Ələkbər Məmmədov

Ələkbər Məmmədov
Ələkbər Məmmədov 1950-ci ildə.[1]
Ələkbər Məmmədov 1950-ci ildə.[1]
Ümumi məlumatlar
Tam adı Ələkbər Əmir oğlu Məmmədov
Ləqəbi Alik[2]
Doğum tarixi 9 may 1930(1930-05-09)[3]
Doğum yeri
Vəfat tarixi 28 iyul 2014(2014-07-28)[4] (84 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Boyu 172 sm
Çəkisi 69 kq
Mövqeyi hücumçu
Karyerası
Gənclik karyerası
1945—1947 SSRİ Spartak
Klub karyerası[* 1]
1948—1953 SSRİ Neftyanik 132 (41)
1953—1959 SSRİ Dinamo Moskva 92 (43)
1960—1961 SSRİ Neftyanik 25 (4)
Milli yığma[* 2]
1954—1957 SSRİ SSRİ (ikinci) 8 (2)
1958—1959 SSRİ SSRİ 4 (0)
Məşqçisi olduğu klublar
1963—1965 SSRİ Neftyanik
1971—1972 SSRİ Neftçi
1993 Azərbaycan Azərbaycan
Təltif və medalları
"Şöhrət" ordeni — 1995
"Şərəf nişanı" ordeni — 1968
SSRİ əməkdar idman ustası — 1960 SSRİ əməkdar məşqçisi — 1990 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 2012
İmzası
İmza

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ələkbər Məmmədov (tam adı: Ələkbər Əmir oğlu Məmmədov; rus. Мамедов Алекпер Амирович; 9 may 1930[3], Bakı28 iyul 2014[4], Bakı) — sovetAzərbaycan futbolçusu və məşqçisi, SSRİ əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü,[5] Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, professor,[6] "Şöhrət"[7]"Aleksandr Nevski" ordeni[8] laureatı.

Məmmədov Bakının "Neftyanik" (1948-1953, 1960-1961), və Moskvanın "Dinamo" (1953-1959) komandalarında hücumçu mövqeyində çıxış edib. O, SSRİ yüksək liqasında 185 oyun keçirib, 56 qol vurub. "Dinamo"nun heyətində dörd dəfə — 1954, 1955, 1957, 1959-cu illərdə SSRİ çempionu olub. İki dəfə SSRİ-də mövsümün ən yaxşı 33 oyunçusu siyahısında qərarlaşıb (1956, 1957). SSRİ yığma komandasının tərkibində 1958-1959-cu illərdə 4 oyun keçirib. 1960-cı il futbol üzrə Avropa çempionatının seçmə oyunlarının iştirakçısıdır.[9]

Məmmədov 1963-1965 və 1971-1972-ci illərdə "Neftçi" komandasının, 1993-cü ildə isə Azərbaycan yığma komandasının baş məşqçisi olaraq fəaliyyət göstərmiş, Azərbaycanda gənc idmançıların hazırlanması və yüksək səviyyəli futbolçuların yetişdirilməsində müstəsna rol oynamışdır. O, Azərbaycan Futbol Federasiyaları AssosiasiyasınınMilli Olimpiya Komitəsinin icraiyyə komitələrinin üzvü idi.[6]

Ələkbər Məmmədov "На трех континентах" (azərb. Üç qitədə‎) (1963), "Тайны футбольной профессии" (azərb. Futbol peşəsinin sirləri‎) (1991) və "Что наша жизнь? Игра!. Воспоминания и размышления" (azərb. Bizim həyatımız nədir? Oyun!. Xatirələr və düşüncələr‎) (2010) adlı üç kitabın müəllifidir.

