Ürək | |
---|---|
| |
| |
Latınca | cor |
Yunanca | Kardia |
Qrey | subyekt 135 526 |
Sistem | Ürək-damar |
Arteriya | Aorta, Tac arteriyalar: lat. arteria coronaria dextra et sinistra |
Vena | Yuxarı boş vena, Aşağı boş vena, Ağciyər venaları, lat. vv. azygos, hemiazygos, pericardiacophrenicae et thyreoideae inferiores |
Sinir | Azan sinir və lat. nn. cardiaci cervicales superior, medius et inferior, nn. cardiaci thoracici |
MeSH | Heart |
Dorlands/Elsevier | Heart |
Vikianbarda əlaqəli mediafayllar |
Ürək (lat. cor; yun. καρδία – kardia) — döş qəfəsinin orta döş xəttindən solda yerləşir. Təxminən aid olduğu insanın yumruğu böyüklüyündə əzələvi üzv. Ürəkətrafı ciblərlə – ürək kisəsilə əhatə olunmuşdur. Ürək kisəsinin daxilində bir neçə millilitr həcmində qan plazması xassəli maye vardır ki, bu da ürək işlərkən onun ətraf toxumalarla sürtünməsinin qarşısını alır. Ürək qanın damarlarda cərəyanını təmin edir. Onun işi əsasən mexaniki hadisə olub, sorma və itələmə hərəkətlərindən ibarətdir. Qan dövranı sistemində hərəkətverici qüvvə olan ürək daim arteriyalara qan vurmaq funksiyası daşıyır. Ürəyin forması yaş, cins, bədən quruluşu, sağlamlıq və patologiya kimi amillərdən asılıdır.
Ölçüləri, həcmi və kütləsi | |
Uzunluğu | 12-14,5 sm[1] |
Eni | 9-10,5 sm[1] |
Ən böyük dairəsi | 28-30 sm[1] |
Həcmi | 250-260 sm³[1] |
Kütləsi | 300q (kişi)[1] 250-270q (qadın)[1] |
Sistolik həcm | 70 sm³ |
ÜDH (sakit vəziyyətdə) | 4,9 Lit. |
İşi | |
Sol mədəcik | 0,8J. (hər vurğuda) |
Sağ mədəcik | 0,16J. (hər vurğuda) |
Gün ərzində | 100.000J. |
İnsan ürəyi yastılaşmış konusabənzər əzələvi bir üzv olub, döş qəfəsində, ağciyərlərin arasında asimmetrik bir vəziyyətdə yerləşmişdir. Bunun iki ucu, iki səthi və iki kənarı vardır; enli ucu – əsası – (lat. basis cordis) yuxarı, sağ və dala; sivri ucu – zirvəsi – (lat. apex cordis) aşağı, sola və qabağa baxır; beləliklə ürəyin boylama oxu çəp istiqamətdə, yuxarıdan aşağı sağdan-sola və arxadan önə doğru gedir. Ön döş-qabırğa səthi – (lat. facies sternocostalis) çıxıqdır və döş sümüyü ilə III–VI qabırğa qığırdağına soykənmişdir. Aşağı diaftaqma səthi – (lat. facies diaphragmatica) əksinə olaraq yastılaşmışdır və diafraqmanın vətər mərkəzinə söykənmişdir. Bunların üzərində mədəciklərarası şırım – (lat. sulcus interventricularis anterior et posterior (sulcus longitundinalis anterior et posterior-BNA) vardır. Şırımların aşağı ucları ürək zirvəsinin sağ tərəfində bir-birilə birləşərək bir oyma' – (lat. incisura apicis cordis) əmələ gətirirlər. Ön mədəciklər arası şırımda ürəyin sol tac arteriyası və dal şırımda sağ tac arteriyası yerləşir. Bunlardan başqa ürəyin xarici səthinin yuxarı hissəsində köndələn istiqamətdə gedən tac şırım – (lat. sulcuc coronarius) vardır. Ürək xaricdən ön və dal mədəcikarası və köndələn şırımlar vasitəsilə dörd hissəyə (kameraya) bölünür: yuxarı hissələrinə sağ və sol qulaqcıq – (lat. atrium dextrum et sinistrum) və aşağı hissələrinə sağ və sol mədəcik – (lat. ventriculus dextrum et sinistrum) deyilir.
Sağ qulaqcıq – (lat. Atrium dextrum) ürək əsasının qabaq və sağ tərəfini işğal[2] etmişdir və özü də kub şəklindədir. Bunun yuxarı divarına yuxarı boş venanın dəliyi (ağzı) – (lat. ostium venae cavae superioris) və arxa divarını aşağı boş venanın dəliyi (ağzı) – (lat. ostium venae cavae inferioris) açılır. Bunların arasında arxa divar üzərində xüsusi bir qabarcıq – (lat. tuberculum intervenosum (Loweri – BNA)) vardır. Bu qabarcıq embrional dövrdə yuxarı boş venadan gələn qanın axınını sağ mədəciyə doğru yönəldir və müəyyən dərəcədə Yuxarı və aşağı boş venalardan gələn qan axınlarının bir-birinə toqquşmasına mane olur. Sağ qulaqcığın ön hissəsi çıxıntı şəklində olur və sağ seyvanı – (lat. auricula dextra) təşkil edir. Bu, üçbucaq şəklində olub sağ tərəfdən orta əsasını əhatə edir və ağ ciyər kötüyünün sağ tərəfinə keçir; daxili səthində daraqlı əzələlər – (lat. mm. pectinati) vardır. Bunlar yuxarıda çəp istiqamətdə durmuş hüdudi daraq – (lat. crista terminalis) üzərində tam olurlar. Hüdudi daraq sağ qulaqcığın xarici səthində olan hüdudi şırıma – (lat. sulcus terminalis) uyğundur.
