Google Assistant — Google tərəfindən hazırlanmış virtual assistent. Əsasən mobil və ev avtomatlaşdırma cihazlarında mövcuddur. Süni intellektə əsaslanan Google Assistant şirkətin əvvəlki virtual assistenti Google Now-dan fərqli olaraq ikitərəfli olaraq söhbətlərdə iştirak edə bilir.[2]
Google Assistant 2016-cı ilin may ayında Google-un mesajlaşma proqramı Google Allo və onun səslə aktivləşdirilən səsucaldanı Google Nest-in bir hissəsi kimi təqdim edildi. Google Pixel smartfonlarında bir müddət eksklüziv olaraq qaldıqdan sonra 2017-ci ilin fevral ayından başlayaraq üçüncü tərəf smartfonlar və Android Wear daxil olmaqla digər Android cihazları üçün buraxıldı və 2017-ci ilin may ayında iOS əməliyyat sistemində müstəqil proqram kimi yayımlandı.
2017-ci ilin aprelində proqram təminatının tərtibatı dəstinin elanı ilə yanaşı, Assistant avtomobillər və üçüncü tərəfin ağıllı məişət texnikası da daxil olmaqla çoxlu sayda cihazları dəstəkləmək üçün daha da genişləndirildi. Proqramın funksionallığı üçüncü tərəf tərtibatçılar tərəfindən də təkmilləşdirilə bilər.
İstifadəçilər "Hey Google" və 2023-cü ildəki güncəlləmədən sonra "Lucy" deməklə təbii səs vasitəsilə Google Assistant ilə qarşılıqlı əlaqədə ola bilir. Assistant suallara cavab verə, tədbirləri və zəngli saatı quraşdıra, istifadəçinin cihazındakı parametrləri tənzimləyə, istifadəçinin Google hesabından məlumatları göstərə, oyun oynaya bilər. Google həmçinin Assistantın cihazın kamerası vasitəsilə obyektləri müəyyənləşdirə və vizual məlumat toplaya biləcəyini, məhsulların satın alınması və pul göndərilməsini dəstəkləyə biləcəyini açıqladı.
CES 2018 sərgisində ilk Assistant ilə işləyən smart displeylər (video ekranlı Ağıllı dinamiklər) elan edildi və ilk versiyası 2018-ci ilin iyulunda buraxıldı.[3] 2020-ci ildə Google Assistant artıq 1 milyarddan çox cihazda quraşdırılmışdı.[4] Google Assistant 90-dan çox ölkədə və 30-dan çox dildə mövcuddur[5] və aylıq 500 milyondan çox istifadəçi tərəfindən istifadə olunur.[6]
Google Assistant 18 may 2016-cı ildə Google Nest ağıllı səsucaldanının və yeni mesajlaşma tətbiqi Allo-nun bir hissəsi kimi Google-un tərtibatçı konfransı zamanı təqdim edildi. Google-un baş icraçı direktoru Sundar Piçay Assistantın danışıq və ikitərəfli təcrübə və "cihazlar arasında genişlənən mühit təcrübəsi" üçün nəzərdə tutulduğunu qeyd etdi.[7] Google həmin ayın sonunda "bir az daha çox şəxsiyyət" inkişaf etdirmək üçün Google Doodle-un direktoru Rayan Germiki təyin etdi və keçmiş Pixar işçisi Emma Kotsu işə götürdü.[8]
Allo və Google Nest xaricində sistem səviyyəsində inteqrasiya üçün Google Assistant əvvəlcə Google Pixel smartfonlarına özəl idi.[9] 2017-ci ilin fevral ayında Google, bəzi ingilisdilli bazarlardan başlayaraq Android Marshmallow və ya Nougat ilə işləyən Android smartfonlarına (planşetlər istisna olmaqla[10][11]) Assistantı əlavə etməyə başladığını elan etdi.[12][13] Assistant həmçinin Wear OS 2.0-a inteqrasiya olunub[14] və Android TV[15][16] və Android Auto-nun [17] gələcək versiyalarına daxil ediləcək. 2017-ci ilin oktyabrında Google Pixelbook, Google Assistant olan ilk noutbuk oldu.[18] Google Assistant daha sonra Google Pixel Buds-a əlavə olundu.[19] Google 2017-ci ilin dekabrında Assistant-ın Android Lollipop ilə işləyən telefonlar üçün Google Play Services yeniləməsi, həmçinin 6.0 Marshmallow və 7.0 Nougat ilə işləyən planşetlər üçün buraxılacağını elan etdi.[20] 2019-cu ilin fevral ayında Google-un Assistantın cavablarında reklamları sınaqdan keçirməyə başladığı bildirildi.[21]
15 may 2017-ci ildə Android Police Google Assistant-ın iOS əməliyyat sisteminə ayrıca proqram kimi gələcəyini bildirdi.[22] Məlumat iki gün sonra Google-un tərtibatçılar konfransında təsdiqləndi.[23][24]