Hellouin | |
---|---|
| |
Rəsmi adı | ing. Halloween |
Başlayır | 31 oktyabr |
Tarix | 31 oktyabr |
Vikianbarda əlaqəli mediafayllar |
Hellouin (ing. Halloween, All Hallows' Eve və ya All Saints' Eve) — 31 oktyabrda bir çox ölkədə qərb xristianlarının Bütün müqəddəslərin günü ərəfəsində qeyd olunan bayram. "Bütün müqəddəslərin tridiumu"nun[1] qeyd olunması ilə başlayır, liturgiya ilində ölülərin, o cümlədən müqəddəslərin, xristiyan şəhidlərin və bütün möminlərin xatirəsinə həsr edilmişdir.[2][3][4][5] Populyar mədəniyyətdə bu gün ürküdücü və fövqəltəbiilik ilə əlaqələndirilmişdir və Hellouin dünyəvi dəhşət bayramı kimi ilk növbədə ABŞ-dan bir çox başqa ölkələrə ixrac edilmişdir. Bayram müasir Böyük Britaniya və İrlandiya ərazisində yaşayan Şotland xalqı Keltlərin adətləri əsasında hazırlanmışdır. Başlıca olaraq ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya, Asiya qitəsində yerləşən Sinqapur, Cənubi Koreya, Yaponiya, Okeaniyada yerləşən Avstraliya, Yeni Zelandiya və bir çox dünya ölkələrində təntənəli şəkildə keçirilir.[6]
İngilis dilinin Oksford lüğətinə görə "Hellouin" sözü ilk dəfə XVI əsrdə ingilis ifadəsi olan All-Hallows-Even (azərb. Bütün müqəddəslərin axşamı, even — evening sözünün qısaltması (azərb. axşam); şotlandca "hellouin" kimi oxunur). O zamanlar Müqəddəslər gününün ərəfəsi olan gecəni elə adlandırırdılar.[7]. Ona baxmayaraq All Hallows ifadəsini qədimi ingilis dilində (ealra hālgena mæssedæg — azərb. Müqəddəslər günü) rast gəlirdi; All-Hallows-Even ifadəsi 1556-cı ildən əvvəlki, yazılı mənbələrdə rast gəlmir.[7]
Tarixçi Nikolas Rocersin sözlərinə görə, Hellouini Qədim Roma bayramı olan Parentaliy ilə əlaqələndirmə cəhdlərinə baxmayaraq,[8] Hellouinin prototipi, kelt bayramı olan Samayndan gəlir, hansı ki, qədim irland ədəbiyyatında X əsrdə ilk dəfə qeyd olunub. Bayramın adı da qədim irland sözü olan "Samhain" sözündən gəlir, hansı ki, "yayın sonu" deməkdir və sonra irlandca Noyabr ayının adına çevirilmişdir.[8][9][10]
Samayn adlı mərasim ayını ölüm simvolu olan qışın gəlişi ilə bağlı idi və həmişə payızın son gunləri qeyd olunurdu.[11] Sonradan kilsə xalq arasında olan bu bayramı özününküləşdirmək məqsədilə Müqəddəslər gününü də bu ərəfəyə saldı.[11] Bəziləri düşünür ki, həmin gün o dünya və bu dünya arasındakı darvazalar açılır və ola bilər ki, evinə gəlmək imkanı qazanan nəslin ölmüş nümayəndələri ilə birgə dünyamıza ziyanverici ruhlar da soxulsun və onları mütləq qorxulu balqabaqlar, iyrənc makiyajla qorxudub qaçırmaq olar.[11]
"World Book" ensiklopediyasında Hellouin bayramının kökləri "2000 il bundan əvvəl keltlərin qeyd etdiyi bütpərəst bayram"a gedib çıxması qeyd olunur.[12] Orada əlavə edilir: "Keltlər inanırdılar ki, bu vaxt ölülər diri insanlar arasında gəzib-dolaşır. Samayn bayramı zamanı dirilər ölülərlə görüşə bilərdilər".[12]
"Amerika Ensiklopediyası"nda qeyd olunur ki, Hellouin ayinləri xristianlıqdan əvvəlki dövrə aiddir və qədim keltlərin kahinləri druidlərin ayinləri ilə baǧlıdır.[13] İrlandiya, Şimali Fransa və İngiltərədə məskunlaşan kelt tayfalarının ili iki hissədən ibarət idi – yay və qış.[13] Yay fəslindən qışa keçid məhsul yığımının sonuna düşürdü və oktyabrın 31-də qeyd edilirdi. Bu həm də yeni ilin başlanğıcı hesab olunurdu.[13]