Sağ mədəcik – (lat. Ventriculus dexter) üçbucaqlı piramidaya bənzəyir; bunun əsəsı sağ qulaqcığa və zirvəsi aşağı doğru baxır. Sağ mədəcikdən ağciyər kötüyü başlandığı üçün iki hissəyə bölünür; dal hissəsi tam mənada mədəcik boşluğunu təşkil edərək sağ qulaqcıq ilə rabitədə olur; qabaq hissəsi isə konusa ya qıfa bənzədiyi üçün (lat. conus arteriosus s. infundibulum) adlanır. Bunlar bir-birindən əzələvi bir daraq – (lat. crista supraventricularis) vasitəsilə ayrılmışdır. Quruluş cəhətcə konusun fərqi bundadır ki, burada ətli atmalar yoxdur, divar hamardır. Sağ mədəcik divarlarınada bir çox ətli atmalar – (lat. trabeculae carneae) və üç ədəd məməyəbənzər əzələ – (lat. mm. papillares anterior, posterior et septalis) vardır. Məməyəbənzər əzələlərdən biri ön və yan tərəfdə, digəri arxa və yan tərəfdə və üçüncüsü içəri tərəfdə (mədəciklər arası arakəsmədə) yerləşmişdir; bunlardan başqa bəzən bir neçə əlavə məməyəbənzər əzələlər də təsadüf olunur.
Sağ qulaqcıq-mədəcik dəliyi sağ qulaqcıq-mədəcik qapağı ya üçtaylı qapaq (trikuspidal qapaq) – (lat. valva atrioventricularis dextra s. tricuspidalis) ilə örtülmüşdür. Bunu təşkil edən tayların biri öndə – (lat. cuspis anterior), digəri dal tərəfdə – (lat. cuspis posterior) və üçüncü içəri tərəfdə – (lat. cuspis septalis (cuspis medialis – BNA)) olur. Bunların şəkli üşbucağa bənzəyir: əsasları qulaqcıq-mədəcik dəliyini əhatə edən lifli halqaya – (lat. anulus fibrosus) və kənarları ilə zirvələri vətər telləri – (lat. chordae tendineae) vasitəsilə mədəcik divarına və ya məməyəbənzər əzələlərə bağlanmışdır.
Lifli halqa – (lat. anulus fibrosus) lifli birləşdirici toxumadan təşkil olaraq qulaqcıq-mədəcik dəstəsi – (lat. fasciculus atrioventricularis) keçən yerdən başqa tamamilə qulaqcıqların əzələ qişasını mədəciklərin əzələ qişasından ayırır. Lifli halqanın yan ucları bir qədər qalınlaşaraq üçbucaq şəklini alırlar və (lat. trigona fibroza) adlanırlar.
Ağciyər kötüyünün sağ mədəcikdən başlanan ucu, yəni ağciyər kötüyü dəliyi ağciyər kötüyü qapağı – (lat. valva trunci pulmonalis (valvulae semilunaris art-ae pulmonalis – BNA)) ilə tutulmuşdur. Bu qapaq üç aypara qapaqcıqdan təşkil olunmuşdur; bunlardan biri ön tərəfdə – (lat. valvulae semilunaris anterior), digəri sağ tərəfdən – (lat. valvulae semilunaris dextra) və üçüncüsü sol tərəfdən – (lat. valvulae semilunaris sinistra) yerləşmişdir. Aypara qapaqcıqlar dəliyi örtərkən cib şəklini alırlar; bu ciblərə ağciyər kötüyü cibləri – (lat. sinus trunci pulmonalis) deyilir. Qapaqcıqların çıxıq səthləri mədəciyə və basıq səthləri damara doğru baxır. Hər aypara qapağının azad kənarlarının ortasında kiçik bir düyüncük – (lat. nodulus valvulae semilunaris (Arantii – BNA)) vardır, bununyan tərəfində qapaqcığın azad kənarları nazik bir halda qalaraq aycıq – (lat. lunula valvulae semilunaris) adlanır. Mədəcik sistola edərkən ağciyər kötüyü qapağı açılıb qanı ağciyər kötüyünə buraxır; aypara qapaqcıqların ortasında yuxarıda göstərilən düyüncüklər olduğu üçün onlar, tamamən damarın divarına söykənmir; beləliklə mədəciyin diastolası zamanı damarda olan qan artıq təzyiq ilə aypara qapaqcıqların ciblərinə dolur, nəticədə bunlar bir-birinə yaxınlaşaraq ağciyər kötüyü dəliyini möhkəm qapayırlar; ayparalar yaxınlaşdıqda onların nazik kənarları (aycıqları) bir-birinə sıxılaraq qanın damardan mədəciyə qayıtmasına mane olur.
Sol qulaqcıq – (lat. Atrium sinistrum) ürəyin ən dal hissəsini işğal[2] edib arxa tərəfdən qida borusuna və öndən aortaya söykənmişdir. Bunun ön hissəsi sol seyvan – (lat. auricula sinistra) arxadan ınə doğru gedərək ağciyər kötüyünü sol tərəfdən əhatə edir. Sol qulaqcığa yuxarı tərəfdən ağciyər venalarının dəlikləri (iki cüt) – (lat. ostia venarum pulmonalis) açılır;
Embrional dövrdə ağciyər venası tək olur, bu damar həər ağciyərdən bir şaxə qəbul edir. Bunların da hər biri iki şaxədən təşkil olunur. Sonradan ağciyərin ümumi venası yavaş-yavaş genələrək sol qulaqcığın divarını əmələ gətirir, on görə onun kökləri qulaqcığa yaxınlaşır və nəticədə sol qulaqcığa açılan damarların miqdarı çoxalır (dördə çatır).
aşağı tərəfdə o, sol qulaqcıq-mədəcik dəliyi – (lat. ostium atrioventriculare sinistrum) vasitəsilə sol mədəciklə birləşir. Bu dəlik ovala bənzəyir və sağ tərəfdəkindən dar olur.
