Yoşio Nişina | |
---|---|
yap. 仁科芳雄 | |
Doğum tarixi | 6 dekabr 1890 |
Vəfat tarixi | 10 yanvar 1951 (60 yaşında) |
Vəfat səbəbi | qaraciyər xərçəngi |
Təhsili | |
Fəaliyyəti | fizik, nüvə fiziki |
Mükafatları | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Yoşio Nişina (仁科 芳雄, Nişina Yoşio?, 6 dekabr 1890 – 10 yanvar 1951) – Yaponiya fizikaçısı. İkinci dünya müharibəsi zamanı Yaponiyada atom bombası layihəsinə başçılıq etmişdir.[1] Kosmik şüalar haqqında araşdırmaların qabaqcılı olmuşdur.[2] "Yaponiyada nüvə fizikasının atası" hesab olunur.[1][3]
Yoşio Nişina 1890-cı ildə Yaponiyanın Okayama prefekturasında bir kənddə doğulmuşdur.[1] Okayamada yerləşən liseydə təhsil aldıqdan sonra Tokio Universitetinə daxil olmuş və 1919-cu ildə elektrik mühəndisliyi ixtisası üzrə məzun olmuşdur.[1] Mühəndislik işi təklifini qəbul etməyərək elektrokimya, daha sonra isə fizika üzrə təhsil almağa başlamışdır.[1] Fiziki və Kimyəvi Tədqiqatlar İnstitutunda (RIKEN) tədqiqat köməkçisi olmuşdur.[1]
1921-ci ildə RIKEN tərəfindən təhsil məqsədilə Avropaya göndərilmişdir.[1] Kembricdə Kavendiş laboratoriyasında təhsil almış, Ernest Rezerfordun tələbəsi olmuşdur.[1] 1923-ü ildə Nils Borla işləmək üçün Kopenhagen Universitetinə daxil olmuş, Göttingen və Hamburqu da ziyarət etmişdir.[1] 1928-ci ildə Yaponiyaya qayıtmazdan öncə Oskar Kleynlə birlikdə Kompton effekti haqqında məqalə yazmışdır.[1] Yaponiyaya qayıtdıqdan sonra Verner Heyzenberqi Yaponiyaya dəvət etmiş və bir çox mühazirə verməsi üçün şərait yaratmışdır.[1] 1927-ci ildə Bor və həyat yoldaşı Tokioya gələrək Nişinanı ziyarət etmişdir.[1]
1931-ci ildə Nişina öz laboratoriyasını yaratmışdır.[1] Laboratoriya kvant mexanikası, nüvə fizikası, kosmik şüalanmalar və yüksək enerjili proton şüaları haqqında araşdırmalarla məşğul olmuşdur.[1] 1937-ci ildə Yukava mezonunun kütləsini ölçə bilmiş ilk şəxs olmuş, onu ilk kəşf edən şəxs olmağa çox yaxınlaşmışdır.[1] 1937-ci ildə kiçik siklotron hazırlamış və Yaponiyada birinci, dünyada isə ikinci siklotron hazırlamış şəxs olmuşdur.[1] Daha böyük siklotron hazırlamaq üçün Ernest Lourenslə məsləhətləşmişdir.[1] Lourens ABŞ-dən elektromaqnit almaq üçün kömək etmişdir.[1] İkinci dünya müharibəsinin başlaması iki fizikaçı arasında əlaqələri kəsmiş və böyük siklotron 1944-cü ilə qədər tamamlanmamışdır.[1]
1940-cı ildə general-leytenant Takeo Yasuo nüvə parçalanması haqqında araşdırmalar aparması üçün Nişinaya müraciət etmişdir.[1] 1941-ci ilin aprelində Yaponiya ordusu rəsmi olaraq atom bombası hazırlamaq üçün layihə başlatmışdır.[1] Nişina və komandası atom bombasının nəzəri baxımdan mümkün, amma texniki baxımdan mümkünsüz olduğu qənaətinə gəlmiş, lakin uran zəngiləşdirməsinə davam etmişdir.[1] Bəzi tarixçilərin fikrincə, Nişina atom bombası layihəsindən siklotronuna maddi vəsait toplamaq üçün istifadə etmişdir.[1]
Nişina 1942–43-cü illərdə Texniki Tədqiqat İnstitutunun komitəsində iştirak etmişdir.[1] Bir neçə görüşdən sonra komitə ləğv edilmişdir.[1] Nişina Yaponiya ordusu üçün işləməyə davam etmiş, lakin bir müddət sonra layihənin başa çatdığını və resursların Yaponiya donanmasının atom bombası layihəsinə verildiyini açıqlamışdır.[1]
ABŞ-nin Hiroşimaya atom bombası atmasından bir gün sonra Nişina ABŞ prezidenti Harri Trumen tərəfindən atom bombası haqqında press-reliz əldə etmişdir.[1] Nişina Yaponiya hökumətini məlumatlandıraraq atom bombasını təsdiqləmiş və təslim olmaq barədə qərara təsir göstərmişdir.[1] İkinci dünya müharibəsindən sonra – 1945-ci ilin oktyabrında Nişina siklotronları tibbi və bioloji tədqiqatlarda istifadə etmək üçün ABŞ-dən icazə istəmişdir.[1] Onun müraciəti əvvəlcə qəbul edilsə də, daha sonra icazə ləğv olunmuş və Yaponiyadakı bütün siklotronlar məhv edilmişdir.[1]
Nişina 1946-cı ildə "Mədəniyyət" ordeni ilə təltif olunmuşdur.[2] 1948-ci ildə Yaponiya Elmlər Akademiyasının üzvü, daha sonra RIKEN-in prezidenti seçilmişdir.[2] Yaponiya Elm Şurasına başçılıq etmişdir.[2]
Nişina 1951-ci ildə ölmüşdür.[1] RIKEN tərəfindən idarə olunan Akselerator Əsaslı Elmi Mərkəzə Nişinanın adı verilmişdir.[1] Nişina Memorial Fondu tərəfindən hər il təqdim olunan Nişina mükafatı Yaponiyada fizika sahəsində verilən ən nüfuzlu mükafat hesab olunur.[1] Ayın cənub yarımkürəsində yerləşən bir kraterə 1970-ci ildə Nişina adı verilmişdir.[4]