Kornet (TƏİR) | |
---|---|
Tipi | Tank əleyhinə idarəolunan raket |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1998–davam edir |
İstismara başlanması | 1994 |
İstismar edənlər | İstifadəçilər bölməsinə bax |
İstifadə edilən döyüşlər |
İraq müharibəsi Livan müharibəsi (2006) Suriya vətəndaş müharibəsi Donbass müharibəsi |
İstehsal tarixçəsi | |
Konstruktor | KBP |
Konstruksiya tarixi | 1988–1998 |
İstehsalçı | Deqratyev Zavodu |
İstehsal illəri | 1994–davam edir |
Xüsusiyyətləri | |
Ağırlığı | 27 kq |
Uzunluğu | 1200 mm |
Vikianbarda əlaqəli mediafayllar |
9M133 Kornet - Rusiya istehsalı 2-ci nəsil tank əleyhinə idarə olunan raket (TƏİR) kompleksidir. Əsas məqsədi döyüş zamanı düşmən tanklarını sıradan çıxarmaqdır. Qiyməti yüksək olduğuna görə, hazırkı sistemləri tam əvəz etməmişdir.[1] NATO kod adı AT-14 "Spriggan"dır.[2] İlk dəfə Rusiya Ordusunda 1998-ci ildə silahlanmaya qəbul olunmuşdur.[3] İxrac variantı Kornet-E adlanır. Orduya qəbul olunduqdan sonra ilk olaraq 9K111 Faqot (NATO: AT-4 Spiqot) və 9K113 Konkurs (NATO: AT-5 Spandrel) TƏİR-lərini əvəz etdi. Bu raket ayrıca olaraq helikopterlərə qarşı da istifadə olunur. Bəzi variantlarının sahib olduğu termobarik döyüş başlığı sayəsində yüngül zirehli maşınlara, piyadalara və möhkəmləndirilmiş mühəndis-istehkam qurğularına qarşı da istifadə olunur.
2003-cü ildə ABŞ qoşunları İraqa daxil olarkən, Kornet TƏİR-dən İraqın bir neçə xüsusi təyinatlı dəstəsi tərəfindən Amerikan zirehli maşınlarına hücumlar zamanı istifadə olunmuşdur. Müharibənin ilk həftəsində bu silahdan istifadə nəticəsində ABŞ ordusuna məxsus ən azı 2 ədəd Abrams tankı və 1 ədəd Bradley PDM-i sıradan çıxarılmışdır.
Kornet TƏİR-dən ikinci dəfə 2006-cı il Livan müharibəsində Suriya tərəfindən dəstəklənən Hizbullah döyüşçüləri tərəfindən İsrail ordusuna qarşı uğurla istifadə olunmuşdur. Nəticədə, İsrailə məxsus 4 ədəd Merkava tankı məhv edilmiş, ümumilikdə isə 24 ədəd tank zədələnmişdir. İsrail ordusunun Ghandouriyeh kəndi yaxınlığında Hizbullaha məxsus postdan ələ keçirilən içərisində Kornet TƏİR olan qutunun üzərində "Müştəri: Suriya Müdafiə Nazirliyi. Təchizatçı: KBP, Tula, Rusiya" sözləri yazılmışdı. Atəşkəsdən bir neçə ay sonra çəkilən fotoşəkillərdən də aydın olur ki, Hizbullah bu ərazidə Kornet TƏİR-dən istifadə etmişdir. İsrail hökuməti bu silahların birbaşa Hizbullaha verilib-verilmədiyini öyrənmək üçün Rusiyaya bir qrup mütəxəssis göndərmişdir. Rusiya isə bu silahların yalnız Suriyaya verildiyini bildirmişdir.
6 dekabr 2010-cu ildə Qəzzə zolağından atılan daha bir Kornet mərmisi də sərhəddə olan Merkava III tankının zirehini zədələmiş, lakin, tankın ekipajından heç biri yaralanmamışdır.
2014-cü ilin yayında Qəzzədə İsrail və Həmas arasında baş verən toqquşmalar ərzində, İsrail tanklarına 15 ədəd Kornet raketi atılmış, lakin, İsrail tankları üzərində quraşdırılmış "Trofi" aktiv qoruma sistemi sayəsində tanklara heç bir ziyan dəyməmişdir. Bəzi hallarda Trofi aktiv zirehi ona istiqamətlənmiş Kornetin yerini müəyyən etmiş və onu məhv etmişdir.
İraq ordusu Kornet raketlərindən İŞİD terror qruplaşmasına qarşı ilk dəfə 2014-cü ilin sentyabrında istifadə etmişdir. Diyala bölgəsində İŞİD tərəfindən idarə olunan 5 ədəd maşına bu raketdən atəş açılmışdır.
2015-ci ilin yanvarında Hizbullah bir neçə ədəd Kornetdən İsrail ordusuna məxsus 2 ədəd Hummer maşınına atəş açmış, nəticədə, 1 əsgər və 1 zabit həlak olmuşdur.
29 yanvar 2015-ci il tarixində İran tərəfindən Hizbullaha verildiyi iddia olunan raketlərlə sərhəddə İsrail ordusuna atəş açılmışdır.
Reuters xəbər agentliyindən verilən məlumata əsasən Kornet raketlərindən 2014-15-ci illərdə Ukraynada istifadə olunmuşdur. Ukraynanın Kornet istifadəçisi olmadığı bilindikdən sonra, bu silahların Rusiya tərəfindən Ukraynada döyüşən rus yönümlü separatçılara verildiyi məlum olmuşdur.
2016-cı ildə Rusiya Suriyada hökumət qüvvələrinə üsyançılara və terrorçulara qarşı döyüşlərdə kömək üçün 1,000 ədəd 3-cü nəsil Kornet TƏİR göndərmişdir. Elə həmin ildə Suriyada hökumət qüvvələrinə məxsus TOS-1A Solntsepyok ağır odsaçan sistemi Kornet TƏİR-dən açılan atəş nəticəsində məhv edilmişdir.
2016-cı ilin oktyabrında Mosul yaxınlığında İŞİD terrorçuları tərəfindən istifadə olunan Kornetdən açılan atəşlə ABŞ istehsalı M1 Abrams tankı məhv edilmişdir.
2017-ci ilin yanvarında alman qəzeti Die Velt-in yayımladığı xəbərə əsasən, Suriyada İŞİD terrorçularının Kornet TƏİR-dən istifadə nəticəsində bu vaxta qədər Türkiyə ordusuna aid 6 ədəd Leopard-2 tankı məhv edilib.