2014-cü ildə Fransanın Vandarq kommunasının meri Pyer Düdyözer cənubi Fransa kəndində 13 yaşdan böyüklərin kloun kimi bəzənməsi qadağan edib.[14] Klounlar öz hərəkətləri ilə uşaqları, hətta böyükləri qorxutduğu üçün şəhər rəhbərliyi belə bir göstəriş verib.[14]
Bayramın bir çox simvollarının uzun tarixi var. Bir sıra ölkələrdə qara qüvvələrin rəmzi olan müxtəlif şəkillər — hörümçək toru, küpəgirən qarı, qara pişik, skelet şəkilləri çəkilir, butaforlar qoyulur.[13] Marketlərdə bayramın rəmzlərinə bənzəyən oyuncaqlar, uşaqların və gənclərin həmin gün geyinərək şənlənəcəyi nağıl qəhrəmanlarının xüsusi kostyumları, maskalar satılır.[13] Şirniyyatlar Hellouinin rəmzləri şəklində qablaşdırılaraq satışa qoyulur.[13]
Yaponiyada bayram ərzində maksimum şənlənmək üçün hətta küknar ağacı da bəzədilir.[13] Oktyabrın 31-də noyabrın 1-nə keçən gecə müxtəlif qorxulu paltarlar, geniş populyarlıq qazanmış anime və cizgi qəhrəmanlarının uniformalarını geyinmiş, maskalar taxmış gənclər biri-birini əyləndirir, səhərə qədər şənlənirlər.[13]
Bayramın əsas simvolu Cek fənəri (ing. Jack-o'-lantern) sayılır. Cek fənəri — içərisi boşaldılmış, göz, burun və ağız qoyulmuş balqabaqdan hazırlanır və balqabağın içinə şam qoyulur.
Britaniyada orta əsrlərdə insanlar evbəev gəzib ölülərin ruhuna dua oxumalarının qarşılığında sakinlərdən yemək istəyirdilər. Onlar əllərində oyuq şalğam fənərlər tuturdular.[12] Hər bir belə fənərlərin içinə məhşərdə ilişib qalan ruhu təmsil edən şam qoyurdular. Digərlərinin fikrincə isə, fənərlər pis ruhları qovmaq üçün istifadə edilirdi.[12] 1800-cü illərdə Şimali Amerikada şalğam balqabaqla əvəz olundu, çünki bu tərəvəz o torpaqlarda geniş yayılmışdı və onu oymaq asan idi.[12]
Digər bayramlar kimi, Hellouinində öz tanınmış mahnıları və mövzulu musiqisi var. ABŞ pop müğənnisi Bobbi Pikketin "Monster Mash" mahnısı musiqi tənqidçilərinin fikirlərinə görə, Hellouinin özünə məxsus himnidir.[15] Digər bir məşhur mahnı Denni Elfmanın Milad Gecəsi Kabusu filminə yazılmış "This is Halloween" mahnısı sayılır.[16][17]
Çox zaman Hellouin bayram qeyd olunması zamanı qorxulu attraksionlar üçün ambient janrında atmosferik kompozisiyalar istifadə olunur.
Hellouin kostyumu ilk dəfə 1895-ci ildə Şotlandiyada qeydə alınıb.[18]
2005-ci ildə araşdırmalara görə, ABŞ-də bu bayramı qeyd edənlərin yarıdan çoxu Hellouin paltarlarına 38 dollardan artıq pul xərcləməyi lazım bilmirlər.[18] Kostyum satışından ümumi gəlirlər 2005-ci ildə $3,3 milyard, 2006-cı ildə isə $4,96 milyard təşkil edir.[19] Hər il bayram kostyumları dəyişir, nağıl qəhrəmanlarının geyimlərini dünya məşhurlarının obrazlarına parodiya kimi görünən kostyumlar əvəzləyir.[18]
Hellouin bayramı zamanı uşaqlar cin və ya cadugər paltarında qapı-qapı gəzib şirniyyat yığır, ev sahibləri heç nə verməyəndə, onlara hədə-qorxu gəlirlər.
Şirniyyat istəmək və müxtəlif geyimlərdən başqa, Hellouin bəzi xüsusi oyunlar və falçılıq ilə bağlıdır.
Hellouinin mühüm ənənələrdən biri qorxulu attraksionlardır.[20]
Bayram alma biçini zamanına düşdüyünə görə, əsas şirniyyatları alma üzərində əsaslanır.