Sol qulaqcığın sağ divarında (qulaqcıqlararası arakəsmədə) oval çuxura uyğun nahiyə embrional dövründə büküş şəklində olur və oval dəlik qapaqcığı – (lat. valvula foraminis ovalis) ya arakəsmə orağı – (lat. falx septi) adlanır. Döl anadan olandan sonra sol qulaqcıqda təzyiq artdığı üçün bu qapaqcıq – (lat. limbus fossae ovalis) ilə bitişir və oval dəliyi qapayır.
Sol mədəcik – (lat. Ventriculus sinister) ürəyin sol və arxa hissəsini tutaraq sivriləşmiş ellipsə bənzəyir; sağ mədəcikdən uzun və ensizdir; divarlari təxminən üç dəfə qalındır, daxili səthində olan ətli atmaların miqdarı çox, ensiz həm də bir-birinə sıxdır. Məməyəbənzər əzələlər – (lat. mm. papillares anterior et posterior) mədəciyin ön və arxa divarlarında olurlar. Mədəciklərarası arakəsmənin – (lat. septum interventriculare) çıxıq səthi sağ mədəciyə tərəf olduğu üçün sol mədəciyin eninə kəsiyi ovala bənzəyir; bu arakəsmənin yuxarı hissəsində əzələ elementləri yoxdur; odur ki, buna zarlı hissə – (lat. pars membranacea (septum membranaceum ventriculorim – BNA)) və mədəciklərarası arakəsmənin yerdə qalan hissəsinə əzələvi hissə – (lat. pars muscularis (septum musculare ventriculorum – BNA)) deyilir. Sol qulaqcıq-mədəcik dəliyi sol qulaqcıq-mədəcik qapağı, ya ikitaylı qapaq (mitral qapaq) – (lat. valva atrioventricularis sinistra s. bicuspidalis (s. mitralis)) ilə və aorta dəliyi aorta qapağı – (lat. valva aortae) ilə tutulmuşdur.
İkitaylı qapaq sol qulaqcıq-mədəcik dəliyini əhatə edən lifli halqadan (lat. anulus fibrosus) başlayaraq vətər telləri vasitəsilə sol mədəciyin ön və yuxarı divarlarında olan məməyəbənzər əzələlərə bağlanmışdır. Bu qapaq iki taydan ibarətdir; ön tay – (lat. cuspis anterior) və arxa tay – (lat. cuspis posterior). Ön tay dal taydan böyükdür və özü də qabaqda və sağ tərəfdə yerləşərək sol qulaqcıq-mədəcik dəliyini aorta dəliyindən ayırır. Ön və dal tayların arasında bəzən əlavə kiçik taylara da təsadüf olunur.
Aorta qapağı – (lat. valva aortae) ağciyər kötüyü qapağı kimi üç aypara qapaqcıqdan ibarətdir. Bunlardan biri – (lat. valvula semilunaris posterior) arxada, ikinci – (lat. valvula semilunaris dextra) sağda və üçüncüsü – (lat. valvula semilunaris sinistra) solda yerləşmişdir. Bunların hamısı ağciyər kötüyünün eyniadlı qapaqcıqlarından qalın və möhkəmdir və üzərində olan düyüncüklər və aycıqlar (lat. noduli et valvularium semilunarium aortae) yaxşı gözə çarpırlar.
Aorta dəliyini örtən aypara qapaqcıqların ciblərinə aorta cibləri – (lat. sinus aortae (Valsalvae – BNA)) deyilir. Sağ və sol aorta ciblərindən ürəyi qidalandıran tac arteriyalar – (lat. art-ae coronariae dextra et sinistra) başlayırlar.
Ürək üç qişadan təşkil olunmuşdur:
Ürəyin daxili qişası – endokard – (lat. endocardium) nazik və şəffaf birləşdirici toxuma zarından təşkil olunmuş və daxili səthi endotel ilə örtülmüşdür. Bunun qalınlığı müxtəlif dir (təxminən 20 mikrondan 500 mikrona qədərdir). Endokardın birləşdirici toxuma zarı elastiki və kollegen liflərdən və birləşdirici toxuma hüceyrələrindən ibarətdir.
Endokard ürəyin daxili səthində olan bütün çuxurluqları və hündürlükləri örtərək damarlar sahəsində onların intima qişasına keçir. qulaqcıqların endokardı mədəciklərindəkindən qalındır və tərkibində elastik liflərin miqdarı çoxdur. Qulaqcıqlardan mədəciklərə və mədəciklərdən damarlara keçərkən endokard qulaqcıq-mədəcik, ağciyər kötüyü və aorta qapaqlarını əmələ gətirir. Sol mədəciyin endokardı sağ mədəciyinkindən qalındır.
Ürəyin əzələ qişası miokard – (lat. myocardium) ürəyin qalın, qüvvətli və əhəmiyyətli qişasıdır. Miokard miofibrillərin xasiyyəti cəhətcə eninə zolaqlı əzələlərdən hesab olunmasına baxmayaraq, quruluş və fizioloji cəhətcə onlardan (sklet əzələlərindən) tamamilə ayrılır. Miokard sklet əzələlərindəki kimi dəstələr əmələ gətirməyib, əksinə şaxələnirlər və bir-birilə birləşirlər; odur ki, ürək əzələsi ümumiyyətlə, top (simplast) şəklini alır. Fizioloji cəhətcə ürək əzələsi qeyri-iradidir və ritmik yığılmaya malikdir. Mədəciklərdə, ətli atmalarda və məməyəbənzər əzələlərdə əzələ lifləri artıq dərəcədə bir-birilə çarpazlaşaraq kələflər əmələ gətirirlər və özləridə endokarda yaxın təbəqələrdə çox vaxt sıx olurlar. Miokardı təşkil edən əzələ lifləri arasında zəif diferensasiya etmiş Purkinye liflərinə təsadüf olunur. Miokard ürək divarı qalınlığının 7/10-ni təşkil edir.
