Şəhr-i Suxte | |
---|---|
شهر سوخته | |
[[Fayl:Iran relief location map.jpg |274x400px|İranda yerləşdiyi yer|frameless]] | |
30°35′43″ şm. e. 61°19′55″ ş. u.HGYO | |
Ölkə | İran |
Rayon | Sistan və Bəlucistan ostanı |
Yerləşir | Sistan |
Aidiyyatı | Helmand mədəniyyəti |
Əsas tarixlər | e.ə.3200-e.ə.2350 |
Tikilmə tarixi | e.ə.3200-cü il |
Sahəsi |
|
Rəsmi adı: Shahr-i Sokhta | |
Tipi | Mədəni |
Kriteriya | ii, iii, iv |
Təyin edilib | 2014 |
İstinad nöm. | 1456 |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhr-i Suxte və ya Şəhr-e Suxt və Şəhr-i Soxta (fars. شهر سوخته, "Yanmış şəhər" deməkdir) e.ə.3200-2350-ci illər, Helmand mədəniyyəti ilə əlaqəli Tunc dövrünə aid böyük şəhər yaşayış məntəqəsinin arxeoloji ərazisi.
İranın cənub-şərqində, Sistan və Bəlucistan ostanında, Helmand çayının sahilində, Zahidan-Zabul yolunun yaxınlığında yerləşir. 2014-cü ilin iyun ayından YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir.[1][2]
Şəhərin gözlənilməz yüksəlişinin və süqutunun səbəbləri hələ də sirr olaraq qalır. Şəhərdən tapılan artefaktlar o dövrün yaxınlıqdakı sivilizasiyaları ilə özünəməxsus uyğunsuzluq nümayiş etdirir.
151 hektar ərazini əhatə edən Şəhr-i Suxte şəhərsalma dövrünün başlanğıcında dünyanın ən böyük şəhərlərindən biri idi. O, Yer kürəsinin ən isti yerlərindən biri olan indiki Dəşti-Lüt səhrasının şərqinə yaxın yerdə yerləşir. Ancaq qədim dövrlərdə iqlim daha mülayim idi. O vaxtlar şəhərin yaxınlığında yerləşən Hamun gölünün sahəsi daha böyük idi və ərazidə çoxlu bataqlıqlar var idi. Həmçinin, Əhəmənilərin əsas mərkəzi və arxeoloji ərazisi olan Dahan-e Qulaman (e.ə. 550-330) şimal-şərqdə cəmi 35 km məsafədə yerləşir.
Şəhr-i Suxtenin cənub-qərb hissəsində, 25 hektar geniş bir ərazini əhatə edən qəbiristanlıq var.[3] Burada 25.000 ilə 40.000 arasında qədim məzarlar vardır.[4]
Yaşayış yeri təxminən eramızdan əvvəl 3200-cü ildə meydana gəlir. Şəhər dörd sivilizasiya mərhələsini keçərək, tərk edilməzdən əvvəl üç dəfə yandırılıb. İlk dəfə şəhəri tərk etmənin əvvəllər orada ekspedisiya aparan İtalyan arxeoloji komisiyası tərəfindən təxminən e.ə.1800-cü ildə baş verdiyi düşünülürdü. Lakin Barbara Helvinq və Həsən Fazeli Nəşlinin başçılıq etdiyi italyan və iranlı arxeoloqları tərəfindən yaxınlıqdakı Təppeh Qraziani ərazisində bu yaxınlarda kalibrlənmiş radiokarbon nümunələrinə əsaslanan yeni araşdırmalar göstərdi ki, bu ərazi əslində eramızdan əvvəl 2350-ci ildə tərk edilib. Arxeoloq Massimo Vidale tərəfindən şərh edilən Şəhr-i Soxtanın xronologiyası aşağıdakı kimidir:[5]
Dövrü | Tarixi | Sahəsi | Mərhələsi |
---|---|---|---|
I | e.ə.3200–2800 | 10.5–15.5 ha[6]:882 | 10-8 |
II | e.ə.2800–2600 | 80 ha[3]:21 | 7-5A |
III | e.ə.2600–2450 | 80 ha | 4-3 |
IV | e.ə.2450–2350 | 2-1 |
Ərazi 1900-cü illərin əvvəllərində Mark Avrel Steyn tərəfindən kəşf edilmiş və tədqiq edilmişdir.[7][8]
1967-ci ildən başlayaraq, ərazi Maurizio Tosinin rəhbərlik etdiyi Istituto italiano per l'Africa e l'Oriente (IsIAO) komandası tərəfindən qazıldı. Bu iş 1978-ci ilə qədər davam etdi.[9][10][11] Bir fasilədən sonra Səccadinin başçılıq etdiyi İran Mədəni İrs və Turizm Təşkilatı qrupu tərəfindən ərazidə iş bərpa edilir.[12][13] Yeni kəşflər zaman-zaman bildirilir.[14]
Aşkar edilmiş materialların çoxu e.ə. 2700-2350-ci illərə aiddir. Kəşflər göstərir ki, şəhər Mesopotamiya və İranı Orta Asiya və Hindistan sivilizasiyaları ilə birləşdirən ticarət yollarının mərkəzi olub.
