David Baazov | |
---|---|
Doğum tarixi | 1883[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1947[1] |
Uşağı | |
Fəaliyyəti | jurnalist |
Vikianbarda əlaqəli mediafayllar |
David Menaxemoviç Baazov (ivr. דוד באזוב, 1883[1], Sxinval, Tiflis quberniyası – 1947[1]) — ravvin, ictimai xadim, XX əsrin I rübündə Gürcüstan dini sionistlərinin lideri.
David Baazov 1883-cü ildə (digər mənbələrə görə - 1881-ci ildə) Gürcüstanın Tsxinvali şəhərində Tora Menaxem və Tsipora Baazovların ailəsində anadan olub.[2] Litvadan Tsxinvaliyə gələn ravvin Avram Xvolesin tövsiyəsi ilə 13 yaşında təhsil almaq üçün Slutsk Yeşivaya daxil olur. Daha sonra Vilnüsdəki yeşivada təhsil alıb. Yeşivada oxuyarkən sionist hərəkatı ilə maraqlanır. 1901-ci ildə Kutaisidə Gürcüstanda ilk sionist dərnəklərdən birini təsis edir. 1901-ci il avqustun 20-də Qafqaz sionistlərinin birinci qurultayında Kareli kəndindən nümayəndə kimi iştirak edir. 1903-cü ildə Kutaisi əyalətinin Oni şəhərinin dövlət ravvini kimi xidmət etməyə başlayan David, burada Gürcüstanda ilk ümumi yəhudi məktəbi və yeşivasını açır. Həmin il Frankfurtda yəhudi gənclərinin və tələbələrinin konfransında da iştirak edir.[3] 1907-ci ilin avqustunda Qafqazın nümayəndəsi kimi Haaqada keçirilən VIII Sionist Konqresində də iştirak edir.[4]
David Baazov Onidə ravvin kimi xidmət edərkən islahatçı kimi tanınırdı və qadınlara sinaqoqda dua mərasimlərində iştirak etməyə icazə verirdi.[5] Xüsusilə, Oni yəhudi əhalisinə qarşı təhriklərə qarşı dəfələrlə sivil mövqe nümayiş etdirirdi.[6] O, 1917-ci il avqustun 21-də keçirilən Rusiya sionist konfransından sonra sədr müavini kimi Qafqaz sionistlərinin konfransında iştirak edərək, ortodoks Kutaisi ruhanilərinin nümayəndələrinə və Baazovun başçılığı altında fəaliyyətinə kəskin müqavimət göstərilən “assimilyatorlara” qarşı çıxışlar edib.[3][3] 1917-ci ildə Baazovun rəhbərliyi altında Kutaisi dairəsi bir peşə məktəbi, eləcə də yeşiva açmaq qərarına gəlir.[3]
Rusiyada 1917-ci il Fevral inqilabından sonra David Baazov Türkiyə sərhədinə yaxın Axalsıxda ravvin kimi xidmət edib. Axalsıxın yəhudi əhalisi təhlükə altında olanda o, birbaşa türk sultanı Xalid Başın müəlliminə müraciət etməklə talanların qarşısını alıb.[7] Ravvin İmmanuel Davitaşvilinin sözlərinə görə, 1918-ci ildə David Baazov Atskveri kəndindən olan 35 yəhudi ailəsini də deportasiyadan xilas edib.[6]
1918-ci ildə, müstəqil Gürcüstanda David Baazov Gürcüstan sionist təşkilatının “Yəhudinin səsi” qəzetini nəşr etdirir və özü də bu qəzetdə çoxlu məqalələr dərc etdirir.[3] O, gürcü yəhudilərinin nümayəndəsi kimi Gürcüstan Milli Şurasının üzvü olub və Gürcüstanın Müəssislər Məclisinə seçkilərdə iştirak edib. Baazov və onun ailə üzvlərinin yorulmaz fəaliyyəti nəticəsində Oni, Sujun, Bandza və digər gürcü yaşayış məntəqələrində sionist mərkəzləri açılır. Onun köməyi sayəsində Onidə ölkədə ilk "HeHalutz" mərkəzlərindən biri yaradılır. 1925-ci ilin mayında David Baazov Sovet rəhbərliyini yəhudi ailələrini Gürcüstandan Fələstin Mandasına buraxmağa inandıra bilir. Fələstinə səfəri zamanı Baazov general-qubernator Herbert Semueldən torpaqsız gürcü yəhudiləri üçün giriş sertifikatı ala bilsə də, lakin bir sıra ailələri göndərdikdən sonra bu təcrübə sovet rəhbərliyi tərəfindən qəbul edilmir.[8] Sionistlər David Baazovun Teodor Hertslə zahiri oxşarlığını da qeyd ediblər.
O, 1930-cu illərin əvvəllərində sovet müəssisələrində inzibati işlərdə çalışıb.[9] Baazov Moskvada "SSRİ Sionist Təşkilatların Birləşmiş Merkazı"na bağlı idi. 8 iyul 1938-ci ildə oğlu Xaim və Gürcüstanın bir sıra digər yəhudi xadimləri ilə birlikdə NKVD tərəfindən həbs edilib. Antisovet fəaliyyətində ittiham edilərək əvvəlcə ölüm cəzasına məhkum edilsə də, lakin işə baxıldıqdan sonra 1940-cı ilin martında Baazovun ölüm cəzası Krasnoyarsk diyarının Bolşaya Murta kəndində xidmət etdiyi 5 il sürgünə dəyişdirilir.[10]
1945-ci ildə sürgündən qayıtdıqdan sonra həyat yoldaşı ilə birlikdə Gürcüstana dönür. Ömrünün sonuna kimi fəal ictimai fəaliyyətlə məşğul olan Baazov 1947-ci il oktyabrın 17-də Tbilisidə vəfat edib.
Qüdsün Ramot Alon rayonunda və Gürcüstanın Oni şəhərində bir küçə onun adını daşıyır. David Baazov adına Tbilisi Dövlət Yəhudi Muzeyi də fəaliyyət göstərir.[11]
30 may 1903-cü ildə Bobruisk burjua Sorka Sara Movşevna Raskina ilə evlənən David Baazovun bu evlilikdən qızları: Polina və Faina Baazovalar, oğulları: Hertsel, Xaim, Meir Baazovlar dünyaya gəlib.[12]