Hellounin Amerika Birləşmiş Ştatları və Kanadada XIX əsrdən fəal qeyd olunması, ABŞ mədəniyyətinin güclü təsiri altında dünyada yayılmasına səbəb oldu. Lakin bu bayramın bəzi regional fərqliliklər var. Məsələn, İrlandiyada bayramda genişmiqyaslı fişəng və tonqalların təşkil etməsi adət olsa da, Şotlandiyada bu adət keçirilmir.[21][22] Kelt nəsilli ölkələr xaricində, bayram mədəni və ya ritualdan daha çox kommersiya təbiətini daşıyır.[23] Yaponiyada Hellouinin şərəfinə illik festival paradları təşkil olunur.[24] Ölkənin ən təntənəli tədbirləri Kavasaki şəhərində qeyd olunur — hansı ki, Yaponiyada Hellouinin ən qədimi keçirilən yeri sayılır.[25]
Azərbaycanda Hellouin ekzotik və mübahisəli bayram sayılır.[26][27] Bayrama qarşı vəziyyət tədricən dəyişir — Azərbaycanda Hellouin ictimai tədbirlərə daxil edilir.[28][29] 2014-cü ildə BBC Azərbaycancanın Azərbaycanda keçirilən Hellouin barədə sorğusu bir çox izləyici tərəfindən cavablanıb.[30] "Hellouin partisinə gedəcəksinizmi? Bu günü qeyd edirsinizmi?" suallarına çoxunun reaksiyası mənfi olub.[30]
2014-cü ildə Malayziyanın Ali Dini qurumu olan Milli Fətva Şurası Hellouinin xristian bayramı olduğunu xatırladaraq bayram mərasiminin ölüm və ölülər mövzusuna kökləndiyini, bunun "İslam təlimlərinə qarşı" olduğunu görə bayramı qadağan edib.[31] Həmin ildə İordaniya krallığın Daxili İşlər Nazirliyinin açıqlamasında "Hellouin" bayramının qərb mədəniyyətinin tərəfdarları və əleyhdarları arasında gərginliyə və qarşıdurmaya səbəb olduğundan bayramı qadağan edib.[32]
Yehovanın Şahidləri kimi bəzi Xristian dini təşkilatları Hellouin bayramını qeyd etmirlər, çünki onları Tanrıya məqbul olmayan, kökünün isə bütpərəstliyə çıxıb getdiyi hesab olunur.[12]
Qədim adətlərə görə, noyabrın 1-nə keçən gecə dirilərlə ölülər dünyası arasındakı sərhəd açılır və qədim xalqların əsas bayramı olan həmin gün Samheyn adlanırdı.[13] Bütpərəst keltlər ölülərin kölgəsinin qurbanı olmamaq üçün həmin gecə heyvanların başını və dərisini geyər, evdə ocağı söndürər, öz qorxunc görkəmləri ilə kabusları qorxutmağa çalışardılar.[13]
Hellouinə Cənubi Park cizgi serialının yeddinci seriyası həsr olunub.[33] Hellouin epizodları Simpsonlar cizgi serialının Treehouse of Horror (azərb. Vahiməli Ev) hər televiziya mövsümü yer alır.[34] Hər epizod üç müxtəlif mini-hadisələrdən ibarət olub, şəhər əfsanələri, məşhur dəhşətli film və ya məşhur mədəniyyət obyektlərini parodiya edir. Helluoin epizodları Simpsonlar serialında ən reytinqli epizodlar sayılır.[35]
Hellouin mövzusuna bir sıra film, o cümlədən Qışqırıq, Hellouin 2, Hellouin 3: İfritələrin vaxtı, Hellouin 4: Maykl Mayersin qayıdışı, Hellouin 5: Maykl Mayersin qisası, Hellouin 6: Maykl Mayersin lənəti, Hellouin: 20 ildən sonra, Hellouin: Dirilmə, Bitlcus kimi filmlər həsr olunub.
1969-cu ildə Britaniya yazıçısı Aqata Kristi dramaturq Pelam Vudhauza "Hellouində ziyafət" romanını ona həsr etmişdir.[36]
Hallowtide covers the three days – 31 October (All-Hallows Eve or Hallowe'en), 1 November (All Saints) and 2 November (All Souls).
Halloween or Hallowe'en, is the yearly celebration on October 31st that signifies the first day of Allhallowtide, being the time to remember the dead, including martyrs, saints and all faithful departed Christians.