Ələkbər Məmmədov 9 may 1930-cu ildə Bakıda qalayçı Əmir Məmmədov və əslən Belarusiyadan olan Nastya xanımın ailəsində anadan olub.[10] Erkən yaşından atasını, daha sonra bacı və qardaşını itirən Məmmədov anasının himayəsi altında qalıb. Yaşayış səviyyəsi ağır olduğundan o, uşaq yaşlarından əməklə məşğul olaraq anasına kömək edib.[11]

Dövrünün əksər uşaqları kimi, o da futbolun sirlərini "küçə futbolu"nda öyrənib. Əsasən "Soldat bazarı" və "Salyan kazarması" meydanlarında top qovmaqla məşğul olan Məmmədovu tezliklə "Spartak" cəmiyyətinin gənclər komandasına dəvət edirlər. 1945-ci ildə bu cəmiyyətin komandasını Moskvaya, "Spartak" mərkəzi şürasının çempionatına göndərəndə Ələkbər də onların arasında idi. Moskvadakı oyunlarda da fərqlənən Məmmədov o dövrün məşhur futbolçuları olmuş Vladislav Jmelkovla Anatoli Akimovdan xoş sözlər eşitmişdi.[11]

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

Neftyanik: 1948–1953

[redaktə | mənbəni redaktə et]
Ələkbər Məmmədov Tofiq Bəhramov adına Respublika Stadionunda vurulmuş ilk qolun müəllifidir.

Artıq istedadı ilə seçilən Ələkbəri 1947-ci ildə "Neftyanik"ə dəvət edirlər. Həmin vaxt onun cəmi 17 yaşı var idi. Çox gənc olmasına baxmayaraq, elə ilk günlərdən komandanın heyətində möhkəmlənə bilir və uzun müddət onun əsas simalarından birinə çevrilir. 1949-cu ildə "Neftyanik" güclülər dəstəsinə buraxılanda da Ələkbər komandada idi. Heyətdəki dəyişikliklərə baxmayaraq, o, komandanın əsas fiqurlarından biri idi. Ələkbər həmin mövsüm komandanın kapitanı Naum Naumtsevİsay Abramaşvili ilə birgə bütün oyunlarda meydana çıxır.[11]

Ələkbər növbəti futbol mövsümünü də əla keçirməsinə baxmayaraq, "Neftyanik" güclülər dəstəsində yerini qoruyub saxlaya bilmədi. İki mövsümdə güclülər dəstəsində cəmi 9 top vurmasına baxmayaraq o, komandasına xeyli fayda verə bilirdi. Rəqib cəbhədə çaşqınlıq yarada bildiyindən, onu saxlamaq üçün bir müdafiəçi kifayət etmir, Ələkbərin komanda yoldaşları isə bundan yararlana bilirdilər.[11]

1951-ci ildə Məmmədov birinci liqada komandasının əsas zərbə qüvvəsi olur. O, mövsüm ərzində keçirilən 34 görüşün hamısında meydana çıxaraq rəqib qapısından 21 top keçirir. Vurulan qollara görə o, komandasının bombardiri olaraq, öz zonasında Serafim Arzamastsevdən ("Traktor") sonra ikinci nəticə göstərir. Vurulan 21 topdan biri isə daha əlamətdar olub. 1951-ci il sentyabrın 16-da İosif Stalin adına Respublika stadionunun (indiki Tofiq Bəhramov adına Respublika Stadionu) rəsmi açılış günündə ilk topu məhz Ələkbər vurur.[2] Lakin "Neftyanik" həmin il güclülər dəstəsinə keçə bilmədiyindən, rəhbərliyin qəzəbinə tuş gəlir və komanda demək olar ki, buraxılır. Heyətin beş oyunçusu, o cümlədən Ələkbər Məmmədov komandada qalır, "Neftyanik" demək olar ki, yenidən formalaşır. O vaxt cəmi 22 yaşı olan Ələkbər Məmmədovu komandaya oynayan baş məşqçi təyin etmək istəyirdilər. Məmmədov öz xatirələrində bu haqda belə yazır: "Neftyanik"in bütün hazırlıq mərhələsini mən evdə keçirdim. Bunun əsas səbəbi isə çoxlu sayda təşkilati işlərin görülməsi idi. Mənim Səməd Vurğun küçəsindəki ev 8-də yerləşən mənzilim "Neftyanik"in bir növ ştabına çevrilmişdi".[11]

