Ərzincan barışığı | |
---|---|
İmzalanma tarixi | 5 (18) dekabr 1917 |
İmzalanma yeri | |
Tərəflər | Osmanlı imperiyası, Zaqafqaziya Komissarlığı |
Dilləri | rus dili, Osmanlı dili |
Ərzincan barışığı (1917) — hərbi əməliyyatların dayandırılması haqqında Türkiyə hökuməti ilə Zaqafqaziya Komissarlığı (ZK) nümayəndələri arasında dekabrın 5 (18)-də Türkiyənin Ərzincan şəhərində imzalanmış saziş. Barışığın şərtlərinə görə, onun maddələri sülh müqaviləsi bağlanana qədər tərəflərin hər biri üçün məcburi idi. Sazişi pozan tərəflərdən biri hərbi əməliyyata başlamasını 14 gün əvvəldən bildirməli idi, əks halda, barışıq ümumi sülh müqaviləsi bağlananadək qüvvədə qalmalıydı. Döyüşən tərəflər arasında elə həmin gün demarkasiya xətti müəyyən edilməli, tərəflər öz ordularının strateji yerdəyişməsinə yol verməməli və xüsusən, türk ordusu Qafqaz cəbhəsindən Mesopotamiyaya aparılmalı idi. Qeyd edilirdi ki, Rusiya ilə Mərkəz dövlətləri arasında ümumi barışıq sazişi imzalanacağı halda, onun maddələri Qafqaz cəbhəsi üçün də məcburi olmalıdır. Ərzincan barışığına əsasən Qara dənizdə vuruşan ölkələrin hərb gəmiləri arasında hərbi əməliyyatlar da dayandınlırdı. Osmanlı Baş komandanlığı Ərzincan barışığını Sovet Rusiyası ilə deyil, Zaqafqaziya Komissarlığı ilə imzalamaqla, dolayısı ilə onu Zaqafqaziya hökuməti kimi tanımış olurdu. Ərzincan barışığından sonra Rusiya üçün Qafqaz cəbhəsi dağıldı, rus qoşunları işğal altında saxladıqları Şərqi Anadolu torpaqlarını tərk edərək, geri çəkilməyə başladı. Rusiya qoşunları geri çəkilərkən silahlarının xeyli hissəsini Azərbaycan və Anadolu türklərinə qarşı soyqırımı həyata keçirən erməni-daşnak quldur dəstələrinə verdilər.