II Sarduri | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | e. ə. VIII əsr |
Vəfat tarixi | e.ə. 735 |
Fəaliyyəti | monarx |
Atası | I Argişti |
Uşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
II Sarduri (e. ə. VIII əsr – e.ə. 735) — Urartu hökmdarı (E.ə. 764 – 735) I Argiştinin oğlu.
I Argiştinin oğlu II Sarduri (e.ə. 764–735-ci illər) hakimiyyətə gələn zaman Urartunun çiçəklənməsini təmin edən beynəlxalq şərait dəyişməmişdi. Assuriya hələ siyasi böhrandan çıxmamışdı. Buna baxmayaraq II Sarduri bütün istiqamətlərdə müharibə aparmalı olurdu. II Sardurinin şimal yürüşləri daha uğurlu keçirdi. I Argiştinin dövründə Cənubi Qafqazda yaşayan tayfaların çoxu hələ Urartuya tabe edilməmişdi. İtaət altına alınmış bir sıra tayfalar isə üsyan qaldırır və xərac verməkdən imtina edirdi. Bununla əlaqədar II Sarduri Ağrıdağ vadisinə və Göyçə gölü ətrafına yürüşlər təşkil etdi. Urartu ordusu Göyçə gölünün qərb sahillərinə qədərki ərazini tutdu və eyni zamanda Uduri-Etiuni ölkəsinə gəlib çatdı. Bu yürüş nəticəsində Urartuya təxminən 60 min hərbi əsir gətirildi. Əhali yenidən xərac verməyə məcbur edildi.
II Sarduri assurilər ilə də toqquşmalı olurdu. Döyüşlərin birində Assur hökmdarı V Aşşurnirari (e.ə. 754–745-ci illər) üzərində qələbə çaldı. Bu da onun cənub-qərb istiqamətində yürüşünü nisbətən asanlaşdırdı. O, Şimalı Suriyada Uraılunun siyasi təsirini Dəməşqə kimi yaya bildi. Qərbə gedən ticarət yolları Urartunun nəzarəti altında qaldı. Van gölünün cənub-qərbində yerləşən Şupriya ölkəsi Urartuya tabe edildi. Cənub-şərq istiqamətində urartulular mannanıların ərazisinə daxil oldular. II Sardurinin salnaməsi qeyd edir: "Sonra mən Manna ölkəsinə yola düşdüm, ölkəni tutdum, kəndləri yandırdım və dağıtdım, ölkəni tar-mar etdim, kişi və qadınları Biayniliyə (Urartuya) sürüb apardım". II Sarduri Manna torpaqlarının bir qismi üzərində Urartunun siyasi təsirini yenidən bərqərar etdi. O, Urmiyyə gölünün yuxarı sahilindən keçərək Mannanın dağlıq vilayətlərinə girdi, 45 qala və yaşayış məntəqəsini tutdu. Eyni zamanda, istehkamla möhkəmləndirilmiş Libliuni hökmdar şəhərini və Puluadi ölkəsini ələ keçirtdi. O, Puluadi ölkəsinin Libliuni şəhərində yazılı abidə qoydurdu. Bu abidə Cənubi Azərbaycanın şimal hissəsində (ind. Qaraca Dağ vilayətinin Sakindil kəndi yanında) aşkar edilmişdir. II Sarduri işğal olunmuş şəhərləri külə döndərdi, ölkəni çapıb taladı, kişi və qadınları əsir apardı. Bununla yanaşı, II Sarduri burada yeni qalalar saldırdı. Yəqin ki, əhalini itaətdə saxlamaq üçün qalalara hərbi dəstələr yerləşdirdi. Beləliklə, II Sardurinin dövründə Mannanın kənar vilayətləri Urartunun himayəsi altına keçdi. Lakin bu da uzun sürmədi. Tezliklə Assuriya yüksəliş dövrünə qədəm qoydu və Manna müstəqilliyi uğrunda mübarizəni davam etdirdi.
E.ə. 745-ci ildə Assuriyada hakimiyyətə III Tiqlatpalasar gəldi. O, yüksək döyüş qabiliyyətli ordu yaratdı. III Tiqlatpalasar Assuriyanın əvvəlki qüdrətini bərpa etmək naminə fəaliyyətə başladı. E.ə. 743-cü ildə o, Şimali Suriyada Urartu ordusu ilə döyüşə başladı. II Sarduri Suriya hakimləri ilə birlikdə Assur ordusuna qarşı döyüşə girdi. Birləşmiş qüvvələr məğlub oldular, II Sarduri Urartuya qaçdı. E.ə. 735-ci ildə III Tiqlatpalasar bu dəfə bilavasitə Urartunun ərazisinə ordu yeritdi. İlk döyüşdə II Sarduri məğlub oldu və döyüş meydanını tərk etdi. Assur ordusu Urartunun paytaxtı Tuşpa şəhərini mühasirəyə aldı, lakin tuta bilmədi. Salnamə yazır: "Urartulu Sardurini onun baş şəhəri Tuşpada qapadım, şəhər darvazası qarşısında böyük qırğın saldım, mən əlahəzrətin təsvirini darvaza önündə qoydurdum". Bundan sonra III Tiqlatpalasar Urartu ərazisində müqavimətə rast gəlmədən dolandı və geriyə qayıtdı. Urartu bu zərbədən sonra bir daha özünə gələ bilmədi. Bir çox vilayətlər Urartunun siyasi təsir dairəsindən çıxdı. Buərazilər Assuriyaya qatıldı. Eyni zamanda, Urmiyyə gölü hövzəsində Urartu ağalığı ləğv edildi. Manna öz torpaqlarını qaytarmaq uğrunda mübarizəyə başladı.