Lakin rəhbərlik çox gənc oyunçunun belə məsul işə təyinatının düzgün olmadığını gec də olsa anlayıb, yenidən komandaya Şirəli Şirəliyevi baş məşqçi təyin edir. Birinci liqada oynamasına baxmayaraq, Ələkbər Məmmədovu bir çox güclü klublar öz heyətində görmək istəyirdilər. 1948-ci ildən 1953-cü ilə qədər "ağ-qaralar"ın heyətində çıxış edən Məmmədov bu müddət ərzində 132 oyunda meydana çıxıb və həmin oyunlarda 41 dəfə fərqlənməklə "Neftyanik"in qələbələrində böyük pay sahibinə çevrilib.[12]

Dinamo Moskva: 1953–1959

[redaktə | mənbəni redaktə et]
Ələkbər Məmmədov (aşağı sırada sağdan birinci) 1957-ci ildə "Dinamo"nun heyətində.

O vaxt futbolçunun bir klubdan digərinə keçməsi həm çətin idi, həm də bu işə yaxşı baxmırdılar. Lakin 1953-cü ildə mövsümün bitməməsinə baxmayaraq, rəhbərliyin razılığı ilə Məmmədov Moskvaya yollanır.[11] Futbolçunun Bakını Moskvaya dəyişməsinin əsas səbəblərindən biri də "Neftyanik"in güclülər dəstəsində davam gətirə bilməməsi, uzun müddət birinci liqa iştirakçıları sırasında qalması olub.[12]

Ələkbəri ilk olaraq "Spartak" öz heyətinə cəlb edir. Lakin bir qədər sonra "Dinamo" rəhbərliyi cəld və hiyləgər tərpənərək onu komandaya götürürlər.[11] Məmmədov "Dinamo"nun heyətində ilk görüşünü 26 oktyabr 1953-cü ildə beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Macarıstanın "Doja" komandasına qarşı keçirir. 1:1 hesabı ilə bitən görüşdə start heyətində meydana çıxan Məmmədovu 78-ci dəqiqədə Aleksey Vodyagin əvəzləyib.[13] Məmmədovun komandanın heyətində rəsmi görüşdə debütü isə 13 aprel 1954-cü ildə çempionat çərçivəsində "Trudovıe rezervı" komandasına qarşı keçirilmiş görüşdə baş tutub.[14] Bu görüş "Dinamo"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. "Sovetski sport" qəzetinin müxbiri L. Ordin bu oyun haqqında yazdığı məqalədə Məmmədovu "hücumlara rəhbərlik etmək iqtidarında ola bilən futbolçu" kimi dəyərləndirib.[15] Məmmədov "Dinamo"nun heyətində ilk qolunu 7 may 1954-cü ildə "Krılya Sovetov"un qapısından keçirib.[16] Ələkbər Məmmədov "Dinamo"nun heyətində 1954-cü il mövsümündə 15 oyunda 5 qol vuraraq komandasının çempion olmasında böyük pay sahibi olub.[17] İlk mövsümündə o, həmçinin 8 beynəlxalq yoldaşlıq görüşündə iştirak edib və 4 qol vurub.[17]

Növbəti mövsümdə Məmmədov "Dinamo"nun heyətində ikinci dəfə ölkə çempionu olub. Bu mövsümdə o, ölkə kuboku və beynəlxalq yoldaşlıq görüşləri də daxil olmaqla, ümumilikdə 18 oyun keçirib və 12 qol vurub.[18] Məmmədovun futbolçu karyerasında ən yadda qalan hadisələrdən biri məhz 1955-ci ildə baş verib. Belə ki, o, 4 sentyabr 1955-ci ildə "San Siro" stadionunda İtaliyanın "Milan" komandasının qapısına bir oyunda 4 qol vuraraq rekorda imza atıb.[19][20] "Dinamo" həmin vaxt İtaliyaya səfərə gələn ilk sovet komandası idi. 100 min[20] azarkeşin tribunadan canlı izlədiyi oyuna böyük maraq yaranmışdı. İtaliya futbolu həmin vaxt dünyanın ən güclülərindən sayılırdı. İkiqat dünya çempionlarının ən güclü komandalarından birini doğma meydanda 4:1 hesabı ilə məğlub etməklə "Dinamo" hər kəsi təəccübləndirmişdi.[12] Oyundan sonra italyan futbol mütəxəssisləri Məmmədovu "nəinki Rusiyanın, həm də Avropanın birinci dərəcəli futbolçusu" adlandırılmışdılar.[14] Uzun illər sonra həmin tarixi oyunu xatırlayan Lev Yaşin belə deyəcəkdi: "Ələkbər inanılmaz texnikaya malik idi. Onda hücumçu üçün vacib olan bütün keyfiyyətlər cəmlənmişdi. Meydanı əla görür, sürətli keçidlərlə rəqibini çaşbaş salırdı. Özünəməxsus ötürmələri isə komanda yoldaşları üçün göydəndüşmə qol fürsəti idi".[12] Məmmədovun əldə etdiyi bu rekord, 2014-cü ilin yanvarına qədər toxunulmaz qaldı. Həmin vaxt "Sassuolo"nun hücumçusu Domeniko Berardi milanlıları 4 dəfə məyus etməklə Məmmədovun rekorduna şərik oldu.[12][21]

