Kato Svanidze

Kato Svanidze
Doğum tarixi 2 (14) aprel 1885
Doğum yeri
Vəfat tarixi 22 noyabr (5 dekabr) 1907 (22 yaşında)
Vəfat yeri
Vəfat səbəbi vərəm, səpmə yatalaq
Dəfn yeri
Həyat yoldaşı
Uşağı
Atası Svimon Svanidze[d]
Anası Sepora Dvali[d]
Fəaliyyəti dərzi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yekaterina (Kato) Semyonovna Svanidze-Cuqaşvili (gürc. ეკატერინა (კატო) სვიმონის ასული სვანიძე-ჯუღაშვილი, translit. Ekaterina Svimonis asuli Svanidze-Cuğaşvili; rus. Екатери́на Семёновна Свани́дзе, translit. Yekaterina Semyonovna Svanidze; 2 (14) aprel 1885, Baci (Gürcüstan), Kutaisi quberniyası, Rusiya imperiyası22 noyabr (5 dekabr) 1907, Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası) — İosif Cuqaşvilinin (Stalin) ilk həyat yoldaşı, onun ən böyük oğlu Yakovun anası, dərzi.

Gürcüstanın qərbində yerləşən Raça regionunda anadan olan Svanidze daha sonra iki bacısı və bir qardaşı ilə Tiflisə köçmüş, orada dərzi işləmişdir. Onun qardaşı Aleksandr o vaxtlar İosif Cuqaşvili kimi tanınan Stalinin yaxın bir dostu idi və 1905-ci ildə onu Svanidze ilə tanış etmişdir. Onlar növbəti il – 1906-cı ildə evlənmiş, bir neçə ay sonra isə onların Yakov adlı bir oğulları olmuşdur. Svanidze həyat yoldaşı ilə həbs olunmaqdan qaçınmaq üçün Bakıya köçmüşdü, lakin Svanidze orada ağır xəstəliyə yoluxduğundan 1907-ci ildə onlar Tiflisə geri qayıtmalı olmuşdular. O, Tiflisə qayıtdıqdan az müddət sonra vəfat etmişdir. Ehtimal olunur ki, Svanidze ya səpmə yatalaq, ya da ki vərəm xəstəliyinə yoluxmuşdu. Onun ölümü Stalinə çox təsir göstərmişdir, çünki o, Svanidzeyə çox əhəmiyyət verirdi. O, Yakovu Svanidze ailəsinin himayəsinə buraxdı və onu görməyə nadir hallarda getdi.

Ketevan Svanidze[a] Gürcüstanın Raça regionunda yerləşən Baci kəndində anadan olmuşdur. Olduqca kiçik olan bu kənd Rusiya imperiyasının Kutaisi quberniyasının ərazisində yerləşirdi.[1] Onun valideynləri dəmiryol işçisi, eləcə də mülkədar olan Svimon və o qədər də əhəmiyyətə malik olmayan bir gürcü zadəgan ailəsindən olan Sepora idi.[2] Onun iki bacısı var idi. Aleksandra (Saşiko; həy. 1878–1936) və Mariya (Mariko; həy. 1888–1942). Əlavə olaraq, onun kiçik bir qardaşı var idi Aleksandr (Alyoşa; həy. 1886–1941).[b][1][3]

Valideynlərinin Kutaisiyə köçmələrinə baxmayaraq, Svanidze bacı-qardaşları Tiflisə köçür və birlikdə İrəvan meydanında (indiki Azadlıq meydanı), Cənubi Qafqaz Hərbi Dairəsinin Baş Qərargahının arxasında yerləşən evdə yaşamağa başlayır.[1] Alyoşa Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (bolşeviklər) Gürcüstan bölməsinin üzvü və İosif Cuqaşvilinin yaxın bir dostu idi.[1][4] Svanidze bacıları hərbi zabitlər və onların həyat yoldaşları üçün formalar və paltarlar hazırlayan fransız kuterye Madam Ervyenin atelyesində işləməyə başlayır.[5] Saşiko Mixail Monaselidze[c] ilə evlənir. Monaselidze İosif Cuqaşvilini getdiyi Tblisi Ruhani Seminariyasıdan tanıyan başqa bir bolşevik idi.[4]

1905-ci ildə Alyoşa Cuqaşviliyə öz evində onunla birlikdə yaşamaq təklifini verir. Bu zaman Alyoşa bacıları və yeznəsi Mixail Monaselidze ilə bir evdə yaşayırdı.[1] Madam Ervyenin atelyesi yuxarı təbəqədən olan müştəriləri cəlb edirdi. Həmçinin, bu mağaza şəhərin mərkəzində yerləşirdi. Buna görə də gizlənmək üçün çox yaxşı bir yer idi. Monaselidze növbəti illərdə yazır – "Bizim yerimiz polis şübhəsinin üzərində idi. Yoldaşlarım bir otaqda qeyri-qanuni əməllərə imza atarkən, mənim arvadım o biri otaqda generalların arvadlarına paltarlar görsədirdi".[1] Ehtimal olunur ki, Cuqaşvili Svanidze ilə bu zaman tanış olub.[7]

