Fairchild Republic A-10 Thunderbolt II

Fairchild Republic A-10 Thunderbolt II
Tipi hücum təyyarəsi
İstehsalçı Fairchild Republic
İlk uçuş 10 may 1972
İstismara verilmə tarixi mart, 1977
Status Aktiv şəkildə istifadə olunur
İstismarçılar
Buraxılış sayı 745 (715 A-10A + 30 A-10B)
Vahidinin qiyməti 11.7 milyon $(ABŞ dolları) (Təxmini olaraq)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

A-10 Thunderbolt II, quru qoşunlarına yaxın aviasiya dəstəyi vermək üçün xüsusi olaraq hazırlanmış ilk avia platformadır. Orijinal ləqəbi “Warthog” (qısaca: Hog) olsa da, İkinci Dünya Müharibəsində quru qoşunlarına yaxın hava dəstəyi verən Republic P-47 Thunderboltun şərəfinə eyni adı daşıyır.

Amerikanın Fairchild Republic şirkəti tərəfindən istehsal olunan A-10 Thunderbolt II, aşağı hündürlükdə və aşağı sürətdə manevr etməyi bacaran, effektiv vuruş qabiliyyəti olan sadə və etibarlı, hər cür yer hədəflərinə, xüsusilə tanklarazirehli maşınlara hücum edərək onları məhv edə bilən, iki mühərrikli reaktiv təyyarədir. Soyuq müharibə zamanı Sovet tanklarını və zirehli maşınlarını aşağı uçuşlarda məhv etmək üçün hazırlanmışdır. Buna “Tank Qatili” deyilir. Döyüş meydanlarında 300 m -dən aşağı yüksəkliklərə enə bilər və geniş qanad sahəsi sayəsində yerdəki düşmən elementlərini atəş altında saxlaya bilər. Qısa və xam uçuş-enmə zolaqlarından enmə və qalxma qabiliyyəti Thunderbolta cəbhəyə yaxın ərazilərdə də tamamilə effektiv şəkildə işləməsinə imkan yaradır. Son dərəcə yüksək dayanıqlığa malik olan bir təyyarə olması, təyyarəyə böyük bir döyüş radiusu və uzun müddət döyüş meydanında qalma qabiliyyəti bəxş edir. Sistemi və zirehi sayəsində döyüş meydanlarında sağ qalma ehtimalı son dərəcə yüksəkdir. Zədələnməsinə baxmayaraq pilotun təyyarəni bazaya qaytara biləcək formada dizaynı və yükləmə diapazonu, təyyarənin diqqət çəkən elementləridir. Pilot kabinəsi 3,8 sm qalınlığında titan zirehlə örtülmüşdür. Bütün təyyarə zirehlə əhatə edilməmişdir, zireh yalnız kokpit və yanacaq çəninə tətbiq olunmuşdur. Təyyarənin dizaynı, performansa deyil, aşağı yüksəkliklərdəki (300 m) kreyser sürətlərində yerdən açılacaq atəşə baxmayaraq hədəflərin məhvi və bazaya salamat qayıtmağa əsaslanır. Bu xüsusiyyətlər istifadəçi pilotlara təyyarəyə etibar etməyə və təyinat yolunda konsentrasiyanı saxlamağa imkan verir. Birinci Körfəz Müharibəsi zamanı bəzi A-10 təyyarələrinin gövdəsində və qanadlarında 30 sm civarında zenit güllə çuxurları olsa da, təyyarələr bazaya qayıda bilmişdirlər.

Düşürülməyən təyyarə, A-10 Tanderbolt 2 (Thunderbolt 2)

[redaktə | mənbəni redaktə et]

Dünya hərb tarixində vurularaq düşürülməyən təyyarə düşünərkən əlbəttə ki, ilk ağıla gələn A-10 Tanderbolt hücum təyyarəsidir.

Boş yerə təyyarəyə Çöldonuzu adı verilməyib. Əsasən çöl və düzənlik şəraitlərdə tankların qəniminə çevrilmiş A-10 təyyarəsi dövrünün ən uğurlu hücum təyyarəsi hesab edilirdi. Lakin hesab edilirdi deməklə təyyarənin imicini cılızlaşdırmaq doğru olmaz. Çünki hazırda da hərbi əməliyyatlarda istifadə edilən A-10 70-ci illərin yeganə hücum təyyarəsi adını özündə saxlayır.

A-10-nun əsas adının “Çöldonuzu” (Warthog, qısaca Hog) olmasına baxmayaraq, ikinci dünya müharibəsində ABŞ quru qoşunlarına yaxından hava dəstəyi göstərmiş P-47 Tanderbolt bombardmançı təyyarəsinə görə Tanderbolt 2 olaraq adlandırılmışdır.

