Yüzillik Olimpiya Parkı | |
---|---|
Centennial Olympic Park | |
Məlumatlar | |
Parkın tipi | İctimai park |
Ölkə | |
Yerləşməsi | Atlanta, Corciya |
Sahəsi | 8,5 ha |
Yaradılıb | 1996 |
Tabeçiliyi | Georgia World Congress Center Authority |
Statusu | ilboyu açıq |
Saytı | centennialpark.com |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Yüzillik Olimpiya Parkı — Georgia World Congress Center Authority tərəfindən idarə edilən və ona məxsus Corciya ştatının inzibati mərkəzi olan Atlantanın mərkəz hissəsində yerləşən ictimai parkdır. Park Olimpiya Oyunlarının yüzilliyinin şərəfinə 1996-cı ildə infrastrukturun yaxşılaşdırılmasının bir hissəsi kimi Atlanta Olimpiya Komitəsi tərəfindən tikilib. Parkın milyollarla ziyarətçiləri hər il bir neçə hadisəyə şahidlik edir. Bunlara məşhur musiqi konsertləri, Müstəqillik günü konsertləri və atəşfəşanlıq daxildir.
Parkın ərazisi əvvəllər atılmış və baxımsız sənaye binaları və böyük boş sahələrdən ibarət idi. Atlanta Olimpiya Komitəsinin başçısı Billi Peyn parkı həm şəhər üçün silinməz irs kimi, həm də Olimpiya Oyunları zamanı tamaşaçılar və ziyarətçilər üçün mərkəzi görüş yeri kimi düşünmüşdü. Olimpiya zamanı parkı dünyaya nümayiş etdirmək məqsədilə, Atlanta Olimpiya Komitəsi parkın tikilməsi və tərtibatı üçün dizayn yarışması keçirmək qərarına gəlib. Atlanta Olimpiya Komitəsi tərəfindən park üçün dizayn layihəsinin qalibi kimi H.J. Russell & Company inşaat və dizayn firması seçildi.
Yüzillik Olimpiya Parkı iki mərhələdə tikilib. Tikintinin birinci mərhələsi 28 milyon dollar ABŞ dolları dəyərində idi. Tamamlama işləri 1996-cı ilin iyulunda Yay Olimpiya Oyunları vaxtı başa çatıb. Olimpiya Oyunları zamanı parkda sponsorların eksponatları saxlanılıb, əyləncə və medalların təqdimatı keçirilib. Tikintinin ikinci mərhələsi Oyunlar başa çatdıqdan qısa müddət sonra başlanılıb və 1998-ci ildə tamamlanıb. İkinci mərhələdəki tikintiyə sərf olunan məbləğ 15 milyon ABŞ dolları dəyərində olub.[1]
1996-cı il iyulun 27-də parkda təşkil olunmuş şənlik zamanı baş vermiş partlayış iki nəfərin ölümü, yüz on bir nəfərin yaralanması ilə nəticələnmişdir.[2] Parkda və bütün idman meydançalarında təhlükəsizlik bu hadisədən sonra daha da ciddiləşdirildi. Olimpiadadan qısa müddət sonra, 1998-ci ilin yazınadək park təmir üçün bağlanıb.
10 mart 2008-ci ildə Atlantanın mərkəz hissəsindən keçən tornado zamanı parka da kiçik ziyan dəyib. 65 fut hündürlüyündə iki işıq dirəyi aşıb. 1880-ci ildən bəri ilk dəfə idi ki, tornado bu əraziyə ziyan vururdu.
Park Atlantada yerləşən bir çox böyük şirkətlərlə əhatə olunub. Parkın qərb tərəfi bütünlüklə Corciya Dünya Konqresi Mərkəzi (ing. Georgia World Congress Center) , Georgia Dome (stadion), Filips Arena və CNN Mərkəzi ilə, şimal hissəsi isə World of Coca-Cola və Corciya Akvariumu ilə əhatə olunub. Park qərbdən Marietta küçəsi, şimaldan Baker küçəsi, cənub və şərqdən isə bu parkın gəzinti yeri ilə həmsərhəddir.
Parkın əsas xüsusiyyəti sinxron musiqili fəvvarə və kompüterlə idarə olunan işıqlarla bir-birinə birləşmiş halqaların əmələ gətirdiyi fontandır. Fəvvarənin formasını Atlantanın isti yay günlərində uşaqların əylənməsi və eləcə də simfonik musiqi həvəskarları və qaçıcıların sərinləməsi üçün tərtib olunmuş meydança təşkil edir. Bu ərazi 4-10 metr hündürlüyündə 251 fəvvarədən ibarətdir və həmçinin də yaxınlıqda yerləşən muzeyin qarşısındakı həyətə gözəl görünüş verir.
Fəvvarənin ərazisi 1996 Yay Olimpiya Oyunlarından əvvəl hər bir Yay Olimpiya Oyunlarına ev sahibliyi etmiş ölkənin bayraqları və səkkiz 65 fut hündürlüyündə klassik Yunan sütunlarını xatırladan işıq dirəkləri ilə əhatə olunub.[3] Parkın ərazisində bir neçə yerdə heykəltərəşlıq nümunələri də var. Bu heykəltəraşlıq nümunələri sırasına müasir Olimpiya Hərəkatının atası sayılan Pyer de Kubertenin heykəli də daxildir. Kiçik amfiteatr isə parkın cənub hissəsində yerləşir.
Yüzillik Olimpiya Parkının ərazisindəki fəvvarələr ilin bütün 365 günü, gündə dörd dəfə olmaqla nümayiş olunur. Fəvvarələr saat 12:30, 3:30, 6:30, 9:30 da işə salınır.[4]
2013-cü ilin iyulunda birinci dəfə olaraq Atlantanda səyyar Şeytan çarxı quraşdırılmışdı. 42 kondisionerli vaqonlara malik 200 metrlik çarx parka və ətraf ərazilərə çox gözəl görünüş verirdi.[5][6]