III Dara | |
---|---|
q.yun. Δαρεος q.fars 𐎭𐎠𐎼𐎹𐎺𐎢𐏁 | |
Doğum tarixi | e.ə. 380 |
Vəfat tarixi | e.ə. 330[1] |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşları | |
Fəaliyyəti | monarx |
Vikianbarda əlaqəli mediafayllar |
III Dara (e.ə. 380 – e.ə. 330[1], Baktriya) — Əhəməni dövlətinin sonuncu şahənşahı (E.ə. 336-330-cu illər).
Əhəmənilər sülaləsinin sonuncu hökmdarı bir çox qardaşlarını güdaza verən, cinsindən və yaşından asılı olmayaraq bütün qohum-əqrəbasını tələf edən qanlı müstəbid III Artakserks Əhəmənilər imperiyanın ömrünü bir neçə il uzatmışdı. III Artakserks mərkəzi hakimiyyəti müəyyən dərəcədə möhkəmlətməyə müvəffəq oldu, lakin e.ə. 338-ci ildə zəhərlə öldürüldü.
Şah ailəsi demək olar tamamilə tələf edildikdən sonra, e.ə. 336-ci ildə İran şahənşahının taxtında Əhəməni sülaləsinin yan şaxələrindən birinin nümayəndəsi olan Kodoman əyləşdirildi. III Dara adını qəbul edən bu şahın hökmranlığının tarixi Makedoniyalı Aleksandrın yunan-Makedoniya qoşunlarının zərbələri altında böyük İran dövlətinin məhv olması tarixidir.
Gözəl təchiz edilmiş intizamlı yunan-Makedoniya ordusu e.ə. 334-cü ilin yazında Hellespontdan (indiki Dardaneldən) keçib Kiçik Asiyaya soxuldu. İki düşmən arasında ilk döyüş e.ə. 334-cü ilin mayında Qranik çayının sahilində oldu. Aleksandrın ordusu döyüşə qeyri-mütəşəkkil, ləng və gec hazırlanmış olan Kiçik Asiya satraplarının ordularını ağır məğlubiyyətə uğratdı.[2]
III Daranın özünün başçılıq etdiyi İran orduları ilə Aleksandrın ikinci döyüşü e.ə. 333-cü ilde İss şəhəri rayonunda, dənizlə dağlar arasındakı ensiz vadidə (Şimali Suriya sərhədlərində) baş verdi. Bu vuruşma da yunan-makedoniyalıların qələbəsi ilə nəticələndi. Farslar darmadağın edildilər. III Dara hərb meydanından rüsvayçılıqla qaçdı. Aleksandra xeyli qənimət çatdı. O, şahənşahın anasını, arvadını və iki qızını da özü ilə apardı. Bu vuruşmada farslarla birlikdə madalılar da iştirak edirdilər.
İss vuruşması nəticəsində bütün Kiçik Asiya Aleksandrın ixtiyarına keçdi. Makedoniya əleyhinə hərəkatın geniş miqyas alıb Makedoniyanın, Frakiyanın, Yunanıstanın, Kritin, Kiçik Asiyanm bir çox vilayətlərini bürüməsinə, habelə Finikiyanın və Fələstinin iri ticarət şəhərlərinin (Tir və Qazanın) güclü müqavimət göstərməsinə baxmayaraq, Aleksandr öz düşmənlərinə qalib gəlib Misirə yiyələndi və e.ə. 332/331-ci illərin qışını orada keçirdi. Beləliklə, Makedoniya padşahı Aralıq dənizinin şərq sahillərindəki limanların hamısını tutdu, farsların donanmasını bazalardan məhrum etdi, dənizdə hökmranlığı ələ keçirtdi və öz gediş-gəliş yollarından təhlükəni dəf etdi.
E.ə. 331-ci ilin yazında Aleksandr yenidən Asiyada göründü. Yunan-Makedoniya qoşunları Fərat və Dəclə çaylarını keçib Arbela yaxınlığında Qavqamela kəndinin ətrafında düşərgə saldılar. E.ə. 331-ci il oktyabrın 1-də burada Aleksandr qoşunları ilə III Daranın qoşunları arasında üçüncü vuruşma oldu. Qavqamela vuruşması nəinki qədim dövrün ən iri vuruşmalarından biri, həm də makedoniyalı fatehin bütün vuruşmalarının ən çətini idi.
III Daranın orduları darmadağın edildi. Şah bir neçə satrapla və kiçik bir qoşun dəstəsi ilə Madanın paytaxtı Ekbatanaya qaçdı. Lakin yunan-makedoniyalılar özləri də bütün yürüş müddətində ən ağır tələfata bu döyüşdə uğradılar. Əhəməni dövlətinin həyati əhəmiyyətə malik mərkəzlərinin hamısının yolu Aleksandrın üzünə açıldı. Aleksandr Babil və Suzu işğal etdi, sonra Parsaya soxuldu. Farsların iki paytaxtının ikisi də — Pasarqad da, Persepol da tutuldu. Makedoniyalı fateh burada xeyli sərvət — 120 min talant gümüş və qızıl, çoxlu qızıl və gümüş qab-qacaq, müxtəlif daş-qaş ələ keçirdi. Persepol şah sarayı yandırıldı.
Lakin son dərəcə ağır tələfata baxmayaraq, III Dara hələ qisas almaq ümidində idi və Madada qoşun toplamağa başladı. III Dara Aleksandrla mübarizəni məhz Madada davam etdirmək ümidində idi. O, Madada yeni qoşun toplamağa çalışırdı və bu işdə müəyyən uğurlar qazanmışdı. Kadusilərdən və skiflərdən (skiflər dedikdə, sakesinlər nəzərdə tutulmalıdır) köməyi də Madada gözləyirdi. Lakin bir qədər sonra vəziyyət dəyişdi. Aydınlaşdı ki, kadusilər və skiflər III Daranın tərəfini saxlamırlar. Məhz buna görə III Dara Ekbatananı tərk edib monarxiyanın şərq əyalətlərinə qaçdı və tezliklə orada həlak oldu.
III Dara Doğum: e.ə. 380 Vəfat: e.ə. 330
| ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri IV Artakserks Arses |
Əhəmənilər imperiyası Şahı e.ə. 336- e.ə. 330 |
Xələfləri Makedoniyalı İsgəndər (Makedoniya çarlığı) Artakserks (Bess) |