İrma Qreze

İrma Qreze
Irma Grese
Bergen-Belzen nəzarətçisi Qreze 1945-ci ilin avqustunda Selle şəhərində aparılan Məhkəmə təhqiqatını gözləyərkən
Bergen-Belzen nəzarətçisi Qreze 1945-ci ilin avqustunda Selle şəhərində aparılan Məhkəmə təhqiqatını gözləyərkən
Digər adları Gözəl bədheybət
Die Hyäne von Auschwitz (Auşvitz kaftarı)
Doğum tarixi
Doğum yeri Feldberger Zeenlandşaft, Azad Meklenburq-Ştrelitz dövləti, Veymar Respublikası
Vəfat tarixi (22 yaşında)
Vəfat yeri Bergen-Belzen, Aşağı Saksoniya
Vəfat səbəbi asılma[d]
Dəfn yeri Hameln, Almaniya
Atası Alfred Qreze
Anası Berta Qreze
Fəaliyyəti SS qoruma eskadrası, Həbs düşərgələrinin nəzarətçisi
Fəaliyyət illəri: 1942–1945
Partiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İrma İda İlza Qreze (alm. Irmgard Ilse Ida Grese‎, 7 oktyabr 1923 † 13 dekabr 1945) — SS qoruma eskadrasına xidmət göstərən qadın idi[1], o, həmçinin RavensbrükOsvensim (Auşvitz) nasist konsentrasiya düşərgələrinin nəzarətçisi və Bergen-Belzendə qadın bölməsinin rəisi idi[2].

Qreze Bergen-Belzen və Osvensimdə insanlığa qarşı törətdiyi cinayətlərə görə, məhkəmənin yekdil qərarı ilə asılmaqla ölümə məhkum olunmuşdur. 22 yaşında edam olunan İrma, həm də XX əsr Britaniya məhkəmə qanunlarına uyğun olaraq öldürülən ən gənc qadın idi. Konsentrasiya düşərgələrinin məhbusları onu öz aralarında Osvensim kaftarı (alm. die Hyäne von Auschwitz‎) adlandırırdılar[3][4][5][6].

İrma Qreze sadə süd fermasının işçiləri olan Berta və Alfred Qrezenin ailəsində anadan olmuşdur. İrma 5 uşaqdan üçüncüsü idi. 1936-cı ildə onun anası Berta həyat yoldaşının yerli pivəxana sahibinin qızı ilə uzun illər sevgi əlaqələrində olduğunu öyrəndikdən sonra, xlorid turşusunu içərək özünəqəsd etmişdir[7]. Bu ailə faciəsindən sonra, onun atası Alfred Qreze NSDAP partiyasına daxil olmaq barədə xeyli fikirləşir[8][9], lakin sonda o, 1939-cu ildə yenidən evlənməyi qərara alır[7].

1938-ci ildə 14 yaşı olarkən Qreze oxumaq istəmədiyinə, sinif yoldaşlarının təzyiqlərinə və atasının da bəyənmədiyi "Alman qızları liqası" (alm. Bund Deutscher Mädel‎) adlı nasist təşkilatına qoşulmaq istədiyinə və ümumiyyətlə nasizm mövzusuna göstərdiyi fanatik aludəçiliyinə görə məktəbdən uzaqlaşır. Digər təsadüfi iş yerləri arasında, onun müxtəlif SS sanatoriyalarında iki il ərzində tibb bacısının köməkçisi qismində çalışmağını qeyd etmək olar. Gələcəkdə tibb bacısı kimi fəaliyyət göstərməyi arzulayan İrma Qreze, peşə məktəbinə daxil olmaq üçün uğursuz cəhdlər edir.

Həmin illər Almaniya mətbuatında tez-tez "Məhbuslar üzərində nəzarət", "Ağır əziyyət tələb etməyən iş" kimi cəlbedici elanlar səslənirdi. SS ilə bağlı qadınlar üçün iş təklifi yaxşı əmək şəraiti, yaşayış, geyim və yüksək əmək haqqı ilə insanları yoldan çıxarırdı. Yaxşı fiziki formaya sahib namizədlərə aid tələblər sadə idi: onların yaş həddi 21–45 il, məhkumluq isə olmamalı idi. Gələcək alman nəzarətçiləri və keşikçilərinin təlim kursları 4 həftədən yarım ilədək davam edirdi. Burada həmin qadınlara məhbuslarla kobud rəftarı, fanatizmi və məhbusların əzablarına qarşı hissiyatsız olmağı öyrədirdilər[10]. Konslagerdə yaxşı ödənilən nəzarətçi işinə daha çox saç ustaları, bilet satanlar və müəllimlər cəlb olunurdu. Müsahibə zamanı onlar nasizm ideologiyası barədə öz biliklərini nümayiş etməli idilər. Qəbul imtahanlarından sonra onlar "SS köməkçiləri" (alm. SS-Helferin‎) qismində müqavilə imzalayırdılar. Onların başlıca vəzifəsi, məhbuslara və onların yerinə yetirdikləri işlərə nəzarət etmək idi. Onlara hərbi üslubda tikilmiş xüsusi geyimlər verilirdi. Yalnız xüsusi qəddarlıq göstərən nəzarətçi-qadınlar xidməti pilləkən üzrə irəliyə bilirdilər[10].