Çox keçmədən İosif Cuqaşvilidə Svanidzeyə maraq yarandı. Stalin növbəti illərdə qızı Svetlanaya Svanidzenin "çox şirin və gözəl" olduğunu və onun Stalinin "qəlbini əritdiyini" demişdir. Svanidze özü "Cuqaşviliyə yarı-tanrı kimi pərəstiş edirdi, ancaq onu anlayırdı. Cuqaşvilinin ideyaları onu heyran edirdi və təkmilləşdirirdi". Svanidze Cuqaşvilini cəzbedici olaraq görürdü. Sosial təbəqə baxımdan Cuqaşvilidən üstün olan Svanidze bolşevizmlə maraqlanmağa başlayır, sosial-demokratlar üçün fandrayzinq layihələri təşkil edir və zorakı münaqişələrdə yaralanan inqilabçılara qulluq edirdi.[8]

Stalinlə evliliyi

[redaktə | vikimətni redaktə et]
İosif Stalin həbs edilməzdən əvvəl. Batumi. 1902-ci il.
Kato Svanidze. təx 1905-ci il.

Svanidze və Cuqaşvili demək olar ki, 1906-cı ilin yayında evlənmək qərarına gəlirlər. Bu dövrdə Svanidzə hamilə qalmışdı, lakin onun bundan xəbərdar olub-olmaması naməlumdur. Tarixşünas Stiven Kotkinə görə, bu, onların evlənməsinin hərəkətverici qüvvəsi idi.[4] Cuqaşvilinin anası Keke Geladze kimi, Svanidze də çox dindar idi və Cuqaşviliyə israr etmişdir ki, kilsədə dini nikah etsinlər. Ateist olmasına baxmayaraq, Cuqaşvili bu təkliflə razılaşır.[4] Svanidze və Cuqaşvili onları evləndirəcək bir keşiş tapmaqda çətinlik çəkirdilər, çünki Cuqaşvili saxta sənədlərdən və "Qaliyaşvili" soyadından istifadə edirdi.[9] Monaselidze axırda onları evləndirməyə razı olan bir keşiş tapır. O, Cuqaşvilinin seminariyadan sinif yoldaşı Kita Txinvaleli idi. Txinvaleli onları evləndirməyə bir şərtlə razılaşdırmışdır ki, bu evlilik yalnız gecə saatlarında gerçəkləşsin.[10] Svanidze və Cuqaşvili 16 iyul 1906-cı il tarixində, saat 02:00 radələrində Svanidzegilin evinə yaxın olan bir kilsədə evlənirlər.[4][9]

Evlilik mərasimindən sonra onlar on nəfər üçün qonaqlıq verirlər. Cuqaşvilinin inqilabçı bolşevik müəllimi Mixail Tsxakaya tamada olaraq fəaliyyət göstərirdi.[9] Cuqaşvili öz anasını evlilik mərasiminə dəvət etməmiş, heç ona bu hadisə ilə bağlı əvvəlcədən xəbər belə verməmişdi.[4] Evlilik mərasimi sona çatdıqdan sonra bir polis zabiti onların evini ziyarət edir, lakin Cuqaşvili ona rüşvət verir ki, polis nəzarətinə alınmasın.[11]

Baxmayaraq ki, qanun evliliklərin birinin daxili pasportunda qeyd edilməsini tələb edir, Svanidze Rusiya imperiya gizli polisi olan Oxrananın tanıdığı Cuqaşvilini qorumaq üçün belə etmir.[12] O həmçinin, bolşeviklərə fəal şəkildə kömək etməyə davam edir və 1906-cı ildə Moskvadan gələn bir qonağı qəbul edir. Bu şəxs ikili agent idi. O, Svanidze və onun qohumu Spiridon Dvalini tərk etdikdən sonra – 13 noyabr 1906-cı il tarixində polis nəzarətinə alınır. Svanidze həbs edilir, Dvali isə bombalar hazırlamaqla ittiham olunaraq edama məhkum olunur.[10][13] Altı həftə azadlıqdan məhrum edildiksən sonra Svanidze sərbəst buraxılır. Onun tez buraxılmasına səbəb Svanidzenin dörd aylıq hamilə olması və Saşikonun atelyedəki müştərilərindən kömək istəməsi idi. Dvalinin cəzası da yumşaldılır.[12][13] Sərbəst buraxılmasına baxmayaraq, onun öz evinə qayıtmasına icazə verilmirdi. Bunun yerinə o, iki ay polis rəisinin evində yaşayır. Bu dövrdə Cuqaşvili onu tez-tez ziyarət edir, çünki zabitlər onu üzdən tanıya bilmirdi.[14]