Sonrakı illərdə Məmmədov "Dinamo"nun heyətində daha iki dəfə (1957, 1959) ölkə çempionatının qalibi olub. O, həmçinin komandanın heyətində iki dəfə (1956, 1958) ölkə çempionatının, bir dəfə isə (1955) ölkə kubokunun gümüş mükafatçısı olub.[14] Məmmədov 1956 və 1957-ci illərdə SSRİ-də mövsümün ən yaxşı 33 oyunçusu siyahısında üçüncü yerdə qərarlaşıb.[21]

Neftyanik: 1960–1961

[redaktə | mənbəni redaktə et]

"Neftyanik"in yüksək liqaya qayıtmasından sonra Ələkbər Məmmədov yenidən doğma komandasına dönür. İki mövsüm doğma "Neftyanik"in şərəfini qoruyur və meydana çıxdığı 25 oyunda rəqib qapıçıları 4 dəfə məyus etməyi bacarır. Məmmədovu əvvəlki formasını bərpa etməsinə çoxsaylı zədələr və mədə xorası xəstəliyi imkan vermirdi.[11] Bütün bu halları nəzərə alan hücumçu 1961-ci ildə futbolçu karyerasına son qoymaq qərarına gəlir. Həmin il iyulun 25-də Bakıda Donetsk "Şaxtyor"u ilə görüşün ikinci hissəsində meydana çıxaraq sonuncu oyununu keçirir.[11]

Klub statistikası

[redaktə | mənbəni redaktə et]

Mənbə:[14][22]

Klub Çempionat Mövsüm Liqa Kubok BYG Cəmi
Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Neftyanik Yüksək liqa 1949 34 3 2 2 36 5
1950 34 6 2 1 36 7
Birinci liqa 1951 34 21 1 0 35 21
1952 20 8 4 3 24 11
1953 10 3 0 0 10 3
Cəmi 132 41 9 6 141 47
Dinamo Yüksək liqa 1953 0 0 0 0 3 0 3 0
1954 15 5 0 0 8 4 23 9
1955 14 8 1 0 3 4 18 12
1956 16 12 0 0 4 1 20 13
1957 17 6 2 2 4 2 23 10
1958 19 9 3 0 3 0 25 9
1959 11 3 1 0 0 0 12 3
Cəmi 92 43 7 2 25 11 124 56
Neftyanik Yüksək liqa 1960 11 2 0 0 11 2
1961 14 2 0 0 14 2
Cəmi 25 4 0 0 25 4
Karyera cəmi 249 88 16 8 25 11 290 107

Milli komanda karyerası

[redaktə | mənbəni redaktə et]

İkinci milli komanda

[redaktə | mənbəni redaktə et]

Ələkbər Məmmədov 1954-1957-ci illər aralığında İkinci SSRİ milli futbol komandasının heyətində səkkiz oyun keçirib və iki qol vurub.[14]

Əsas milli komanda

[redaktə | mənbəni redaktə et]