I dövrdə Şəhr-i Suxte artıq Türkmənistanın cənubundakı ərazilərlə, Əfqanıstanın Qəndəhar bölgəsi, Kvetta vadisi və İranın Bəmpur vadisinə qədər genişlənir.[15] Həmçinin, Proto-Elam şəhərləri olan Xuzistan və Fars ilə əlaqələri var idi. Təxminən e.ə.3000-ci ildə Şəhr-i Soxtada dulusçular 750 km şimalda yerləşən uzaq Türkmənistandan keramikanı öyrənmişdilər və digər keramika məmulatları Pakistanın Keç-Makran-İranın Bəlucistan bölgəsindən, cənubdan, təxminən 400–500 km-dən gətirilirdi. Əfqanıstanın Mundiqak (Qəndəhar) bölgəsindən, təxminən 400 km şərqdən keramika da idxal edilirdi.[6] Enriko Askalone tərəfindən Şəhr-i Soxtanın 33-cü ərazisində apardığı son qazıntılar göstərir ki, “Memar Evi” adlanan bina və Şərq binası e.ə.3000-2850-ci illərə aid radiokarbon təbəqəsinə aiddir.[16]
Bu dövrdə dulusçuluq, 10, 9 və 8-ci təbəqələrindən və zəngin bəzək əşyaları III Mandiqakdan və Bəlucistan Kvettadan tapılan keramika qablarla çox oxşardır.[17]
II dövrdə Şəhr-i Suxte Hind vadisinin Harappana qədərki mədəniyyət mərkəzləri ilə də əlaqə saxlamışdır.[15] Bəmpur vadisi ilə əlaqələr davam etmişdi. "Məhkəmələr evi" adlanan binanın xarabalıqları arxeoloq Askaloun tərəfindən aşkarlanaraq e.ə.2850-2620-ci illərə aid edilib. Sonrakı 2 təbəqə onun tərəfindən 33-cü ərazidə qazılaraq e.ə. 2620-2600-cü illərə aid edilib.[16] Lakin arxeoloq Səccadiyə görə, Şəhri Soxtanın bütün ərazisi bu dövrdə 80 hektara çatmışdı. Çox güman ki, bu dövrdə Mandiqak ilə təmaslar sıx olub və lapis lazuli Mandiqakdan keçən Bədəxşanın mədənlərindən Şəh-i Soxtaya gəlib çıxmış və hər iki yaşayış məntəqəsinin əlaqələri alimlərin Helmand sivilizasiyasından bəhs etməsinə imkan vermişdir.[3]:21 Təxminən e.ə. 2700-cü ildə, şəhərin çox hissəsi yanğın nəticəsində məhv edilib.[15] Lakin bu dövrün 6-cı mərhələsində yaşayış məntəqəsi yenidən qurulmuş, dağılmış bəzi evlər bərpa edilməmişdir.[15]
Bu dövrün 7, 6 və 5-ci mərhələləri həm şəhərin sahəsində, həm də keramika texnologiyasında əhəmiyyətli inkişaf dövrünü təmsil edirdi, çünki bu dövrdə istifadə edilən daha zərif xammal və qabaqcıl pişirmə texnikası keramika sənətində özünü büruzə verirdi. Bəmpurun III-IV təbəqələrindən tapılan saxsı qablar, bu dövrdə istehsal olunan və/yaxud idxal edilən keramika məmulatlarının əksəriyyəti qəhvəyi və qara rəngli bəzəklərlə bəzədilmiş baff və boz məmulatlar idi.[17]
III dövrün 4-cü, 3-cü və 2-ci təbəqələrindən tapılanlar böyük divarlarla əhatələnmiş iri şəhərdə dəyişikliklərin baş verdiyini göstərir. Saxsı qablar II dövrün boyalı ornamentasiyasını itirərək standartlaşdığını, dəfnlər isə əhali arasında sosial-iqtisadi fərqlərin olduğunu göstərirdi. Əvvəllər Mesopotamiya və Qərbi İrandan gətirilən mallar 4-cü mərhələnin sonunda itir, lakin Mandiqak, Bəmpur və Hind vadisi sivilzasiyasının şəhərləri ilə əlaqələr və ticarət davam edirdi.[15] Şəhr-i Soxtanın 33-cü ərazisinə aid olan "Bina 33" (Mərkəzi məhəllə ilə Monumental sahə arasında yerləşir) Enriko Askalonun komandası tərəfindən e.ə.2600-2450-ci illərə aid olduğu müəyyən edilmişdir.[16]
Digər tərəfdən, Ciruft, Didye və Qivron mədəniyyətlərini aşkarlayan arxeoloqlar hesab edirdilər ki, Şəhr-i Soxtada I, II və III dövr mədəniyyətləri ilə Mandiqakdakı III və IV dövr mədəniyyətləri arasında sıx əlaqələri olmuşdur.[18]
