Həyat möcüzədir | |
---|---|
Život je čudo | |
Janr | dram filmi, komediya filmi[1], musiqili film, müharibə filmi |
Əsas mövzu | Yuqoslaviya müharibələri |
Rejissorlar | Kusturitsa, Emir |
Prodüserlər |
Emir Kusturitsa Mayya Kusturitsa Alen Sard |
Ssenari müəllifləri | |
Baş rollarda |
Slavko Ştimas Nataşa Şolak |
Operator | Mişel Amatyu |
Bəstəkarlar |
Emir Kusturitsa Deyan Sparavolo |
İlk baxış tarixi | 2004, 16 iyun 2005[2] |
Müddət | 155 мин. |
Ölkələr | Serbiya və Monteneqro |
Dil | serbcə |
İl | 2004 |
Rəng | rəngli |
IMDb | ID0322420 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyat möcüzədir (serb. Život je čudo/Живот је чудо) — Emir Kusturitsanın rejisorluğu ilə, 2004-cü ildə Serb-Çernoqoriya birliyi və Fransanın istehsal etdiyi tragikomediya janrında çəkilmiş bədii filmdir.
Bosniya. 1992-ci il. Luka uzaq bir vilayətdə yerləşən kiçik şəhərcik xatirinə doğma Belqradı tərk etmiş qəribəlikləri olan bir mühəndisdir. O, Serbiya və Bosniyanı birləşdirən dəmiryolu inşa etmək arzusundadır. Lukanın həyat yoldaşı- opera ifaçısı Yadranka ruhi xəstəlikdən əziyyət çəkir, oğlu Miloş isə yerli futbol komandasından, paytaxt Belqradın "Partizan" klubuna keçmək istəyir. Bu vaxt Yuqoslaviyada ciddi siyasi dəyişikliklər baş verir. Bu dəyişikliklər balaca şəhərciyin həyatına da öz təsirini göstərir. Ayı ovu zamanı muzdlu qatil acgöz, arvadbaz, ancaq müəyyən insani keyfiyyətlərini itirməmiş şəhər merini öldürür. Lukanın inşa etdiyi qataryoluyla şəhərə onun yeni sahibləri gəlirlər. Onlar narkotik ticarətində özlərinə karyera qurmuşdular. Miloşun orduya alındığı və eyni zamanda da, onu “Partizan”da gözlədikləri xəbərini alırlar. Yeni lokomotivin alınmasına, şəhərin yeni merinin qarşılanmasına və Miloşun yola salınmasına həsr olunan şənlik zamanı Lukanın arvadı multiinstrumentalist bir macarla qaçır. Elə həmin gün kapitan Aleksiçə müharibənin başladığı barədə məlumat verildi. Vətəninə sadiq bir zabit olan Kapitan Aleksiç başlanmış müharibənin nə qədər mənasız olduğunu bilir.
Tezliklə Luka oğlunun əsir götrüldüyünü öyrənir. O, Miloşun yerinə döyüşə atılmaq istəyir, amma kapitan Aleksiç onu buraxmır. Bir müddət sonra Miloşun bir tanışı Lukaya, Miloşa dəyişdirmək üçün əsir götürülmüş bosniyalı qızı özü ilə götürməyi təklif edir. Luka razılaşır və Sabaha adlı bu əsir qız Lukanın evində məskunlaşır. Onların arasında yaxın münasibətlər yaranır. Tezliklə Lukanın arvadı Yadranka qayıdır. Luka və Sabaha Serbiyaya qaçmağa hazırlaşırdılar, lakin bosniyalı hərbçilər Drina çayı yaxınlığında Sabahanı dizindən yaralayır. Bölgədəki yeganə hərbi hissə hospitalına gedən yol çox uzaq olur. Çox qan itirməsinə baxmayaraq Sabaha sağ qalır. Sevgililər gözlənilmədən Sabahanın münaqişə tərəfləri arasında mübadilə ediləcək əsirlərin siyahısına daxil edildiyini öyrənirlər. Sabahanın istəyi olmadan onu Lukadan ayıraraq mübadilə edirlər. Miloş da evə qayıdır.
Müharibə başa çatır. Ailə dəmiryolu stansiyasının yaxınlığındakı evlərinə qayıdır. Luka bu cür yaşaya bilməyəcəyini hiss edir və intihara cəhd edir — tunellərdən birinin yaxınlığındakı relsə uzanır, ancaq filmdə vaxtaşırı ümidsiz sevginin simvolu kimi bir uzunqulaq Lukayla qatarın arasında peyda olur. Filmin son kadrı simvolik xarakter daşıyır: Luka və Sabaha uzunqulağa minərək sevgilərinə mane olan hər şeydən qaçırlar.
Aktyorlar | Rollarda |
---|---|
Slavko Ştimas | Luka Djuriç |
Nataşa Şolak | Sabaxa Bişiroviç |
Vesna Trivaliç | Yadranka Djuriç |
Vuk Kostiç | Miloş Djuriç |
Aleksandr Berçek | Velo |
Stribor Kusturisa | kapitan Aleksiç |
Miryana Karanoviç | Nada |
Branislav Laleviç | şəhər meri Radovan |
Nikolo Koyo | Filipoviç |
Deyan Sparavalo | dirijor |
Dublyaj rejissoru — Vsevolod Kuznesov
Filmin çəkiliş meydanı "Emir Kusturitsanın kəndi" adlandırılan- Drvenqrad olmuşdur. O Meçavnik dağı yaxınlığında, Serbiya, Bosniya və Herseqovina sərhəddində yerləşir. Əvvəlcə Kusturitsa burada özü, sonra oğlu üçün bir ev tikdi. Tədricən əsl etnoqrafik yaşayış məntəqəsi yaratmaq ideyası meydana gəldi. Kəndin meydanında Emir Kusturitanın filmlərindən köhnə maşınlar var idi. Həmçinin Emir Kusturitsanın "Həyat möcüzədir" filmi üçün təmir etdirdiyi dəmiryolunda kinoya relslərlə gedən avtomobil dayanmışdı[3].
Filmin çəkilişləri 13 ay demək olar ki, fasiləsiz davam etdi. Hava çəkiliş qrupu üçün uğursuz idi və Kusturitsa daim ssenarini yenidən yazırdı.
Bir çox digər filmlərində olduğu kimi, bu filmdə də Kusturica müharibə əleyhinə mövqeyini ifadə edir və Yuqoslaviya müharibəsini açan separatçılar, həmçinin BMT haqqında düşmənçiliklə danışaraq vahid Yuqoslaviya üçün darıxır. Amma həmişə olduğu kimi öz nikbinliyini və həyatsevərliyini itirmir və nəticədə rejissorun əksər filmlərinin çəkildiyi tragikomediya janrı alınır.
"Həyat möcüzədir" filmi "Qızıl palma budağı" mükafatına namizəd görüldü, lakin Kusturitsanın əvvəlki filmlərindən fərqli olaraq tənqidçilər bu filmi olduqca soyuq qarşıladılar. Rejissoru özünütəkrarçılıqda və filmin uzanmasında ittiham etsələrdə, eyni zamanda onun qüsursuz peşəkar işini də vurğuladılar.