Malik bin Ənəs | |
---|---|
ərəb. مالك بن أنس | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Mədinə |
Vəfat tarixi | |
Vəfat yeri | Mədinə |
Dəfn yeri | |
Fəaliyyəti | mühəddis, fəqih, üləma |
![]() |
Əbu Abdillah Malik ibn Ənəs ibn Malik ibn Əbi Amir əl-Əsbahi əl-Yəməni və ya Malik ibn Ənəs (ərəbcə: مالك بن أنس)(712, Mədinə - 795, Mədinə) — Maliki məzhəbinin qurucusu, böyük müctəhid və mühəddis.
Prof. Əbu Zəhranın araşdırmalarına görə Malik ibn Ənəs hicri 93-cü ildə (miladi 712) və ya 90–98-ci illər arasında (miladi 709–717)[1] Mədinədə Yəmən qəbiləsinə mənsub ərəb əsilli bir ailədə doğulmuşdu. Ona "Mədinə imamı" da deyirdilər. Atası Yəmənli Zu Əsbah qəbiləsinə mənsub Ənəs ibn Malik ibn Əbi Əmir əl-Əsbahdır. Anası isə Yəmənin ərəb qəbilələrindən əl-Əzdi qəbiləsinə mənsub olub, adı Aliyə binti Şureyk əl-Əzdiyyədir.
İmam Malikin babası Malik Yəmən valisi tərəfindən zülmə məruz qaldığına görə Mədinəyə köç edərək burada Qureyş qəbiləsinə mənsub Bəni Teym ibn Murra qəbiləsi ilə qohum olmuşdu. Malik nəslinə mənsub olanların bir çoxu Mədinəyə köçdükdən sonra əsasən elm, hədis, səhabələrin xəbər və fətvalarını araşdırmaqla məşğul olurdu. İmam Malikin babası böyük tabeinlərdən idi. İmam Malikin əmisi isə hədis elmiylə məşğul olmuşdu. İmam Malik xəlifə əl-Mehdi və oğlu Harun ər-Rəşid ilə tez-tez görüşmüşdür. İmam Malikin Həcc ibadəti xaric Mədinədən çıxmadığı rəvayət olunmuşdur.
İmam Malik Hicri 179-cu ildə Rəbiüləvvəl ayının 14-ü (miladi 7 iyun 795-ci il) təqribən 85 yaşında vəfat edir. Cənazə namazını Mədinə valisi Abdullah ibn Zeynəb qıldırmışdır.
Z. Bünyadovun əsərində Əl-İsfahanidən sitat gətirərək bildirir ki, İmam Malik əvvəl müğənni olmaq istəmiş və ancaq anasının nəsihətinə görə bundan vaz keçib, özünü tamamilə fiqhə həsr etmişdir. Bir başqa rəvayətə görə isə Malikin elmə marağı olmayıb göyərçin saxlamaqla vaxt keçirdiyi deyilir. Bu rəvayətdə atasını verdiyi sualı qardaşı Nadrın cavablandırması və atasını ona: "səni göyərçinlər avara etdi" - deyə irad bildirməsi, Malikin elmə yönəlməyinə səbəb olmuşdur. Malikin ilk elm aldığı müəllimi Əbdürrəhman ibn Hörmüz əl-Arəci olmuşdur. Əbdürrəhman ibn Hörmüz əl-Arəcidən hədis dərsləri alan Malik bu minvalda Quranı da əzbərləmişdir.[2]
İmam Malikin "Rəbiət ər-Rey" ləqəbi ilə məşhur olan Rabiə ibn Fərruxdən fiqh elmini, Nafi ibn Nueymdən isə qiraət elmini öyrəndiyi bilinməkdədir. Rəbiət ər-Reydən sonra ən çox bağlandığı və ən çox faydalandığı müəllimi İbn Şihab əz-Zöhridir. O, həmçinin Mədinənin məşhur fəqihləridən dərs almışdı. Malikin hədis aldığı müəllimlərinin 300-ünüb tabeindən, 600-ünün isə təbəi-tabeindən olmaqla 900 civarında müəllimdən dərs aldığı deyilir.[2]
762-ci ildə, ikinci Abbasi xəlifəsi Əbu Cəfər əl-Mənsurun (754–775) dövründə Əlioğullarından xilafət iddiasında olan Məhəmməd ibn Abdullah üsyan qaldırır. Mədinə sakinləri əsasən ona beyət etdirlər. Lakin üsyan uğursuzluqla nəticələnir. Tərəddüd keçirən mədinəlilər Əbu Cəfər əl-Mənsurə beyət etməli olurlar. İmam Malik isə Əbu Cəfər əl-Mənsurə edilən beyətin zorla etdirildiyi və halal olmayacağını bildirir. 764-cü ildə üsyan yatırıldıqdan sonra Əbu Cəfər əl-Mənsur Mədinə valisi olan əmisi Cəfər ibn Süleymana xəbər göndərərək İmam Malikə işgəncə etdirir. Rəvayətlərə görə işğəncə zamanı İmamın bir çiyni (bəzi rəvayətlərdə də onurğa sütunun əzildiyi bildirilir) yerindən çıxmışdı.
İmam Malikin əsas əsəri "Kitab əl-Muvatta"dır ("basdırılıb düzəldilmiş"), Zeyd ibn Əlinin "Kitab əl-məcmu"su istisna edilirsə, bu günə qədər gəlib çatmış ən qədim müsəlman fiqh kitabıdır. Digər əsərləri isə "Təfsir", "Risalə fil-qədər vər-rədd əlal-Qədəriyyə", "Kitab ən-Nüfum" və "Kitab əs-Sir"dir.
İmam Malikdən dərs alan tələbələrin sayı minlərlə olsa da, onlardan yalnız bir neçəsi onun nəzəriyyə və məzhəbinin yayılmasına liderlik ediblər. Tələbələrindən Abdullah ibn Vəhb uzun müddət Maliklə qalmış və onun fikirlərini Misirdə yaymışdır. Əbdürrəhman ibn Qasim, İbn Vəhbdən sonra Malikin tələbəsi olub və onun əsas tələbəsi sayılır. Məzhəbin bir yerə toplanmasına böyük töhfələr verən İbn əl-Qasimdən sonra Misirdə böyük nüfuz sahibi olan bir digər tələbəsi də Əşhəb əl-Qeysidir. Malikin Əbu Məhəmməd ibn Əbdülhakim adlı tələbəsi də misirlidir. İmam Malikin məzhəbinin Şimali Afrikada yayılmasına xidmət etmiş tələbələri bunlardır:
İmam Malikin digər coğrafiyalardakı tələbələri bunlardır:
Darəqutni isə Malikdən hədis rəvayət etmiş şəxslər haqqında yazdığı əsərində bu şəxslərin sayının 1000 olduğunu qeyd etmişdir.[3]