III dövr 4-cü və 3-cü təbəqələrinin dulusçuluq istehsalı əvvəlki dövrlərin keramika məmulatlarından əhəmiyyətli dərəcədə fərqlənən formalara və təsvirlərə malik idi. Bu dövrün əvvəllərində ilkin olaraq keramika üzərində tapılan sadə bəzək motivləri IV Bəmpur və IV Təpə Yəhya dövründə tapılanlara bənzər qara bəzəkli boz rəngli saxsı qablar daha çox işlənmişdir. Bu dövrün sonunda həmçinin nazik gövdəli kiçik bəzəksiz kasalar da meydana çıxmışdır.[17]
Məzarlıqlarda çoxlu polixrom keramika tapılması, dini ayinlərin tətbiqini göstərir. Oxşar saxsı qablar Pakistanın Bəlucistan əyalətidəki Nal bölgəsində tapıldı və bu fakta əsaslanaraq bəzi alimlər Şəhr-i Suxtedəki polixrom keramikaların xaricdən gətirildiyi qənaətinə gəliblər. Lakin Muqavero (2008) kimi başqaları bu saxsı qabın yerli olduğunu irəli sürürlər, belə ki, bu tip istehsala Şəhri Soxtanın yaxınlıqdakı Təpə Daş və Şəhridən 3 km və 30 km cənubda yerləşən Təpə Rud-e Biyaban ərazilərində rast gəlmək olar.[17]
IV dövr qazıntıları “Yanmış saray” və ya “Yanmış bina”da aparılmışdır. Arxeoloqlar hesab edirlər ki, bu dövrdə Şəhr-i Suxte Bəmpur vadisi və Qəndəhar ərazisi ilə demək olar ki, yalnız əlaqə saxlamışdır, bu da Bəmpurun V və VI mərhələlərinə aid tapılan saxsı qablarla öz təsdiqini tapır. Emal emalatxanaları 1972-ci ildə şəhərin qərb məhəllələrində böyük miqdarda çaxmaq daşı, lapis lazuli və firuzə aşkar edilmişdir, bu sahələr ərazidə unikal hesab olunur.[15] Digər tərəfdən, Enriko Askaloun son qazıntılarında Şəhr-i Soxtanın 33-cü sahəsində e.ə. 2450-2350-ci illərə aid edilən radiokarbon mərhələsini aşkar etdi.[16] Lakin bu mərhələ arxeoloq Massimo Vidale tərəfindən bütün Şəhr-i Suxte ərazisi üçün inkişaf etmiş şəhər işğalının son dövrü kimi qəbul edilmişdir.[5]
İran arxeoloqları S.M.S. Səccadi və Hüseyn Moradi qazıntı mövsümündə (2014-2015) Şəhr-i Suxtenin IV dövrünün 26-cı sahəsində iki bina arasındakı uzun keçiddə yarım sütunlar sistemi tapırlar. Massimo Vidale hesab edir ki, bu, təxminən e.ə.2500-cü ilə aid olan Fransız arxeoloqları tərəfindən illər əvvəl Mehrqarhda aşkarlanmış çox oxşar yarım sütunları olan "tam saray" birləşməsinin bir hissəsidir.[5]
Digər tərəfdən, Askaloun mühazirəsində xronoloji qrafiklə etiraf edir ki, e.ə.2350-2200-cü illər arasında tərk edilmiş, bir müddətdən sonra Şəhr-i Suxtedəki “Yanmış bina” e.ə.2200-2000-ci illərdə məskunlaşmışdır.[5]:min.11:34[19] Uzun illər əvvəl burada qazıntı aparan Tosi və Rafael Bişion bu "Yanmış bina"nın təxminən e.ə.2000-ci ildə "dağıdıcı atəş nəticəsində dağıdıldığını" hesab edirdilər.[5]
Şəhr-i Suxte ərazisi arxeoloq S.M.Səccadinin qeyd etdiyi kimi beş əsas hissəyə bölünür:[3]:21
Qərbi Əfqanıstanın Helmand mədəniyyəti e.ə. III minilliyə aid Tunc dövrü mədəniyyəti idi. Alimlər bunu Şəhr-i Soxta, Mandiqak və Bəmpur əraziləri ilə əlaqələndirirlər.
Bu sivilizasiya e.ə. 3200 və 2350-ci illər arasında çiçəklənərək, Hind vadisi mədəniyyətinin birinci mərhələsinə təsadüf edirdi. Şəhr-i Soxtanın III və IV dövrləri və Mandiqak IV dövrünün sonuncu hissəsi Harappan 3A ilə müasir və Harappan 3B-nin bir hissəsidir.[5]
Beləliklə, Ciruft və Helmand mədəniyyətləri bir-biri ilə sıx bağlıdır. Ciruft mədəniyyəti İranın şərqində, Helmand mədəniyyəti isə Əfqanıstanın qərbində eyni vaxtda inkişaf etmişdir. Əslində, onlar eyni mədəniyyət sahəsini təmsil edirdilər. Mehrqarh mədəniyyəti isə daha tez inkişaf etmişdi.
Şəhdad isə qazıntı işlərinin aparıldığı başqa böyük ərazidir. Əfqanıstan və Pakistan arasındakı səhra ərazisi olan Sistan hövzəsində 900-ə yaxın Tunc dövrünə aid ərazi sənədləşdirilib.[22]