Yom Kippur müharibəsi | |||
---|---|---|---|
Ərəb-İsrail müharibələri və Soyuq müharibə | |||
Tarix | 6-25 oktyabr 1973-cü il | ||
Yeri | Süveyş kanalının hər iki sahili, Qolan təpələri və ətraf ərazilər | ||
Nəticəsi | |||
Ərazi dəyişikliyi |
Misir Ordusu Süveyş kanalının şərq hissəsini ələ keçirdi;[6] İsrail Ordusu Süveyş kanalının cənub-qərb hissəsində 1600 km² ərazini ələ keçirdi və Misirin paytaxtı Qahirə şəhərinin 100 km məsafəsinə qədər yaxınlaşdı; İsrail Ordusu Suriya ərazisinin 500 km²-lik ərazisini ələ keçirdi və Suriyanın paytaxtı Dəməşq şəhərinin təqribən 32 km məsafəsinə qədər yaxınlaşdı.[7] |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Yom Kippur müharibəsi və ya digər adları ilə Ramazan müharibəsi, Oktyabr müharibəsi (ivr. מלחמת יום הכיפורים, Milẖemet Yom HaKipurim, və ya מלחמת יום כיפור, Milẖemet Yom Kipur; ərəb. حرب أكتوبر, Ḥarb ʾUktōbar, və ya حرب تشرين, Ḥarb Tišrīn) Misir və Suriyanın başçılığı altındakı Ərəb dövlətlərindən ibarət koalisiya ilə İsrail arasında 6–25 oktyabr 1973-cü il tarixləri arasında baş vermiş döyüşlərə verilən addır. Bəzi ədəbiyyatlarda 1973 Ərəb-İsrail müharibəsi də adlandırılır. Döyüşlər ən çox 1967-ci ildə baş vermiş Altıgünlük müharibə ərzində İsrail tərəfindən ələ keçirilmiş ərazilərdə, Sinay yarımadasında və Qolan təpələrində baş tutmuşdur. Müharibənin baş verməsinin əsas səbəblərindən biri də Misir prezidenti Ənvər Sadatın Süveyş kanalını yenidən açmağa cəhd etməsi olmuşdur.
Müharibə 6 oktyabr tarixində yəhudi xalqı üçün ən müqəddəs gün sayılan Yom-Küpür günü Ərəb koalisiyası tərəfindən İsrail mövqelərinə gözlənilən hücumla başladı. Misir və Suriya qoşunları gözlənilməz hücum nəticəsində atəşkəs xəttini keçərək Sinay yarımadası və Qolan təpələrinə daxil oldular. ABŞ və SSRİ müharibəni kəskin şəkildə pisləsə də, hər iki dövlət müharibə ərzində qarşı cəbhələrdə mövqe tutdular ki, bu da nüvə silahına malik iki dövləti qarşı-qarşıya qoydu.[17]
Misir qoşunları uğurlu hücum əməliyyatı nəticəsində Sinay yarımadasına daxil olsa da, İsrail tərəfi öz qoşunlarını üç gün ərzində toplayaraq əks-hücuma keçdi və hücumda olan Misir qüvvələrini geri çəkilməyə məcbur etdi. Suriyalıların məqsədi isə Altıgünlük müharibə ərzində itirilmiş Qolan təpələrini yenidən ələ keçirmək və mümkün olduqca İsrailin nəzarətində olan ərazilərə daxil olmaq idi. Lakin, müharibə başladıqdan cəmi üç gün sonra İsrail Silahlı Qüvvələrinin cavab həmləsi nəticəsində Suriya qoşunları əvvəlki mövqelərinə geri çəkilməyə məcbur oldular. İsrail Silahlı Qüvvələri rəqibi geri çəkilməyə məcbur etdikdən sonra, dördgünlük əks-hücum əməliyyatına başladılar və Suriya ərazisinə daxil oldular. Bir həftə ərzində İsrail artilleriyası artıq Dəməşq şəhərinin yaxınlığını atəşə tutmağa başlamışdı və buna görə Misir