Qulaqcıqların əzələ qişası iki qatdan təşkil olunmuşdur: səthi və dərin. Səthi əzələ qatı köndələn əzələ liflərindən ibarət olub, hər iki qulaqcığı əhatə edir. Dərin qat hər qulaqcıq nahiyəsində müstəqildir, ilgəyəbənzər və həlqəvi liflərdən ibarətdir. Qulaqcıqlar sistola etdikdə həlqəvi liflər yığılaraq, büzücü əzələ kimi, venaların ağzını möhkəm sıxırlar və nəticədə qulaqcığın sistolası zamanı qanın venalara qayıtmasına mane olurlar.
Mədəciklərin əzələ qişası üç qatdan ibarətdir: səthi-boylama, orta-həlqəvi və dərin boylama qat.
Bunların gördüyü iş qulaqcıqlarınkından olduqca artıqdır; qulaqcıqların vəzifəsi ağciyərlərdən və bədəndən qanı alıb mədəciklərə verməkdir; mədəciklərin vəzifəsi isə onlara gələn qanı sağ tərəfdə kiçik dövrana və sol tərəfdə böyük dövrana verməkdir. Sol mədəciyin divarı soğ mədəciyin divarından üç dəfə qalındır (sol mədəciyin divarının qalınlığı 10–15 mm, sağ mədəciyin isə 3–5 mm-ə bərabərdir). Bunun səbəbi mədəciklərin vəzifəsindən, gördükləri işdən aslıdır. Sol mədəcik qanı böyük dövrana (uzaq məsafəyə) və sağ mədəcik kiçik dövrana (yaxın məsafəyə) yeritdiyi üçün, təbii ki, sol mədəcik sağdan qüvvətli olmalıdır.
Səthi qatın əzələ liflərinin ürək zirvəsində burulmasından ürək burulqanı – (lat. vortex cordis) əmələ gəlir. Dərin boylama qatı təşkil edən liflər səthi boylama qat liflərinin məbədi olub, yuxarıya doğru qayıdırlar və yenə də lifli halqalara bağlanırlar. Orta həlqəvi əzələ qatı hər mədəcikdə müstəqildir və özüdə həlqəvi liflərdən təşkil olub səthi və dərin qatların arasında yerləşmişdir. Həlqəvi qat xüsusən sol mədəcikdə inkişaf etmişdir.
Mədəcikarası arakəsmənin qurluşuna gəldikdə orada da üç qata rast gəlinir: sağ, sol və orta qat. Sağ qat sağ mədəciyə, sol qat sol mədəciyə və orta qat hər ikisinə aiddir.
Qulaqcıqlarla mədəciklərin əzələ qişaları qulaqcıq-mədəcik dəstəsi – (lat. fasciculus atrioventricularis) vasitəsilə bir-birilə rabitədədirlər.
Ürəyin aparıcı sistemi 1 Sinus düyünü |
Ürəkdə əzələ liflərindən başqa zəif diferensasiya etmiş ilk embrional ürək borusu qalığına təsadüf olunur. Buna ürəyin aparıcı sistemi deyilir. Bu sistem morfoloji qurluşca sinir toxumasından ayrılır və ürəyin daxilində olan sinir elementləri və miokard ilə sıx rabitədə olur.
Ürəyin aparıcı siiteminə cib ya cib-qulaqcıq (sinir) düyünü, qulaqcıq-mədəcik (sinir) düyünü və qulaqcıq-mədəcik dəstəsi aiddir.
Cib-qulaqcıq (sinir) düyünü – (lat. nodus sinuatrialis) (Kisin və Flyakın cib-qulaqcıq düyünü) sağ qulaqcıqda yuxarı boş venanın ağzı ilə – lat. auricula dextra arasında hüdudi şırım daxilində yerləşmişdir; uzunluğu 1–2 sm və eni 3–5 mm bərabərdir. Bu düyün bir tərəfdən ürəyə gələn sinir elementlərilə və digər tərəfdən qulaqcıqların əzələ qişası ilə rabitədədir və özü də onların ritmik təqəllüsünü tənzim edir.
Qulaqcıq-mədəcik (siniri) düyünü – (lat. nodus atrioventricularis), (ya Aşof-Tavar düyünü) 5 mm uzunluğunda və 2–3 mm enində olub tac cibi ağzı ilə üçtaylı qapağın arakəsmə tayının əsası arasında yerləşmişdir.
Qulaqcıq-mədəcik dəstəsi – (lat. fasciculus atrioventricularis), (ya His dəstəsi) ümumi kötük – (lat. fasciculi atrioventricularis) vasitəsilə qulaqcıq-mədəcik düyünündən başlayaraq sağ və sol lifli halqaların arası ilə və mədəcikarası arakəsmənin zarlı hissəsinin arxa kənarı ilə aşağı doğru gedir və iki ayaqcığa bölünür: sağ – (lat. crus dextrum) və sol – (lat. crus sinistrum). Ümumi kötüyün uzunluğu təxminən 1 sm-dir. Sağ ayaqcıq mədəcikarası arakəsmənin sağ tərəfilə gedərək Purkinye lifləri vasitəsilə məməyəbənzər əzələlərdə, ətli atmalarda və mədəcik divarının əzələ liflərində tamam olur. Sol ayaqcıq mədəcikarası arakəsmənin sol tərəfilə gedir və sağ ayaqcıq kimi məməyəbənzər əzələlərdə qurtarır.
Qulaqcıq-mədəcik dəstəsi vasitəsilə qulaqcıqlar ilə mədəciklər bir-birilə rabitədə olurlar.
Ürəyin xarici qişası seroz qişası – seroz ürək kisəsinin visseral səfhəsi (epikard) – (lat. lamina visceralis pericardii serosi (epicardium)) əzələ qişasını xaricdən örtmüşdür və onunla sıxı rabitədədir. Bu qişa nazik birləşdirici toxuma təbəqasindən ibarətdir.
