Zərqava

Zərqava
41°14′45″ şm. e. 48°42′13″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 1313 (2009) nəfər
Zərqava xəritədə
Zərqava
Zərqava

ZərqavaAzərbaycan Respublikasının Quba rayonunun Zərqava inzibati ərazi dairəsində kənd.

Aspərəsti, Çayqışlaq, Xaspolad, İsnov, Kələnov, Qasımqışlaq, Qorxmazoba, Mahmudqışlaq kəndləri ilə birlikdə Zərqava bələdiyyəsinin tərkibindədir[1]. Zərqavanın yaşayış məntəqəsi kimi mövcudluğu orta əsrlərə gedib çıxır. Əhalisi elə o vaxtlardan əkinçiliklə və maldarlıqla məşğul olub.Kəndin sahələri çox geniş ərazini əhatə edib. Zərqava İƏD ilə yanaşı, indiki Vəlvələ İƏD-nin hüdudlarında olan böyük torpaq sahələri onun əraziləri idi. Bu ərazilərdə Zərqavanın çoxlu sayda obaları,qışlaqları olub ki, onlar da sonradan böyüyərək ayrıca kəndlərə çevrilmişlər. Uzun müddət Zərqava 1860-cı ildə yaradılmış Bakı quberniyasının Quba qəzasının tabeliyində olmuşdur.

Kəndin və ona aid olan yaşayış məskənlərinin əhalisi 1918-ci ilin əvvəllərində yerli idarəetmə orqanı sayılan Zərqava cəmiyyətində birləşmişdi. Belə ki, həmin dövrdə Quba qəzası Quba şəhəri və 5 polis nahiyyəsi – Dəvəçi, Qusar, Müşkür, Rustov və 5-ci Fəthibəy nahiyyələrini əhatə edirdi. Hər bir polis nahiyyəsi öz növbəsində 2-dən 30-dək kəndin daxil olduğu bir neçə cəmiyyətdən ibarət idi. Zərqava cəmiyyəti Rustov polis nahiyyəsinin tərkibində idi və qəzada mövcud olan 55 cəmiyyətdən biri sayılırdı. Cəmiyyətin əhalisi Zərqavanın təkcə dağlıq ərazilərində deyil, Bakı-Quba yolu boyunca özünə məxsus olan torpaqlarda da təsərrüfat işləri aparırdı. Əksər insanlar kənddən uzaq ərazilərdə işləyərək əldə etdiklərini Zərqavaya gətirib istifadə edirdilər, ənənəyə çevrilən belə hal hətta ötən əsrin 60-ci illərinədək davam etmişdir.

1918-ci ilin aprelin sonunda – mayın əvvəlində erməni daşnakı Amazapsın cəza dəstələri kəndin Bakı-Quba yolu boyunca yerləşən torpaqlarından keçərkən orada olan Zərqava cəmiyyətinin sakinlərini qətlə yetirmiş və təsərrüfatlarını dağıdaraq böyük maddi ziyan vurmuşlar. Baş vermiş hadisə ilə bağlı kənd əhalisi 14 dekabr 1918-ci il tarixdə keçirdiyi yığıncaqda qərar qəbul etmiş və həmin qərar törədilmiş erməni zorakılıqlarını araşdırmaq üçün Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasına təqdim edilmişdi. Qərarda deyilirdi: “Biz,Quba qəzası,Rustov nahiyyəsi Zərqava kəndinin sakinləri cəmiyyətin yığıncağına toplaşaraq, erməni quldur dəstələrinin hücumu zamanı öldürülənlərin siyahısını tərtib etdik. Qeyd: ermənilər tərəfindən 10 kişi öldürülmüş, 1 kişi yaralanmışdır.” Bu Siyahıda, öldürülənlərin adları və bir nəfər yaralının adı tam göstərilmişdir. Həmin qərar 40 nəfər sakin tərəfindən imzalanmış və Quba qəzası Zərqava starşinasının imzası və möhürü ilə təsdiq edilmişdir.(İstinad edilən mənbə: Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Azərbaycan,ingilis və rus dillərində nəşr edilmiş “Quba.Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə” kitabı, Bakı-2013).