Ələkbər Məmmədov 30 avqust 1958-ci ildə Çexoslovakiya milli komandasına qarşı keçirilən yoldaşlıq oyununda SSRİ milli komandasının heyətində debüt edib. O, SSRİ yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşmış bu görüşün ikinci hissənin əvvəlində Valeri Urinin əvəzinə meydançaya daxil olub.[23] Yığmanın heyətində ikinci görüşünü 28 sentyabr 1958-ci ildə 1960-cı il futbol üzrə Avropa çempionatının seçmə oyunu çərçivəsində Macarıstan milli komandasına qarşı, üçüncü görüşünü isə 22 oktyabr 1958-ci ildə Uembli stadionunda yoldaşlıq oyunu çərçivəsində İngiltərə milli komandasına qarşı keçirib.[24][25] Məmmədov yığmanın heyətində son oyununa 3 oktyabr 1959-cu ildə yoldaşlıq oyunu çərçivəsində Çin milli komandasına qarşı keçirilmiş oyunda çıxıb.[26]

Əsas milli komanda statistikası

[redaktə | mənbəni redaktə et]
# Tarix Yer Rəqib Nəticə Qeyd Yarış
1. 30 avqust 1958 Straqov stadionu, Praqa, Çexoslovakiya Çexoslovakiya Çexoslovakiya 2:1 46-cı dəqiqədə əvəzetmədən daxil olub 46' Yoldaşlıq oyunu
2. 28 sentybr 1958 Lujniki stadionu, Moskva, SSRİ Macarıstan Macarıstan 3:1 UEFA Avropa Kuboku 1960 (seçmə mərhələ)
3. 22 oktyabr 1958 Uembli stadionu, London, İngiltərə İngiltərə İngiltərə 0:5 Yoldaşlıq oyunu
4. 3 oktyabr 1959 Syannuntan stadionu, Pekin, Çin Çin Çin 1:0 46-cı dəqiqədə əvəzetmədən daxil olub 46' Yoldaşlıq oyunu

Ələkbər Məmmədov SSRİ-nin 1950-ci illərdəki ən yaxşı hücumçularından biri hesab olunur. Məmmədov sürətli, çevik, cəld, əla texniki hazırlıqlı, meydanı gözəl görən və kombinasiyalı oyunda özünü inamlı hiss edən futbolçu kimi xarakterizə olunur. O, rəqib qapısı yaxınlığında vaxtında və dəqiq ötürmələrin mahir ustası idi. Məmmədov çox vaxt orijinal və müxtəlif aldadıcı hərəkətlər hesabına rəqibin cərimə meydançasında bir neçə müdafiəçini aldadırdı.[14]

Məşqçilik karyerası

[redaktə | mənbəni redaktə et]
Banişevski "Neftyanik"in heyətində məhz Məmmədovun rəhbərliyi altında debüt edib.

Qısa müəllimlik fəaliyyətindən sonra, 1963-cü ildə Məmmədov doğma klubu "Neftyanik"ə baş məşqçi kimi qayıdır. O, ilk ilindəcə "Neftyanik"i güclülər dəstəsində səkkizinci yerə çıxara bilir. Bu göstərici Bakı klubunun güclülər dəstəsindəki ən yaxşı nəticəsi idi. Bundan sonra rəhbərlik ondan daha yaxşı nəticələr tələb etməyə başlayır. Buna görə də Məmmədovla rəhbərlik arasında münasibətlər pisləşməyə başlayır.[11]

1965-ci ilin əvvəlində artıq onu komandadan xaric etmək istəyirlər. Lakin oyunçuların işə qarışması və qiyam qaldırmaları bunun qarşısını alır. Amma mövsümün ortalarında rəhbərlik öz istəyinə çatır. Komanda avqustun 19-da Moskva "Spartak"ı ilə oynamaq üçün səfərə hazırlaşanda Məmmədovdan bəzi təşkilatı işləri görmək üçün Bakıda qalmağını xahiş edirlər. Moskvaya çatan komandaya baş məşqçi kimi Vasili Sokolovu təqdim edirlər. Bakıda isə Məmmədovu işdən xaric edirlər.[11]