Ürək kisəsi – perikard – (lat. pericardium) konus şəklində olub əsası diafraqmanın vətər mərkəzinə bitişmişdir və zirvəsi yuxarıda ürəyin əsasında olan damarlarla rabitədədir. Bu iki təbəqədən təşkil olunmuşdur: xarici lifli təbəqə – lifli ürək kisəsi – (lat. pericardium fibrosum) və daxili seroz təbəqə – seroz ürək kisəsi – (lat. pericardum serosum). Xarici lifli təbəqə sərt birləşdirici toxumadan təşkil olunaraq qonşu üzvlərlə rabitədədir. Daxili seroz təbəqə iki səfhəyə bölünür: xarici pariyetal səfhə – (lat. lamina parietalis pericardii serosi) və daxili visseral səfhə, yaxud epikard – (lat. lamina visseralis pericardii serosi s. epicardium). Bu səfhələr arasındakı boşluq – ürək kisəsi boşluğu – (lat. cavum pericardii) adlanır. Bu boşluq az miqdarda – 50–60 sm³ seroz maye – (lat. liquor pericardii) ilə dolu olur.
Ürək kisəsi topoqrafik cəhətcə dörd hissəyə bölünür:
1. döş-qabırğa hissəsi – (lat. pars sternocostalis)
2,3. sağ və sol orta divar hissəsi – (lat. pars mediastinalis dextra et sinistra)
4. onurğa hissəsi – (lat. pars vertebralis)
Ürək qalxan aortanın soğanağından başlayan bir cüt tac arteriyalar (lat. art-ae coronariae cordix dextra et sinstra) iləqidalanır və ürəyin divarlarından toplanan venoz qan ürək venaları – (lat. venae cordis) vasitəsilə tac cib – (lat. sinus coronarius) nahiyəsində sağ qulaqcığa tökülür.
Tac arteriyalar aorta soğanağından (aypara qapaqcıqların azad kənarlarından aşağı) başladıqları üçün sol mədəciyin sistolası zamanı onların ağızları aypara qapaqcıqlar vasitəsilə qapanır; arteriyaların özləri isə ürək əzələsinin təqəllüsü nəticəsində sıxılırlar. buna görə ürək sistola zamanı zəif qidalanır, tac arteriyalara qan diastola zamanı (onların ağızları açıq olarkən) daxil olur.
Tac arteriyaları inkişaf dərəcəsindən asılı olaraq ürəyin qidalanması üç cür: 1) hər iki tac arteriyaların bərabər dərəcədə inkişaf etməsi hesabına, 2) çox inkişaf etmiş sağ tac arteriya hesabına, 3) əksinə çox inkişaf etmiş sol tac arteriya hesabına (M. S. Lisitsin) olur.
Tac arteriyaları ürək divarlarına üzvdaxili şaxələr verirlər (R. A. Bardina); lat. aa. atriales – qulaqcıqlara, lat. aa. auriculares – qulaqcıq seyvanlarına, lat. aa. ventriculares – mədəciklərə və i. lat. aa. septi anterior et posterior – ürək arakəsmələrinə gedir. bunlar miokard daxilinə girərək, onun qatlarına müvafiq şaxələr verirlər, əzələ dəstələrini müşayiət edərək bir-birilə anastomozlaşırlar və eyni surətdə məməyəbənzər əzələləri – (lat. mm.papillares), hətta qulaqcıq-mədəcik qapaqlarını qan ilə təchiz edirlər.
Ürəyin üzvdaxili venalarına gəldikdə qeyd etmək lazımdır ki, böyük arteriyalar tək, kiçikləri isə cüt venalar ilə müşayiət olurlar.
Ürəkdə limfa üç növ limfa kapillyar toruna: subendokardial, intramiokardial və sub epikardial tora toplanır. Ürəyin fəaliyyəti zamanı limfa subendokardial tordan ikinci tora və buradan da üçüncü (subepikardial) tora və nəhayət mədəciklərarası şırımlarda yerləşmiş aparıcı limfa damarlarına axır; bu damarlar da ön və dal orta-divar, nəfəs borusu ətrafı və bronx-ağciyər limfa düyünlərinə açılırlar.
Ürək kisəsi döş qəfəsinin daxili arteriyasından çıxan lat. rami mediastinales et aa. pericardiacophrenicae, vasitəsilə qidalanır və venoz qan lat. vv. azygos, hemiazygos, pericardiacophrenicae et thyreoideae inferiores vasitəsilə daşınır.
Rus alimi akademik İ. P. Pavlov "Ürəyin mərkəzdən qaçan sinirləri" adlı doktorluq dissertasiyasında (1893) ilk dəfə ürəyin fəaliyyətini tənzim edən dörd növ mərkəzdən-qaçan sinirləri eksperiment vasitəsilə kəşf etmişdir; həmin sinirlər yavaşıdıcı, sürətləndirici, zəifləşdirici və qüvvətləndirici sinir liflərindən ibarətdirlər.
Ürək sinirlərini iki sistendən alır: simpatik və parasimpatik. Simpatik liflər (lat. nn. cardiaci cervicales superior, medius et inferior, nn. cardiaci thoracici) yuxarı orta boyun-döş qəfəsi (ulduzabənzər) və döş qəfəsi qanqlionlarından və parasimpatik liflər (lat. rami cardiaci superiores et inferiores nervi vagi) azan sinirdən gəlir. Ürəyə gedən simpatik sinirlər qıcıqlandıqda ürəkdöyünmə və oyanıcılıq artır, naqillik sürətlənir, yığılma qüvvəsi artır və reflektor faza uzanır. Azan sinir qıcıqlandıqda isə əksinə ürəkdöyünmə və oyanıcılıq azalır, naqillik zəifləşir, yığılma qüvvəsi azalır və reflektor faza qısalır. Azan sinir vasitəsilə ürəyə hissi və vazomator sinir lifləri də gedir.
