Bülbül Xatun | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1452 |
Vəfat tarixi | 1515 |
Vəfat yeri | Bursa, Osmanlı imperiyası |
Dəfn yeri | Muradiyə külliyəsi, Bursa |
Fəaliyyəti | əsilzadə |
Həyat yoldaşı | II Bəyazid |
Uşaqları |
Şahzadə Əhməd Xədicə Sultan Səlcuq Sultan Gövhərmülk Sultan Hundi Sultan Şah Sultan Şahzadə Mahmud |
Ailəsi | Osmanlı xanədanı |
Bülbül Xatun (1452 – 1515, Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından.[1][2][3][4][5][6][7][8]
Doğum tarixi dəqiq olmasa da, ilk övladı Şahzadə Əhmədin doğum tarixinə əsasən, 1452-ci ildə dünyaya gəldiyi ehtimal olunur. II Bəyazidin Amasya sancaqbəyi olduğu illərdə Amasya sarayına alındığı və bütün övladlarını burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Abdullah qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı anlaşılır. 1465-ci ildə Şahzadə Əhmədi, 1466-cı ildə Xədicə Sultanı, 1467-ci ildə isə Gövhərmülk Sultanı, 1469-ci ildə Səlcuq Sultanı, 1470-ci ildə Hundi Sultanı, 1474-cü ildə Şah Sultanı, 1476-cı ildə isə Şahzadə Mahmudu dünyaya gətirdi.
1480-ci ildə oğulları Şahzadə Əhməd və Mahmud qardaşlarıyla birlikdə babası Fateh Sultan Mehmedin yanına İstanbula göndərildi və burada möhtəşəm mərasimlə sünnət edildi. Mərasimin ardından böyük oğlu Şahzadə Əhməd Çorum sancaqbəyi təyin edildi və Bülbül Xatun qızlarını da yanına alaraq oğluyla birlikdə Çoruma yollandı. Cəmi bir il sonra Fateh Sultan Mehmedin vəfatıyla əri II Bəyazid dərhal İstanbula yola düşdü və qardaşı Şahzadə Cemlə girişdiyi taxt mübarizəsinin ardından taxta çıxdı.
Ərinin taxta çıxmasının ardından kiçik oğlu Manisa, böyük oğlu Əhməd isə Amasya sancaqbəyliyinə göndərildi və Bülbül Xatun böyük oğluyla birlikdə Amasyaya getdi. Oğlunun edamına qədər burada qalan Bülbül Xatun Amasyada bir çox xeyriyyə işləri görmüşdür. Ladik bölgəsində məscid və imarət, Amasya qalası daxilində isə bir məktəb, məscid və çeşmə inşa etdirmişdir. Bundan başqa kiçik oğlu Şahzadə Mahmudun 1507-ci ildə vəfatının ardından Bursadakı Muradiyə külliyəsi daxilində onun adına türbə inşa etdirmişdir.
1512-ci ildə atası və qardaşlarıyla girişdiyi taxt mübarizəsində qalib gələn Yavuz Sultan Səlimin əmriylə, böyük oğlu Şahzadə Əhməd ələ 1513-cü ildə Bursa yaxınlığında boğularaq edam edildi və cənazəsi Bursadakı Muradiyə külliyəsində qardaşı Şahzadə Şahənşahın yanına dəfn olundu. Oğlunun edamından sonra Bursaya köçən Bülbül Xatun qalan ömrünü burada yaşadı və oğlunun məzarı üzərində türbə inşa etdirdi. Taxtda oturan ögey oğlu Yavuz Sultan Səlimə yazdığı məktublarda oğulları Şahzadə Əhməd və Şahzadə Mahmudun türbələrinin təmiri, onların övladlarının xərclərinin qarşılanmasını istəmişdir. Bu istəyi yerinə yetirilən Bülbül Xatun cəmi 2 il sonra — 1515-ci ildə Bursada vəfat etdi. Cənazəsi kiçik oğlu Şahzadə Mahmudun türbəsinə dəfn edildi.