A-10 Tanderbolt quru qoşunlarına yaxından hava dəstəyi göstərmək üçün xüsusi hazırlanmış bir hücum təyyarəsidir. Əsas vəzifəsi havadan müdafiə və hücum əməliyyatlarını yerinə yetirməkdən ibarətdir.

Tanderbolt 2 dizayn etibarı ilə elə də yüksək manevr imkanlarına və yüksək sürətə malik təyyarə olmasa da, sahib olduğu 30 millimetrlik pulemyot tipli topu işin rəngini ciddi surətdə dəyişdirir.

1960-cı illəri Amerika Birləşmiş Ştatları üçün heç də yaxşı dönəm hesab etmək olmazdı. Bu dövr Soyuq müharibənin ən kritik dövrü hesab edilirdi. Kuba məsələsindən dolayı Sovet İttifaqı ilə yaşanan nüvə silahı gərginliyi bu iki super dövləti hər an qarşıdurmaya gətirə biləcək səviyyəyə gəlib çıxmışdı.

Vyetnam müharibəsinin başlanması da ABŞ-ni digər tərəfdən heç də razı salmırdı. Müharibənin başlanğıcında ABŞ Vyetnama müdaxiləni cılızlaşdıraraq bir neçə ay ərzində tam nəzarəti ələ alacaqlarını düşündükləri zaman, şimali Vyetnamın simmetrik və asimmetrik müharibə taktikaları qarşısında ABŞ ordusu həqiqi mənada şoka düşmüş bir vəziyyət almışdı.

Müharibənin gedişində daha çox F-4 qırıcı bombardmançılarından istifadə edən ABŞ ordusu, daha çox meşəlik ərazidə “burun-buruna” gedən döyüşlərdə üstünlük əldə edə bilmirdi. Çünki F-4 qırıcıları həm sürətli, həm də daha az hərbi sursat götürmək imkanına sahib idi. Bu da ABŞ tərəfini daha dərindən düşünməyə vadar etdi.

1960-cı illərdə ABŞ ordusu məxfi layihə həyata keçirməyə başladı.Bu layihədə məqsəd havadan müdafiəni təmin edə bilən təyyarəyə sahib olmaq idi və bu təyyarədən ABŞ ordusu xüsusi özəlliklər tələb edirdi. Özəlliklə təyyarə aşağı sürətlərdə yüksək və orta manevr imkanlarına sahib olmalı, 5 tondan daha artıq sursat daşıya bilməli və ən əsası hərbi texnikalara, həm də canlı (insan) hədəflərə qarşı güclü topa sahib olmalı idi.

Beləliklə, elan edilmiş tenderi “Ferçayld Erkraft” (Fairchild Aircraft) şirkətinin A-10 layihəsi qazandı və 1966-cı ildən etibarən A-10-nun hazırlanmasına başlanıldı. Ferçayld şirkəti eyni zamanda İkinci dünya müharibəsi zamanı P-47 Tanderbolt bombardmançısının da istehsalçısı idi. Məhz bu səbəbdən A-10 layihəsi seçilmişdi. P-47 Tanderbolt İkinci dünya müharibəsi dövründə ABŞ ordusunda xüsusi yeri olan bir döyüş təyyarəsi idi.

Qısa haşiyə çıxaraq İkinci dünya müharibəsinin ən mükəmməl hücum təyyarəsi adını P-47 Tanderbolta verməklə əks tərəfdə Sovet İttifaqının əfsanəvi İlyuşin-2 (İl-2) hücum təyyarəsinin haqqını danmış olarıq. İl-2-nin imkanları məhdud olsa da, onu əfsanə edən güclü zirehə malik olması idi. Bu zireh sayəsində düşmən tanklarının üzərində rahat uçuşlar həyata keçirərək havadan ölüm yağdıra bilirdi. Hətta müharibənin gedişində bir İl-2 hücum təyyarəsinin ciddi zərbələr almasına baxmayaraq bazaya geri qayıtması ABŞ ordusuna məhz belə bir xüsusiyyətlərə malik təyyarə hazırlamağı vacib qılırdı.

Beləliklə, 1966-cı ildə ABŞ A-10 Tanderbolt 2 layihəsini başlatdı. İlk prototip 1972-ci ildə ilk uçuşunu reallaşdırdı və 1975-77-ci illər aralığında silahlanmaya qəbul edildi. 1977-ci ildən ABŞ ordusunun qatıldığı bütün hərbi əməliyyatlara A-10 Tanderbolt 2 hücum təyyarələri də cəlb edildi.