Ürəyə gedən sürətləndirici simpatik sinir liflərinə (lat. nn. accelerantes), azan sinir ilə gedən tormozlayan liflərə (lat. nn. pressores) və damar genəldici və aortadan qanın təzyiqini azaldıcı liflərə (lat. nn depressores) deyilir.
Yuxarıda göstərilən sinirlər döş qəfəsinə daxil olub, bir -birinə artıq miqdarda anastomozlar verirlər və ürəyin üzərində xüsusi kələf – (lat. plexus cardiacus) əmələ gətirirlər. Bu kələf iki hissəyə bölünür: səthi, dərin. Ürəyin səthi kələfi – (lat. plexus cardiacus superficialis) bir az sol tərəfdə aorta qövsünün və ağciyər kötüyünün qabaq səthlərində yerləşir, burada cüt qanqlion – (lat. ganglia cardiaca (Wrisbergi – BNA)) təsadüf olunur. Ürəyin dərin kələfi – (lat. plexus cardiacus profundus) səthi kələfdən sağa və bir az yuxarı olur. Bu kələf əvvəlincidən böyük və sıxdır.
Ürək kisəsi döş aortası kələfindən, ürək kələfindən, birinci döş qanqlionundan, diafraqma və azan sinirlərdən çıxan sinir liflərilə innervasiya olunur. Ürək kisəsində az miqdarda seroz maye mövcuddur.[3]
Ürək döş boşluğunda sağ və sol plevra kisələrinin arasında ön orta divarın aşağı nahiyyəsində diafraqmanın vətər mərkəzi üzərində ürək kisəsinin daxilində çəp istiqamətində yerləşmişdir.
Ürəkdə olan dəliklərin (qapaqların) proyeksiyası belədir.
Ürəyi fiksasiya edən bağlar bunlardır:
Ürəyin mayasını embrional dövrdə mezoblastın visseral səfhəsinin hüceyrələrindən əmələ gəlmiş bir cüt endotelial ilk ürək boruları (endokardial kisəciklər) təşkil edirlər; həmin səfhənin ürəyi təşkil edən hissəsinə ürək səfhəsi deyilir. Beləliklə, ilk dəfə ürəyin mayası cüt, özüdə boru şəklində olub bədən boşluğuna doğru arxaya enərək xaricdən mezoblastın visseral səfhəsinin qalan hissələrilə örtülür.
Mezoblastın yan səfhələri bir-birinə yaxınlaşdığı üçün yuxarıda göstərilən borular da əvvəlcə bir-birinə yaxınlaşır və sonra birləşərək tək bir boru və ya boşluq – son ürək borusu (bir kameralı ürək) əmələ gətirir. Bu boşluq əvvəlcə plazma ilə dolu olur və sonra yavaş-yavaş qan elementləri əmələ gəlməyə başlayır. Ürək boruları birləşərkən onları xaricdən örtən splaxnoplevra ürək borusunun ventral və dorzal səthlərində bir-birinə yaxınlaşır və nəticədə ventral (ön) və dorzal (arxa) ürək çözləri (lat. mesocardium ventrale et dorsale) əmələ gəlir. Bunların vasitəsilə ürək ilk bədən boşluğunun ön və arxa divarlarına təsbit olunur.
Ürək diferensiasiya etdikcə ön çöz itir, arxadakı isə qalır, ilk ürək borusundan – endokard inkişaf edir. Beləliklə, ilk dəfə bir kameralı ürək hasil olur. Ürək borusu müxtəlif hissələrində qeyri bərabər uzununa inkişaf etdiyi üçün "S"-ə bənzər ilgək şəklini alır, bunun qabaq hissəsinə arterial hissə və dal hissəsinə venoz hissə deyilir. Arterial hissənin mabədi arterial kötük – (lat. truncus arteriosus) adlanır, venoz hissə isə göbək-çöz venalarını – (lat. vv. omphalomesentericae) qəbul edir. Ürək inkişaf etdikcə arterial hissə kaudal (quyruq) tərəfə və venoz hissə kranial (baş) tərəfə yaxınlaşır. Bunların hüdudu bir şırım vasitəsilə ayrılır, beləliklə, bir kameralı ürək iki kameraya bölünür, arterial hissədən ümumi mədəcik, venoz hissədən ümumi qulaqcıq hasil olur. İlk dəfə bunlar bir-birinə ümumi dəlik – (lat. ostium atrioventriculare) vasitəsilə birləşir. Sonralar qulaqcığın yan tərəfindən ciblər əmələ gələrək arterial kötüyü əhatə edirlər; bunlardan gələcəkdə sağ və sol qulaqcıq seyvanı (lat. auricula dextra et sinistra) əmələ gəlir.
Get-gedə ürək inkişaf etdikcə ümumi qulaqcıq və mədəcik sağ və sol hissələrə ayrılır. Əvvəlcə qulaqcığın yuxarı və arxa divarında bir orqanabənzər arakəsmə – (lat. septum primum) (qulaqcıqlararası arakəsmə) əmələ gəlir, arakəsmə aşağı doğru gedərək ümumi qulaqcığı iki hissəyə ayırır, belə ki, boş venaların açılan yeri sağ tərəfə və ağciyər venalarının açılan yeri sol tərəfə düşür, beləliklə ümumi qulaqcıqdan sağ və sol qulaqcıq əmələ gəlir. Embrional dövrdə bu arakəsmə tam olmur. Onun üzərində oval dəlik – (lat. foramen ovale) qalır. Bu dəlik döl anadan olandan sonra tutularaq yerində oval çuxur – (lat. fossa ovalis) hasil olur.
Qulaqcıqlararası arakəsmə ilə bərabər ümumi mədəciyin zirvəsi nahiyəsində də bir arakəsmə əmələ gəlir; mədəcik və ya aşağı arakəsmə – (lat. septum ventriculorum s. inferus) deyilir. Bu araksmə aşağıdan yuxarı doğru gedərək ümumi mədəciyi sağ və sol hissəyə ayırır və yuxarıda qulaqcıqlararası arakəsmə ilə birləşir. Ürəyin xarici səthində mədəcikarası arakəsməyə müvafiq olaraq – lat. sulcus interventriculares anterior et posterior adlanan şırımlar hasil olur.
