Şimali Qafqazda antisemit iğtişaşlar | |
---|---|
Ümumi məlumatlar | |
Yeri | |
Tarix | 2023 |
Yaralı sayı |
|
Şimali Qafqazda antisemit iğtişaşlar — 2023-cü ilin oktyabr ayının sonlarında Rusiyanın Şimali Qafqaz regionunda baş tutmuş bir neçə şiddətli antisemit iğtişaşlar. Region əhalisinin əksəriyyəti müsəlmandır. İğtişaşlar 2023-cü ildə İsrail–HƏMAS müharibəsi zamanı baş vermişdir. Bu münaqişə dünyanın müxtəlif yerlərində antisemit hadisələrin artmasına səbəb olmuşdur.[2]
Mahaçqala Hava Limanında baş verən hadisələrdən bir neçə gün əvvəl lokal "Telegram" kanalları hava limanındakı toplantıda iştirak etmək üçün çağırışlar etmişdir. Dağıstana gələn "İsrail qaçqınları" ilə bağlı mesajlar rus-ukraynalı siyasətçi İlya Ponomaryov tərəfindən açılan "Səhər Dağıstan" kanalında dərc olunmuşdu.[3][4] Əvvəllər həmin "Telegram" kanalı 2022-ci ildə Şimali Qafqaz etirazlarını təşkil etmişdir.[5]
Dağıstanın rəhbəri Sergey Məlikov hadisəni kobud qanun pozuntusu adlandırmış və əlavə etmişdir ki, dağıstanlılar "haqsız insanların və siyasətçilərin hərəkətləri nəticəsində həlak olanların iztirablarına rəğbət bəsləyir və Fələstində sülh üçün dua edirlər".[6] Dağıstanda ən çox yəhudi əhalisinin yaşadığı Dərbənd ravvini Ovadiya İsakov "Dağıstanda vəziyyət çox ağırdır" və "[yəhudi] icması çox qorxur … qaçmaq üçün yer yoxdur" demişdi.[7]
Şimali Qafqazın daha iki regionunun regional liderləri sakitliyə çağırış etmişdilər. Dağıstanın baş müftisi də analoji müraciətlə çıxış etmişdir.[6] Çeçenistan rəhbəri Ramzan Kadırov Daxili İşlər Nazirliyinə və Milli Qvardiyaya respublikada nümayişçi olmaq istəyənləri saxlamağı əmr edib və onlara atəş açmaq icazəsi vermişdir.[8]
Prezident Vladimir Putin yüksək səviyyəli təhlükəsizlik rəsmilərinin görüşünü əmr etmiş, sözçüsü Dmitri Peskov isə iğtişaşları "kənar müdaxilə" ilə əlaqələndirmişdir.[9] Putin Ukraynanı antisemitizmə əsas təsir göstərməkdə günahlandırmışdır.[10]
ABŞ prezidentinin sözçüsü Adrian Vatson iğtişaşları qınamışdır.[11] Kanadanın baş naziri Castin Trudo da hadisələri "dərin narahatedici" olaraq qınamışdır.[12] Avropa Komissiyasının sözçüsü Stefan de Kersmeker də hücumları pisləmişdir.[12]
İsrail hökuməti Rusiya hakimiyyətini Rusiyadakı israilliləri və yəhudiləri müdafiə etməyə çağırmışdır.[13]
Yəhudiəsilli Ukrayna prezidenti Volodimir Zelenski hadisələrdə Rusiyanın "dövlət televiziyası, ekspertlər və səlahiyyətlilər tərəfindən təbliğ edilən digər xalqlara qarşı geniş yayılmış nifrət mədəniyyətini" günahlandırmışdır.[6]
"Human Rights Watch" Rusiyanın cavabını qeyri-adekvat kimi səciyyələndirərək qeyd etmişdir ki, "tənqidçiləri sıxışdırmaq əvəzinə, hakimiyyət səylərini ksenofob hücumların qarşısını almağa yönəltməlidir".[7]