Biharul-ənvar | |
---|---|
Müəllif | Məhəmməd Baqir Məclisi |
Orijinalın dili | ərəb dili |
Biharul-Ənvar (azərb. Nurlar dəryası) və ya tam adı ilə Biharul-ənvaril-camiəti lidurəri əxbaril-əimmətil-əthar (azərb. Pak və məsum imamların hədislərindən gövhərləri əhatə edən nurlar dəryası) — Əllamə Məhəmməd Baqir Məclisinin XVIII əsrdə ərəb dilində yazdığı islami-ensiklopedik kitab.
Kitab şiə hədis elmində böyük ensiklopediya hesab olunur. Bütün dini məsələləri, o cümlədən Quran təfsiri, tarix, fiqh, kəlam və s. kimi məsələləri əhatə edir.
"Biharul-ənvar" kitabı ən əhatəli şiə hədis məcmuəsi olub orada Quran ayələrinin ümdə bir hissəsinin təfsiri ilə yanaşı, babların başlıqları və mövzulara uyğun olaraq onda dərc olunmuş və təqribən bütün nəbəvi hədislər, bəzi qüdsi hədislər və Əhli-beytin rəvayətləri və maarifi bir yerə toplanmışdır.
Bu kitab bütün etiqadları, dinin əsaslarını, nəzəri və əməli bölümlərini, iman, küfr, əhkamın bütün şöbələrini və bu kimi digər mövzuları müxtəlif bablarda, Allah Rəsulunun və VIII əsrədək imamların səhabələrindən böyük şəxsiyyətlər barəsində məlumatları, elmi və təcrübi fikir və rəyləri, təxminən bütün tibbi, astronomik, riyazi görüşləri, ictimai maarifi, adət-ənənələri, mərasimləri, şiənin tarixi və mədəni yönlərini, əsatirləri, Adəmdən Xatəmə bütün peyğəmbərlərin qissələrini onların ismətinin isbatını, şiənin ümumi mədəniyyətini, folklorunu və xülasə İslamın bütün düşüncə, əməl, əqaid və əhkamı ilə bağlı bütün məsələləri ehtiva edir.
"Biharul-ənvar" böyük və qiymətli bir xəzinədir ki, Əllamə Məclisi onun toplanıb ərsəyə gəlməsində çox zəhmət çəkmişdir. Bəzi böyük alimlərə görə onun bənzəri nə şiə aləmində, nə də ki digər İslami məzhəblərdə qələmə alınmamışdır. Bu möhtəşəm əsəri Əllamə Məclisi 36 il ərzində (1070-1106 h.q) bir çox alim və şagirdlərinin həmkarlığı ilə tamamlamışdır. Bu qiymətli kitab yeni çapda 110 cild, 2327 bab və təxminən 40000 səhifədən ibarətdir.
Bir qrup tənqidçi onda bəzi əsassız mətləblərin verildiyini və bir neçə cildində ziddiyyətlərin mövcud olduğunu qeyd etmişlər. Həmçinin, tutulan iradlardan biri də əsərdə zəif hədislərin olmasıdır. Cavab olaraq deyilməlidir ki, əlbəttə ki, müxtəlif bölümlərin mətnlərində zəif hədislər gözə dəyir. Amma müəllifin görmək istədiyi əsas iş hədisləri bir yerə toplamaq olub ki, bunun da öhdəsindən layiqincə gəlib. Bununla yanaşı hər bir mühəqqiq və oxucu müxtəlif mənbələrdən nəql olunmuş hədisin mətnini və sənəd silsiləsini özü araşdırıb nöqsan və ya ziddiyyət üzə çıxdığı halda onu daha kamil və səhih sənədli rəvayətlərlə tamamlaya bilər. Qeyd etmək lazımdır ki, bu kimi ziddiyyətlərin olması bu kitabın bərəkətlərindəndir. Belə ki, əgər müxtəlif kitablardan rəvayətlər yığılaraq vahid bir babda toplanmasaydı, bu ziddiyyət aşkar olunmazdı. Məsələnin bu cür olması elmi araşdırma və diqqət qapısını açaraq cəhl, zəlalət qapılarını bağlayır. Böyük alim ona çatan bütün hədis və rəvayətləri şəxsi rəy və görüşünü hakim qərar vermədən kitabında gətirmiş, səhih olub-olmadığını araşdırmağı isə mühəqqiqlərin öhdəsinə qoymuşdur.[1]