Sovetlər hakimiyyəti gələndən sonra yerli idarəetmə orqanı kimi Zərqava Soveti yaranmışdır. Kənd mərkəz sayılmaqla və əvvəllər əhatə etdiyi yaşayış məntəqələri də tərkibində olmaqla Zərqava Sovetliyi meydana gəlmişdir. 1920-ci ildə inzibati ərazi bölgüsündə aparımış dəyişikliyə əsasən Bakı və Gəncə quberniyaları ləğv olunaraq respublikanın ərazisi Quba qəzası da daxil olmaqla 17 qəzaya bölünmüşdür. 1929-cü ildə Quba qəzası ləğv edilmişdir. 8 avqust 1930-cu ildə isə Quba qəzasının ərazisində 4 rayon - Quba,Qusar,Dəvəçi,Xaçmaz rayonu təşkil olunmuşdur (Bax: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi.Prezident kitabxanası. "İnzibati-ərazi vahidləri" materiallar toplusu). Rayonun inzibati-ərazi quruluşundakı bu dəyişikliyə baxmayaraq, Zərqava Sovetliyi yenə Qubanın inzibati ərazi vahidi olaraq qalmışdır. Sovetlik ərazisinin sakinləri 30-50-ci illərdə dağlıq sahələrdə taxılçılıqla və maldarlıqla,qoyunçulula məşğul olmuş, aşağı düzən ərazilərdə - keçmişdə Xutor adlanan yerdən indiki Paşaoba kəndinədək olan torpaqlarda isə ayrı-ayrı dövrlərdə buğda,arpa, çəltik,qarğıdalı, digər dənli bitkilər əkib becərmiş və mövcud olan fermalarda çoxlu sayda mal-qara saxlamışlar. Ölkə miqyaslnda kolxozların iriləşdirilməsi həyata keçirildiyinə görə Sovetliyin ərazisindəki bütün kolxozlar vahid bir təsərrüfatda birləşdirilmiş və Kələnov kəndində fəaliyyət göstərən Kalinin adına kolxozun adı yeni yaranmış iri kolxoza verilmişdir. Kolxozda rentabelliyi artırmaq və kolxozçuların maddi rihafını yaxşılaşdırmaq məqsədi ilə Zərqava və digər yaşayış məntəqələrində yaşayan insanlar 50 - 60-cı illərdə Bakı-Quba avtomobil yolunun hər 2 tərəfində kolxoza məxsus sualtı ərazilərdə böyük meyvə bağları salmışlar.Elə həmin onillikdə bir sıra proseslər baş verdi. 1964-cü ildə Kalinin adına kolxoz eyni adlı sovxoza çevrildi. Ərazi böyük olduğundan və təsərrüfat işlərinin həcmi də getdikcə artdığından idarəetmə işində müəyyən çətinliklərin yarandığı nəzərə alınaraq, sovxozun 2 №-li Şöbəsi təşkil olundu. Sovxozun Gədik Sirti adlanan yüksəklikdən Zərqava kəndinədək olan ərazisinin idarə edilməsi 2 №-li Şöbəyə həvalə edildi. Şöbə müdiri vəzifəsini isə Ələkbər Bayramov icra etdi. Bu şöbə 4 ilədək fəaliyyət göstərdi. Min bir əziyyətlə salınmış bağların bəhrə verməyə başladığı ərəfədə yerli idarəetmə sistemində dəyişikliklər aparıldı və nəticədə Zərqavanın, eləcə də sovetliyin digər kəndlərinin – Xaspoladın, Kələnovun, Əsparəstinin, İsnovun bu bağları əkən,illərlə onlara qulluq göstərən sakinləri gözlədikləri bəhrələrdən kənarda qaldılar, daha doğrusu öz əlləri ilə saldıqları meyvə bağları özgəninkiləşdi.