Birinci Körfəz müharibəsində uğurla iştirak edən A-10-lar, İkinci Körfəz müharibəsi və Əfqanıstan əməliyyatlarında da eyni uğuru təkrarlamağı bacarmışdılar. Günümüzdə A-10 Tanderbolt üçün düşürülməyən nadir təyyarələrdən biri desək məsələni şişirtmiş olmarıq.

Bu əsnada ortaya maraqlı sual çıxır. A-10 Tanderbolt 2-ni əfsanə edən nədir?

Qeyd etdiyim kimi A-10 Tanderbolt 2 yüksək manevr imkanlarına və yüksək sürətə malik deyil. 834 km/saat sürəti olan A-10 çox yüksəkliklərə qalxma imkanlarından da məhrumdur. Yük götürmə imkanları isə maksimum 9 tondur. Radara görünməzlik xarakterinə də sahib olmaması təyyarəni hava hücumundan müdafiə sistemlərinə asanlıqla yem edə bilər.

Lakin...Buz qatının görünməyən tərəfi isə A-10 Tanderbolt 2-nin gövdəsinin ön alt hissəsində yerləşən, tankların zirehlərini orta yüksəklikdən dəlməyə imkan verən 7 lüləli 30 mm-lik “GAU-8/A” pulemyot tipli topudur. Bu top tank və digər zirehli texnikalara qarşı tətbiq edilmiş dövrünün ən güclü toplarından biri, bəlkə də birincisi idi. Daha açıq desək bu top A-10 təyyarəsinə yerləşdirilmədi, təyyarə məhz bu topun ətrafında inşa edildi.

30 mm-lik top zireh dələn mərmilərlə təchiz edilmişdir. Təyyarə bir dəfəyə 1650 ədəd mərmi daşımaq və pilotun istəyinə görə dəqiqədə 2 min ilə 4 min 600 atış reallaşdıra bilir. Bu top uzun mənzilli və olduqca ölümcül bir top hesab edilir. “GAU-8/A” topu 6500 metrdən tankın zirehini dəlmək imkanına sahibdir. Mərmilərin istehsalında tətbiq edilmiş Uranium 235-izotopu sayəsində mərmilər zirehi dələrkən güclü partlayış da yaradırlar. Bunun nəticəsində texnikanı sıradan çıxartmaqla, canlı qüvvəni məhv etmiş olur. Məhz A-10 Tanderbolt 2-ni özəl edən cəhəti də budur. Havadan 30 mm-lik uranium mərmilərindən açılan atəş zamanı yerdə olan zirehli texnikanı məhv etməklə yanaşı, canlı qüvvənin yaşamasını da qeyri mümkün edir.

A-10 Tanderbolt 2-nin eyni zamanda çox üstün zirehli qorunması da var. Təyyarənin burun, pilot kabinəsi və yanacaq çənlərinin ətrafında 38 mm-lik titaniumdan hazırlanmış zirehli lövhələr tətbiq edillib. Bu zirehin sayəsində təyyarə düşmən üzərində rahat uçuşlar həyata keçirə bilir.

Mühərriklərə gəldikdə isə təyyarədə arxa üst hissədə iki ədəd General Elektrik TF-34-GE-100 turbofan mühərriki quraşdırılıb. Mühərriklərin arxa üst hissədə yerləşdirilməsinin səbəbi isə mühərrikləri hava hücumundan müdafiə sistemlərindən nisbətən qorumaqdır. Mühərriklərin soyuq işləməsindən dolayı havaya buraxılan qazın dəyəri digər təyyarələrə nisbətən daha aşağı olduğu üçün istiliyə hesablanmış raketlərdən də asanlıqla qoruna bilir.

Yüksək zirehli qorunması, soyuq işləyən mühərriki və 30 mm-lik ölümcül pulemyot tipli topu sayəsində A-10 Tanderbolt 2 bu günə qədər hazırlanmış ən uğurlu hava dəstəyi təyyarələrindən biri olma ünvanını əldə etdi.

