Ananda Marqa — qeyri-ənənəvi dini cərəyan.
Sanskrit dilindən tərcümədə "səadət yolu" mənasını ifadə edən bu dini cərəyan 1955-ci ildə Hindistanda, Bihar ştatının Camalpur şəhərində Prabhat Rancan Sarkar (1921-1990) adlı hindli tərəfindən yaradılmışdır.
Rancan Sarkar 1954-cü il noyabrın 7-də Camalpur şəhərində tərəfdarları qarşısında çıxış edərək, "Brahma İsta Marqa" (Brahmaya aparan yol) adlı yeni dini cərəyan yaratdığını elan etmişdir. Cərəyan 1955-ci ilin 9 yanvarında təşkilat kimi Bihar ştatında qeydiyyatdan keçmiş və həmin ilin 7 noyabr tarixindən etibarən Ananda Marqa adı ilə fəaliyyətə başlamış, meditasiya dərsləri üçün müəllimlər hazırlamışdır. Sarkar yaratdığı və rəhbərlik etdiyi təşkilatın üzvlərini moralistlər (əxlaq dərsi verənlər) adlandırmışdır. Onun təliminə görə, meditasiya vasitəsilə ali düşüncə əldə edən insanlar bir-birinə ruhən yaxınlaşaraq, indiki dünyanı tərk edir, yeni həyata daxil olurlar. Bu cərəyan özündə yoqaya məxsus psixotexniki meditasiyası ilə tantrizmin (sehrli dini ayinlər vasitəsilə fövqəltəbii enerji əldə etmək haqqında təlim) vəhdətini ehtiva edir. Sarkar deyirdi ki, "Mən ardıclılarımı tanrılara və müqəddəs varlıqlara çevirəcəyəm. Qalib olmaq üçün insan öz həyatını, mövcudluğunu unutmalıdır". Onun fikrincə, insanlar özlərini müxtəlif dil, din, millət qruplarına bölünmək əvəzinə, bütün bəşəriyyətin daxil olduğu vahid, böyük ailənin hissələri hesab etməlidirlər. O bu ictimai dünyagörüşü "universializm" adlandırmışdır.
1967-ci ildə cərəyan nümayəndələri Hindistanın siyasi həyatında fəaliyyət göstərməyə cəhd etsələr də, uğursuzluğa düçar olmuşlar. Ona görə də Sarkar fəaliyyət taktikasını dəyişərək, təşkilata hakimiyyət nümayəndələrini cəlb etməyə başlamışdır.
Sarkar onu şöhrətpərəstlikdə günahlandıran katibini və bir neçə tərəfdarını öz ətrafından kənarlaşdırmışdı. Bu hadisədən sonra "baba"nın bəzi ilkin tərəfdarları naməlum şəkildə yoxa çıxmışlar. Bir müddətdən sonra cəngəllikdə altı nəfərin cəsədi tapılmış və Sarkarın sabiq köməkçisi həmin şəxsləri tanıyaraq bu cinayətdə təşkilat rəhbərini günahlandırmışdır. Məhkəmə prosesi zamanı şahidlər Sarkarın eyş-işrət, spirtli içki düşkünü olduğunu bildirmiş və o, beş il müddətinə azadlıqdan məhrum edilmişdir.
1978-ci il 2 avqustda on səkkiz tərəfdarının ölümündə günahlandırılan Sarkar həbsdən buraxılmışdı. Həmin ilin oktyabrında isə başqa bir faciə baş vermişdi: Ananda Marqanın üzvü, Sidney Tibb Universitetinin tələbəsi Linetta Filips Cenevrədə BMT-nin iqamətgahının qarşısında üzərinə yanacaq tökərək özünü yandırdı. Onun son sözləri - "Bu dünyanın dəbdəbəsi və eqoizminə qarşı mübarizə aparmaq mənim alovlu arzumdur" olmuşdur.
Digər anoloji hadisə Almaniyada Berlin kilsəsinin qarşısında baş vermişdir. Erik Ruppert və Helmut Klaynkxet adlı iki alman gənci Hindistan və ABŞ-ni səyahət edən zaman cərəyanın təlimiylə tanış olmuş, vətənə qayıtdıqdan sonra özlərinə qəsd etmişlər. Onlar vida məktublarında bəşəriyyəti sevdikləri üçün intihar etdiklərini göstərmişlər. 1973-cü ildən moralistlər Avropaya ayaq açmışlar. Burada minlərlə insan Sarkarın üsulu ilə meditasiya ilə məşğul olmağa başlamışlar. Cərəyan sonralar digər qitələrdə o cümlədən ABŞ-da yayılmaq imkanı qazanmış və mərkəzlər qurmuşdur. Təlim tərəfdarları bu mərkəzlərdə hər gün toplaşaraq, müxtəlif cadular oxuyur, bir əldə kəllə sümüyü digərində isə xəncər tutaraq vəcdə gətirən rəqslər edir və Tanrı səviyyəsinə yüksəltdikləri Sarkarı xatırlayırlar.
Ümumiyyətlə, təşkilatda fanatik nizam-intizam və rəhbərə sözsüz tabelik hökm sürürdü. Cərəyanın elitar təbəqəsinə seçilmək üçün həmin şəxsdən əlində kəllə sümüyü tutaraq, insan cəsədinin üzərində oturmaqla müxtəlif cadugərlik ayinləri yerinə yetirmək tələb olunurdu. Adətən, belə mərasimlər gecələr qəbiristanlıqlarda həyata keçirilirdi.
Cərəyan nümayəndələri iki sosial təbəqəyə bölünürdü: ardıcıllar və (sonralar rahiblər adlanacaq) həsr olunmuşlar. Rahiblər bütünlüklə özlərini təlimin inkişafına və yeni ardıcılların seçilməsinə ithaf edirdilər. Onlar tərəfindən yoqa dərsləri və meditasiya kursları da təşkil olunurdu.
Ananda Marqaya maraq göstərilməsi üç başlıca səbəblə izah olunurdu:
Rancan Sarkar 1990-cı ildə vəfat etmişdir. Hazırda Ananda Marqanın əsas mərkəzləri Hindistan, ABŞ, İtaliya, Danimarka, Filippin və Tayvanda yerləşir.