1968-ci ildə yerli idarəetmədə baş verən dəyişiklik nəticəsində Zərqava Sovetliyinin bazasında Vəlvələ Sovetliyi və Zərqava Sovetliyi yaradıldı. Yeni inzibatı ərazi vahidi olmaqla, Vəlvələ Sovetliyi indiki eyni adlı İnzibati ərazi dairəsinin hüdudlarında yaradıldı. Vəlvələ Zəhmətkeş Deputatları Soveti (1977-ci ildən isə Xalq Deputatları Soveti adlanırdı) İcraiyyə Komitəsinin ilk sədri o dövrdə gözəl təşkilatçı, rayonun nüfuzlu şəxslərindən sayılan Dünə Əliyeva, katibi isə müxtəlif təsərrüfat vəzifələrində çalışmış, çox fəal bir insan, kargüzarlığı mükəmməl bilən Nemət Eldarov oldu. Gədik Sirtindən Zərqavayadək olan ərazilər isə oradakı yaşayış məntəqələri ilə birlikdə Zərqava Sovetliyinin tərkibində qaldı. Zərqava Zəhmətkeş Deputatları Soveti(1977-ci ildən isə Xalq Deputatları Soveti adlanırdı) İcraiyyə Komitəsinin sədri vəzifəsinə müdrik,saf,halal,hamı tərəfindən olduqca hörmətcil bir insan kimi tanınan Rəhmətulla Zülfüqarov, katib vəzifəsinə isə çevik,enerjili,kargüzarlıq işinin çox səliqəli və nümunəvi icraçısı Heybətəli Hacıyev seçildi. Bu şəxslər uzun müddət həmin vəzifələrdə çalışdılar. (Rəhmətulla kişi barədə qısa da olsa,məlumat verməyə ehtiyac var.Çünki Rəhmətulla Zülfüqarov yerli əhali arasında çox böyük nüfuz qazanmışdı.Saf əqidəli, sağlam insan olan Rəhmətulla kişi əsl azərbaycanlı kişisi olmaqla yanaşı, həm də əsl azərbaycanlı ailə başçısının ideal nümunəsi idi. O, cavanlardan tutmuş yaşlı insanlaradək hamının sözün həqiqi mənasında böyük ağsaqqalı idi. Rəhmətulla kişinin istər xidməti fəaliyyəti,istərsə də hərəkətləri,davranışı.hətta oturuşu-duruşu və insanlarla rəftarı əsl dövlət qulluqçusunun təcəssümü idi). R.Zülfüqarovdan sonra sədr vəzifəsini Cavanşir Heydərov, katib vəzifəsini isə yenə də Heybətəli Hacıyev icra etmişdir. Kalinin adına sovxoz da 60-cı illərin sonunda bölündü. Sovxozun Vəlvələ Sovetliyi ərazisində yerləşən hissəsində Səməd Vurğun adına sovxoz yaradıldı və Zərqava Sovetliyinin ərazisinə düşən hissə isə Kalinin adına sovxoz üçün qaldı. Bu dəyişiklik nəticəsində Səməd Vurğun adına sovxozun direktoru vəzifəsinə Sabir Qazıyev və Kalinin adına sovxozun direktoru vəzifəsinə isə Nizaməddin Ağayev təyin edildilər. 60-cı illərin sonu – 70-ci illərin əvvəllərində Zərqava Sovetliyinin ərazisində insanlar yenidən bağ sahələri salmalı oldular.Dəmyə şəraitindəki bağlar nisbətən gec bəhrə verdiklərinə görə yalnız 70-ci illərin sonu – 80-ci illərin əvvəllərində məhsul verməyə başladılar. Bununla yerli əhalinin güzərarında xeyli irəliləyişlər oldu.

1991-ci ildə Yerli icra hakimiyyəti orqanlarındakı struktur dəyişiklikləri ilə əlaqədar Zərqavanın adını daşıyan Sovetlik Quba Rayon İcra Hakimiyyəti Başçısının Zərqava inzibati ərazi vahidi(sonradan isə dairəsi) üzrə nümayəndəliyinə çevrildi. 90-cı illərdə Kalinin adına sovxozun da adı dəyişdirilərək “İstiqlal” sovxozu adlandırıldı. Ölkədə aqrar islahatların aparılması ilə əlaqədar ərazidə fəaliyyət göstərən bu sovxoz ləğv olundu və onun torpaqları,əmlakı yerli əhali arasında bölüşdürüldü. Hazırda kənddə yaşayan insanların çoxu fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur.

Kənddə müasir tipli tam orta məktəb,mədəniyyət evi, kitabxana, poçt, telefon stansiyası,həkim məntəqəsi var. Kənddə əvvəllər mövcud olmuş məscid binası sovet dövründə ilk zamanlar anbar kimi istifadə edildiyindən və sonradan isə istifadəyə yararsız vəziyyətə düşdüyündən dağıldığına görə burada yeni məscid binası tikilmişdir. Kənd sakini Hacı Kamalın təşəbbüsü və təşkilatçılığı ilə Quba RİH Başçısının Zərqava İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin və Zərqava Bələdiyyəsinin fəal dəstəyi sayəsində bu müqəddəs ocaq elə əvvəlki məscidin yerində tikilərək iman sahiblərinin ixtiyarına verilmişdir. Ölkə Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafının Dövlət Proqramı"na uyğun olaraq 2018-ci ildə kəndə asfalt örtüklü avtomobil yolu çəkilmişdir. Həmin ilin 11 oktyabrında Dövlət başçısı cənab İlham Əliyev Bakı-Quba yolu üstündəki İdrisqışlaq kəndindən başlayaraq Zərqava kəndinədək olan məsafə boyunca xeyli sayda yaşayış məntəqəsini birləşdirən bu avtomobil yolunun rəsmi açılışını etmişdir.[2].