prezidenti Ənvər Sadat öz əsas müttəfiqinin ərazi bütövlüyü barədə narahat olmağa başlamışdı. O, belə düşünürdü ki, Sinay yarımadasının dərinliklərində yerləşən iki strateji dağ keçidinin ələ keçirilməsi ona müharibədən sonrakı danışıqlarda güclü mövqe tutmağa imkan verəcək. Buna baxmayaraq, İsrail Ordusu Sinay istiqamətində əks-hücuma başladı. Onlar iki Misir ordusunun arasına keçərək, cənub və qərb istiqamətində irəlilədikdən sonra Misir ərazisinə daxil olmuş və Süveyş şəhərinə yaxınlaşmışdı. Bu istiqamətdə gedən döyüşlərdə hər iki tərəf ağır itkilərə məruz qalmışdı.[18][19]
Oktyabrın 22-də BMT-nin vasitəçiliyi ilə atəşkəs bərpa olunsa da, hər iki tərəf bir-birini atəşkəsi pozmaqda ittiham edirdi. İsrail 24 oktyabra qədər öz mövqelərini bir qədər də yaxşılaşdırdı və Misir 3-cü Ordusunun, həmçinin Süveyş şəhərinin mühasirəsini tamamladı. Hadisələrin bu cür inkişafı ABŞ və SSRİ arasında gərginliyin daha da artmasına gətirib çıxarırdı. Nəticədə, 25 oktyabrda ikinci dəfə atəşkəs razılığı əldə olundu və müharibə başa çatdı.
Bu müharibə 1948-ci ildə İsrail Dövlətinin müstəqillik əldə etməsindən sonra bir çox müharibə və silahlı münaqişənin baş verdiyi Ərəb-İsrail münaqişəsinin tərkib hissəsidir. 1967-ci ildə baş vermiş Altıgünlük müharibə ərzində İsrail qoşunları Misirin Sinay yarımadasını, Suriyanın Qolan təpələrinin təqribən yarısını və 1948-ci ildən bəri İordaniyanın nəzarəti altında olan İordan çayının qərb sahilini ələ keçirmişdi.[20]
Altıgünlük müharibədən qısa müddət sonra, 19 iyun 1967-ci ildə İsrail hökuməti daimi sülh müqaviləsinin imzalanması və qaytarılacaq ərazilərin demilitarizasiya olunması qarşılığında Sinay yarımadasının Misirə, Qolan təpələrinin isə Suriyaya qaytarılmasına razılıq verdi.[21][22] Lakin, ərəb dövlətləri bütün işğal edilmiş ərazilərin geri qaytarılmasını tələb etdi və əks təqdirdə heç bir sülh danışığının aparılmayacağını bildirdi.[23]
1967-ci ilin sentyabrında bütün ərəb dövlətlərinin iştirakı ilə təşkil olunan Xartum sammitində iştirakçı dövlətlər İsraillə istənilən sülh müqaviləsinin imzalanmasına qarşı çıxış etdilər. Bu sammitdə iştirak edən səkkiz dövlət olan Misir, Suriya, İordaniya, Livan, İraq, Əlcəzair, Küveyt və Sudan sonradan tarixə "üç yox" adı ilə daxil olacaq qətnamə qəbul etdilər. Bu qətnaməni imzalayan dövlətlər İsraillə sülh müqaviləsinin imzalanmasına, bu dövlətin tanınmasına və onunla hər hansı danışıqların aparılmasına "yox" deyirdi. Buna əlavə olaraq, İordaniya kralı Hüseyn bin Təlal İsrail və ərəb dövlətləri arasında "real, daimi sülh" olacağına inanmadığını açıqladı.[24]
Altıgünlük müharibədən sonra ara-sıra davam edən kiçikmiqyaslı atışmalar tərəflər arasında növbəti müharibə ilə nəticələndi, lakin 1970-ci ilin avqustunda atəşkəs müqaviləsi imzalandı.