Hazırda A-10 Tandebolt 2 təyyarələrini sadəcə ABŞ Hərbi Hava Qüvvələrinin silahlanmasında görə bilərik. Bir haşiyə olaraq qeyd etmək yerinə düşər. 1990-cı illərdə Türkiyə bu təyyarələrdən 50 ədədinə sahib ola bilərdi. Bununla bağlı ABŞ tərəfi Türkiyəyə təklif vermiş və Türkiyə tərəfi də təyyarələri araşdırmaq üçün ABŞ-yə xüsusi nümayəndə heyəti göndərmişdi. Ancaq Türkiyə nümayəndə heyəti təyyarələrin alınmasına qarşı çıxan sənəd hazırladı. Səbəb isə təklif edilən təyyarələrin çox pis vəziyyətdə olması göstərilirdi. Həmçinin təyyarələrin istehsalının 1984-cü ildə dayandığını və istehsal olunmadığını da Türkiyə nümayəndə heyəti sənəddə göstərmişdi. Nəticədə Türkiyə tərəfi bu təklifdən imtina edərək özünün “Hücum” (Atak) layihəsini başlatdı.

Lakin bu təyyarədən dünyada təkdir demək olmaz. Cünki bu təyyarənin bir rəqibi keçmiş Sovet İttifaqı (hazırda Rusiya) tərəfindən eyni məqsədlər üçün hazırlanmış hücum və hava dəstək təyyarəsi olan Su-25 təyyarəsidir. Azərbaycan Hərbi Hava Qüvvələrinin silahlanmasında da yer alan Su-25 hücum təyyarələrinin A-10-lardan ən böyük fərqi yüksək manevr imkanlarına sahib olması və 2 lüləli 30 mm-lik topdan əlavə qanad altlarında yerləşdirilə bilən hava-hava və hava-quru tipli idarə edilən və idarə edilməyən raketlərin tətbiq olunmasıdır.

Sonda qeyd edim ki, ABŞ ordusunn silahlanmasında 287 ədəd A-10 Tanderbolt 2 təyyarəsi hazırda xidmət etməkdədir.[1]

Tekniki xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

sağ

  • Ölçüləri haqqında məlumatlar
  • Uzunluq : 16.26 m (53.33 ft)
  • Qanad uzunluğu : 17.53 m (57.50 ft)
  • Hündürlük : 4.47 m (14.67 ft)
  • Qanad sahəsi: 47.02 m² (506 ft2)
  • Ağırlıq məlumatları
  • Boş çəkisi : 9.183 kq (20.246 lb)
  • Maksimum uçuş çəkisi : 23.585 kq (52.000 lb)
  • Yanacaq tutumu : Daxili : 4.885 kq (10.700 lb), Xarici : 3 x 600 qalon (2.270 lt) yanacaq tankı
  • Maksimum Faydalı Yük : 7.260 kq (16.000 lb)
  • Güc Mənbəyi
  • Mühərrik : 2 x General Electric TF-34-GE-100 turbofan
  • Mühərrik Gücü : 2 x 9.565 lbf (40.32 kN)
  • Performans
  • Maksimum sürət : 705 km/s (440 mph) (Dəniz səviyyəsində)
  • Kreyser sürəti : 555 km/s (345 mph) (Dəniz səviyyəsində)
  • Xidmət Tavanı : 41.200 ft (12.550 m)
  • Dırmaşma sürəti : 6.000 ft (1.800 m) / dəqiqə
  • Mənzil : Maksimum yanacaq ilə 3.950 km (2.130 nm), Tipik yükləmə ilə 2.000 km (1.080 nm)
  • G Limiti : + 5.5

Silah təchizatı

[redaktə | mənbəni redaktə et]
GAU-8 Avenger pulemyotu
Tam sursat yükü ilə A-10 Thunderbolt II
  • Top
    • 1 x 30 mm GAU-8/A Gatling (7 lülə, 1.350 mərmi)
  • Hava-Hava tipli döyüş raketləri
    • AIM-9L Sidewinder (Sadəcə olaraq OA-10 versiyasında)
  • Hava-Yer tipli hücum raketləri
    • AGM-65B/D/G Maverick
  • Bombalar
    • GBU-10 Paveway II, GBU-12 Paveway II, GBU-16 Paveway II, GBU-24 Paveway III Lazer başlıqlı bombalar
    • Mk-20 Rockeye, BLU-1, BLU-27/B Rockeye II, BL-755, CBU-52/58/71/87/89/97 kasset bombası
    • Mk-82/83/84 çox məqsədli bombaları
    • Mk-77 Yanğın bombası (Napalm)
    • JDAM (A-10C)
    • CBU-105 WCMD (A-10C)
    • LAU-68 Hydra 70 mm (2.76 inç) və 127 mm (5.0 inç) Raket podları
  • Elektronik Müharibə Dəstək Təchizatları
    • ALQ-131 ECM podu
    • LITENING AT/Sniper XR hədəfləmə podları (A-10C)
  1. "Arxivlənmiş surət". 2021-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-27.