DC Comics | |
---|---|
Ölkə | ABŞ |
Əsas şirkət | Warner Bros. |
Status | aktiv |
Yaranma tarixi | 1934 |
Qurucu | Malkom Hiler-Nikolson |
Qərargah | Berbank, Kaliforniya, ABŞ |
Nəşrlər | komiks |
Sahib | Time Warner |
Sayt | dccomics.com |
Vikianbarda əlaqəli mediafayllar |
DC Comics — ABŞ komiks nəşriyyatı. Time Worner-in sahib olduğu Warner Bros.[1] şirkətinin bir hissəsidir. DC Comics ABŞ-nin ən böyük və ən məşhur komiks nəşriyyatlarından biridir. Bir digəri Marvel Comics-dir. DC Comics tərəfindən yaradılmış məşhur personajlara Supermen, Betmen, Möcüzə qadın, Yaşıl fənər, Fleş, Akvamen, Şahinqız, Yaşıl Ox və Şahin-adam aiddir. Nəşriyyat Ədalət Liqası, Ədalət Cəmiyyəti və Gənc Titanlar kimi məşhur komandaların, eləcə də Joker, Leks Lutor, Pişik-qadın, Darksayd, Ras al Qul, Detstrok, Sinestro və Breynyak kimi super cinayətkarların müəllifidir. DC Comics həmçinin DC dünyasına daxil olmayan "Gözətçilər" və "V Vandetta deməkdir" komikslərini çap etdirmişdir.
Nəşriyyatın adı hələ Betmen personajı yaradılarkən yer aldığı "Dedektiv komiksləri" ("Dedective Comics") seriyasının baş hərflərindən götürülmüşdür.[2] Nəşriyyatın baş qərargahı 2013-cü ilə qədər Nyu Yorkda yerləşmiş, o tarixdən etibarən isə Kaliforniyanın Berbank şəhərində yerləşməkdədir.[3]
DC Comics və Marvel Comics birlikdə 2008-ci ildə ABŞ-də çap olunan komikslərin 80%-nin müəllifi idilər.[4]
DC Comicsin əsası 1934-cü ildə Malkol Hiler-Nikolson tərəfindən qoyulmuşdur. Nəşriyyatın ilk adı National Allied Publications idi.[5] Nəşriyyatın ilk komiksi 1935-ci ilin fevralında nəşr olunmuş "Yeni əyləncə: Böyük komiks jurnalı" komiksinin ilk sayı idi.[6] 1935-ci ilin dekabrında "Yeni komikslər" nəşr olunmağa başlandı. Bu, komiks Qızıl dövrün başlanğıcının xəbərçisi idi.[7] Daha sonra bu komiksinin adı dəyişdirilərək "Macəra komiksləri" olmuş, 1983-cü ilə qədər 503 sayı nəşr olunmuş, DC Comicsin ən uzun müddət çap olunmuş komiksi olmuşdur. 2009-cu ildə DC Comics bu adla yeni komiks nəşr etməyə qərar vermişdir.[8]
3-cü komiks seriyası "Dedektiv komikslər" olmuşdur. Bu komiksin reklamı 1936-cı ilin dekabrında edilsə də, 1937-ci ilin martında çap olunmuşdur. 1939-cu ilin mayında komiksin 27-ci sayında Betmen personajının peyda olmasından sonra bu komiks xeyli məşhurlaşmışdır. Nəşriyyatın qurucusu Malkom isə nəşriyyatı tərk etmişdir. 1937-ci ildə nəşriyyat adını Dedective Comics almışdır.[9]
Dedective Comics adı ilə ilk təsis olunmuş komiks "Əməliyyat komiksləri" olmuşdur. Bu komiks seriyasında ilk dəfə Supermen yer almışdır. Komiksin 1938-ci ilin iyun ayında nəşr olunmuş ilk sayı komiks dünyasına yenilik gətirmişdi. Bu komiksdə ilk dəfə "super qəhrəman" termini işlədilmişdi və komikslərdə ilk dəfə super qəhrəmanlar iştirak edirdi. Tezliklə nəşriyyat Qum-adam və Betmen kimi məşhur personajlarını yaratmışdır.
22 fevral 2010-cu ildə "Əməliyyat komiksləri"nin ilk sayının nüsxəsi xərracda 1 milyon ABŞ dollarına satılmışdır.[10]