Ələkbər Məmmədovun "Neftyanik"dəki birinci baş məşqçilik dönəmində Vladimir BruxtiAnatoli Banişevski kimi klubun öz yetirmələri "Neftyanik"in əsas heyətində debüt etmək şansı qazanıblar.[27][28]

Məmmədovun baş məşqçi kimi "Neftçi"yə ikinci gəlişi 1971-ci ilə təsadüf edir. Artıq get-gedə "Neftçi" şöhrətini itirməyə, komanda daxili intizam pisləşməyə doğru gedirdi. Buna baxmayaraq, baş məşqçi komandanı toparlayıb mövsümü doqquzuncu yerdə bitirə bilir. Növbəti mövsümün çətinliklərinə baxmayaraq, Məmmədov komandanı böyük səylə hazırlaşdırırdı. Komandanın isə əsas aparıcı oyunçularının yaşı kritik həddə çatmışdı. Onların bir çoxu artıq futbolla vidalaşmağa hazırlaşırdı. Onları əvəz edə biləcək gənc nəsil isə demək olar ki, yox dərəcəsində idi. Bütün bunları görən məşqçinin tənqidlərini isə rəhbərlik qəbul etmək istəmirdi. Buna görə də Ələkbər Məmmədov 1972-ci ilin may ayında istefa verir.[11]

1993-cü ildə Ələkbər Məmmədov Azərbaycan yığma komandasının baş məşqçisi təyin olunub. Yığma komanda Məmmədovun baş məşqçiliyi altında dörd oyun keçirib, üç oyunda qalib gəlib, bir görüşü heç-heçə başa vurub.[29]

Təhsili və şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Ələkbər Məmmədov orta təhsilini Bakının öz idman nailiyyətləri ilə tanınan 6 saylı məktəbində alıb.[2] O, 1953-cü ildə Azərbaycan Neft və Kimya İnstitutununu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti), 1959-cu ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası), 1965-ci ildə isə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirib.[12][21]

1962-ci ilin avqustundan Azərbaycan Bədən Tərbiyəsi İnstitutunda futbol kafedrasının müəllimi işləyib.[21] 1966-1970-ci illərdə o, həm Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) kafedra müdiri, həm də Azərbaycan SSR Maarif Nazirliyinin Bakı futbol məktəbinin direktoru olub.[30] 1972-ci ilin iyulundan ömrünün sonunadək[31] Azərbaycan Dövlət Neft və Sənaye Universitetinın bədən tərbiyəsi kafedrasının müdiri olub.[30][32] 1993-cü ildə professor elmi adına layiq görülmüşdür.[30]

Ələkbər Məmmədov həyat yoldaşı ilə cavan yaşlarında ayrılıb. Bu evlilikdən onun bir qızı olub. Qızı uşaq yaşlarından Almaniyada yaşayır.[31]

Vəfatı və xatirəsi

[redaktə | mənbəni redaktə et]
"Red Bull Zalsburq"-"Qarabağ" görüşü zamanı azərbaycanlı azarkeşlər və üzərində "Ələkbər Məmmədovun əziz xatirəsinə!!!" yazılmış pankart
Ələkbər Məmmədovun məzarı

Ələkbər Məmmədov həyat yoldaşından ayrıldığından, qızının isə Azərbaycandan uzaqda yaşaması səbəbindən təkbaşına ömür sürməyə məcbur olub.[12][31] Məmmədovun ölümündən üç gün heç kim xəbər tutmayıb. 2014-cü ilin iyul ayının sonlarında dostları ondan uzun müddət xəbər çıxmadığını görüncə polisə məlumat veriblər. 28 iyul tarixində Məmmədovun mənzilinə daxil olan xilasedicilər orada onun cansız bədəni ilə qarşılaşıblar.[9][12]

Mərhumla vida mərasimi avqustun 4-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında keçirilib. Mərasimdə mərhumun ailə üzvləri, hökumət təmsilçiləri, AFFA rəsmiləri, futbol veteranları, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək Ələkbər Məmmədovun Azərbaycan idmanının inkişafındakı müstəsna xidmətlərindən danışıb, onun parlaq xatirəsinin futbolsevərlərin qəlbində daim yaşayacağını bildirib. Mərasim başa çatdıqdan sonra mərhum İkinci Fəxri Xiyabanda dəfn olunub.[33]

