Amir Haddad | |
---|---|
ivr. עמיר חדד | |
| |
Ümumi məlumatlar | |
Doğum adı |
Lorent Amir Xlifa Xedider Haddad ivr. לורן עמיר חליפה חדידר חדד |
Ləqəbi | Amir |
Doğum tarixi | 20 iyun 1984 (40 yaş) |
Doğum yeri | |
Milliyyəti | İsrail |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni-mahnı yazarı, səsyazma sənətçisi[d], müğənni, bəstəkar |
Fəaliyyət illəri | 2006–h.h. |
Janr | pop |
Səs tembri | tenor |
Albom şirkəti | Warner Music France |
amirofficiel.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Lorent Amir Xlifa Xedider Haddad (ivr. לורן עמיר חליפה חדידר חדד; 20 iyun 1984, Paris, İl de Frans, Fransa) və ya sadəcə Amir Haddad (ivr. עמיר חדד) — yəhudi əsilli Fransa müğənnisi. O, 2006-cı ildə İsrailin Kokhav Nolad musiqi yarışmasında iştirak etmişdir. 2011-ci ildə ifaçının Vayehi adlı debüt albomu işıq üzü görmüşdür. Həmin ildə eyni zamanda Amir Fransanın The Voice səs yarışmasında iştirak etmiş və nəticədə üçüncü yeri qazanmışdır. O, "J'ai cherché" mahnısı ilə Fransanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Haddad 20 iyun 1984-cü ildə Fransanın paytaxtı Paris şəhərində Tunis və Mərakeşdən olan Səfərad yəhudiləri ailəsində dünyaya göz açmışdır. O, bir neçə il Fransanın Sarsel şəhərində yaşamış və 1992-ci ildə səkkiz yaşında ikən İsrailin Herzliya şəhərinə köçmüşdür. O, uşaq yaşlarından musiqi ilə maraqlanmış və hətta sinaqoqlarda çıxış etmişdir.
Amir 50% eşitmə itkisi ilə dünya gəlib və yalnız sol qulağı eşidir.[1]
Amir Haddad 2006-cı ildə İsrailin Kokhav Nolad musiqi yarışmasındakı iştirakı nəticəsində şöhrət qazanmışdır. Yarışmada əsasən fransızca mahnılar ifa edən Haddad yarışmanın ilk dörd mərhələsini uğurla adlaya bilmiş və növbəti mərhələdə məğlubiyyətlə üzləşmişdir.
Amir fransız müğənni Patrik Brüelin ifa etdiyi "J'te l'dis quand même" mahnısını ivritcə ("Kache limtso milim") versiyasını hazırlayaraq, ifa etmişdir. Mahnıya eyni zamanda videoklipdə çəkdirilmişdir. Amirin ifasını bəyənən Brüel daha sonra ifaçını Parisə dəvət etmiş və Brüelin dəstəyi ilə Haddad 2008-ci ildə Parisdə konsert proqramında böyük kütlə qarşısında çıxış etmişdir. İsraildə hərbi xidmətini başa vurduqdan sonra Haddad Yerusəlim Yəhudi Universitetində stomatologiya üzrə təhsilini davam etmiş və 2012-ci ildə orada təhsilini bitirmişdir.
2011-ci ildə tələbəlik illərində Amirin Vayehi adlı debüt albomu işıq üzü görmüşdür. Albomda eyni zamanda onun artıq məşhurluq qazanan "Kache limtso milim" mahnısı da yer almışdır.
2014-cü ildə Amir Haddad Fransanın The Voice səs yarışmasında iştirak etmişdir. O, dinləmələrdə Elton Conun "Candle in the Wind" mahnısı ilə çıxış etmiş və növbəti mərhələyə vəsiqə qazanmışdır. Yarışma boyunca göstərdiyi yüksək səviyyəli ifalar sayəsində Amir final mərhələsinədək yüksələ bilmişdir. Finalda isə Amir üçüncü yerə layiq görülmüşdür.
