Tarixi dövlət | |
Demak sultanlığı | |
---|---|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Demak sultanlığı — XV əsrin son rübündə qurulan və təxminən bir əsr həyat sürən Yava adasındakı müstəqil ilk müsəlman dövləti.
Öncələri Yavanın şimal sahillərində bir liman şəhəri olan Demak, bu gün zamanla sahilin geniş qumsallarla əhatə olunması üzündən dənizdən bir neçə mil içəridə qalmış kiçik bir yaşayış mərkəzidir. Yava adətinə görə Demak hökmdarlarının soyunun, XV əsrin son rübündə bölgəyə yerləşən Cek Ko-po (Ç. Ko-po əmi) adındakı Çinli zəngin bir müsəlman tacirdən gəldiyi qəbul edilir.[1] Yava vəqayinamələrində ilk Demak hökmdarının, son Macapahit kralı ilə daha sonrakı illərdə saraydan qovulan Çinli bir şahzadədən doğulan Raden Patah (Ərəbcəsi Fəttah) olduğu anladılır. Yenə eyni qaynaqlara görə bu sıralarda zəif düşən Macapahit Hindu Buddist dövləti Demakın hücumlarıyla ortadan qalxmışdır. Demakın ikinci hökmdarı, portuqaliyalıların Rodim deyə adlandırdıqları Bədrəddin (və ya Qəmərəddin) təxminən 1504-cü ildə ölüncə yerinə keçən oğlu (və ya qardaşı) Trenggana Demak dövlətinin ən güclü hökmdarı idi. Daha sonrakı Yava qaynaqlarında onun 1524-cü ildən etibarən "sultan" ünvanını aldığı qeyd edilir. Trenggana, birincisi 1505–1518, ikincisi 1521–1546-cı illər arasında olmaq üzrə iki dönəm hökmdarlıq etdi. Bu iki dönəm arasındakı üç il içində qayını Cepara hakimi Patih Yunus hökm sürmüşdür.[2]
Trenggana dövründə Demak zənginlik və əhali sayı baxımından zirvəyə çatdı. Trenggana o bölgənin önəmli limanlarını Demaka bağlamağa çalışdığı kimi hələ müsəlman olmayan Yavanın iç bölgələrinə də basqınlar etdi və XI əsr Çin qaynaqlarının Macapahitlərin önəmli liman şəhəri olaraq göstərdikləri Tubanı fəth etdi (1527).
Trenggana din adamlarının və əksəriyyətini mələz olan dindar tüccarların hamisi idi. Demakın gücünün Qərbi Yavada yayılmasını, Trengganaya bağlı bir alim və əsgər olan, Şeyx İbn Mövlanə olaraq da tanınan Sunan Gunung Jati etdi. Pasaidə doğulduğu söylənən Sunan həcc ziyarəti üçün Məkkəyə getmiş və dönüşdə Demakda yerləşmişdi. Burada bir çox tələbəsi olmuş və böyük etibar görmüşdü. Ayrıca hökmdarın da təvəccöhünü qazanaraq onun bacısı ilə evlənmişdi. Daha sonra özü hələ İslamın çatmadığı Qərbi Yavada çalışmalar aparmaqla vəzifələndirildi və Demakın Qərbi Yava sahillərinə hakim olmasına şərait yaratdı. Şeyx İbn Mövlanə buradakə Bentem və Cirebon limanlarını ələ keçirdi. Oğlu Pangeran Pasreanı Cirebona yerləşdirdi, özü də Bentemdə məskunlaşdı. Ancaq oğlu 1552-ci ildə ölüncə Bentemi digər oğlu Həsənəddinə buraxaraq Cirebona getdi, vəfatına qədər da orada qaldı. Daha sonra xələfləri Demakdan ayrılaraq müstəqilliklərini elan etdilər.[3]
Trenggana 1543-cü ildə Şərqi Yavadakı hinduların müqəddəs bölgəsi Pənanggungan dağını, 1545-ci ildə də Malangı aldı. Ancaq 1546-cı ildə Hinduizmin Panarukandakı son qalasına hazırladığı geniş miqyasdakı hücumda qəti bir məğlubiyyətə uğradı və öldürüldü. Ardından ölkədə qarışıqlıqlar baş göstərdi. Bunun nəticəsində də dövlət parçalandı. Başdakı hökmdar Sunan Prawata (1546–1561) artıq Demak şəhərinin xaricində heç bir gücə sahib deyildi. Qısa bir müddət sonra da Demak bölgədə güclənən digər dövlətlərin hakimiyətinə daxil oldu (1578).[4]