Qulaqcıqlararası və mədəciklərarası arakəsmələr ilə bərabər arterial kötükdə də üçüncü bir arakəsmə – lat. septum aoticopulmonale əmələ gəlməyə başlayır, bu arakəsmə yuxarıdan aşağı doöru gedərək arterial kötüyü aortaya və ağciyər kötüyünə bölür bə aşağı tərəfdə mədəcikarası arakəsmə ilə birləşdiyi yerdə mədəciklər xeyli müddət bir-birilə lat. foramen interventriculare adlanan dəlik vasitəsilə birləşmiş qalırlar. sonradan bu dəlik tutulur və bu nahiyə lat. pars membranacea septi interventriculare adlanır.
Arakəsmələrin əmələ gəlməsi embrionun bir azlığından başlayıb yeddi həftəliyində qurtarır, beləliklə. bu dövrdə ürək dörd kameradan ibarət olur. Ürək şəklinin əmələ gəlmə prosesi embrional dövrün üç aylığında tamam olur.
Embrional dövrdə sağ qulaqcığa venoz cib – (lat. sinus venosus) açılır. Bu cibə üç cüt vena açılır: 1) Küvye axacaqları – (lat. ductus Cuvieri BNA), 2) göbək müsariqə venaları – (lat. vv. omphalomesentericae) və 3) göbək venaları – (lat. vv. umbilicales). Embrional həyatın beşinci həftəliyində venoz cib artıq dərəcədə genəlir, belə ki, bunun divarı – sağ qulaqcıq divarına çevrilir, ancaq təkcə venoz cibin sol ucu (sol Küvye axacağı açılan yeri) qalır, buna tac cibi – (lat. sinus coronarius) deyilir. Venoz cibin sağ qulaqcığa açılan yerində iki qapaqcıq olur – (lat. valvula venosa (dextra et sinistra)), bunlardan sol tərəfdəki itir və sağ tərəfdəkindən aşağı boş vena qapaqcığı – (lat. valvula venae cavae inferieres (Eustachii – BNA) və tac cib qapaqcığı – (lat. valvula sinus coronarii) hasil olur.
Ürəyin inkişafı prosesinin pozulması nəticəsində bəzi variantlar əmələ gəlir: bütün həyat boyu oval dəliyin və arterial (Botal) axacağın açıq qalması (adətən ağciyər kötüyü yalnız lat. ductus arteriosus (Botali – BNA) adlanan axacaq vasitəsilə aorta qövsü ilə birləşmiş qalır, anadan olandan sonra bu axacaq obliterasiya olub (qapanıb) arterial bağa – (lat. ligamentum arteriosum) çevrilir)- anadangəlmə ürək nöqsanı – (lat. vitium cordis congenita) və ürəyin yerdəyişməsi – (lat. dextracardia). Axırıncı növ variant adətən digər üzvlərin yerdəyişməsi (lat. situs inversus viscerum totus) ilə bir yerdə olur. Belə hallarda ürəyin zirvəsi sağda, sağ mədəciklə sağ qulaqcıq – solda, sol mədəciklə sol qulaqcıq – sağda, aorta qövsü – sağda və boş venalar – solda olur. Ürəyin adi vəziyyətinə lat. sisistrocardia deyilir.
İki zirvəli ürək6 belə halda ürək zirvəsində olan oyma çox dərin olur. Qulaqcıq-mədəcik qapaqlarında tayların miqdarının çoxalması. Aypara qapaqlarda ayparaların azalıb ya çoxalması (2 ya 4 ədəd olması). Nadir hallarda ürəyin yoxluğuna (lat. acardia) təsadüf edilir.
Çox nadir hallarda beş kameralı ürəyə – iki mədəcikli və üç qulaqcıqlı ürəyə – (lat. cor biventriculare triatriatum (Niwayama, 1960, B.A. Buxarin və F. H. Romaşov, 1965) ya üç mədəcikli və iki qulaqcıqlı ürəyə – (lat. cor triventriculare biatriatum (R. Hakkila and F. Hakkila 1954; Waltor and Wynter, 1961)) təsadüf edilir.
Topoqrafik cəhətcə ürəyin anadangəlmə yerdəyişməsinə – ektopiyasına təsadüf olunur; məsələn, ürəyin diafraqmada əmələ gəlmiş dəlikdən qarın boşluğuna keçməsi – ürəyin qarın ektopiyası ya ürəyin ağız boşluğundan xaric olması – ürəyin boyun ektopiyası.
Normal ürək ritmik və fasiləsiz vurma və ya yığılma qabiliyyərinə malikdir. Ürəyin yığılmasına sistola, açılmasına və ya boşalmasına isə diastola fazası deyilir. Bir ürək iş sikli üç fazadan ibarətdir:
1. Qanla dolmuş qulaqcıqların yığılması, qanın açıq ürək qapaqcıqlarından mədəciklərə ötürülməsi (bu zaman mədəciklərin əzələləri boşalmış vəziyyətdə olurlar), qulaqcıqların yığılması ona açılan venaların mənfəzini daraltmış olur ki, bu da qanın geriyə qayıtmasının qarşısını alır.
2. Mədəciklərin yığılması qulaqcıqların əzələlərinin boşalması ilə müşayiət olunur. Mədəciklərlə qulaqcıqları ayıran üçtaylı və ikitaylı qapaqcıqlar qapanaraq qanın qulaqcıqlara qayıtmasının qarşısını almış olurlar. Bu zaman əksinə olaraq aorta və ağciyər arteriyası qapaqcıqları açılmış olurlar. Mədəciklərin yığılması qanı bilavasitə aorta və ağciyər arteriyalarına qovmuş olur.
