İstiqamət bucağı — Meridianla verilən xətt (istiqamət) arasında qalan bucağı ifadə edir. İstiqamət bucağı üçdür- azimut, rumb və direksion bucaq.
Ərazidə hərəkət edərkən, hərəkətin istiqamətini hər hansı əsas qəbul edilmiş xəttə nisbətən təyin etmək lazım gəlir. Adətən əsas xətt meridian istiqamətində götürülür. Üç cür meridian var:
Coğrafi meridian Yerin coğrafi qütüblərindən, maqnit meridianı Yerin maqnit qütüblərindən, ox meridianı isə 6°-lik zonanın ortasından keçir. Yerin coğrafi və maqnit qütübləri üst-üstə düşmədiyi üçün, həqiqi və maqnit meridianıları kəsişərək bucaq əmələ gətirir.
Həqiqi və maqnit meridianı arasında kı bucağa inhiraf bucağı deyilir. İnhiraf bucağı β hərfi ilə işarə olunur. İnhiraf bucağının qiyməti Yer kürəsinin ayrı-ayrı məntəqələrində xeyli müxtəlifdir. Ona görə də hər bir topoqrafik xəritə vərəqi üçün inhiraf və meridianların yaxınlaşam bucağının qiyməti vərəqin çərçivəsinin aşağı sol küncündə verilən sxemdə yazılır.[1]
Həqiqi meridianla zonanaın ox meridianı da üst-üstə düşmür və onların arasında bucaq əmələ gəlir. Bu bucağa meridianların yaxınlaşma bucağı deyilir. O, δ hərfi ilə işarə olunur. Meridianların yaxınlaşma bucağı ərazinin coğrafi en dairəsindən asılı olaraq 0-3° arasında dəyişir. Bu bucağın qiyməti ekvatorda 0°, orta en dairəsində 1,5°, Yerin qütblərində isə 3° olur.
Meridianın şimal istiqaməti ilə verilən cismə olan istiqamət arasında qalan və saat əqrəbinin hərəkəti üzrə ölçülən bucağa azımut bucağı deyilir. Azimutun qiyməti 0-360° arasında dəyişir. Həqiqi meridiandan ölçülən bucağa həqiqi azimut(A), maqnit meridianından ölçülən bucağa maqnit azimutu (Am) deyilir. Maqnit azimutu kompas və bussol vasitəsilə ölçülür. Kompasın və bussolun maqnitləşdirilmiş əqrəbi həmişə maqnit meridianı istiqamətində olur. Topoqrafik xəritədə xətlərin həqiqi azimutunu və direksion bucağını təyin edirlər. Direksion və azimut bucaq topqrafik xəritədə transportir vasitəsilə ölçülür.
Ox meridianından ( və ya ona paralel olan kilometr şəbəkəsinin şaquli xəttindən) başlayaraq azimut kimi ölçülən bucağa direksion bucaq deyilir. Azərbaycan ərazisində həqiqi azimutla direksion bucağın fərqi 1,5°-dən çox deyildir. Ona görə bəzi təcrübü işlər zamanı bu bucaqların fərqini nəzərə almırlar.
Meteorologiyada, gəmiçilikdə və yer quruluşunda azimutla yanaşı rumdan da istifadə edirlər. Meridianın yaxın istiqaməti ilə verilən istqamət arasında qalan iti bucağa rumb deyilir. Rumb r hərfi ilə işarə olunur. Azimut və direksion bucaq, ancaq meridianın şimal istiqamətindən başlayaraq saat əqrəbinin hərəkəti üzrə ölçüldüyü halda, rumb meridianın həm şimal və həm də cənub istiqamətindən başlayaraq şərqə və qərbə doğru ölçülür. Rumbun dərəcə qiyməti heç vaxt 90°-dən böyük olmur. Üfüq dörd 90°-lik rübdən ibarətdir. Ona görə də rumbun dərəcə qiymətinin qarşısında onun yerləşdiyi rübün adı yazılır. Məsələn: rumb CQ : 40°30’. Bu onu göstərir ki, rumb III rübdədir və o, cənubdan qərbə doğru ölçülmüşdür. Azimutla rumb arasında olan əlaqəni cədvəl şəklində göstərmək olar:
Rüblərin nömrəsi və adı | Azimutun dərəcə qiyməti | Azimutdan rumba və əksinə keçid |
---|---|---|
I-ŞmŞ | 0°-90° | I rübdə r¹=A¹; A¹=r¹ |
II-CŞ | 90°-180° | II rübdə r²=180°-A²; A²=180°-r² |
III-CQ | 180°-270° | III rübdə r³=A³-180°; A³=180°+r³ |
IV-ŞmQ | 270°-360° | IV rübdə r4 =360°-A4; A4= 360°-r4 |