İlya Qabay

İlya Qabay
rus. Илья́ Янкеле́вич Габа́й
İlya Yankeleviç Qabay gənclik illərində.
İlya Yankeleviç Qabay gənclik illərində.
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR
Vəfat tarixi (38 yaşında)
Vəfat yeri Moskva, Rusiya SFSR
Vəfat səbəbi intihar
Dəfn yeri Bakı rus məzarlığı
Vətəndaşlığı SSRİ SSRİ
Həyat yoldaşı Qalina Qabay
Milliyyəti yəhudi
Dini Ateizm
Təhsili Moskva Dövlət Pedaqoji Universiteti
Fəaliyyəti Şair, insan hüquqları fəalı

İlya Yankeleviç Qabay (rus. Илья́ Янкеле́вич Габа́й; azərb. İlya Yankeleviç Qabay‎) - Sovet Sosialist Respublikaları İttifaqıda insan hüquqları fəalı kimi fəaliyyət göstərmiş məşhur dissident. Eyni zamanda yazıçı, şair və ədəbiyyat müəllimi kimi müxtəlif fəaliyyətləri də mövcuddur. 1935-cü ildə Azərbaycan SSR-nin paytaxtı Bakı şəhərində, yəhudi ailəsində anadan olmuşdur. Yazıçı kimi bütün əsərləri Samizdat nəşrlərində çıxmışdır. Samizdat əsərləri 60-70-ci illərdən etibarən SSRİ-də kütləvi və gizli formada yayılmağa başlamış və əsasən dissident yazıçılar tərəfindən yazılan bədii və fəlsəfi əsərlərə deyilirdi.

Qabay göstərmiş olduğu fəaliyyələt səbəbindən hər zaman üzərində təziq hiss etmiş və bir necə dəfə həbs olunmuşdur. 1973-cü ilin 20 oktyabr tarixində SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən göstərilən təziqlərdən sonra özünü Moskva şəhərində yerləşən evinin eyvanından ataraq intihar etmişdir. Vəsiyyətinə uyğun olaraq cənazəsi Bakı şəhərində yerləşən və Bakı rus məzarlığı kimi tanınan ərazidə dəfn edilmişdir.[1]

Qabay eyni zamanda Mustafa Əbdülcəmil Qırımoğlu ilə birlikdə Krım tatarlarının pozulmuş hüquqlarının bərpası üçün mübarizə aparmışdır. 1944-cü ildə baş vermiş Krım tatarlarının deportasiyası hadisəsinə görə SSRİ rəhbərliyi günahlandıran dissident baş vermiş hadisələrin daha obyektiv formada araşdırılmasını tələb etmişdir.

İlya Yankeleviç Qabay 1935-ci ilin 9 oktyabr tarixində Azərbaycan SSR-nin paytaxtı Bakı şəhərində, yəhudi ailəsində anadan olmuşdur. Müəllim olan valideynlərini erkən yaşda itirmiş Qabay qohumları tərəfindən böyüdülmüşdür. Qısa bir müddət uşaq evində də qaldığı məlumdur. Gənclik illərində SSRİ ordusunda icbari xidmət keçmiş, hərbi xidmətdən qayıtdıqdan sonra isə Moskva Dövlət Pedaqoji İnstitutuna daxil olmuşdur.

Təhsilini bitirdikdən sonra Moskva ətrafındakı qəsəbələrin birində rus diliədəbiyyatı müəllimi kimi dərs deməyə başlamışdır. Mosvkada yaşadığı dövrdə gələcəyin bir sıra gənc dissidentləri ilə tanış olmuşdur. Onların arasında ən çox dostluq etdiyi isə fizik Valeri Nikolski idi.

Məhz Nikolski İlya Qabayı gizli dərnəyə cəlb etmişdi. İlya və dostları ilk dəfə 1965-ci ilin 5 dekabrında özlərindən söz etdirdilər. Aleksandr Yesenin-Volpin, Valeri Nikolski və rəssam Yuri Titovun təşkilatçılığı ilə Moskvanın mərkəzində Puşkin meydanında SSRİ-də ilk siyasi etiraz aksiyası keçirildi. 200-dək insan Sovet Konstitusiyasına hörmət edin şüarıyla bir saat Puşkin meydanında qərar tuta bildilər. KQB mitinqi dağıda bildi. 20 nəfərədək şəxs həbs edildi. Həbs edilənlərin arasında Qabayda vardı. KQB tərəfindən aparılan profilaktik söhbətdən sonra saxlanılanlar azad edilmişdir.

