Yevgenika

Yevgenika — insan nəslini bioloji yolla yaxşılaşdırmaq haqqında nəzəriyyə

Yevgenikanın ən parlaq nümunələrinə iyirminci əsrin iki nəhəng və bir-birinə düşmən ideologiyalarının hökm sürdüyü dövlətlərdə – bolşeviklərin Sovetlər Birliyində, bir də faşistlərin Almaniyasında rast gəlinir.

Bu nəzəriyyəni praktikaya tətbiq etməyə cəhd göstərmiş bioloq İvanov İlya İvanoviç fəaliyyətinə məməlilərin mayalanma prosesində cinsiyyət vəzilərinin rolunu araşdırmaqla başlamışdı. O, həmçinin növdaxili hibridlərin alınması üçün süni mayalanmanın pioneri idi. Bu məsələdə yoldaş İvanov əlinə keçən heyvanları bir-biriylə cütləşdirməklə həqiqətən qeyri-adi nəticələr əldə eləmişdi. Məsələn, onun təcrübə labarotoriyasında siçanla siçovuldan, vəhşi buğayla inəkdən, haçaqulaqla dovşandan, antilopla kəldən elə qəşəng, həm də qorxulu növlər alınmışdı.

Təbii ki, İlya İvanoviçin "balaları" Sovetlər üçün qeyri-adi görünüşlü ekzotik heyvancıqlar kimi deyil, təsərrüfatda atalarından və analarından daha ağır işə, daha çox məhsuldarlığa rəvac verəcək növlər olaraq maraqlı və lazımlıydılar. Bu sahədə yoldaş bioloq xeyli irəliləyişlər əldə eləmişdi. Məsələn, götürək elə İvanovun süni mayalanmanın təkmilləşməsi barədə nəzəriyyəsini və onun praktikaya tətbiqini. İvanov atlar üzərində tədqiqatı ilə praktiki olaraq sübut elədi ki, Tanrının yaratdığı ayğır 20–30 madyanı mayalandırdığı halda, onun nəzəriyyəsi ilə saxlanan ayğır bundan 20 dəfə çox madyanı mayalandırmağa qadirdir.

Qeyri-rəsmi söhbətlərə inansaq, guya meymunla insanın hibridini yaratmağı İvanova birbaşa Stalinin özü əmr edib. "Ellər atası"na qeyri-adi dərəcədə güclü, ancaq düşüncə baxımından o qədər də inkişaf eləməyən işlək qullar lazımıymış. Bu qullar qida kimi tullantı yeməklərlə, ağac qabıqlarıyla kifayətlənməli, müxtəlif təbii şəraitlərə, iqlimə dözümlü olmalıydı. Şimpanze gücünə və cəldliyinə, insan düşüncəsinə malik olan bu yarımeymun-yarıinsan, yaxud insan-meymunlardan həm işçi qüvvəsi, həm də döyüşçü kimi istifadə nəzərdə tutulurdu. Ancaq qeyri-rəsmi məlumatları bir kənara qoysaq belə, fakt faktlığında qalır ki, 1926-cı ildə SSRİ Xalq Komissarları Soveti dünyada ilk dəfə dişi şimpanzelərin insan toxumlarıyla mayalandırılması təcrübəsi üçün o dövrə görə böyük vəsait olan 10 000 ABŞ dolları ayırır. İvanov tədqiqatlar üçün Qvineyaya yollanır. Burada yerli zəncilərin köməkliyi ilə birtəhər 10 ədəd yetkinlik yaşına çatmış dişi şimpanze tuturlar və onları insan toxumları ilə suni şəkildə mayalandırırlar. Ancaq meymunlardan bəziləri Afrikada, bir qismi yolda ölürlər, qalanları isə hamilə qalmırlar. Təcrübə üçün daha çox meymun lazım gəlir. Ancaq iri və güclü şimpanzelərin heç bir zərər yetirilmədən tutulmaları da qəliz məsələydi. Çox vaxt onları gizləndikləri meşədən çıxarmaq üçün ağaclara od vurur, əli zopalı yerli sakinlərin köməkliyi ilə heyvanları kötəkləməklə tutmaq məcburiyyətində qalırdılar. Bu zaman isə heyvanlar ciddi zədə alırdılar. Beləliklə, İvanov Afrikada insan yox, ciddi şəkildə meymun qıtlığı ilə üz-üzə qalır.

Onda İvanov qərara gəlir ki, "qarşılıqlı mayalanma da lazımdır".

Bu məqsədlə o, Afrikada erkək şimpanzelər tərəfindən zorlanmış qadınlarla bağlı yerli sakinlər arasında gəzən söz-söhbətləri diqqətlə toplayır və dəfələrlə yoxlayır. O, bu kimi halların həqiqətən olub-olmadığını dəqiqləşdirmək istəyirdi. Niyyəti isə zorlanmış qadınlardan hansınınsa hamilə qalıb-qalmadığını bilmək idi. Ancaq məlum olur ki, belə hallar olsa da, zoraklığa məruz qalmış qadınların heç biri sağ qalmayıb: onların hamısı vəhşi şimpanzenin güclü caynaqları arasında həlak olmuşdular.

