Şərqi Asiya Tədqiqat Universitetləri Assosiasiyası (çin. 東亞研究型大學協會, ing. Association of East Asian Research Universities – AEARU) — Şərqi Asiya ərazisində yerləşən ölkələrin bəzi tədqiqat universitetlərinin regional təşkilatı.
Assosiasiya 1996-cı ilin yanvar ayında Şərqi Asiya ərazisində yerləşən ölkələrin doqquz ali məktəbi tərəfindən təsis edilmişdir.
Təşkilatın əsas məqsədi bura üzv olan ali məktəblər – tədqiqat universitetləri arasında tədqiqat nəticələri bölüşmək üçün forum açmaq, həmçinin onlar arasında qarşılıqlı mübadilənin təşviqidir.
Assosiasiyanın İdarə Heyətinə sədr rəhbərlik edir.[1] Bundan başqa bu təşkilatda vitse-sədr də fəaliyyət göstərir.[1] İdarə Heyətinə həmçinin beş seçilmiş digər üzvlər də daxildir.[1] Ümumiyyətlə isə İdarə Heyəti beş ölkənin hər birindən olan bir və ya iki üzvdən ibarətdir.[1] Səmərəli biznes məsələləri həyata keçirmək məqsədilə AEARU Katibliyi sədrlə eyni universitetdə yerləşir.[1] Təşkilatın eksklüziv katibi müxtəlif AEARU fəaliyyətini əlaqələndirir və həmçinin təşkilatın saytlarını idarə edir.[1]
Bütün üzv universitetlərin iştirakı ilə hər il Assosiasiyanın ümumi yığıncağı keçirilir.[1]
AEARU-nun fəaliyyətinə müxtəlif növ seminarlar, tələbə yay düşərgələrinin, tələbə müsabiqələrinin, beynəlxalq simpoziumların təşkili daxildir.[1] Bu kimi fəaliyyətlər fikir və qarşılıqlı məlumat mübadiləsinin təşviq edilməsi və üzv universitetlər arasında sıx münasibətlərin inkişaf etdirilməsi üçün il ərzində mütəmadi olaraq keçirilir.[1]
2015-ci ilin noyabr ayına olan məlumata görə Assosiasiyaya hazırda 5 ölkədən 17 ali məktəb üzvdür.[2]