Dissident kimi fəaliyyətə başlaması

[redaktə | mənbəni redaktə et]
İlya Qabay və həyat yoldaşı Qalina Qabay.

21 yanvar 1967-ci ildə dissidentlərin Moskvanın mərkəzi meydanında növbəti mitinqi baş tutmuşdur. Mitinqçilər Yuri Qalanskov, Vera Laşkova, Aleksey Dobrovolski və Pyotr Radziyevskinin azad edilməsini tələb edirdilər. Aksiya yarım saat çəkmiş və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən dağıdılmışdır. Həmin ilin 26 yanvar tarixində oxşar mitinqin yenidən keçirilməsinə hazırlaşan zaman İlya Qabay həbs olunmuş və Lefertovo həbsxanasına göndərilmişdir. O, ictimai asayişi pozmaqda ittiham edilirdi. Qabay 5 ay Lefertovo həbsxanasında qalır. 26 may tarixində isə isə həbsdən azad olundu.

Həbsxanadan çıxdıqdan sonra dissident öz fəaliyyətinə qaldığı yerdən davam etmişdir. 1968-ci ilin yanvarında Yuli KimPytor Yakirlə birgə Sovet elm, mədəniyyət və incəsənət xadimlərinə müraciət adlı manifest yazdı. Müraciətdə SSRİ-də siyasi təqiblərə son qoyulması barədə ciddi ittihamlar və çağırışlar vardı. SSRİ Dövlət Təhlükəsizlik Komitəsi bundan sonra Qabayı izləməyə başlayır. Onun telefonu dinlənilir. Qabay KQB-dəki dostları vasitəsi ilə bundan xəbər tutsa da, amma antisovet fəaliyyətindən dönmür.

Krım tatar hərəkatının lideri Mustafa Əbdülcəmil Qırımoğlu, onun yaxın ətrafında olan Zemfira Asanova, Rolan Kadıyevlə tanış olur. Krım tatarlarının pozulmuş hüquqları ilə bağlı müxtəlif sənəd və bəyanatların hazırlanmasında iştirak edir. 1944-cü ildə baş vermiş Krım tatarlarının deportasiyası hadisəsinə görə SSRİ rəhbərliyi günahlandıran dissident öz yazılarında və çıxışlarında baş vermiş hadisələrin daha obyektiv formada araşdırılmasını tələb edirdi.

1969-cu il 2 aprel tarixində SSRİ Dövlət Təhlükəsizlik Komitəsi onun mənzilində axtarış aparır və külli miqdarda antisovet ədəbiyyat müsadirə edilir. 13 gün sonra yazıçının dosyesi Yuri Andropov tərəfindən Leonid Brejnevə təqdim edilir. Yuri Andropov SSRİ rəhbəri qarşısında Qabay və yaxın dostu Marçenkonun sovet vətəndaşlığından məhrum edilməsi barədə vəsatətlə çıxış edir. Leonid Brejnev edilmiş təklifə isti yanaşmır və iki gün sonra sənədlər arxivə göndərilir və vəsatət rədd edilir.

1969-cu ilin 19 may tarixində İlya Qabay evinin qarşısında həbs olunur. Ona ailəsinə məlumat verməyə belə qoymurlar. Aeroporta gətirib birbaşa Daşkəndə, xüsusi izolyatora göndərirlər. Məlum olur ki, Mustafa Əbdülcəmil Qırımoğlu və digər dissidentlər də artıq bura gətirilib. Onlar Sovet dövlət və ictimai quruluşuna böhtan atmaq maddəsi ilə ittiham olunurlar.

