Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Zabux | |
---|---|
39°35′13″ şm. e. 46°32′46″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Laçın |
Vikianbarda əlaqəli mediafayllar |
Zabux — Azərbaycan Respublikasının Laçın rayonu Zabux kənd inzibati ərazi dairəsində kənd.[1]
18 may 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 30 illik işğaldan sonra 26 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının nəzarətinə keçmişdir.
Zabux kəndİ Zabux çayının sahilində, Qarabağ yaylasındadır. Keçmiş adı Xut Zabux olmuşdur. Əvəllər bu ərazidə Sus Zabux adlı başqa kənd də var idi. Tədqiqatgilara görə, oykonim kürd dillərindəki zaboq (dongo) sözündəndir. XIX əsrdə Şuşa-Gorus yolunun döngəsində poçt dayanacağı olmuş və mövqeyinə görə Zabox (Zabux) adlanmışdır. Sonralar yaxınlığındakı Baharlı və ona birləşən şadmanlı kəndləri də həmin adla adlanmışdır.[2] XX əsrin əvvəllərinə aid mənbələrdə "Zabıx" adlanırdı.[3]
Kənddə işğal dövründə başçısı Zeylan Öcalan olan "Kürd konqresi" terrorçu qrupu yerləşdirilmişdir.[4]
Qonşu kəndlər (əhatəsi) – Sus kəndi, Fətəlipəyə kəndi (Həkərinin sol sahili), Cağazur kəndi (Zabux şayının sağ sahili), Ermənistan tərəfdən Gorus rayonunun Gorunzur kəndi və Dığ kəndi.
Zabux Həkəri çayı ilə Zabux çayının qovuşduğu yerdən (Çay qovuşan) bir qədər yuxarıda – iki çayın arasında, Zabux çayın sol sahilində yerləşirdi. Sonradan kənd böyümüş – çayın o tayında Alxan dərəsində də evlər tikilmişdi. Laçın ərazisindəki ikinci böyük körpü bu kəndin ərazisində – Zabux çayın (Minkənd çayı da deyirdilər) üstündə idi. Kənd Laçının bir çox kəndləri kimi Ermənistanla sərhəddə yerləşirdi. Ermənistana gedən Beynəlxalq avtomobil yolu və yeraltı rabitə xətti bu kəndin ərazisindən keçirdi. Üç kənddən ibarət (Zabux, Sus, Qızılca) "Komsomol" kolxozunun sovetliyi və bütün inzibati binalar, orta məktəb, mədəniyyət evi, bəzi iaşə obyektləri bu kənddə yerləşirdi. Kənddə qədimdən su dəyirmanı olub. Heyvandarlıq təsərrüfatı olduğu üçün Zabuxda silos quyuları, böyük anbarlar, geniş ərazidə ot taya yerləri vardı.
1992-ci il işğalından sonra bu kəndi talan edən ermənilər bu xaraba heç bir insanın yaşamadığı bir kənddə 2003-cü ildə ABŞ dövlətinin pul yardımı hesabına bir erməni kilsəsi tikdilər.
Kənd ərazisində XIX əsrə aid tarix mədəniyyət abidəsi olan iki körpü var.[5]
Bütün tarixi dövrlərdə, Zabux kəndinin etnik tərkibi tamamilə azərbaycanlılardan ibarət olmuşdur. Əhalinin əsas məşğuliyyəti bostançılıq, bağçılıq və heyvandarlıq idi. Əhalinin yaşayış evləri qara damlardan və sonralar müasirləşən evlərdən ibarət idi. Kənddə yerli Zabuxlularla yanaşı qonşu Fətəlipəyədən, Fətəlipəyə Qışlağından (Bağırbəylilər ), Sus Xallanlısından və Sümüklüdən köçüb gəlmiş insanlar da məskunlaşmışdı.
2006-cı ilin statstikasına görə kəndin əhali sayı 570 nəfər olmuşdur.
Əsas təsərrüfatı heyvandarlıq idi. Zabux kəndində su altında xeyli bağlar vardı. Zabux körpüsünün altından dəhnə vurub həm məhlələri, həm də bağları suvarırdılar. Bağlarda tut, alma, üzüm, heyva, gilas, gilənar, gavalı, ərik, göyəm yetişdirirdilər. Tutdan xanımlar bəkməz və irçal bişirərdilər. Kişilər isə tutu çəlləkdə qıcqırdıb araq çəkirdilər. Tut ağacları çox olduğu üçün bu kənddə baramaçılıqla da məşğul olurdular. Bundan başqa tütün də əkilirdi. Hər üç kəndin (Zabux, Sus, Qızılca) əra¬zisində tütün emal etmək (qurutmaq üçün) tikililər varıdı. Kənddə hər kəsin bostan yeri vardı. Bostan ya həyətdə, ya da evdən aralı su tutan bir yerdə olurdu. Kələm, xiyar, pomidor, kartop, boranı, göyərti əkirdilər. Zabuxda həyətlərdə gözəl qızılgüllər becərirdilər. Mal, qoyun, keçi, camış saxlayardılar. Kənd çay sahilində olduğundan həyətlərdə çoxlu ördək qaz saxlayırdılar. Zabuxun əkin yerlərində bol buğda, arpa əkilirdi. Zabuxlular da çay balığı ovçuluğuna yaxşı bələd idilər. Zabuxda yaxşı divar ustaları və iri daşlardan başdaşı yonmaq peşəsinə yiyələnmiş ustalar vardı.
Laçın rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |