İbtidai təhsil

İbtidai təhsil — uşaqların ümumi təhsilinin birinci mərhələsidir. İbtidai təhsil alan uşaqlar ətraf mühit haqqında ilkin biliklər əldə edirlər, ünsiyyət və tətbiqi məsələləri həll etmək bacarıqlarına yiyələnirlər. Bu mərhələdə uşağın şəxsiyyəti formalaşmağa və inkişaf etməyə başlayır ki, bu da ibtidai təhsilin cəmiyyət və ölkə üçün əhəmiyyətinə sübutdur.İbtidai təhsilin məqsədi uşaqlarda oxu, yazı və hesablama vədişləri yaratmaq və möhkəmləndirmək, uşaqlara insan, cəmiyyət, təbiət və onlar arasındakı qanunauyğunluqlar haqqında ilkin həyati biliklərin verilməsini təmin etmək, uşaqlarda məntiqi və yaradıcı təfəkkür elementlərini formalaşdırmaq, istedadlı uşaqların erkən yaşdan üzə çıxarılmasını və inkişafını təmin etmək, uşaqlara həssaslıq, estetik və bədii zövq, əxlaqi-mənəvi keyfiyyətlər, fiziki mədəniyyət və özünəxidmət bacarıqları aşılamaqdır.

Azərbaycanda və əksər dünya ölkələrində ibtidai təhsil icbaridir. İbtidai təhsilə başlama yaşı adətən 5 yaşdan aşağı və 7 yaşdan yuxarı deyil. Azərbaycanda ibtidai təhsil 6 yaşdan başlanır. İbtidai təhsil pilləsini uğurla başa vuran şagirdlər ümumi orta təhsil pilləsinə adlayırlar.

Azərbaycanda qəbul edilmiş ümumi təhsil konsepsiyasına görə ibtidai təhsili başa vuran şagird aşağıdakıları bacarmalıdır:

  • zəruri riyazi bilikləri həyatda tətbiq etməyi və sadə alqoritmləri yerinə yetirməyi, kompüter texnikasından istifadə etməyi;
  • müşahidə etdiyi obyekt və hadisələri təsvir etməyi, onları səciyyəvi əlamətlərinə görə fərqləndirməyi;
  • müstəqil və məntiqi düşünməyi, münasibət bildirməyi;
  • ünsiyyət qurmağı, əməkdaşlıq etməyi, fikirlərini aydın ifadə etməyi;
  • mədəni davranış, şəxsi gigiyena və müvafiq təhlükəsizlik qaydalarına əməl etməyi; 
  • tapşırılan işi, habelə yaradıcılıq tələb edən işləri müstəqil yerinə yetirməyi, sadə əmək vərdişlərini tətbiq etməyi;
  • öz vəzifələrini yerinə yetirməyi, özünün və digərlərinin hüquqlarına hörmət etməyi;
  • Azərbaycan xalqının dili, əxlaqi-mənəvi dəyərləri, milli adət-ənənələri, tarixi, mədəniyyəti, incəsənəti haqqında qazandığı ilkin bilikləri sadə formada təqdim etməyi;
  • yaşına uyğun bədii, elmi-kütləvi və məlumat xarakterli mətnləri oxumağı, mətndəki əsas məzmunu ayırmağı və ona öz fikrini bildirməyi, lüğətlərdən, məlumat xarakterli kitablardan istifadə etməyi;
  • insanlara, təbiətə, əməyə, şəxsi və dövlət əmlakına ədalətli, qayğıkeş və tolerant münasibət bəsləməyi, gerçəkliyi estetik qavramağı.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]