İnnab | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Cins: İnnab |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
İnnab (lat. Ziziphus jujuba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinə aid bitki cinsi.
İnnab Azərbaycanın subtropik rayonlarında – Samur-Dəvəçi ovalığında, Abşeronda, Kür-Araz çayları ətrafındakı rayonlarda qədimdən becərilir. Hazırda innabın Abşeronda "Azərbaycan", "Abşeron", "Şirvan" və "Tacikistan" sortları vardır. Bundan başqa Respublikamızın bir neçə rayonlarında innaba həyətyanı sahələrdə tək-tək olsa da rast gəlinir.
İnnab çox faydalı, uzun ömürlü və bəhrəli bitkidir. Onun gövdəsinin aşağıya doğru meyil etmiş budaqları üzərində sıx sürətdə yerləşmiş yarpaqları vardır ki, bu yarpaqlar ağaca xüsusi gözəllik verir. İnnabın yaşıltəhər sarı rəngli gözəl çiçəkləri də vardır. Bunlar ulduzvarı şəkildə yerləşmişdir. İnnabın nəzəri cəlb edən sarı-qırmızı rəngli, şirin dadlı, xoş ətirli meyvələri olur. Meyvələrinin çox mühüm müalicəvi əhəmiyyəti vardır. İnnab iyun ayının əvvəlində çiçək açır, meyvələri oktyabırda yetişir.
İnnabda aşağıda qeyd olunan bir sıra müalicəvi əhəmiyyətli maddələr vardır: karotin, C vitamini (400 mq %), şəkər (60 %-ə qədər), üzvi turşular (1,6 %) və pektin maddələri və s. Bundan başqa meyvələrdə yod birləşmələri də müəyyən edilmişdir. Buna görə də meyvələrini təbabətdə uremiya və ur xəstəliklərinin müalicəsi üçün işlədirlər. İnnabın yarpaqları da faydalıdır. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, yarpaqlarında 1,7 keyidici (anesteziedici) maddələr vardır. Ona görə də yarpaqlarını qurudub çay kimi dəmləyərək ağciyər xəstəliyinə tutulanlara sakitləşdirici və iltihabı aradan qaldırıcı dərman kimi işlədirlər. Köklərindən spirtli cövhər (ekstrakt) şəklində fiziki və zehni yorğunluqlarda, eləcə də ağır xəstəlik keçirən zəifləmiş adamlara qüvvətverici kimi istifadə edilir.
İnnab çox faydalı bitkidir, onun respublikamızda geniş miqyasda becərilməsi zəruridir.
Xalq təbabətində innab mürəbbəsi quru öskürəyə qarşı sinəyumşaldıcı vasitə kimi işlədilir. Qurudulmuş innabın yarpaqlarından çay dəmlənib, sidik kisəsinin iltihabında sidikqovucu dərman kimi qəbul edilir. İnnabın meyvələri qan təzyiqini aşağı salmaq üçün istifadə edilir.
Onu nəzərə almaq lazımdır ki, innab gec və çətin həzm olunur. Roma həkimi Qalen (130–200 illər) onun haqqında belə yazır: "Mən innabda sağlamlığı qorumaq və ya xəstəliyin qabığını almaq gücünün heç izini də görmədim, lakin onun pis həzm olunması və insana az qida verməsi haqqında məlumatım vardır".
Əslində, innabın bir sıra xeyirli cəhətləri də vardır. Qalendən fərqli olaraq Məhəmməd Mömin (? – 1697) innabın mahiyyətini daha obyektiv qiymətləndirirdi: "Innab meyvəsi boğaz və ağ ciyərə xeyirlidir, qanı təmizləyir və onun əmələ gəlməsinə səbəb olur. Sidikqovucu vasitə alaraq böyrəklərə xeyirlidir. Bu qida böyrək xəstəliklərində xeyirlidir. Ancaq innab tez həzm olunmur. Əgər o çox yeyilsə köp verər. Yaxşı həzm olunması üçün, onu yeməkdən əvvəl gülabda islatmaq lazımdır. Mütəmadi olaraq həddindən çox yeyilərsə, bu zaman kişilərdə cinsi qabiliyyəti zəiflədər. Əgər innabı iskəncəbində (sirkə ilə balın qaynanmış qarışığı) və ya kasnı cövhərində qaynadılıb içsələr, o, ödü qovur və qan təzyiqini aşağı salır.
Elmi təbabətin gətirdiyi dəlillərə əsasən, innabın şirin, yeməli meyvəsinin tərkibində 30%-ə yaxın şəkərlər, orqanik turşular, aşılayıcı maddələr, çoxlu C vitamini (400–800 mq %), karotin (A provitamini), rutin, kumarin törəmələri və sair maddələr vardır. Müasir tədqiqatlar müəyyən ediblər ki, innab yarpaqları mikrobları öldürür. Meyvənin isti həlimini öskürək zamanı içirlər. O həmçinin yüksək qan təzyiqində məsləhət görülür. Innabın içində olan lifli maddələr zəhərləri, tullantıları, artıq xolesterini və ağır metalları orqanizmdən çıxarır. Hal-hazırda innab meyvəsi böyrək və sidik kisəsi iltihabı xəstəliklərində sidikqovucu vasitə kimi də istifadə edilir. O, ödün ifrazı və çıxması prosesinə də təsir edir. Innabı qara ciyər, hipertoniya (qan təzyiqini aşağı salan və sidikqovucu vasitə kimi), nəfəs orqanları (qeyd olunur ki, onlar, bronxit, traxeit və boğaz xəstəliklərində boğazı və sinəni yumşaldır) xəstəliklərində pəhrizə daxil edirlər. Innabın yarpaq və qabığının həlimini ağ ciyər xəstəliklərinə qarşı içirlər, dəri xəstəliklərində isə bədənin üzərinə qoyurlar.