Kitabın əsas imtiyaz və xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
1. Tənzim və təsnif.
Bu məcmuə şiə hədis elminin ən əhatəli və ümdə məcmuəsidir. Hədis kitablarının rəvayətlərini bab-bab bölmələrə salmış və təqribən kamil bir tənzimatla cəm etmişdir.
2. Hər babın (bölmənin) başlanğıcında Quran ayələrinin zikr olunması.
Mərhum Əllamə Məclisi bu böyük məcmuənin bölmələrinin hər birini, həmin babın ünvanına mütənasib olan ayələrlə başlamış, bundan sonra ayələrin təfsirə ehtiyacı olduğu halda müfəssirlərin bu barədəki nəzərlərini qeyd etmiş, daha sonra bölmənin uyğun rəvayətlərini qələmə almışdır.
3. Müxtəlif mövzularla əlaqədar "Biharul-ənvar”ın hərtərəfli olması.
"Biharul-ənvar"dakı ünvanların və rəvayətlərin tədqiqi göstərir ki, bu əsər müxtəlif dini əsərləri əhatə edir. İslamın müxtəlif mövzularından təqribən elə biri (heç olmazsa onun əsrində) yoxdur ki, Əllamə Məclisi onu tədqiq etməmiş və onun rəvayətlərini həmin kitabda cəm etməmiş olsun.
4. "Biharul-ənvar"da müstəqil risalələrin zikr olunması.
Mərhum Əllamə Məclisi bu əsərdə öz bəhslərini irəli çəkməklə eyni zamanda bəzən müəyyən kitablara və risalələrə rastlaşmışdır ki, müxtəsər və mövzu ilə sıx əlaqəyə malik olduğuna görə o risaləni kamil şəkildə və bir yerdə nəql etmişdir. Misal üçün, “cəbr və təfviz”lə əlaqədar İmam Hadinin cavablarının risaləsi, İmam Səccadın “Hüquq” risaləsi, “Tovhidi-Müfəzzəl” və s.
5. Nadir mənbələrdən və təshih olunmuş nüsxələrdən bəhrələnmək.
Əllamə Məclisinin ixtiyarında çoxlu kitablar olmuşdur ki, hal-hazırda onların bəziləri aradan getmiş və bizim əlimizə çatmamışdır. Buna görə də Əllamə bu kitabın mətləbini bir yerə toplamaq üçün ixtiyarında olan çoxlu imkanlara diqqət yetirməklə hər kitabın mövcud olan ən mötəbər və ən yaxşı nüsxəsini əldə etmişdir. Əgər bu rəvayətləri məcmu şəklində bir yerə toplamasaydı, hal-hazırda həmin rəvayətlər bizim ixtiyarımızda olmazdı.
6. Hədislərin izah və təfsiri.
Əllamə bir çox hallarda hədisi nəql etdikdən sonra onu şərh və hədisdəki çətin kəlmələri izah etmişdir. O rəvayətlərin şərh və təfsirində lüğət, fiqh, təfsir, kəlam, tarix, əxlaq və sair kimi müxtəlif mənbələrdən istifadə etmişdir. Həmin şərhlər bu rəvayət toplumunun imtiyazlarından biri hesab olunur.
