Efiopiya erməniləri (erm. Հայերը Եթովպիայում) — Efiopiyada yaşayan erməni icmasına verilən ümumi ad.
Ermənilərin Efiopiyaya nə zaman gəlmələri dəqiq məlum deyil. Efiopiyaya gəlmiş ilk ermənilərdən biri Sarkis Tərziyandır. O, Osmanlı imperiyasının topçusu kimi 4 il davam etmiş səfərin ardından 1887-ci ildə Efiopiyaya gəlmişdir. Tərziyan İstanbula qayıtmır və Əddis-Əbəbə şəhərində silah ticarəti ilə məşğul olur. Qanunsuz silah satışı və çatdırılması nəticəsində Sarkis Tərziyan böyük gəlir əldə edir. XX əsrin əvvələrində Əddis-Əbəbə şəhərində ermənilər tərəfindən ilk foto studiya açılır.
1902-ci ildə Bedros Boyacıyan tərəfindən açılan studiya, onun vəfatından sonra oğulları tərəfindən işlədilir. Bu dövrdə yalnız bir erməni yüksək vəzifədə fəaliyyət göstərmişdir. Kirakos Boqhorasyan adlı erməni Efiopiya kralının şəxsi müşaviri vəzifəsində çalışırdı. 1910-cu ildə Efiopiyada cəmi 146 nəfər erməni yaşayırdı. 1915-ci il hadisələrindən sonra Efiopiyada yaşayan ermənilərin sayı 1.000 nəfər çatmışdır. Bu dövrdə Osmanlı imperiyasından Efiopiyaya 40 erməni yetimi gətirilirərək kilsənin nəznində saxlanılır.
1930–1974-cü illərdə Efiopiyada 2.500 nəfər erməni yaşayırdı. Erməni icması üçün kilsə, məktəb və mədəniyyət evi fəaliyyət göstərirdi. 1974-cü ildə Efiopiyaya kralının taxtdan salınması, burada yaşayan entik qrupların vəziyyətini ağırlaşdırdı. 1990-cı ildə Efiopiya ermənilərinin sayı sürətlə azalmağa başladı. Əddis-Əbəbə şəhərində fəaliyyət göstərən və Erməni Qriqoryan Kilsəsinə tabe olan kilsədə, artıq bazar günləri işləyir. Kilsəsinin sonuncu erməni keşişi 1980-cı ildə vəzifəsini bıraxmışdır. 200 nəfərin təhsil aldığı erməni məktəbində hal-hazırda bir nəfər belə erməni müəllim və ya şagirdi yoxdur. Əddis-Əbəbə şəhərində yerləşən erməni kilsəsi və məktəbi yerli əhali tərəfindən idarə olunur. Hal-hazırda Efiopiyada 50 nəfərə yaxın erməni yaşayır. Erməni icmasının böyük bir qismini yaşlı nəsil təşkil edir.