Yunqan mağara-məbəd kompleksi — Çinin dünya əhəmiyyətli abidələrindən biri.
Yunqan mağaralar kompleksi Şansi əyalətinin Datuna şəhərindən 16 km qərbdə Ujou dağlarının ətəyindədir. Mağaralar 1 km məsafədə dağ yamaclarında yerləşir. Yunqan mağaralarının yaradılması fəaliyyətinin başlanğıcı 453-cü il göstərilir, o zaman Şimali Vey imperatorunun əmri ilə buddizm monaxı Tanyao tikintinin təşklinə başlamışdır. Mağara və heykəllərin əksəriyyəti 40 il ərzində tökülmüşdür. Az sonra nisbətən kiçik ölçülü mağara və heykəllər yaradılmışdır. Yunqan mağaralarının yaradılması üçün təxminən 40 min nəfər 50 il ərzində işləmişdir. Tikintidə iştirak etmək üçün hətta Şitszıqo ölkəsindən (indiki Şri-Lanka) budda monaxları da cəlb olunmuşdur.
Yunqan mağaralar kompleksi – Çinin şərq məktəbi ənənələri ilə yaradılan daş əsərlər xəzinəsidir. Bununla yanaşı, orada həmin dövrdə dəbdə olan qərb (Yunanıstan) və hind məktəbinin elementlərini də görmək mümkündür. Ümumiyyətlə götürdükdə, Yunqan mağaraları – bəşəriyyətin və Çin sivilizasiyasının mədəni irsinin həqiqi cövhəridir. Qaya sahəsində 1 km məsafədə böyük, orta və kiçik ölçülü mağaralar yerləşir, divar oyuqları bir-birinə sıx bitişib arı şanını xatırladır. Hər yerdə Buddaların, bodisatvların, insanların və heyvanların xəttatlıq yazıları ilə doldurulmuş heykəlləri durur. Hazırkı dövrə qədər 53 mağara, 1000-dən çox oyuq, 51 min daş abidə qalmışdır. Ən böyük Budda heykəlinin hündürlüyü 17 m, ən kiçiyininki isə 2 sm-dir. Hər bir heykəl müxtəlif və canlı üz mimikasına malikdir. Yunqan mağaralar komleksi 3 hissəyə bölünür: şərqi, mərkəzi və qərbi. Buddist monastrı Yunqana girdikdə artıq minalı kirəmit damla örtülümş dördmərtəbəli taxta binanı görməmək mümkün deyil. Tikili öz-özlüyündə çox əzəmətli və möhtəşəmdir. Mağaralardan biri Dafo ("Nəhəng Budda") adlanır, mağaranın mərkəzində Buddanın oturmuş halda 17 metrlik heykəli var. Bu Yunqan mağaralar kompleksində ən böyük heykəldir. Nəhəng Buddanın ətrafında qonaqları heyran edən kiçik ölçülü heykəllər düzülmüşdür. Mağaraların çox hissəsi kompleksin qərb tərəfindədir və hər bir mağara özünəməxsus və təkrarolunmazdır. Ümumi rəyə görə bu mağara komleksi unikal və heç nə ilə müqayisə olunmazdır. Burada Buddanın heykəli xüsusi qeyd olunmalıdır, o, beş ən qədim mağaranın çöl tərəfində yerləşir və onun yaradılmasına monax Tanyao özü rəhbərlik etmişdir. Şakyamuninin (buddizmin banisi) heykəil oturan halda 13,7 m hündürlüyə çatır. Heykəlin iri və real sifət cizgiləri, zərif dodaqları, dik burnu, çiyinlərinə qədər uzanan qulaqları, canlı və xeyirxah baxışları, girdə çiyinləri diqqəti cəlb edir. Heykəl dəbdəbə ilə bəzədilmişdir. Bütövlükdə, heykəl çox möhtəşəmdir və buddizm tətbiqi sənətinin parlaq nümunəsidir. Kompleksin tikinitisi başa çatdıqdan sonrakı 1500 il ərzində dəfələrlə müharibələr, müxtəlif təbii və antropogen xarakterli hadisələr baş vermişdir və Yunqan mağaraları get-gedə viran qalmışdır. Qədim məbədin unikallığı, həmçinin onun mühafizəsi və bərpası məqsədilə görülən tədbirlər bütün dünyada yüksək marağa səbəb olur.[1]