Həbs düşərgəsində gözətçilik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İrma Qreze həbs düşərgəsi xidmətinə könüllü qəbul olunduqdan sonra, süd istehsal edən kiçik zavodda köməkçi fəhlə işləyir və ərə gedə bilmir. 1942-ci ilin ortalarından o, Ravensbrük düşərgəsində qadın-mühafizəçi (alm. Aufseherin‎) qismində xidmət aparırdı, 1943-cü ilin martında isə o, Auşvitz-Birkenau düşərgəsinə göndərilmişdir. 1944-cü ilin ikinci yarısında ona Rapportführerin rütbəsi (qadın-nəzarətçiləri üçün verilən ikinci ən böyük rütbə) verilmişdir. Yeni vəzifə çərçivəsində, o, məhv etmək üçün qaz kameralarına aparılacaq məhbusların seçimində aktiv iştirak etmişdir[11].

1945-ci ildən başlayaraq, Qreze Osvensimdən Ravensbrükə daşınan bütün məhbusları müşayiət edirdi. Ravensbrük düşərgəsinin təhlükəli yerdə yerləşməsi ilə əlaqədar, 1945-ci ilin mart ayında məhkumların çoxluğu ilə yanaşı Qreze də Aşağı Saksoniya vilayətində yerləşən başqa bir ölüm düşərgəsinə, yəni Bergen-Belzenə köçürülür[11]. Qreze qaçmaqdan boyun qaçıran SS-in digər personalı ilə birlikdə, 1945-ci il aprelin 17-də ingilis ordusu tərəfindən əsir götürülmüşdür[12].

Əsirlikdə olarkən Qrezeyə hədsiz nifrət bəsləyən yəhudi əsilli Olqa Lendyel "Beş tüstü bacası" adı ilə tanınan və öz qələminin məhsulu olan memuarlarında yazırdı ki, qadın düşərgəsində keçirilən seçimlər iki SS nəzarətçisinin — Elizabet Hasse və İrma Qrezenin başçılığı altında həyata keçirilirdi. Müharibədən sonrakı qərb mətbuatında İrma Qrezenin mümkün seksual deviasiyaları daim müzakirə olunurdu; onun SS mühafizəkarları, Bergen-Belzendə komendant kimi fəaliyyət göstərən Yozef Kramerlə və hətta Yozef Mengele ilə çoxsaylı seksual əlqələri olduğu iddia olunurdu. Lakin bütün bu məlumatların heç bir əsaslı təsdiqi yoxdur[12]. Konslagerdə həkim işləyən keçmiş dustaq Gizella Perl onun haqqında bunları demişdir: O, həyatımda gördüyüm ən gözəl qadınlardan biri idi. Onun təsəvvürə belə gətirməyin çox çətin olduğu təmiz sifəti və mavi, belə parlaq və günahsız gözləri var idi. Bununla belə, İrma Qreze həyatımda gördüyüm ən qəddar və ədəbsiz varlıq idi…. 26281 nömrəsi ilə tanınan keçmiş dustaq Stanislava Raxvalova öz ifadələrində bunları demişdir: İrma lezbiyan idi. İlk növbədə, onun xoşuna gənc, gözəl, xüsusilə də polyak qızları gəlirdi[13].

Məhkumlar üzərində işgəncə üçün İrma Qreze emosional və fiziki üsullardan istifadə edir, qadınları ağır dəyənəklə amansızcasına öldürür və məhkumların əsassız ovuna baxaraq ləzzət alırdı. Məhkumların bir neçə gün ac saxlanılan vəhşi itlər tərəfindən təqib olunması onun ən sevimli əyləncəsi idi. İrma ağır çəkmələr geyinməyi çox sevirdi və tapança ilə yanaşı, yanında hər zaman hörmə qamçı gəzdirirdi[14]. O, sevinclə məhbusların seleksiyasında iştirak edir və hamilə qadınların ayaqlarını kəndirlə bağlayaraq, doğuş zamanı onların daha çox qeyri-insani əzablarına maraqla baxırdı.

Hərbi cinayətlər məhkəməsi

[redaktə | mənbəni redaktə et]
İrma Qreze və Yozef Kramer Selle şəhərində yerləşən həbsxanada saxlanılarkən (1945-ci ilin avqust ayı)
8: Herta Elert, 9: İrma Qreze. Bergen-Belzen prosesi zamanı, hər iki qadın əsirlərə qarşı göstərdikləri amansızlığa görə ittiham olunmuşdular.