Bununla belə, alim fikrindən dönmür. Bioloqun gündəliyindən oxuyuruq: "Nəinki mayalanmış dişi şimpanzelərin sayını artırmaq, eyni zamanda erkək meymun sperması ilə insanı da mayalandırmaq lazımdır. Ancaq etiraf olunmalıdır ki, bu təcrübəyə Afrika qadınları deyil, Avropa qadınları daha tez razılaşarlar". İvanov bu fikrini rəhbərliyə sırıya bilir. SSRİ Xalq Komissarları Soveti yanında Elmi şöbənin təşkil etdiyi komissiyanın 1929-cu il 14 aprel qərarından oxuyuruq:

"1. Professor İvanovun təcrübələri Suxumidəki heyvanyetişdirmə məntəqəsində həm meymunların müxtəlif növləri, həm də meymunla insan arasında davam etdirilsin.
2. Qadınların süni yolla antropoidin sperması ilə mayalandırılması təcrübənin riski, həmçinin təcrid rejiminə tabe olacaqları haqda onların yazılı razılıqları ilə həyata keçirilsin.
3. Təcrübələr mümkün qədər çox – ən azı 5 qadın üzərində həyata keçirilməlidir".

Göründüyü kimi, məlum qərarla məsələlər artıq tam məxfi xarakter alır. Qərarda qeyd olunan "təcrid rejimi"nin hansı orqan tərəfindən və niyə həyata keçirildiyi, qadınların "yazılı razılığı" məsələsi barədə təbii ki, çox düşünmək lazım gəlmir. Bu haqda artıq rus tədqiqatçıları deyil, əcnəbilər yazırlar.

1926-cı il may ayının 7-də məşhur rus yazıçı Mixail Bulqakovun mənzilində "NKVD" tərəfindən axtarış aparılır. Çekistlər yazıçının evindən yalnız "İt ürəyi" adlı romanın əlyazmasını aparırlar. Sən demə, "İt ürəyi"nin qəhrəmanı — heyvanlardan müxtəlif orqanların insanlara və əksinə köçürülməsiylə məşğul olan Preobrajenski soyadlı həkim eynən İvanovun məxfi şəkildə həyata keçirdiyi əməliyyatlarla məşğul olurmuş. Belə götürəndə yazıçı Aleksandr Belyayevin "Professor Douelin başı" fantastik əsərinin sırf yazıçının təxəyyül məhsulu olduğuna inanmaq sadəlövhlük olardı. Necə ki, Fazil İsgəndər özünün məşhur "Kozlatur" povestində illər əvvəl İvanovun Suxumidə həyata keçirdiyi təcrübələrini nəyi var ələ salır. Həqiqətən, o dövrlərdə SSRİ-də ən ağlagəlməz təcrübələr keçirilib. Bu baxımdan İvanovun təcrübələrinin ikinci mərhələsinin, yəni artıq qadınların süni mayalandırılmasının Suxumidə deyil, məşhur QULAQ düşərgələrində həyata keçirildiyi barədə xarici mətbuatda gedən yazılara barmaqarası baxmaq düzgün deyil. Məşhur Belçika bioloqu Bernar Eyvelson uzun illər boyu apardığı araşdırmalar əsasında qələmə aldığı "Dondurulmuş insanın sirri" adlı kitabında "Sovet düşərgələrində həkim işləmiş mötəbər birinə" istinad edərək yazır ki, QULAQ-ın xəstəxanalar idarəsində qadınların şimpanze sperması ilə süni mayalandırılması həyata keçirilirmiş. Təbii ki, heç bir qadın bətnində yaranacaq əcaib-qəraib eybəcər məxluqu gəzdirməyə razı olmadığından, yuxarıda xatırlatdığımz komissiyanın qərarındakı "qadınların razılığı alınsın" bəndindən söhbət belə gedə bilməz.

Eyvelson sonra yazır: "Müxtəlif məhbus qadınların zorla cəlb edildikləri bu dəhşətli eksperimentlər nəticəsində ruslar meymun-insan irqi əldə ediblər. Onların boyu 1.8–2 metr olur, bədənləri tüklüdür, insanlara nisbətən tez böyüyürlər, əllərinə nə keçdi yeyirlər, yaxşı işgörmə qabiliyyətinə malikdirlər. İnsan-meymunların yeganə çatışmayan cəhətləri varsa, o da nəsilartırma qabiliyyətindən məhrum olmalarıdır".

Təxminən eyni vaxtda, bu dəfə Rusiyada deyil, Fransada Voronov soyadlı başqa bir rus aliminin təcrübələri isə bütün Avropada əsl sensasiya yaratmışdı. Yazılanlara inansaq, hətta ahıllığını yaşayan Türkiyənin baş naziri də onun xidmətindən yararlanmaq niyyətindəymiş. Zarafat deyil, Voronov cavanlıq eşqini və qabiliyyətini qaytarmaq qüdrətində olduğunu deyirmiş.