İnzibati hüquq — idarəetmə fəaliyyətini həyata keçirən normaların məcmusundan ibarətdir. İnzibati hüquq idarəetmə orqanlarının təşkili və icra – sərəncam fəaliyyəti prosesində meydana gələn ictimai münasibətləri nizama salan hüquq sahəsidir. İnzibati hüquqla tənzimlənən ictimai münasibətlər xarakterinə, məzmununa və təyinatına görə müxtəlifdir.
İnzibati hüququn predmetini dövlət idarəçiliyinin predmeti təşkil edir. İnzibati hüquq münasibətinin obyektini insanların hərəkətləri təşkil edir. Bu hərəkətlər idarəetmə vəzifələri ilə sıx bağlı hərəkətlərdir. İnzibati hüquq münasibətinin iştirakçıları, yəni subyektləri on altı yaşı tamam olmuş fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslər ola bilər. İnzibati hüquq münasibətlərində iştirak edən tərəflərin hüquq və vəzifələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin normalarında nəzərdə tutulmuşdur. İnzibati hüquq normalarını cəmləşdirən hüquqi aktlar inzibati hüququn mənbələrini təşkil edir. İnzibati hüququn mənbəyi Azərbaycan konstitusiyasından, hamılıqla qəbul edilmış beynəlxalq hüquq normalarından və prinsiplərindən ibarətdir.