Zəncan | |
---|---|
36°40′ şm. e. 48°29′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.638 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +98 241 |
Digər | |
zanjan.ir | |
Vikianbarda əlaqəli mediafayllar |
Zəncan — İranın və Azərbaycanın ən böyük mahallarından biri olan Xəmsə mahalının mərkəz şəhəridir. Şəhər dəniz səviyyəsindən 1600 m hündürlükdə yerləşir.
Zəncanın ətrafında mis, qızıl, civə və sairə qiymətli yataqların olması digər tərəfdən Yaxın, habelə Orta Şərqlə mühüm ticarət yollarının üstündə yerləşməsi onun tarixən ictimai-iqtisadi yüksəlişinə şərait yaratmışdır. Mənbəyini Sultaniyyə dağlarından alan Qızılüzən çayı ilə birləşən Zəncan çayı Xəmsə mahalını bol su ilə təmin edir. Zəncanda olan əkin yerləri, bağ və bostan sahələri bu çaydan başqa bir neçə kiçik çay vasitəsiylə də suvarılır.
Zəncan ərazisi qədim dövrlərdən özünün geniş çəmən əraziləri və otlaqları ilə məşhurdur. Olduqca böyük yeraltı və yerüstü sərvətlərə malik olan bu yerdə, yaşayış üçün lazım olan bütün nemətlər kifayət qədər mövcuddur. Zəncan ətrafında buğda, arpa, düyü və digər dənli bitkilərlə birlikdə müxtəlif növlü, habelə olduqca keyfiyyətli meyvələr də yetişdirilir.
Zəncan şəhərinin bina edilməsi tarixi hələlik dəqiq müəyyənləşdirilməmişdir. İran alimləri buna cəhd etməmişlər. Azərbaycan alimlərinin isə bu şəhərin tarixini yerindəcə araşdırmağa imkan verilməmişdir. Lakin bir sıra yazılı mənbələrdə bu şəhərin qədim adına təsadüf olunur. Belə ki, Ptolomey Atropatena ərazisində olan bir sıra qədim şəhərlərlə (Qazaka, Fraaspa, Fanaspa) yanaşı Aqnazana şəhərinin də adını çəkir. Aqnazana Zəncan şəhərinin qədim adıdır. Şəhər Atropatenanın müstəqilliyi, həmçinin Parfiya və Sasanilər dövlətindən asılılıq dövründə Azərbaycanın görkəmli şəhərlərindən olub.
Zəncan şəhəri ərəb işğalı dövründə də öz strateji əhəmiyyətini saxlaya bilmişdi. Şəhərin abadlığı və aktiv ticarət həyatı haqqında ərəb mənbələri qiymətli məlumatlar verirlər.
Ərəblər Babəkə qarşı vuruşarkən Zəncanın strateji mövqeyindən istifadə etmişlər. Bu dövrün ən mühüm ticarət yollarından biri Zəncan şəhərini Ərdəbil vasitəsiylə Muğan, Şabran və Dərbəndlə, digəri isə Ərdəbil vasitəsilə Bərzand, Varsan, Beyləqan, Bərdə, Gəncə, Tiflis şəhərləri ilə birləşdirirdi. Zəncanı Xəzər dənizi rayonları və Həmədanla birləşdirən yollar da əhəmiyyətli ticarət yolları idi.
Ərəb coğrafiyaşünası İstəxri yazır ki, Zəncandan Tus səhrasına bir, oradan Xunəyə bir , Xunədən Qızılüzən körpüsünə iki, oradan Ərdəbilə qədər olan yolun uzunluğu isə iki mərhələdir.
Azərbaycanın başqa qədim şəhərlərində olduğu kimi, Zəncanda da vaxtilə qala divarları olmuşdur. Həmin qala divarlarının qalıqları hazırda da qalmaqdadır.
Monqolların Azərbaycan yürüşü zamanı Zəncan şəhəri əvvəlki əhəmiyyətini itirir.Bu dövrdə Elxanilər tərəfindən Sultaniyyə şəhərinin salınması, istər-istəməz Zəncan şəhərinin ictimai-iqtisadi əhəmiyyətini azaldır.
Zəncan haqqında məlumat verərkən Həmdullah Qəzvini yazır: " Zəncan şəhərinin əsası Sasanilər sülaləsinin banisi Ərdəşir Papakan tərəfindən qoyulmuşdur (Lakin bu fikrin tam əksinə olaraq hələ Atropatena dövründə Zəncan artıq sayılıb-seçilən şəhərlərdən biri idi). Vaxtilə Zəncan şəhərinin ətraf divarlarının uzunluğu 10000 addıma brabər idi. Lakin monqolların hücumundan sonra şəhər xeyli dağıdıldı. Zəncan şəhəri yüz para kəndə malik olmaqla 12000 dinar vergi verirmiş. Şəhər bol suya, müxtəlif meyvə ağaclarına malikdir. Burada üzüm, alma, keyfiyyətli pambıq və düyü yetişdirilir."
Görkəmli şəxslərdən Şeyx Əxi Fərəc Zəncani, Usta Əbdülqafar Səkkak və İsa Kaşaninin türbələri bu şəhərdədir.
Zəncan şəhəri XIV əsrin sonundan etibarən yenidən inkişaf etməyə başlayır. Belə ki, Əmir Teymur tərəfindən tutulduqdan sonra Sultaniyyə yavaş-yavaş öz iqtisadi əhəmiyyətini itirməyə başlayır. Elə həmin dövrdən etibarən də Zəncan ikinci həyatını yaşamağa başlayır. Şəhər Səfəvilərin hakimiyyəti dövründə də inkişaf edərək Azərbaycanın əsas ticarət mərkəzlərindən birinə çevrilir. XVII əsr səyyahları qeyd edirlər ki, Zəncan Azərbaycanın əsas ticarət yollarının kəsişdiyi nöqtə idi.
V.V.Bartoldun qeyd etdiyinə görə orta əsrlədə Zəncan şəhərinin 20000 əhalisi vardı.
XIX əsrin ortalarından başlayaraq isə Zəncan Babilər hərəkatının mərkəzinə çevrildi. Güney Azərbaycanın bir çox şəhərlərində olduğu kimi 1847-ci ildə Zəncan əhalisi də ümumxalq hərəkatına qoşularaq şəhər hakimini qovmuşdu.
1850-ci ildə İran dövlət qoşununun şəhəri mühasirəyə almasına baxmayaraq əhali inadla müqavimət göstərirdi. Lakin bir sıra səbəblər nəticəsində digər şəhərlərdə olduğu kimi burada da dövlət əlehinə qarşı baş vermiş xalq hərəkatı məğlubiyyətə uğradı.
Zəncan şəhəri həm də tarixi abidələrlə zəngindir və bu baxımdan da Azərbaycan tarixinin canlı səlnaməsidir. Şəhərdə yüzə yaxın karvansara, 20 hamam, 50-dən artıq məscid, çoxlu türbə və digər tarixi abidələr var.