmüş, 35 yaralanmış və 86 nəfər əsir düşmüşdü[10]. Ən maraqlısı qarşı tərəflərin hər iki komandiri yaralılar arasında olması idi. Göllərə girişi azad etdikdən sonra general Con Kinin rəhbərlik etdiyi min ingilis əsgəri Yeni Orleandan 30 mil (48 km) şərqdə yerləşən Pi adasına üz tutdu və orada bir qarnizon yerləşdirdilər.
Dekabrın 23-də sübh tezdən 1800 əsgər avanqardı olan Kin şəhərdən 9 mil (14 km) cənub tərəfə Missisipi çayının şərq sahilinə çatdı[11]. General qəflətən şəhərin çay yolu boyunca mühafizə olunmayan hissəsindən hücum edə və onu bir neçə saata tuta bilərdi, lakin o, əlavə qüvvələrin gəlişini gözləyərək, Lakosta plantasiyasının yaxınlığında düşərgə salmaq qərarına gəldi[12]. Kinin bu qərarı taleyüklü oldu[13]. Günün ikinci yarısından sonra, ingilis qoşunlarının vəziyyətini öyrənən Endrü Cekson polkovnik Tomas Hayndsın yüngül süvari eskadronuna və Missisipi ərazisindəki polislərə düşmənin mövqelərində kəşfiyyat aparmağı əmr etdi[14][15][16]. Düşərgədə istirahət edən britaniyalıların üzərinə axşam hücumu zamanı Ceksonun 2131 əsgəri[17] var idi. Bundan sonra o, qüvvələrini Yeni Orleandan cənuba 6,4 km məsafədə yerləşən Rodriqes kanalına yönəltdi. Döyüş zamanı amerikalıların itkisi 24 nəfər ölü, 115 yaralı və 74 itkin təşkil etmişdir[18] . İngilislərdən 46 nəfər öldürülmüş, 167 yaralanmış və 64 itkin düşmüşdür[19].
Tarixçi Robert Kuimbinin fikrincə, ingilislər taktiki qələbə qazandılar ki, bu da onlara mövqelərini qorumağa imkan verdi[20]. Ancaq eyni zamanda, "ingilislər asan bir qələbəyə imanlarını itirdilər", buna görə də Kin daha ehtiyatlı davranmağa başladı və növbəti iki gün şimala irəliləmək üçün heç bir cəhd etmədi[21] . Bunun sayəsində amerikalılar torpaq işlərinin köməyi ilə kanalın möhkəmləndirilməsi üçün əlavə vaxt qazandılar[22]. Milad bayramına gələn general Edvard Pakenhem amerikalılar tərəfindən inşa edilən istehkamlarda döyüş kəşfiyyatı aparmaq əmrini verdi. Elə həmin axşam ordunun hazırkı vəziyyəti barədə məlumatları yeniləmək üçün Kokran və Kin ilə görüş keçirdi. O, aldığı yeni məlumatlardan çox narazı qaldı. Pakenhem Çef Menter boğazını hücumun əsas yolu kimi istifadə etmək niyyətində idi, lakin Kokran öz gəmilərini lazım olan hər şeyi təmin etməyə qadir hesab edirdi[23]. Admiral İngiltərə ordusunun amerikalıları darmadağın edə biləcəyinə inanırdı. O, hətta lazım gələrdisə bu işdə dənizçilərin ona kömək edəcəyinə də əmin idi. Mübahisələrə baxmayaraq toplantı iştirakçıları plan tərtib edib hücum üçün yer təyin etdilər[24].
İngilis qüvvələrinin hücum etməməsindən yararlanan amerikalılar sonradan Cekson xətti ilə tanınan artilleriya batareyalarını yerləşdirmək üçün torpaq istehkamları qurmağa başladılar. Bu istehkamlarda bir 32 funtluq top, üç 24 kiloluq, bir 18 kiloluq, üç 12 kiloluq, üç 6 kiloluq və 6 düymlük (150 mm) haubitsa olan səkkiz batareya yerləşdirildi. Cekson həmçinin USS Luiziana döyüş gəmisindən Missisipinin qərb sahilinə 24 funtluq və 12 funtluq iki top göndərdi. Amerikalı generalının komandanlığı altında 4.322 nəfər var idi: Amerika müntəzəm ordusunun 968 əsgəri,[25] 58 dəniz piyadası (müdafiə xəttinin mərkəzini tuturdular), Amerika dəniz batalyonunun 106 dənizçisi, 1060 Luiziana milisi və könüllüləri (462 azad qaradərili də daxil olmaqla), 1352 tennesili, 986 kentukkili və 150 missisipili milis və 52 çokto hindu qəbiləsi döyüşçüsü, dəniz qulduru Jan Lafitte dəstəsi ilə birlikdə. Cekson eyni zamanda Missisipi çayı yaxınlığında yerləşən USS Luiziana, USS Karolina və Enterprise hərbi gəmilərinin dəstəyinə də arxalana bilərdi.
İngiltərə ordusunun əsas hissəsi yeni 1815-ci ilin ərəfəsində gəldi. Onlar gələndə torpaq istehkamları üç saat ərzində artilleriya atəşinə məruz qoydular. Atəş nəticəsində bir neçə Amerika silah-sursatı məhv edildi və sıradan çıxarıldı (32, 24 və 12 funtluq da daxil olmaqla). İstehkamlara da atəş nəticəsində ciddi zərər dəydi. İngilis silahlarının atəşi döyüş sursatlarının tam istifadəsi səbəbindən Pakenhemın əmri ilə dayandırıldı. İngilis generalının amerikalıların Cekson xəttinin solunu təşkil edən bataqlıqdakı mövqelərindən darmadağın olub qaçmaqları barədə məlumatı olub-olmadığı məlum deyil. Pakenhem yeni bir hücuma başlamazdan əvvəl 8 minlik dəstənin gəlişini gözləməyi qərara aldı[26].
1815-ci il yanvarın 8-də ingilis qoşunları Ceksonun müdafiə xəttlərinə doğru irəlilədilər. Bu vaxta qədər şəhərdən dörd mil aralıda, Rodriges kanalında möhkəmləndirilmiş, bataqlıqlardan çaya qədər uzanan üç müdafiə xətti çəkilmişdi. Müdafiə istehkamları taxtalarla əhatə olunmuş və artilleriya üçün torpaq sahələrlə təmin edilmişdir[27][28].
İngilis komandanlığının planına görə amerikalıların artilleriyasından dəyən zərbəni azaltmaq üçün qərb sahilindəki 20 silahlı batareyaya hücum edilməli idi[27]. Bu silahların hücum nəticəsində ələ keçirilərək amerikalıların gələcək hücumlarını dəf etmək üçün istifadə edilməsi planlaşdırılırdı. Yanvarın 8-i səhər tezdən Pakenhem general Ceksonun mövqeyinə iki tərəfli hücum üçün son əmirlərini verdi. Polkovnik Vilyam Tornton (85-ci alay) gecə 780 nəfərlik bir dəstə ilə Missisipini keçməli və dayanmadan çayın yuxarı axarı boyu hərəkət edərək amerikalıların əsas istehkamlarının cinahda olan kommondor Daniel Pattersonun batareyası üzərinə hücum etməli idi. Bundan sonra Ceksonun qüvvələri haubitsa və raketlərlə aramsız atəş altında saxlanmalıydı[29]. Ardınca isə iki kolonla torpaq istehkamlar üzərinə əsas hücuma başlamaq planlaşdırılırdı (Kinin qüvvələri çay, general-mayor Samuel Qibbsin hissələri isə bataqlıq tərəfdən). General-mayor Con Lambertin dəstəsi ehtiyatda qalırdı.
İngilislər tərəfindən 42 kiçik qayığın çaya çata bilməsi üçün kanal qazıldı[27]. Ancaq yanvarın 8-də səhər Kokranın dənizçilərinin qazdığı kanallar çökdü, yeni bir bənd tikilməsi səbəbindən dənizçilər yalnız səhər 12 saat sonra hücuma keçə bildilər[30]. Ümumi hücum təxirə salınmadı, çünki hücumun özü də uğurlu olmasa da, qərb sahilində təxribat ümidi vardı[27].
Amerikalıların mövqelərinə iki böyük hücum dəf edildi. Pakenhem və onun müavini general-mayor Samuel Qibbs torpaq istehkamlarından açılan top atəşi nəticəsində ölümcül yaralandılar. 21-ci alaydan olan mayor Vilkinson döyüş nizamını yenidən quraraq üçüncü hücuma cəhd etdi. O, əsgərlərlə birlikdə rəqib xəndəklərinə çatdı və zirvəyə çatmaq üçün bir cəhd etdi, amma düşmən gülləsinə tuş gələrək yaralandı. Onun cəsarətindən təsirlənən müdafiəçilər daha sonra onu qala divarının kənarına apardılar. Yüksək ranqlı zabitlərin əksəriyyəti öldürüldükdə və ya yaralananda 93-cü alay da daxil olmaqla ingilis əsgərlərinə geri çəkilmək və daldalanmaq əmri verən olmadığıdan Cekson mövqelərindən fasiləsiz atəşə məruz qaldılar. Ehtiyatda olan general Lambert belə şəraitdə komandanlığı öz üzərinə götürdü və orduya geri çəkilməyi əmr etdi. Bu əməliyyatı həyata keçirmək üçün o, ehtiyat qüvvələrdən istifadə etdi.
Yeni Orlean uğrunda döyüş qısa müddətli və qeyri-bərabər demək olar ki, bir tərəfli ingilis itkiləri ilə fərqlənir. İyirmi beş dəqiqə ərzində bu döyüş ingilislər üçün 700 nəfər ölü, 1400 nəfər yaralı və 500 nəfərin əsir düşməsi ilə nəticələndi (demək olar ki, həmin gün döyüşlərdə iştirak edən əsgər sayının üçdə biri). Onların ümumi itkiləri 2600 nəfər təşkil etdi. Amerikalılar tərəfindən isə cəmisi yeddi nəfər öldürülmüş, altı nəfər isə yaralanmışdı. Döyüş başa çatdıqdan sonra özünü ölülüyə vuran 500-ə yaxın ingilis əsgəri amerikalılara təslim oldu. Bir ingilis şeypur çalan oğlan yaxınlıqda uçan mərmilərə baxmayaraq döyüş boyu vəzifələrini icra etməyə davam etmişdir. Bunun üçün o, amerikalıların döyüş xəttindən cəmisi 200 metr məsafədə olan bir ağaca dırmaşdı. Döyüşdən sonra o, əsir götürüldü və qaliblərin özləri tərəfindən qəhrəman elan edildi.
