Zeytgeyst (alm. "zeitgeist" — zamanın və ya dövrün ruhu) — müəyyən dövrə məxsus düşüncə tərzini müəyyən edən və standartlaşdıran intellektual moda və ya hegemon düşüncə ənənəsidir. Məsələn, 20-ci əsrin arxitekturasına və digər incəsənət sahələrinə modernizm ideyaları mühüm təsir göstərmişdir.[1] Zeytgeyst termini filosof Hegelin adı ilə əlaqələndirsələr də, o heç vaxt bu termindən istifadə etməmişdir. O tarix üzrə mühazirələrində Geist seiner Zeit (öz dövrünün ruhu) ifadəsini işlətmişdir. O yazırdı ki, heç kim öz dövründən irəliyə düşünə bilməz, çünki həmin dövrün ruhu elə insanın ruhudur. Bu cür ideyaları Qerder, Spenser və Volter kimi filosoflar da səsləndirmişlər.[2][1]
Hegel hesab edirdi ki, incəsənət yarandığı dövrün mədəniyyətini əks etdirir. Mədəniyyət və incəsənət qarşılıqlı əlaqədədir, çünki rəssam öz dövrünün məhsuludur və əsərlərində həmin dövrün mədəniyyətini canlandırır. Bundan başqa o, hesab edirdi ki, müasir dünyada rəssam öz yaşadığı dövrün ruhunu yox, incəsənət fəlsəfəsi və nəzəriyyəsinə əsaslanan "azad və etik mədəniyyəti" əks etdirən klassik incəsənət nümunəsi yarada bilməz.[4]
Sosial və mədəni çoxnövlüyün və rəngarəngliyin mövcud olduğu sivilizasiyalar üzrə mədəniyyət və incəsənətin təhlili zamanı "zeytgeyst" səmərə vermir.