Misir prezidenti Camal Əbdül Nasir 1970-ci ilin sentyabrında vəfat etdi və onun yerinə Ənvər Sadat hakimiyyətə keçdi. Sadat və BMT vasitəçisi Qunnar Yarrinqin rəhbərliyi ilə 1971-ci ildə sülh təşəbbüsü hazırlandı. Sadat 4 fevral 1971-ci ildə Misir parlamentinə gələcəkdə yekun sülh müqaviləsinin imzalanması məqsədilə ilkin mərhələdə atəşkəs müddətinin uzadılması və Süveyş kanalının yenidən açılması qarşılığında İsrailin öz qoşunlarını qismən geri çəkəcəyi ilə bağlı planı təqdim etdi. Bu, bir müddət əvvəl Moşe Dayan tərəfindən hazırlanmış planın oxşarı idi. Sadat 1970-ci ilin dekabrında "Nyu-York Tayms” nəşrinə verdiyi müsahibədə İsrail qoşunlarının Sinay yarımadasından tam şəkildə çəkilməsi qarşılığında, BMT Təhlükəsizlik Şurasının müəyyənləşdirdiyi kimi İsrailin müstəqillik hüquqlarını tanıyacağını açıqladı. BMT vasitəçisi olan Qunnar Yarrinq də bundan dörd gün sonra, 8 fevral 1971-ci ildə oxşar təşəbbüs irəli sürdü. Misir tərəfi Yarrinqin təkliflərinin əksər hissəsini qəbul etsə də, Qəzzə zolağı da daxil olmaqla bəzi məsələlərdə tam razılaşma olmadı. Bununla belə, bir ərəb dövləti ilk dəfə olaraq, İsraillə sülh müqaviləsi imzalamağa hazır olduğunu açıqladı.[25]
Buna əlavə olaraq, Misir tərəfi İsrail Silahlı Qüvvələrinin 5 iyun 1967-ci ildən bəri işğal etdiyi ərazilərdən tamamilə çəkilməməsi halında davamlı sülhün baş tutmayacağını bildirdi. Qolda Meyer təklifi araşdırmaq və mümkün güzəştlər barədə fikirləşmək məqsədilə komitə yaratdı. Bu komitənin İsrailin vaxtilə ələ keçirdiyi ərazilərdən beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinə çəkilməsinin İsrailin maraqları daxilində olduğunu yekdilliklə bildirməsi Meyeri qəzəbləndirdi və o, bu sənədi arxivə qoydu.[26] ABŞ hökumətinin nümayəndəsi Cozef Sisko İshaq Rabinə "İsrailin müstəqillik əldə etməsindən bəri sülh müqaviləsi imzalamağa çox yaxın olduğunu və bunu lazımınca dəyərləndirməyin vacib olduğunu" bildirdi. 26 fevralda İsrail tərəfi Yarrinqin planına cavab olaraq, öz qoşunlarını vaxtilə ələ keçirilmiş ərazilərdən qismən geri çəkə biləcəyini, lakin 5 iyun 1967-ci il tarixindən əvvəlki sərhədlərə qayıtmaq fikrində olmadıqlarını bildirirdi. Yarrinq isə İsraili Sinay yarımadasından tam geri çəkilməkdən imtina etdiyinə görə günahlandırdı.[27]
Sadat İsrailin məhdud həcmli məğlubiyyətinin mövcud status-kvonun aradan götürülməsinə yardım edəcəyini ümid edirdi. Lakin, Suriya lideri Hafiz Əsəd başqa cür düşünürdü. O, danışıqların aparılmasında daha az maraqlı idi və Qolan təpələrini hərbi yolla geri qaytara bilcəyinə inanırdı. Əsəd Altıgünlük müharibədən sonra ordunun genişmiqyaslı yenilənməsinə başladı və o, bunun nəticəsində Suriyanı ərəb dövlətləri arasında dominant hərbi gücə çevirmək niyyətində idi. Əsəd Misirin verdiyi dəstəklə birlikdə hiss edirdi ki, onun yeni ordusu İsraili asanlıqla məğlub edib, regionda Suriyanın təhlükəsizliyini təmin edə bilər.