3. Diastola fazası və ya fasilə – tam ürək əzələlərinin boşalması və ya bu orqanın bir anlığa istirahəti kimi başa düşülə bilər. bu fasilə zamanı venalardan qan qulaqcıqlara qismən də isə mədəciklərə axmış olur. Yeni sikl başlarkən qulaqcıqlarda qalmış qanın yenidən mədəciklərə ötürülməsilə sikl təkrarlanmış olur.
Ürəyin bir sikl iş müddəti 0,85 saniyəyə bərabərdir ki, bunun da 0,11 saniyəsi qulaqcıqların, 0,32 saniyəsi mədəciklərin yığılmasının, 0,4 saniyəsi isə diastolanın yəni fasilənin payına düşür. Normada insanın bir dəqiqədə ürək sikli 70-dir. Beləki, sakit halda ürək dəqiqədə 60–70 dəfə döyünür. Vurğuların tezliyi 60 dan aşağı olduqda bu hal bradikardiya, 90 dan artıq olduqda isə taxikardiya adlanır.
Ürəyin işi nəticəsində əmələ gələn səslərə ürək tonları deyilir: 1. Sistolik ton – alçaq, bir qədər kar, davamlı (0,14 san.) olub, ikitaylı və üçtaylı qapaqların cırpılaraq qapanmasından və onların vətər tellərinin gərilməsindən yaranmış olur. 2. Diastolik ton – qısa (0,11 san.), yüksək olub, aorta və ağciyər kötüyü qapaqlarının (aypara qapaqların) cırpılaraq qapanmasından yaranmış olur.
İnsan ürəyinin çəki, həcm və ölçü cəhətcə postembrional inkişafı bir çox müəlliflər tərəfindən müayinə olunmuşdur. Yenidoğulmuşun ürəyi sağ və sol qulaqcıqlar arasında olan oval dəliyinin olması, boç vena qapağının yaxşı inkişaf etməsi və ağciyər kıtüyü ilə aorta qövsü arasında arterial axacağın olması ilə xarakterizə olunur.
Ürəyin ölçüləri – onun uzunu, eni və qalınlığı bərabər dərəcədə artmır; ürək eninə və qalınlığına nisbətən uzununa sürətlə böyüyür, buna görə uşaq böyüdükcə ürək ölçülərinin nisbəti və forması dəyişir. Elə də ürəyin çəkisi yaşa dolduqca bərabər dərəcədə artmır.
Yenidoğulmuşun ürəyinin mütləq çəkisi 23–37 qrama bərabərdir. Ürəyin çəkisi səkkiz aylıqda – iki dəfə, 2–3 yaşında üç dəfə, 5 yaşında dörd dəfə, 16 yaşında on bir dəfə anadan olana nisbətən artmış olur. Qeyd edirlər ki. 5 yaşından 10–12 yaşına qədər ürəyin böyüməsi ləngiyir, nisbi çəkisi azalır və yalnız 10–12 yaşından sürətlə inkişafa başlayır və 14–17 yaşında adi hüduduna çatır.
Zelgeymin verdiyi məlumata görə ürəyin çəkisi 20 yaşından 70 yaşına qədər yavaş-yavaş artır. 70 yaşından sonra ürək atrofiya olmağa başladığı üçün, çəkisi azalır, ölçüləri kiçilir və dəlikləri genəlir. Böyüklərdə norma olaraq bədən çəkisilə ürək çəkisinin nisbəti bir o qədər dəyişmir: bədənin çəkisi artdıqca ürəyin çəkisi də artır.
Yenidoğulmuşlarda diafraqma yuxarıda olduğu üçün ürək təxminən böyüklərə nisbətən bir qabırğaarası sahə yuxarı olur. Ürəyin boylama oxu üfuqi səth ilə 20°-yə bərabər sivri bucaq təşkil edir, yəni böyüklərə nisbətən üfuqi səthə xeyli yaxın olur. Döş qəfəsi ölçülərinin ürək ölçülərinə olan nisbəti başqa olduğuna görə ürəyin zirvəsi 4 yaşınadək sol məmə cizgisindən sola, 5–6 yaşında məmə cizgisi üzərində və 13–14 yaşında böyüklərdəki kimi həmin cizgidən sağa təyin edilir. 8–9 aylıqdan sonra uşağın gəzməsilə (üfuqi istiqamətə keçməsilə) ağciyərin və döş qəfəsinin inkişafı ilə və diafraqmanın aşağı enməsilə əlaqədar olaraq ürək aşağı və sağa doğru yerini dəyişərək, köndələn vəziyyətdən çəp vəziyyətə keçir.
Forma cəhətcə yenidoğulmuş uşağın ürəyi böyüklərinkindən seçilir; bu da başlıca olaraq ürək hissələrinin hələ tam inkişaf etməməsindən asılıdır. Yalnız 6 yaşından sonra uşağın ürəyi böyüklərin ürəyinə bənzəyir.
Yenidoğulmuş uşaqlarda arteriyalar nisbətən geniş olur, bunun nəticəsində uşaqların qan damarlarında qanın təzyiqi az və miqdarı çox olur. Büluğ dövründə ürək sürətlə inkişaf edir, aorta isə ona nisbətən zəif böyüyür, onurğa artıq dərəcədə uyununa böyüdüyü üçün aorta boyuna dartılır və nəticədə daralır, beləliklə, aortada büluq dövründə fizioloji daralma əmələ gəlir, fəqət bu daralma sonralar itir. Ürəyin dincəlməsi- Ürək qanın hərəkətini tənzimləyən yorulmaz bir mühərrikdir. Adətən, qulaqcıqların yığılması ilə oraya toplanmış qanı mədəciklərə (0,1 saniyə), mədəciklər yığılaraq (0,3 saniyə) qanı damarlara qovur. Bundan sonra ürək boşalma vəziyyətində (0,4 saniyə) olur. Ürək dövri olaraq öz işini təkrar edir. Yəni ümumilikdə ürək 7saniyə istirahətdə olur.