Belzen prosesi zamanı Qreze hərbi cinayətlərdə ittiham olunan daha 45 nəfər ilə birlikdə məhkəmə qarşısında durdu. O, mühakimə dövrünün ilkin mərhələsində (17 sentyabr-17 noyabr 1945) həbs edilmiş və onu mayor L. Krenfild təmsil etmişdir.

Məhkəmə işləri Britaniya qanunvericiliyi əsasında Lüneburqda baş tutmuş və günahlandıran tərəf 1929-cu il Cenevrə konvensiyasında əsirlərlə davranış haqqında qeydlərə əsaslanmışlar. Ona qarşı ittihamlar, düşərgə həbsxanalarında saxlanılan dustaqları amansızcasına və işgəncə ilə öldürülməyinə yönəlmişdir. Məlum idi ki, Qrezenin sadizmi daha çox seksual xarakter daşıyırdı. O, öz cinsi həqarətləri üçün hər iki cinsdən olan məhkum-qurbanları bir yerə toplayaraq, onları ən qeyri-adi üsullarla sevişməyə məcbur edirdi (məhz buna görə də o, nimfoman ləqəbi ilə də tanınırdı)[15].

Məhkəmə prosesi zamanı, İrma özünün həyatı barədə qısaca məlumat verir:

" Mən 1923-cü il oktyabrın 7-də Pazevalkın yaxınlığında anadan olmuşam. Mən 1938-ci ildə ibtidai məktəbi tərk edərək, altı ay ərzində fermaların birində kənd təsərrüfatı işlərində çalışırdım. Daha sonra mən altı ay ərzində Lychen adlı bir mağazada işləyirdim. Mən gələcəkdə tibb bacısı kimi işləməyi qabağıma məqsəd qoymuşdum, buna görə də 15 yaşım olarkən Hohenlüxen şəhərində yerləşən xəstəxanada iki il təcrübə aldım. Tibb bacısı olmaq üçün çox çalışırdım, lakin əmək birjası bu arzunun gerçəklənməsinə imkan vermədi; onlar məni Fürstenberqdə yerləşən kiçik süd zavoduna göndərdilər. 1942-ci ilin iyulunda, mən tibb bacısı olmaq üçün yenidən test imtahanlarını uğurla verdim, ancaq əmək birjası bu dəfə mənim bütün etirazlarıma əhəmiyyət verməyərək, Ravensbrükdəki konsentrasiya düşərgəsinə göndərdi. Mən 1943-cü ilin mart ayına qədər orada qalırdım, daha sonra isə bütün personal ilə birlikdə Auşvitz-Birkenau həbs düşərgəsinə köçürüldüm… "

.

İngilis jurnalistinin "Sən niyə bütün bu dəhşətli hərəkətləri etdin?" sualına İrma rişxəndlə bunları dedi: Almaniyanın antisosialist elementlərdən təmizlənməsi mənim üçün yeni bir vəzifə idi. Burada söhbət xalqımızın gələcəyinin təmin edilməsidən gedirdi. Səhvlərini etiraf etməkdən qəti şəkildə imtina etdiyindən, Lüneburq məhkəməsi onu ölüm cəzasına məhkum etdi. Sıxıcı həbsxana paltarını geyinməsinə baxmayaraq, "Gözəl bədheybət" ləqəbli, qıvrım saçlı və mavi gözlü Qreze edamdan əvvəlki gecə işgəncəverən SS yoldaşı Elizabet Folkenrat ilə birlikdə alman mahnılarını bərkdən oxuyurdu. Edam günü İrma Qreze başının üzərinə ağ qapaq geyindirən cəllada baxaraq gülümsəyir və təhtəlşüur bir səs ilə "Schnell!" (yəni Tez ol!) deyir[16]. O, britaniya ədliyyə orqanları tərəfindən asılmış ən gənc qadın idi. Həbs düşərgələrində xidmət göstərən nəzarətçi-qadınların əksəriyyəti cəzadan qurtula bilmişdi. Hal-hazırda bəzi tarixçilər bu nəzarətçilərə cinayətkarlar kimi yox, psixoloji müharibə qurbanları kimi baxırlar, bu isə, kifayət qədər təhlükəli bəraətdir.