Misir prezidenti Sadatı müharibəyə başlamaqda narahat edən əsas problemlərdən biri də vacib daxili məsələlər idi.[28] Misir iqtisadiyyatının getdikcə zəifləməsi Sadatın xalq arasındakı imicinə ciddi zərər vururdu. Hərbi qələbə onun məşhurluğunu artıracaq əsas alət ola bilərdi. Misir əhalisinin bir hissəsi, xüsusilə də geniş etiraz aksiyaları təşkil edən universitet tələbələri Sinay yarımadasının güc yolu ilə geri qaytarılmasının tərəfdarı idi və onlar Sadatın üç illik hakimiyyəti dövründə onu müharibəyə başlamadığına görə qınayırdı.
Digər ərəb dövlətləri yeni müharibəyə başlamağa daha çox istəksizlik göstərirdi. İordaniya kralı Hüseyn bin Təlal müharibə baş verəcəyi halda daha çox ərazi itirməkdən qorxurdu. Sadat, həmçinin Fələstin Azadlıq Təşkilatının (FAT) İordan çayının qərb sahili və Qəzzə zolağına olan iddialarını dəstəkləyir və qələbə qazanacaqları halda həmin ərazilərin idarəçiliyini bu təşkilatın rəhbəri olan Yasir Ərəfata verilməsinin tərəfdarı idi. Hüseyn bin Təlal isə İordan çayının qərb sahilini hələ də İordaniyanın tərkib hissəsi kimi görürdü və öz krallığının ərazi bütövlüyünü bərpa etmək niyyətində idi. Üstəlik, 1970-ci ilin Qara Sentyabr böhranı ərzində FAT və İordaniya hökuməti arasında vətəndaş müharibəsi baş vermişdi. Bu müharibədə Suriya FAT tərəfdən çıxış etmişdi ki, bu da İordaniya tərəfini ciddi narahat edirdi.
İraq və Suriya arasında olan gərgin münasibətlər səbəbilə İraq ilkin hücum əməliyyatlarında iştirak etməkdən imtina edirdi. İsraillə sərhəd xəttinə sahib olan Livan isə öz kiçik ordusu və ölkə daxilində baş verən qeyri-stabilliyə görə müharibəyə qoşulmaq istəmirdi. Müharibənin başlamasından bir neçə ay əvvəl Sadat müharibədə dəstək əldə etmək məqsədilə diplomatik hücum təşkil etdi. 1973-cü ilin sonlarında o, yüzdən çox ölkənin dəstəyini qazandığını açıqladı. Bu ölkələrin əksəriyyəti Ərəb Liqası, Qoşulmama Hərəkatı və Afrika Birliyi Təşkilatı üzvləri idi.
Bundan başqa, Sadat Avropa ölkələri arasında da özünə dəstək qazanmaq məqsədilə iş apardı və müharibədən əvvəl bəzi uğurlar qazandı. ABŞ Soyuq müharibə ərzində İsraillə müttəfiqlik əlaqələri yaratmışdı və 1960-cı illərdən etibarən İsrailə hərbi təchizat cəhətdən dəstək göstərirdi. ABŞ dövlət müşaviri Henri Kissinger regional qüvvələr balansının İsrailin xeyrinə olduğunu və ərəb dövlətlərinin qalibiyyətinin regionda Sovet İttifaqının təsirini artıracağını bildirirdi. Digər tərəfdən, Britaniya ərəblər və israillilər arasında baş verə biləcək bu müharibənin qarşısının yalnız BMT Təhlükəsizlik Şurasının 242 saylı qətnaməsinin tətbiqi və 1967-ci ildən əvvəlki sərhədlərə qayıtmaq sayəsində alına bilinəcəyinə inanırdılar. Müharibənin başlamasından təqribən bir həftə əvvəl, 12 oktyabrda Kipr hökuməti Kiprdə yerləşən ingilis hərbi bazalarından ərəb ölkələrinə qarşı istifadə etməyin əleyhinə olduqlarını açıqladılar ki, bu hadisə də sonradan İngiltərə və ABŞ arasındakı münasibətlərdə gərginliyə səbəb oldu.[29]
Müharibənin başlamasından dörd ay əvvəl Henri Kissinger Ənvər Sadatın xüsusi təmsilçisi İsmayıla təklif göndərdi. Kissingerin həmin təklifinə görə Sinay yarımadasının Misirə qaytarılması və İsrail qoşunlarının bəzi strateji nöqtələr istisna olmaqla, bütün Sinaydan geri çəkilməsi nəzərdə tutulurdu. Xüsusi təmsilçi İsmayıl bu təklifə Sadatın cavabını öyrənib, geri qayıdacağını desə də, bunu heç vaxt etmədi. Çünki, Sadat artıq müharibəyə başlamaq barədə qərar vermişdi.
