Emma Morano (it.Emma Martina Luigia Morano) — Dünyanın ən uzunömürlü insanlarından biri. 2016-cı ilin 13 mayından, 2017-ci ilin 15 aprel tarixlərinə qədər dünyanın ən uzunömürlü insanı kimi qəbul olunmuşdur. Emma Morano eyni zamanda 2017-ci ildə yaşamış yeganə XIX əsrdə anadan olmuş şəxs kimi də tarixə düşüb. İtalyan Jan Kalmentdən[3] sonra ən uzunömürlü avropalı olaraq tanınır.
Emma Morano 1899-cu ilin 11 noyabr tarixində İtaliyanın Verbaniya şəhərində Covanni Morano və Matilda Breşiyananın ailəsində anadan olmuşdur.[4] 8 övladın ən böyüyü olan Emma Moraonun 5 bacısı, 3 qardaşı vardı. Ailəsində anası, xalası və bacısı 90 yaşına qədər yaşamışdır. Bacısı Angela Morano 1908-ci ildə anadan olmuş və 2011-ci ildə 102 yaşında vəfat etmişdir. Ailə başçısı Covanni Moranonun işi səbəbindən ailə bir müddət sonra Ossola şəhərinə köçür.[5]
Bölgənin ekologiyasında problemlərin olması səbəbindən Covanni Moranonun fizik tanışı ona ailəsini daha münasib bir bölgədə yaşamasını məsləhət görür. Bu səbəbdən ailə Maggiore gölü yaxınlığındakı Pallanzaya köçür. 1926-cı ildə Emma Morano Covanni Martinuzzi ilə ailə həyatı qurmuşdur.[6] 1937-ci ildə dünyaya gələn ailənin yeganə oğlan övladı altı aydan sonra vəfat edir.
Daxili problemlər səbəbindən çütlük 1938-ci ildən etibarən ayrı-ayrı evlərdə yaşamağa başlamışdır.[7] Covanni Martinuzzinin vəfat etdiyi 1978-ci ilə qədər Emma Morano onunla rəsmi nigahda qalmışdır.
Emma Morano 1954-cü ilə qədər doğma şəhərində ipəkçilik fabrikində işləmişdir. Sonradan Verbaniyada yerləşən Santa Maria Kollecinin mətbəxində işləməyə başlamış və 75 yaşında buradan təqaüdə çıxmışdır.[4] 2013-cü ildə Emma Moranodan uzunömürlü olmağın sirri soruşulduqda heç vaxt narkotik maddə istifadə etmədiyini, gündə üç ədəd yumurta yediyini, bir qədəh evdə hazırlanmış brendi içdiyini və bəzi günlərdə şokalad yeməyi çox sevdiyini, ancaq hər şeydən əvvəl daim gələcəyi ilə bağlı pozitiv düşündüyünü bildirmişdir.[8] 115-ci doğun gününü qeyd edən zaman evində tək yaşadığı məlumdur.[9]
2016-cı ildə jurnalistlərə verdiyi açıqlamasında uzunömürlü olmasını yediyi yumurtalara, kökələrə və uzun müddət tək qalmasına borclu olduğunu bildirmişdir.[10][11] 2013-cü ilin 2 aprel tarixində Avropanın və dünyanın ən uzunömürlü insanı kimi qəbul edilən Mariya Radellinin vəfat etməsinin ardından Emma Morano bu ünvana sahib çıxmışdır.[6] 114-cü doğum günü münasibətilə RAİ televiziyasına qısa müsahibə vermişdir.[12] 116-cı doğum günü münasibətilə Roma PapasıFransiskdən rəsmi təbrik məktubu almışdır.[13]
2014-cü ilin avqust ayında 114 yaşında vəfat edən Venera Pizanto və 2015-ci ilin avqust ayında 115 yaşında vəfat edən Dina Manfrendinidən sonra Emma Morano ən uzun ömürlü italyan və həyatda ən çox yaşamış (117 il 137 gün) italyan adlarını qazanmışdır.[14][15] Amerikalı uzunömürlü Suzanna Muşhat Consun 2016-cı ilin 12 may tarixində 116 yaşında vəfat etməsinin ardından Emma Morano dünyada yaşayan yeganə XIX əsrdə anadan olmuş şəxs ünvanını da almışdır.
2016-cı ilin 29 iyul tarixində Emma Moranoya dünyada yaşayan ən uzunömürlü şəxs kimi Ginnesin Rekordlar Kitabı tərəfindən rəsmi sertifikat təqdim olunmuşdur.[16][17] 2016-cı ilin 29 noyabr tarixində Emma Moranonun 116-cı doğun günü şənliyi yerli televiziyalar tərəfindən canlı yayımlanmışdır.[18]
Morano 2017-ci ilin 15 aprel tarixində uzun müddət yaşadığı Verbaniya şəhərində 117 yaşında olarkən vəfat etmişdir.[19][20] Ölümə konkret nəyin səbəb olduğu hələ də müəyyənləşdirilməyib. Emma Moranonu digər uzunömürlülərdən fərqləndirən əsas cəhət öz adını dünyada ən çox yaşamış beş şəxsin siyahısına yazdıra bilməsidir.[21] Eyni zamanda XIX əsrdə anadan olmuş və 2017-ci ilə qədər yaşamış son və yeganə şəxs kimi təsdiqlənmişdir.[22][23] Moranonun ölümünün ardından 1900-cü ilin 10 mart tarixində anadan olmuş Violet Braun dünyanın ən uzunömürlü ünvanına sahib olmuşdur.[24][25]