6 avqust 2014-cü ildə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində baş turmuş "Red Bull Zalsburq"-"Qarabağ" görüşü zamanı, azərbaycanlı azarkeşlər, üzərində "Ələkbər Məmmədovun əziz xatirəsinə!!!" yazılmış pankart açıblar.[34]

10 avqust 2014-cü ildə Rusiya Premyer Liqasının ikinci turu çərçivəsində Moskvanın "Dinamo" və "Spartak" komandaları arasındakı keçirilmiş oyun Ələkbər Məmmədovun vəfatı ilə əlaqədar bir dəqiqəlik sükutla başlayıb.[35][36]

Müxtəlif illərdə Ələkbər Məmmədovun xatirəsinə həsr olunmuş futbol turnirləri[37][38] və yoldaşlıq görüşləri keçirilib.[39][40]

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Dinamo Moskva

  • SSRİ-də mövsümün ən yaxşı 33 oyunçusu siyahısında № 3: 1956, 1957

Dövlət mükafatları

[redaktə | mənbəni redaktə et]
  • "На трех континентах". — Azərbaycan Dövlət Nəşriyyatı. — Bakı, 1963. — Səhifələrin sayı: 148. — Formatı: А5. — 50.000 nüsx.[41]
  • "Тайны футбольной профессии". — Gənclik nəşriyyatı. — Bakı, 1991. — Səhifələrin sayı: 148. — Formatı: А5. — 80.000 nüsx.[42]
  • "Что наша жизь? Игра!". Воспоминания и размышления". — Yeni texnologiyalar. — Moskva, 2010. — Səhifələrin sayı: 384. — Formatı: А5+. — 500 nüsx.[43]
  1. "THE ICONIC BLACK AND WHITES CELEBRATE 80 YEARS". Visions.az. 12 fevral 2018 tarixində arxivləşdirilib.
  2. 1 2 3 ""Bürünc" ilinin qızıl oğlanları: San-Siro onu ayaq üstdə alqışlayırdı". Sputnik.az. 7 iyun 2016 tarixində arxivləşdirilib.
  3. 1 2 Alakbar Mammadov † // Transfermarkt (çd.). 2000.
  4. 1 2 Заслуженный тренер СССР Алекпер Мамедов скончался на 85-м году жизни (rus.).
  5. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2023.
  6. 1 2 "Azərbaycanın dövlət rəsmiləri Ələkbər Məmmədovun vəfatı ilə əlaqədar başsağlığı veriblər". Milli.az. 16 mart 2019 tarixində arxivləşdirilib.
  7. "Ə. Ə. Məmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında". E-qanun.az. 6 iyul 2018 tarixində arxivləşdirilib.
  8. "Ветераны не имеют слова, и мы не участвуем в жизни футбола - легенда азербайджанского футбола Алекпер Мамедов". Trend.az. 12 noyabr 2022 tarixində arxivləşdirilib.
  9. 1 2 "Əfsanəvi Ələkbər Məmmədov öldü". 525-ci qəzet. 16 mart 2019 tarixində arxivləşdirilib.
  10. ""Девятка" из восьмого номера". Sport Express. 16 mart 2019 tarixində arxivləşdirilib.
  11. 1 2 3 4 5 6 7 8 9 10 11 12 "Ələkbər Məmmədov". Neftchipfk.com. 17 mart 2019 tarixində arxivləşdirilib.
  12. 1 2 3 4 5 6 7 8 ""San Siro"nun unutmadığı azərbaycanlı". Sportline.az. 17 iyun 2017 tarixində arxivləşdirilib.
  13. "1953 тов. межд. 26 октября 1953 (понедельник) Динамо (Москва) - Дожа (Будапешт, Венгрия) 1:1 дома". Fc-dynamo.ru. 21 iyun 2016 tarixində arxivləşdirilib.
  14. 1 2 3 4 5 6 "Мамедов Алекпер Амирович". Fc-dynamo.ru. 8 iyul 2017 tarixində arxivləşdirilib.
  15. "1954 год. 13 апреля (вторник) Динамо (Москва) - Трудовые резервы (Ленинград) 1:0 Харьков чемпионат, дома дома". Fc-dynamo.ru. 18 avqust 2014 tarixində arxivləşdirilib.
  16. "1954 чемпионат 7 мая 1954 (пятница) Динамо (Москва) - Крылья Советов (Куйбышев) 1:0 дома". Fc-dynamo.ru. 2019-03-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
  17. 1 2 "Мамедов А.А." Fc-dynamo.ru. 2019-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