Sadat bildirirdi ki, milyonlarla misirli hərbçi öz canı bahasına olsa belə işğal olunmuş əraziləri geri qaytarmağa hazırdır.[30] 1972-ci ilin sonlarından etibarən Misir hökuməti öz ordusunu gücləndirmək məqsədilə Sovet İttifaqından MiQ-21 döyüş təyyarələri, S-75, S-125, "Kub" və "Strela-2" hava hücumundan müdafiə sistemləri, T-55 və T-62 tankları, RPQ-7 tankəleyhinə qumbaraatanları və "Malyutka" tankəleyhinə idarəolunan raket kompleksləri əldə etdi, həmçinin öz döyüş taktikalarını Sovet döyüş doktrinaları əsasında inkişaf etdirdi. 1967-ci ildəki məğlubiyyətin əsas səbəbkarları hesab edilən siyasətçilər vəzifəsindən azad edildi və onların yerinə daha səriştəli olanlar təyin olundu.[31]
1972-ci ilin iyulunda Sadat Misirdə yerləşdirilmiş demək olar ki, bütün Sovet hərbi məsləhətçilərini ölkədən xaric etdi və Misirin xarici siyast xətti daha çox ABŞ-yə meylli oldu. Buna baxmayaraq, suriyalılar isə hələ də Sovet İttifaqı ilə yaxın müttəfiqlik əlaqələrinə sahib idi.
Sovet İttifaqı baş verə biləcək mümkün müharibədə Sadatın qalib gəlmək ehtimalını çox aşağı dəyərləndirirdi. Onlar belə düşünürdülər ki, israillilər tərəfindən istehkam cəhətdən möhkəmləndirilmiş Süveyş kanalını keçmək cəhdləri misirlilərin məğlubiyyəti ilə nəticələnəcək və bu dəfə onlar əvvəlki müharibəyə nisbətən daha çox itkiyə məruz qalacaqlar. Sovet və ABŞ hökumətləri xarici siyasətdə yumuşamanın tərəfdarı idilər və Yaxın Şərqdə qeyri-stabilliyin yaranmasında maraqlı deyildilər. 1973-cü ilin iyununda ABŞ prezidenti Riçard Nikson və Sovet lideri Leonid Brejnev aralarında baş tutmuş görüş zamanı İsrailin 1967-ci ilə qədərki sərhədlərə qayıtmasının vacib olduğunu vurğulayırdı.[32]
Müharibədən təqribən bir il əvvəl, 24 oktyabr 1972-ci ildə Sadat Silahlı Qüvvələrin Ali Şurası ilə görüşündə Sovet dəstəyi olmasa belə İsrailə qarşı müharibənin baş tutacağını açıqladı.[33] Misirin müharibə ilə əlaqədar planları 1971-ci ildə gizlilik prinsiplərinə əməl olunmaqla başlamışdı. Misirin Suriya ilə birlikdə İsrailə hücumunu nəzərdə tutan bu plana kod adı olaraq Bədr əməliyyatı (ərəbcə "tam ay" deməkdir) adı verilmişdi.
