İsrail–İordaniya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
İsrail–İordaniya münasibətləri — İsrail və İordaniya arasında mövcud ikitərəfli münasibətlər. İki ölkə arasında diplomatik münasibətlər 1994-cü ildə ortaq sülh müqaviləsi imzalandıqdan sonra quruldu. Ölkələr arasındakı dövlət sərhədinin uzunluğu 307 km-dir[1].
14 may 1948-ci ildə Britaniyanın Fələstinə verdiyi mandatın bitməsindən bir gün əvvəl David Ben-Qurion Fələstində müstəqil yəhudi dövlətinin yaradıldığını elan etdi və bu ölkənin ilk baş naziri oldu[2]. Ertəsi gün Ərəb Dövlətləri Liqası İsrailə müharibə elan etdi və dərhal beş ərəb dövləti (Suriya, Misir, Livan, İraq və Transiordaniya) yeni ölkəyə hücum etdi və bununla da Birinci Ərəb-İsrail müharibəsi başladı. Əməliyyatlar başa çatdıqda, Transiordaniya Qərb Sahil və Şərqi Qüdsü nəzarət altına aldı. Transiordaniya Kralı Abdullah ibn Hüseyn ölkənin adını İordaniya olaraq dəyişdirdi və 1950-ci ildə İordan çayının qərb sahilinin ölkəsinin bir hissəsi olduğunu elan etdi. 1967-ci ilin iyununda İordaniya İsrail ilə Altı günlük müharibədə sarsıdıcı bir məğlubiyyətə uğradı: Qərb sahili və Şərqi Qüds İordaniya ərazisi olmaqdan çıxdı[3]. İordaniya İordan çayının qərb sahilinin itkisini qəbul etmədi. 1973-cü ildə İordaniya İsrailə qarşı Yom Kippur müharibəsində digər ərəb ölkələrini dəstəklədi. Ancaq siyasi bəyanatlar və Suriyaya ekspedisiya qüvvələrinin göndərilməsi ilə məhdudlaşdı. 1980-ci illərdə İordaniya kralı Hüseyn ibn Talal Fələstin Azadlıq Təşkilatının qüvvələri ilə əməkdaşlıq siyasəti aparırdı. İordaniya Qərb Sahili ilə ənənəvi əlaqələrini qorumaq üçün tədbirlər gördü: bank sahəsində əməkdaşlıq, bölgədəki fələstinli məmurlara maaş vermək, Fələstin firmalarına subsidiyalar ayırmaq, Qərb Sahili iqtisadiyyatındakı İordaniya investorlarına hökumət zəmanətləri vermək. 1977-ci ildə Misir Prezidenti Ənvər Sadat İsrail ilə danışıqlara başlamış, 1979-cu ildə Misir-İsrail sülh müqaviləsinin bağlanmasına səbəb olmuşdu. Hüseyn ibn Talal qalan ərəb dünyasının əvvəlcədən razılığı olmadan Ənvər Sadatın nümunəsini izləmək istəmədi. İordaniya kralı ərəb dünyasından böyük dəstək olmadığı təqdirdə, onun İsrail ilə siyasi danışıqlarının ölkə üçün gözlənilməz nəticələrə səbəb ola biləcəyinə düşünürdü. 1984-cü ilin sentyabrında İsrailin Baş naziri Şimon Peres İordaniya Kralını FAO-nun iştirakı olmadan birbaşa danışıqlar aparmağa dəvət etdi. Hüseyn ibn Talal birbaşa danışıqlardan imtina etdi, lakin 1985-ci ilin oktyabrında BMT-də keçirilən beynəlxalq sülh konfransında İsrail tərəfi ilə əlaqə yaratmağa hazır olduğunu bildirdi[4].
1986-cı və 1987-ci ildə İsrail və İordaniya hökumətləri arasında gizli danışıqlar aparıldı. Ölkələr arasında dinc fələstinli qüvvələrin sülh prosesində iştirakı, Qahirə-Amman İordaniya Bankının Qərb sahilində filiallarının açılması, İordaniyanın bu ərazinin maliyyə, kənd təsərrüfatı, təhsil və tibb işlərində iştirakı kimi mövzularda əməkdaşlıq mövzusunda razılaşmalar əldə edildi. 1987-ci ilin noyabrında İsrailin Xarici İşlər Naziri Şimon Peres və İordaniya Kralı Hüseyin Londonda sülh anlaşma memorandumu imzaladılar. Lakin Şimon Peres İsrailə qayıtdıqdan sonra İsrail hökumətində bu memorandumun müddəalarının icrası üçün dəstək ala bilmədi. 1991-ci ildə Madrid Konfransında ikitərəfli danışıqlar, 1994-cü ildə imzalanan İsrail-İordaniya Sülh Müqaviləsi sona çatdı. İki ölkə arasında sülh müqaviləsinin ratifikasi ilə tam diplomatik münasibətlər quruldu. 2000-ci ilin aprelində İordaniya Kralı II Abdullah İsrailə rəsmi səfər edən ilk İordaniya dövlət başçısı oldu[5]. 8 oktyabr 2018-ci ildə İordaniya kralı II Abdullah İsrail müxalifətinin lideri Avoda partiyasının sədri Avi Qabai ilə görüşdü[6]. Dinc Fələstin-İsrail nizamlanması yolları və regional məsələlər müzakirə edildi[7].
Həmin ayda II Abdullahın 1994-cü ildə İsrail-İordaniya sülh müqaviləsini qismən ləğv etmək və Naharaim bölgəsindəki "sülh adası" adlanan ərazini, habelə Arava səhrasındakı Mouvlaat a-Şofarı klrallığın istifadəsinə qaytarmaq qərarı verdi. Razılaşmaya görə, İsrail bu iki adanı İordaniyadan 25 il müddətinə icarəyə götürdü və sonra icarəni uzada da bilər[8].
1996-cı ilin iyul ayında İsrail və İordaniya arasında ilk ticarət əməliyyatları baş verir. 1996-cı ildə İsrail İordaniyaya 9 milyon dollar dəyərində, İordaniya isə İsrailə 5 milyon dollar dəyərində ixracat təşkil etdir. 1996-cı ildə İsrail İordaniyaya təxminən 20 milyon dollar , İordaniya isə İsrailə 12.5 milyon dollar mal satır. 1998-ci ilin birinci yarısında ölkələr arasında ticarət dövriyyəsi 20 milyon dollardan çox olmuşdur. Bu da əvvəlki illə müqayisədə 60 % artım deməkdir[13].
1997-ci ildə İsraildən təqribən 125.000 turist İordaniyaya səfər etmişdir. 1996-cı ildə İordaniyadan 50.000, 1997-ci ildə isə 47.000 turist İsraildə olomuşdur[13].