Çalon Aranq

Çalon Aranq tamaşasından görüntü

Çalon Aranqİndoneziyanın Bali adasında orta əsrlər dövrünə aid edilən Ranqdanın Baronqla mübarizəsini canlandıran tamaşalar.[1]

Çalon Aranq tamaşaları Bali mədəniyyətinin ayrılmaz hissəsidir. Bütövlükdə Bali mədəniyyətində Ranqda (əcinə, rakşas tipi) vacib rol oynayır. Bali mifologiyasının Yava ilə sıx əlaqəsi bu dəfə Ranqdanın Yava mənşəli olmasına dair versiyalarda öz təsdiqini tapır. Ranqda ənənəvi Bali mifologiyasında əcinnə leakların (leaklar Bali mifologiyasına görə, hamilə qadınları taparaq onların bətnindəki körpənin, yaxud da dünyaya yeni gəlmiş uşaqların qanını sovuran kanniballardır və daxili orqanları görünən uçan baş kimi təsvir olunurlar) kraliçası sayılır və ifritələr ordusu ilə birlikdə işıqlı qüvvələrin hökmdarı Baronqla arasıkəsilməz müharibələr aparır. Ranqda adətən uzun dilli və iti caynaqlı, pırpız saçları olan yarımçılpaq qarı kimi təsəvvür edilir. Bu əcinnənin mənşəyinə dair tədqiqatçılar müxtəlif fikirlər söyləyirlər. Bəziləri Ranqdanın varlığını hinduizmlə bağlayaraq, onun yerli Kali (hindlilərin dağıdıcı və qoruyucu qara ilahəsi) olduğu qənaətindədirlər. Belə ki, çoxları tərəfindən şər qüvvələri təmsil etdiyi düşünülən Ranqda Balinin bəzi bölgələrində həm də qoruyucu qüvvəyə malik obraz kimi çıxış edir və bu əcinnənin rəmzi rənglərindən olan ağ, qara və qırmızının Kaliyə də xas olduğu vurğulanır. Digər tədqiqatçılar isə Ranqdanı (tərcüməsi "dul qadın" mənasını verir) konkret şəxsin — X-XI əsrlər arasında yaşamış əslən yavalı olan Bali kraliçası Mahendradattanın (əsl adı Qunapriya Dharmapatni) — adıyla bağlamağa çalışırlar. Yavanın mərkəzi və şərqi hissələrində yerləşən Mataram dövlətinin kralı Dharmodayana bacısı Qunapriya Dharmapatnini cadugərlikdə suçlayaraq adadan sürgün edir. Əfsanəyə görə, bunun əvəzində o, adanı taun xəstəliyinə yoluxdurur. Bəzən bu məsələdə ifrata da varırlar: misal üçün, Ranqda rolunun ifaçısı bütün ifritələri toplayıb öz güclərini nümayiş etdirməyə çağırdığı tamaşadan sonra Baronq və Ranqda arasındakı mübarizədə kimin qalib gəlməsi (aktyor, yaxud ifritələrin qalibiyyəti ay ərzində real olaraq kimin sağ qalıb-qalmamasıyla həll olunur) haqqında qorxulu əhvalatlar danışılır. Çalon Aranqda kostyumlar, xüsusilə, Baronq və Ranqdanın geyimləri çox əlvandır: dəbdəbəli qızılı taclar, qırmızı rəngin üstünlüyü və girdə qara gözləri olan maskalar tamaşaçıya dərhal təsir göstərir. Qarasaqqal Baronq və Ranqda bu geyimlərdə əcaib-qəraib meşə adamını xatırladırlar. Çalon Aranqın da bir üzü Kathakalidir, o biri üzü — Pekin operası.[2]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Performance in Bali" (PDF). 2022-01-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-28.
  2. Talıbzadə Aydın. Şərq teatrı tarixi. Bakı: ADMİU, 2016, s. 222–223