  • Zərqova oyk., mür.
  • Ağsu r-nunun Nuran i.ə.v.-də kənd. Yan silsiləsinin ətəyindədir. Yerli məlumata görə, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Quba r-nunun Zərqava kəndindən köçüb gəlmiş ailələr salmışlar;
  • Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Okean səviyyəsindən 670 metr hündürlükdədir. Yerli məlumata görə, oykonim tat dilindəki zər (san) və ov (su) sözlərindən düzəlib, “san su” mənasındadır. Başqa bir ehtimala görə Zərqava adı "Sərnova" (sər sözü tat dilində baş və ya üstü kimi tərcümə edilir, su novunun üstü) və ya "Zirnova" (zir sözü tat dilində alt kimi tərcümə edilir, su novunun altı) sözlərinin təhrif olunmüş forması olduğu ehtimal edilir. Qədim zamanlarda bu ərazilərdə heyvandarlıqla məşğul olunduğu üçün ətraf kəndlərin də məkan olaraq adının formalaşmasında nov sözündən istifadə olunub. Məsələn İsnov (Əsnov olduğu ehtimal edilir Əs(At) və nov sözlərindən əmələ gəldiyi ehtimal edilir) Kələnov ( Kəl(Camışın erkəyi) və nov sozlərindən əmələ gəldiyi ehtimal edilir). Daha başqa bir fikrə görə oykonim tat dilindəki zər (keçmişdə dərviş sufilərin geydiyi göy rəngli paltarm adı idi) və oba komponentlərindən düzəlib, “göy paltarlıların obası” mənasındadır. Quba r-nunda Xanəgah, Xangahyolu və s. adlı kəndlərin olması bu izahın doğruluğunu söyləməyə əsas verir.[3]

Mənzərəli dağ kəndidir[4].

Əhalisi əsasən tatlardan ibarətdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1313 nəfər əhali yaşayır.[5] Əhalinin müəyyən hissəsi ötən əsrin 30-60-cı illərində miqrasiya edib. Çoxlu sayda ailələr Qubanın Paşaoba, Bərqov, Vəlvələ və digər kəndlərinə, həmçinin Xaçmaz, Şabran, Siyəzən rayonlarının yaşayış məntəqələrinə köçmüşlər. Hazırda Qubanın adı çəkilən kəndlərində yaşayanların əksəriyyətini həmin köçüb gələnlər və onların övladları təşkil edir.

Kəndin qəribə adətlərdən biri budur ki, kənddə ümumi qəbiristanlıq yoxdur.Çünki hər nəslin,soyun (familiyanın) öz qəbristanlığı mövcuddur. Burada hər kəs ölüsünü özünün soykökünə, nəslinə mənsub olan qəbristanlıqda basdırır.Bu qəbiristanlıqlar isə lap keçmişdən başlayaraq hər nəsil,soykök tərəfindən yalnız özlərinə məxsus mülk sahələrində,özü də əksər hallarda sahələrin qıraq hissələrində salınmışdır. Hətta həyətyanı sahələrin bir küncündə salınmış qəbristanlıqlara da təsadüf edilir (Nəzərə almaq lazımdır ki, keçmişdə həyətyanı sahələrin ərazisi böyük olduğundan qəbristanlıqlar evlərdən xeyli məsafədə yerləşirdi). O dövrdə mövcud olmuş qaydalara görə heç kim ölüsünü başqa nəslin, tayfanın mülkündə basdıra bilməzdi. Deyilənlərə görə həm halal sayılmırdı, həm də ölünü digər nəsilə aid olan mülkdə basdırmaq üçün həmin mülk sahiblərindən icazə almaq lazım idi. (İcazə verməmək halları isə lap çox olurdu). Ona görə də ölünü mənsub olduğu nəslin, tayfanın öz qəbristanlığında torpağa tapşırıblar. Hətta lap son dövrlərədək müəyyən yerdə yeni qəbristanlıq salmaq istəyənlər oradakı torpaq sahəsinin vaxtilə məxsus olduğu şəxslərin indiki varislərindən icazə istəyərək halallıq alırdılar. Kənddə çoxlu sayda qəbristanlıqların mövcudluğu ilə bağlı bu ənənənin tarixi XIII əsrdən başlayıb. Belə ki, həmin dövrdə bu ərazidə müxtəlif tayfalar məskunlaşmışdır ki, o tayfaların da hər biri öz qəbistanlığını yalnız özünə məxsus mülk sahəsində salıb. Hər tayfa da dünyadan gedən qohumunu öz qəbistanlğında basdırıb. Nəticədə bu ənənə dövrümüzdə də davam etməkdədir. Hazırda kənddə həmin tayfaların varisi olan 20-dən artıq nəsil yaşayır. Hər nəsilin isə öz qəbirstanlığı var[6].

Ceyran Bayramova adına Zərqava kənd tam orta məktəbi 1975-ci ildə inşa olunub. Qəzalı vəziyyətdə olduğuna görə 2018-ci ildə təmir olunub.[7]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]