Məhkəmə zamanı son sözlə çıxış edən İlya Qabay demişdir;

" Mən günahsızam. Günahsızlığım və apardığım mübarizənin həqiqiliyinə inamım sizdən haqqımda yüngül cəza verilməsi barədə xahiş etməyimi istisna edir. Mən sonda ədalətin qələbə çalacağına inanıram. Gec, ya tez zaman sizin çıxardığınız qərarın ədalətsiz olacağını sübut edəcək. "

Dissident yazıçı 3 il müddətinə azadlıqdan məhrum edilir. Cəzasını Kemerovo vilayətində yerləşən həbsxanada çəkmişdir. Həbsxanada olduğu müddətdə Seçilmiş məkan adlı poema yazır və əsərin məşhurluğu qısa zamanda bütün ölkə ərazisinə yayılır. İnsanlar poemanı əlyazma şəklində köçürüb bütün SSRİ-ə yayırdılar. 1972-ci ilin 16 mart tarixində yazıçı Kemerovo vilayətindən Moskvaya etap edilmişdir.

Moskvada saxlanıldığı zaman tamam başqa bir antisovet manifesti olan Ötən günlərin xronikasına görə dindirilmişdir. Həbsdən çıxdıqdan sonra belə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən izlənmişdir. Antisovet dərnək və klunlarının əsas ilhamvericisi olması səbəbindən və imperiya daxilində kifayət qədər tanındığına görə SSRİ xeyrinə bəyanətlər verməsi təklif olunmuş, ancaq dissident bundan imtina etmişdir. Bir neçə dəqiqəlik televiziyada çıxış etməsi müqabilində özünə və ailəsinə rahat həyatın vəd edilməsinə baxmayaraq bundan imtina etmişdir.

İlya Qabay 1973-cü ilin 20 oktyabr tarixində Moskva şəhərində yaşadığı binanın 11-ci mərtəbəsində yerləşən mənzilinin balkonundan özünü aşağı ataraq intihar etmişdir. İntihar etdiyi gün SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Moskvada yerləşən idarəsinə ifadə vermək üçün getməli idi[2]. Ölümünün əsas səbəbi kimi SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən təhdid edilməsi və dissident olduğu üçün ailəsini dolandırda bilməməsi göstərilmişdir. Qabayın cənazəsi doğuldu Bakı şəhərinə gətirilmiş və vəsiyyətinə uyğun olaraq Bakı rus məzarlığında dəfn olunmuşdur.[3]

İlya Qabayın oğlu və qızı 1974-cü ildə Amerika Birləşmiş Ştatlarına mühacirət etmişdir.

  • Gabai, Ilya. Posokh: Stikhi i poemy [The walking staff: Poems and verses] (Rusca). Moskva: Izd-vo "Prometeĭ" MGPI im V.I. Lenina. 1990. ISBN 978-5-7042-0261-5.
  • Gabai, Ilya; Edelman, G. S. "Vybrannye mesta": stichi, proza, publicistika, pisʹma. Istorija inakomyslija (Rusca). Moskva: Vestʹ-VIMO. 1994. ISBN 978-5-88633-006-9.
  • Gabay, Ilya; Gabaĭ-Fiken, G. "…Gorstka knig da druzhestva…" (Rusca). Boston, MA: M-Graphics Publishing. 2011. ISBN 978-1-934881-44-6.
  • Gabay, Ilya. Pis'ma iz zaklyucheniya (1970–1972) [Letters from prison (1970–1972)] (Rusca). Moscow: Novoe literaturnoe obozrenie. 2015. ISBN 978-5-4448-0417-9.
  1. De Baets, Antoon. Censorship of historical thought: A world guide, 1945–2000. Greenwood. 2001. səh. 503. ISBN 0313311935.
  2. "Президиуму консультативного совещания коммунистических партий в Будапеште". 2009-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-30.
  3. К деятелям науки, культуры, искусства // Процесс четырёх: Сборник документов о суде над А. Гинзбургом, Ю. Галансковым, А. Добровольским, В. Лашковой Arxivləşdirilib 2011-12-30 at the Wayback Machine / Сост. П. М. Литвинов. — Франкфурт-на-Майне: "Посев", 1968. — С. 282—288 (совместно с Ю. Кимом и П. Якиром)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]