İsrail Müdafiə Qüvvələrinin Hərbi Kəşfiyyat İdarəsinin ("Aman" adı ilə tanınır) araşdırma şöbəsi İsrailin müxtəlif mənbələrdən əldə edilən kəşfiyyat məlumatlarının hesablanmasına cavabdehdir. Onların qiymətləndirmələrinə əsasən müharibənin başlamasının bir neçə ehtimalı mövcud idi. İlk olaraq, əgər Misir müharibəyə qoşulmasa, onda Suriyanın İsrailə qarşı tək başına müharibəyə başlamayacağına inanırdılar. İsrail kəşfiyyat orqanları Misirin keçmiş prezidenti Camal Əbdül Nasirin kürəkəni və yüksək rütbəli Mossad agenti olan Əşrəf Marvan vasitəsilə Misirin bütün Sinayı geri qaytarmaq fikrində olduğunu, lakin İsrail Hərbi Hava Qüvvələrini neytrallaşdırmaqda yardımçı olacaq MiQ-23 döyüş təyyarələri və İsrail şəhərlərinə hücum etmək məqsədilə "Skad" ballistik raketləri alınana qədər müharibəyə başlamaq istəmədiklərini öyrənmişdilər.
1973-cü ilin ortalarından etibarən Aman demək olar ki, ərəblərin müharibə planlarından tamamilə xəbərdar idi. Onlar bilirdilər ki, Misirin ikinci və üçüncü orduları Süveyş kanalını keçərək Sinay yarımadasının içərilərinə doğru 10 kilometr məsafədə irəliləmək, Milta və Gidi keçidlərini zirehli divizionlarla keçərək dəniz və paraşütçü birləşmələrin birbaşa köməyi ilə Şarm əş-Şeyx şəhərini ələ keçirmək niyyətində idi. Aman təşkilatı Suriyanın da müharibə planlarının əksəriyyəti barədə kifayət qədər məlumata sahibdi.[34]
İsrailin strategiyasına əsasən əgər onlar qarşı tərəfin müharibəyə başlayacağı barədə qəti məlumatlar əldə etsələr, preventiv (önləyici) hücum təşkil edərək rəqibin bütün planlarını alt-üst etməliydilər. Bu fərziyyəyə görə İsrailin kəşfiyyat xidmətləri ərəb hücumunun başlanmasına ən azı 48 saat qalmış bütün məlumatları əldə etməli idilər.
Müharibənin başlanmasından altı saat əvvəl, Yom-Küpür səhəri saat 08:05-də baş nazir Qolda Meyer, müdafiə naziri Moşe Dayan və Silahlı Qüvvələrin Baş Qərargah rəisi David Elazar arasında görüş baş tutdu. Danışıqlara başlayan Moşe Dayan müharibənin başlanacağının dəqiq olmadığını bildirirdi. Daha sonra çıxış edən David Elazar gecə vaxtı Suriyanın aerodromlarına preventiv hücum təşkil etmənin tərəfdarı idi. Buna baxmayaraq, bütün təqdimatlardan sonra baş nazir Qolda Meyer preventiv hücumun əleyhinə qərar verdi. O, ilkin hücum edən tərəfin İsrail olacağı halda heç kimin onlara kömək etməyəcəyindən çəkinirdi. Müharibəyə qədərki dövrdə Kissinger və Nikson da daxil olmaqla ABŞ hökumət nümayəndələri Qolda Meyerə xəbərdarlıq etmişdilər ki, o, Yaxın Şərqdə baş verə biləcək yeni müharibənin səbəbkarı olmamalıdır.[35] Müharibənin başladığı tarix olan 6 oktyabr 1973-cü ildə Kissinger preventiv zərbə endirməməsi ilə əlaqədar İsraili xəbərdar etdi və Meyer də preventiv hücum təşkil etməyəcəkləri barədə məlumatı təsdiqlədi.[36]
Müharibə başladıqdan sonra David Elazar bütün hərbi hava qüvvələrinin və dörd zirehli divizionun, yəni ümumilikdə 120,000 nəfərə yaxın qüvvənin səfərbər edilməsi təklfini irəli sürsə də, Moşe Dayan hərbi hava qüvvələrinin və iki zirehli divizionun (cəmi 70,000 nəfər) səfərbər edilməsinə tərəfdar oldu. Son nəticədə, Meyer Elazarın təklifini qəbul etdi.[37]
Kissinger and Nixon consistently warned Israel that she must not be responsible for initiating a Middle east war