İmocen Hip | |
---|---|
ing. Imogen Heap | |
Ümumi məlumatlar | |
Doğum adı | Imogen Jennifer Jane Heap |
Ləqəbi | Immi |
Doğum tarixi | 9 dekabr 1977[1][2] (46 yaş) |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni-mahnı yazarı, müğənni, musiqi prodüseri, music artist[d], musiqiçi, səsyazma sənətçisi[d], kinorejissor |
Fəaliyyət illəri | 1997-ci ildən |
Janrlar | indi-rok, elektronika, alternativ rok, trip hop[d], sinti-pop, ambient, drim-pop[d] |
Musiqi alətləri | piano, violonçel, klarnet, gitara, baraban, klavitara[d], orqan[d] |
Albom şirkətləri | Almo Sounds[d] |
Təhsili |
|
imogenheap.com | |
Vikianbarda əlaqəli mediafayllar |
İmocen Cennifer Ceyn Hip (ing. Imogen Jennifer Jane Heap; 9 dekabr 1977[1][2]) — Britaniyalı musiqiçi, müğənni, mahnı-yazarı, musiqi prodüseri. O, iki "Qremmi", bir "Ayvor Novello" və bir "Dram Desk" mükafatı laureatıdır.
İmocen kiçik yaşlarında klassik musiqi üzrə təhsil alıb, fortepiano, violonçel və klarnetdə ifa etmə bacarığına yiyələnib. Mahnı yazmağa olan sevgisini hələ 13 yaşında kəşf edib. İnternat məktəbində olduğu dönəmlərdə təkbaşına musiqi prodüserliyi sənətini öyrənib. Karyerasına uğurlu yol “BRIT School”da təhsil alarkən açılıb. Onun istedadı menecer Mickey Modern tərəfindən kəşf edilib. İmocen 18 yaşında “Almo Sounds” ilə müqavilə bağlayıb. Eksperimental pop qrupu “Acacia”nın üzvü kimi musiqi dünyasına ilk addımlarını atıb. 1998-ci ildə özünün alternativ rok janrında olan “I Megaphone” adlı debüt albomunu işıq üzünə çıxarır. İmocen 2002-ci ilin əvvəllərində musiqi karyerasında yeni bir fəsil açır. İngiltərəli prodüser ortağı Guy Sigsworth ilə birlikdə elektronik musiqi dueti “Frou Frou”nu formalaşdırır. Onlar həmin il yeganə albomları olan “Details”i təqdim edirlər.
İmocen Hip sayca ikinci olan “Speak for Yourself” adlanan studiya albomunu 2005-ci ildə, öz yaradıcısı olduğu Megaphonic Records vasitəsi ilə dinləyicilərinə bəxş edir. Albom inkaredilməz cazibəsi ilə tez bir zamanda həm ABŞ-də, həm də Kanadada qızıl sertifikat alaraq parıldayır. Albomdan üç hit sinql meydana çıxır: “Headlock”, “Goodnight and Go” və “Hide and Seek”. İkinci sinql Böyük Britaniyada “UK Singles Chart” cədvəlində ən yüksək mövqeyi tutur. Qızıl sertifikata layiq görülən üçüncü sinql ABŞ-də Fox telekanalının efirində yayımlanan “The O.C.” serialında səsləndirilib və populyarlıq qazanıb. İmocen 2009-cu ildə “Ellipse” adlanan üçüncü albomunu musiqisevərlərə hədiyyə edir. Albom layiqli tərif və tanınma ilə Billboard 200 cərgəsinin ilk beşliyində öz yerini tutur. İmocen 2014-cü ildə dördüncü albomu olan “Sparks”ı buraxır. 2017-ci ildə ortağı Sigsworth ilə yenidən bir araya gəlir, “Frou Frou” dueti fəaliyyət göstərməyə davam edir.
İmocen Hip əlləri hərəkət etdirərək musiqi yaratmağa imkan verən “Mi.Mu Gloves” adlı musiqi əlcəkləri markasını və blokçeyn texnologiyasına əsaslanan “Mycelia” adlı musiqi paylaşma proqramını yaradıb. İmocen həm də West End və Brodvey teatrlarında nümayiş olunan “Harri Potter və Lənətlənmiş Uşaq” tamaşası üçün musiqi bəstələyib. İmocen Hip 2019-cu ilin iyul ayında Berkli Musiqi Kollecinin fəxri doktoru adına layiq görülüb.
İmocen Cennifer Ceyn Hip[3] 1977-ci il dekabrın 9-da Böyük London qraflığının Haverinq borosunda anadan olub.[4][5][6] Anası onun bəstəkar İmocen Holstun yolunu gedərək violonçel ifaçısı olacağına ümid edərək ona bu adı verib.[7] O, kiçik yaşlarından musiqi ilə məşğul olmağa başlayıb. Ailənin ortancıl övladı kimi o, fərqlənmək və bir az diqqət üzərinə çəkmək istəyirdi.[8] İmocen piano çalmağın onun üçün səs-küy salmaq və diqqəti özünə cəlb etmək üçün bir yol olduğunu görmüşdü.[9] O, fortepianoda klassik musiqi ifa edirmiş kimi davranırdı, baxmayaraq ki, o, əslində bu tip musiqiləri ifa etməyi sevmirdi. İmocen valideynlərini inandırmağı bacarmışdı, o, Bax və Bethoven kimi bəstəkarların musiqisini çalmağa məşq edirmiş kimi davranırdı. İmocen uşaq olanda ilk mahnılarını yazmağa başlamışdı. O, əvvəlcə pianoda çaldıqlarını kaset lentinə yazır, ardınca səs yazısının üzərinə oxuyur və bunu da yenidən lentə alırdı.[10]