44-cü alayın polkovniki Mallins məğlubiyyətin əsas günahkarı hesab edildi. Çünki, o, xəndəklərin üzərinə qalxmaq üçün pilləkənlər və bataqlıqları keçmək üçün qamışdan düzəldilmiş bir-birinə bağlı xüsusi topalar gətirməli idi. Cəbhədə ehtiyac duyulduğu anda ön xətdən yarım mil məsafədə olduğuna görə o, etibarı itirilmiş sayıldı. Mallinsin davranışlarını öyrənən Pakenhem onu 44-cü alayın rəisi olaraq əvəz etdi, əsgərlərini qalalara basmaq üçün lazım olan mühasirə vasitələri ilə döyüş bölgəsinə gətirməyə çalışdı. O, ön xətdən 500 metr məsafədə olarkən qəlpə parçasından yaralandı, ata minəndən sonra artıq ölümcül yara aldı[27][31].
İngilislər Missisipi çayının yuxarı axarı boyunca yürüş etməyi planlaşdırdılar, amma Seynt Filip fortu onların yolunu bağlayırdı. Bu fort Yeni Orleanı Meksika körfəzindən mümkün olan dəniz hücumundan qoruyurdu. Yanvarın 9-da donanma Amerika istehkamlarına hücum etdi, lakin qarnizon və yerli əhalinin şəxsi gəmilərinin birgə səyləri ilə hücum dəf edildi. Qalanın bombalanması növbəti on gün ərzində davam etdi. Bombalamadan da bir nəticə çıxmayınca ingilis gəmiləri yanvarın 18-də geri döndülər.
Döyüşdən üç gün sonra general Con Lambertin keçirdiyi hərbi şurada Yeni Orleanın ələ keçirilməsi və Luizianadakı hərbi əməliyyatların davam etməsinin çox baha başa gəlməsi qərarına gəlindi. Baxmayaraq ki, o, şuradan əvvəl qərb sahilində düşmən artilleriya batareyasının ələ keçirilməsi xəbərini almışdı. Komanda heyəti geri çəkilmə planı ilə razılaşdı[27] və 19 yanvar tarixində ingilislər Villier plantasiyasındakı düşərgələrini tərk etdilər[32][33].
2015-ci il fevralın 4-də ingilis donanması bütün qoşunları ilə birlikdə Alabamadakı Mobil körfəzinə doğru üzdü[2][34][35]. Fevralın 12-də ingilislər Mobil körfəzinin girişindəki Boyer fortunu ələ keçirdilər. Mobil körfəzinin özünün tutulması üçün hazırlıqlara başlandı, ancaq ertəsi gün ingilislər sülh barışığı barədə xəbəri aldılar. General Cekson Mobil körfəzində düşmənə hücum etməyi və ingilislərin istinad bazası olaraq istifadə etdiyi ispan Floridasında müharibəni davam etdirməyi planlaşdırdı. Parlament sülh müqaviləsini ratifikasiya etdi, ancaq ABŞ Konqresi və prezidentinin müqaviləni təsdiqi isə fevralın ortalarına qədər sürdü. Ancaq hərbi əməliyyatların dayandırılması qərara alındı və Boyer fortunu tərk ingilislər Vest-Hində getdilər[36].
Amerikadakı müharibənin davam etməsi ingilislər üçün bütün hallarda çətin idi, xüsusən də Napoleonun Elba adasından 1815-ci il fevralın 26-dakı qaçması ilə yüz günün başlaması vəziyyəti ağırlaşdırırdı[37].
Gent müqaviləsində Fransanın amerikalılara satdığı ərazi əksini tapmamışdı, lakin hər iki tərəf hərbi əməliyyatlar zamanı ələ keçirilmiş mülkləri bir-birlərinə qaytarmağa söz verirdi[38].
Yeni Orlean döyüşünün 76-cı ildönümü şərəfinə 1891-ci il yanvarın 8-də Luiziana Tarixi Dərnəyi Xatirə Zalında Ceksonun şərəfinə guşə həsr etmişdi [43].
1907-ci ildə Şalmette bölgəsində döyüş meydanını qorumaq üçün federal hökumət Jan Lafitte Milli Parkı və Qoruğunun bir hissəsi olan Milli Tarixi Park təsis etmişdir.
1965-ci ildə döyüşün 150 illiyinə və sülh müqaviləsinin bağlanmasına həsr olunmuş beş sentlik marka buraxıldı.
200 illik yubiley 2015-ci ildə dəyəri göstərilməyən bir markanın buraxılması ilə qeyd olundu.