Cümə axşamı, 13 dekabr 1945-ci ildə Qreze Hameln türməsindən nəhayət çıxardılaraq, dar ağacına gətirilmişdir. Qadınlar bir-bir edam olunurdu, onların artıq ölü cəsədləri bir neçə müddət kəndirdə asılmış vəziyyətdə saxlanılırdı. Kişiləri isə cüt-cüt asırdılar, onların cəsədləri isə dərhal yığışdırılırdı. Məşhur britaniyalı cəllad Albert Pyerrpointin yaxın dostu olan polk feldfebeli O'Nil öz memuarlarında bunları qeyd etmişdir:

" Pilləkənlərlə biz məhkumların saxlanıldığı kameraya qalxdıq. Alman zabiti dəhlizə çıxaraq, bizə tərəf qapını açdı və biz bir-birinin ardınca səfi şəxslərin yanından keçərək, hökmlərin yerinə yetirildiyi otağa daxil olduq. Zabit farağat vəziyyətində durmuşdu. Briqadir Paton-Uolş qoluna taxılmış saata diqqətlə baxırdı. O köks ötürərək mənə siqnal verdi və mən kameradan bayıra çıxdım. Qəflətən mən yüksək tonda "İrma Qreze" adını eşitdim - onlar cinayətkarı çağırırdılar. Alman mühafizəçiləri içəridən tez-tələsik kameranın on iki pəncərəsini bağlayaraq, giriş qapısını nəhayət açırlar. Əli qandallı İrma tezliklə bayıra çıxır. "Ardımca gəlin" - bunu mən ingilis dilində dedim və O'Nil bu əmri ona alman dilində təkrarladı. Daha sonra isə biz edamın icrası üçün həbsxananı tərk etdik[17] "

.

Dramatikləşdirmə

[redaktə | mənbəni redaktə et]
  • Mələk: İki aktda dəhşət — yazıçı Co Devidsmeyerin Holokosta davam gətirmiş Olqa Lendyel və İrma Qrezenin qarşılıqlı münasibətləri barədə bəhs edən dram janrlı teatr tamaşasıdır.
  • İrma Qreze obrazı ikinci dərəcəli personaj kimi iki bədii filmdə nümayiş olunmuşdur: rejissor Adrian Şerqoldun 2005-ci ildə ekranlaşdırdığı Sonuncu cəllad (Pyerrpoint) filmində hərbi cinayətlər üzrə ittiham olunmuş şəxslərin Belzen prosesinə gətirilməsinə həsr olunub.
  • Qrezenin dəhşətli hərəkətlərindən ilhamlanan rejissor Don Edmonds 1975-ci ildə İlza, SS-in dişi canavarı adlı və nasist mövzulu ekspluatasiya filmini ekranlaşdırmışdır.
  • Qreze əsas personaj kimi yazıçı Martin Emisin Maraq zonası adlı romanın bir çox fəsilində iştirak etmişdir.
  1. "Irma Ilse Ida Grese". 2022-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-08.
  2. The Times; The Belsen trial; 18 September 1945; pg6
  3. Magda Hollander-Lafon. Vier Stückchen Brot: Ein Hymne an das Leben. Verlag. 2013. 95. ISBN 3641127092. 12 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 January 2015.
  4. Barbara Möller. "Die Hyäne von Auschwitz". Sie waren Mörderinnen aus Gelegenheit. DIE WELT. 30 August 2014. 13 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 January 2015.
  5. Sonja Peteranderl. "Der Mann, der Rudolf Höß jagte". KZ-Aufseherin Irma Grese. Die "Hyäne von Auschwitz". Spiegel Online, Hamburg, Germany. 2014. 13 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 January 2015.
  6. Pierre Heumann. "Hitlers Furien". Grese, die "Hyäne von Auschwitz". Die Weltwoche Magazin. 2013. 31 December 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 January 2015.
  7. 1 2 "First Belsen Trial Oberaufseherin Irma Ilse Ida Grese". 2021-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-08.
  8. "Arxivlənmiş surət". 2018-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-08.
  9. "Arxivlənmiş surət". 2016-03-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-08.
  10. 1 2 Виктор Хомутский. "Женщины из СС. "Прекрасное чудовище" Ирма Грезе". 08.11.2014. 2015-05-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-08.
  11. 1 2 Knoch, Habbo (ed). Bergen-Belsen: Wehrmacht POW Camp 1940–1945, Concentration Camp 1943–1945, Displaced Persons Camp 1945–1950. Catalogue of the permanent exhibition. Wallstein. 2010. ISBN 978-3-8353-0794-0. ([[:Category:|link]])[[Category:]]
  12. 1 2 "Excerpts from The Belsen Trial (5/5)". Nizkor.org. 2011-06-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-07.
  13. Olga Lengyel. Five Chimneys. Academy Chicago. 1995. 001–231. ISBN 0-89733-376-4.
  14. ""Содрогнитесь, братья! 11 самых жестоких женщин в истории"". 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-08.
  15. The Times// (17 November 1945). "Verdicts in the Belsen Trial. Page 4.
  16. "Nazi She-Devils". Mirror. 21 November 2005. 29 September 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 September 2012.
  17. Pierrepoint, Albert. Executioner. Harrap. 1974. ISBN 0-245-52070-8.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]