7. Hər mövzu ilə əlaqədar çoxlu sənədlərin və mətnlərin təqdimi.
"Biharul-ənvar"ın digər xüsusiyyətlərindən biri budur ki, hər mövzu ilə əlaqədar rəvayətlər bir yerdə nəql olunmuşdur. Buna görə, tədqiqatçılara belə bir imkan verir ki, bu mövzunun rəvayətlərinin hansı dərəcədə etibara malik olduğunu araşdırıb ayırd edə bilsin.[2]
8. Təkrar olunan rəvayətlər üçün müxtəlif mənbələrdən ünvan verilməsi.
Əllamə Məclisi təkrar olunan rəvayətlər üçün bir neçə mənbənin ünvanını vermiş, sənədlərdəki ixtilafları, yaxud mətnləri müxtəlif kitablarda mövcud olan oxşar rəvayətlərin mətnlərini xatırlatmışdır.
Bu rəvayətləri toplamaqda Əllamə Məclisinin əsas və ümdə hədəflərindən biri onların məhv olub aradan getməsinin qarşısını almaq olmuşdur ki, şiənin rəvayət mirası sonrakı nəsillərə nəql oluna bilsin. Təbiidir ki, belə bir böyük və geniş həcmə malik olan işin zəif cəhətləri də ola bilər. Bu əsər də bəşər övladının işi olduğuna görə, insanların digər felləri və əməlləri kimi xəta və səhvdən amanda qala bilməzdi. Əlbəttə, din alimləri və böyük şəxsiyyətlərimiz öz işlərinin eyibsiz və nöqsansız olmasını heç vaxt iddia etməmişlər.
Eyni halda bəzi alimlər "Biharul-ənvar"da zəif, mötəbər sayılmayan, kifayət etməyən və səhv olan bəzi rəvayətlərin mövcud olduğunu demiş, Əllamə Məclisinin bu məcmuə ilə əlaqədar bəzi izahlarını zəif hesab etmişlər. Onlar inanırlar ki, Əllamə Məclisinin hədis üçün nəql etdiyi izahlar, bəyanlar və təfsirlərdən çoxu tələm-tələsik olmuş və bu da səhvin baş verməsi, faydalarının azalması ilə nəticələnmişdir.[3]
Rəvayətlərin nəqlində təkrara yol verilməsi də bu məcmuənin zəif cəhətlərindən biri sayıla bilər. Əlbəttə, Əllamənin ibarələrini mülahizə etməklə başa düşmək olar ki, onun özü təkrar məsələsinə diqqət yetirmişdir. Lakin müxtəlif amillər, o cümlədən sənədlərdə ixtilafın varlığı, rəvayətin mətnlərinin fərqli olması və bir hədisin iki, yaxud daha çox müxtəlif bəhslərlə əlaqəli olması nəqldə təkrara səbəb olmuşdur.
Qeyd etmək lazımdır ki, rəvayətləri mövzu əsasında bölmələrə ayrılan məcmuələr təkrarı tələb edir. Əllamə Məclisi də mövcud rəvayətləri mövzu əsasında təsnif edərək bablara və bölmələrə ayırmaq məqamında idi. Rəvayətlərin bəziləri müxtəlif mövzuları əhatə etdiyindən müəllif naçar olaraq belə rəvayətlərin təkrarından qaçmaq məqsədi ilə ya onları hissələrə ayırmalı və hər bölməsini münasib bir ünvan altında qeyd etməli, ya da rəvayəti kamil şəkildə hər ünvanın daxilində qeyd və təkrar etməli idi. Bu da kitabın həcminin daha artmasına və oxucunun yorğunluq hissi keçirməsinə səbəb olur.
Mərhum Məclisi yaxşı şəkildə bilirdi ki, çox hallarda bir rəvayətin əvvəli onun axırını, yaxud əksinə axırı onun əvvəlini izah edər bilər, nəticədə rəvayət hissələrə bölündükdə belə dəlil və şahid aradan gedə bilər. Buna görə də çox hallarda rəvayətin hamısını bir yerdə nəql etmiş, başqa bölmədə isə yalnız mövzu ilə əlaqəli olan hissəni qeyd etmişdir. Bunu da qeyd edərək “hədisin hamısı filan bölmədə nəql olunmuşdur” deyə buyururdu ki, şahidin aradan getmə problemini aradan qaldırmış olsun.
Kitab orjinal dili olan ərəb dilində bir neçə dəfə nəşr olunub.