Amir daha sonra yarışmanın iştirakçıları ilə birlikdə tur çərçivəsində Fransanın müxtəlif şəhərlərində keçirilən konsert proqramlarında çıxış etmişdir. O, eyni zamanda yarışmanın dinləmələrində ifa etdiyi "Candle in the Wind" mahnısına klip də çəkdirmişdir. 2015-ci ildə Amirin yeni sinqlı olan "Oasis" Fransa hit paradlarında yer almışdır.
29 fevral 2016-cı il tarixdə Fransanın France 2 telekanalı Amir Haddadın "J'ai cherché" mahnısı ilə Fransanı İsveçin paytaxtı Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini elan etmişdir.[2]. Amirin müsabiqə üçün təqdim etdiyi mahnı Fransa telekanalı tərəfindən ümumilikdə 280 mahnı içindən seçilmişdir. Yarı fransız, yarı isə ingilis dilində səslənən "J'ai cherché" Amirin özü və eyni zamanda Nazim Xaled və Yohan Errami tərəfindən bəstələnmişdir. Fransanın "Böyük Beşlik" ölkələrindən biri olması səbəbi ilə Amir birbaşa olaraq müsabiqənin final mərhələsindən mübarizəyə qoşulmuşdur. Finalda 11-ci səhnə alan ifaçı müsabiqədə 257 xalla 6-cı yeri qazanmışdır. Bu Fransanın Avroviziyada 2002-ci ildən bəri əldə etdiyi ən yüksək nəticə olmuşdur.
Avroviziya ərəfəsində Amirin Au cœur de moi adlı ikinci studiya albomu işıq üzü görmüşdür. Au cœur de moi Fransa albom siyahılarında altıncı yerədək yüksələ bilmiş və eyni zamanda Belçika və İsveçrədə də uğur qazana bilmişdir. Albomun üçüncü sinqlı "On dirait" 2016-cı ilin avqust ayında təqdim olunmuş və mahnı Fransa hit paradlarında top 15-də yer almışdır. Mahnı sayəsində Amir Nim şəhərində keçirilən mükafatlandırma mərasimində xüsusi mükafata layiq görülmüşdür. Albomun dördüncü sinqlı "Au cœur de moi" 2017-ci ilin fevral ayında təqdim olunmuşdur.
2017-ci ildə Amerikan pop rok qrupu olan OneRepublic "No Vacancy" mahnısının fransız versiyasının hazırlanmasında Amir Haddad ilə birlikdə əməkdaşlıq etmişdir. Həmin ilin avqust ayında Amirin üçüncü studiya albomunun əsas mahnısı "États d'Amour" təqdim olunmuşdur. Addictions adlı albom oktyabr ayında işıq üzü görmüşdür.
2014-cü ilin iyul ayında Amir uzun müddətdir ki, tanıdığı İsraildən olan Lital ilə ailə həyatı qurmuşdur.[3]
Albom adı | İl |
---|---|
Vayehi | 2011 |
Au cœur de moi | 2016 |
Addictions | 2017 |
Mahnı adı | İl |
---|---|
"Oasis" | 2015 |
"J'ai cherché" | 2016 |
"On dirait" | |
"Au cœur de moi" | 2017 |
"États d'Amour" | |
"Tout passe" |
İl | Mükafat | Kateqoriya | Nəticə |
---|---|---|---|
2016 | NRJ Music Awards | İlin fransızdilli nailiyyəti | Qazandı |
İlin fransızdilli mahnısı ("J'ai cherché") | |||
MTV Europe Music Awards | Ən yaxşı fransız sənətçi | ||
2017 | NRJ Music Awards | Fransızdilli duet/İlin qrupu (OneRepublic ilə) | Namizəd |
İlin fransızdilli mahnısı ("On dirait") | Qazandı | ||
MTV Europe Music Awards | Ən yaxşı fransız sənətçi |
Əvvəlki: Liza Encell "N'oubliez pas" |
Fransa Avroviziya Mahnı Müsabiqəsində 2016 |
Sonrakı: Alma "Requiem" |