  18. "Мамедов А.А." Fc-dynamo.ru. 2019-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
  19. ""San-Siro" fatehi – Gənclərə örnək". Kaspi.az. 2019-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
  20. 1 2 "1955 тов. межд. 4 сентября 1955 (воскресенье) Динамо (Москва) - Милан (Милан, Италия) 4:1 в гостях". Kaspi.az. 2019-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
  21. 1 2 3 4 "Məşhur futbol ulduzu Ələkbər Məmmədovun doğum günüdür". Salamnews.org. 2019-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
  22. "Мамедов Алекпер Амирович". Footballfacts.ru. 2019-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
  23. "Чехословакия 1:2 СССР". Footballfacts.ru. 2019-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
  24. "СССР 3:1 Венгрия". Footballfacts.ru. 2019-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
  25. "Англия 5:0 СССР". Footballfacts.ru. 2019-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
  26. "Китай 0:1 СССР". Footballfacts.ru. 2019-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
  27. "Брухтий Владимир Петрович". Footballfacts.ru. 4 avqust 2018 tarixində arxivləşdirilib.
  28. "Банишевский Анатолий Андреевич". Footballfacts.ru. 4 avqust 2018 tarixində arxivləşdirilib.
  29. "NATIONAL TEAMS → managed by Ələkbər Məmmədov". Eu-football.info. 21 dekabr 2014 tarixində arxivləşdirilib.
  30. 1 2 3 "Мамедов Алекпер Амирович - футболист, тренер, педагог". Baku.ru. 4 mart 2016 tarixində arxivləşdirilib.
  31. 1 2 3 ""Ələkbərin medalları, kubokları itib-batdı" – əfsanənin son günləri". Qol.az. 13 iyun 2017 tarixində arxivləşdirilib.
  32. "В Москве вышла книга азербайджанского футболиста". Azerisport.com. 18 iyul 2010 tarixində arxivləşdirilib.
  33. "Ələkbər Məmmədov son mənzilə yola salınıb (fotolar)". AFFA. 24 mart 2019 tarixində arxivləşdirilib.
  34. "FC Salzburg gegen FK Quarabag Agdam 05". Werner100359. 2019-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-25.
  35. "Матч "Динамо" - "Спартак" начался с минуты молчания в память Мамедова". RİA Novosti. 2019-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
  36. ""Dinamo" – "Spartak" futbol oyununda Ələkbər Məmmədovun xatirəsi anılıb". Azertag.az. 2019-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
  37. "Ələkbər Məmmədovun xatirəsinə həsr olunmuş futbol turnirinə yekun vurulub". Azertag.az. 2019-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
  38. "Ələkbər Məmmədovun xatirəsinə həsr olunmuş futbol turnirinə yekun vurulmuşdur". Azpress.az. 2019-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
  39. "Əfsanəvi futbolçu Ələkbər Məmmədovun xatirəsinə yoldaşlıq oyunu keçirilib". Azertag.az. 2019-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
  40. "Ələkbər Məmmədovun xatirəsinə tədbir keçiriləcək". Sportpress.az. 2019-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
  41. ""На трех континентах"". Footballfacts.ru. 2 avqust 2018 tarixində arxivləşdirilib.
  42. ""Тайны футбольной профессии"". Footballfacts.ru. 2019-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
  43. ""Что наша жизь? Игра!". Воспоминания и размышления"". Footballfacts.ru. 2019-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

П:  Şəxslər portalı П:  Futbol portalı П:  Azərbaycan portalı