Bento (弁当?)[1] – Yaponiya mətbəxində bir porsiya şəklində servis edilən hazır və ya evdə paketlənmiş yemək. Ənənəvi bentoya qutuya qoyulmuş düyü və ya əriştə, balıq və ya ət, bişmiş tərəvəzlərdən ibarətdir.[2] Qutunun içində mütləq tərəvəz, oniqiri, ət məhsulu (bir parça toyuq, balıq və ya sosiska), şirniyyat və meyvə olur. Bəzən yumurtadan da istifadə olunur.
Qablar bir istifadəlik toplu istehsaldan əl işi olanlara qədər fərqlilik göstərir. Yaponiyada dükkanlar, bento mağazaları (弁当屋, bentō-ya?), qatar stansiyaları və supermarketlərdə hazır şəkildə satılmasına baxmayaraq, yapon qadınlar həyat yoldaşları, uşaqları və özləri üçün xüsusi olaraq bu qutuları hazırlamağa daha çox üstünlük verirlər.
Bentolar kyaraben adlandırılan və mənası "personaj bentosu" olan stildə xüsusi şəkildə də hazırlana bilərlər. Kyaraben stilində yeməklər anime, manqa və ya videooyun personajlarına bənzədilir. Bir başqa bento stili oekakiben adlanır. Mənası "rəsm bentosu"dur. Bu stildə məqsəd qidaları insanlara, heyvanlara, tikililərə, çiçəklərə, bitkilərə bənzətməkdir. Tez-tez bento dizaynerləri arasında müxtəlif müsabiqələr təşkil edilir.
Paketlənmiş yemək növləri digər Asiya ölkələrində də mövcuddur: Filippin (baon), Koreya (dosirak), Tayvan (bendon) və Hindistan (tiffin).