18 mart 1907-ci ildə Svanidze oğlu Yakovu doğur. Yakovun anadan olduğu zaman həm Cuqaşvili, həm də ki onun anası orada olur.[d] Yakovun anadan olmasından bir neçə ay sonra Cuqaşvili Tiflisdə gerçəkləşən çox böyük bir bank soyğununda iştirak edir. Onların üçü də həbs edilməmək üçün Bakıya qaçırlar.[16] Onlar şəhərdən azca aralıda, Xəzər dənizinin sahilində, "Bayılov yarımadasında alçaq tavanlı bir tatar evi"ndə kirayə qalırlar.[17]

Xəstəliyi və ölümü

[redaktə | vikimətni redaktə et]
Kato Svanidzenin dəfn mərasimi. Bu dəfn mərasimində onun ailəsi və həyat yoldaşı Stalin (ən sağda) iştirak etmişdir. Tiflis. 1907-cı il.

Cuqaşvili tez-tez evdən xaricdə olurdu və Svanidzeni çox adamı tanımadığı bir məkanda tək qoyurdu. Cuqaşvilidən ötrü narahat olmasından yaranan stress, eləcə də yalnızlıq və isti iqlim onun sağlamlığına təsir göstərirdi. Svanidze çox keçməmiş xəstəliyə tutulur.[17] Onun ailəsi Svanidzeni daha mülayim iqlimə malik Raçaya dəvət edir ki, sağalsın və tanıdığı insanlarla bir mühitdə olsun, lakin o, həyat yoldaşını yalnız buraxmamaq üçün bu təklifi rədd edir. Oktyabr ayında onun vəziyyəti daha da pisləşir. Cuqaşvili onu Tiflisə geri aparacaq qədər narahat olmuşdu. Arvadının vəziyyətinə baxmayaraq, çox keçməmiş o, Bakıya qayıdır. Bakıdan Tiflisə olan on üç saatlıq səyahət zamanı Svanidze çirklənmiş su içir. Ehtimal olunur ki, bu su ya səpmə yatalaq, ya da ki vərəm xəstəliyini daşıyırdı. Tiflisdə olarkən Svanidze qida borusunda qanama yaşayır. Cuqaşvili ona baş çəkməyə bir dəfə gəlir. Yekaterina "Kato" Svanidze Tiflisə qayıtmasından üç həftə sonra, 22 noyabr 1907-ci il tarixində, 22 yaşında ikən vəfat etmişdir.[e][10][20]

Onun ölümü "Tsğaro" (gürc. წყარო; mənası – Mənbə) qəzətində elan edilir. Svanidzenin dəfn mərasimi 25 noyabr 1907-ci il tarixində, saat 09:00-da, Cuqaşvili ilə evləndiyi eyni kilsədə keçirilir. Onun meyiti Tiflisin Kukiya ərazisində yerləşən bir kilsədə dəfn edilir. Həyat yoldaşının ölümü Cuqaşvilinin ağlını itirməyinə səbəb olur. Deyilənə görə, o, dəfn mərasimi zamanı "Bu məxluq mənim daşdan olan ürəyimi yumşaltdı. O, mənim bəşəriyyətə olan son mehriban hisslərimlə birlikdə öldü" demişdir.[21] Cuqaşvili sonrakı dövrlərdə sevgililərindən birinə deyir: "Kədər məni elə boğmuşdu ki, yoldaşlarım mənim silahımı əlimdən almalı oldular".[22] Həmçinin, deyilənə görə, Cuqaşvili özünü onun məzarına atır və dəfn mərasimində iştirak edənlər onu oradan sürüyə-sürüyə çəkməli olur. Oxrana agentləri tərəfindən izlənildiyindən Cuqaşvili mərasim sona çatdıqdan dərhal sonra oranı tərk etməli olur. O, Tiflisi tərk edir və Bakıya qayıdır. Onun səkkiz aylıq oğlu Yakov anasının qohumları tərəfindən böyüdülür.[23] Cuqaşvilini oğlunu yalnız bir neçə il sonra ziyarət edir.[f]

Ölümündən sonra

[redaktə | vikimətni redaktə et]

Yakov həyatının ilk on dörd ilini Svanidze ailəsi ilə birlikdə yaşamaqla keçirir.[25] O, 1921-ci ildə atası ilə birlikdə yaşamaq üçün Moskvaya yollanır. Bu dövr sadəcə gürcü dilində danışan və rus dilini başa düşməyən Yakov üçün çətin idi. Atası ona pis davranırdı.[26] Sonrakı dövrlərdə Svanidze ailəsinin digər üzvləri də Moskvaya köçür. Artıq İosif Stalin olaraq tanınan Cuqaşvili arabir onları ziyarət edirdi.[27]

Svanidzenin qardaşı Alyoşa daha sonralar opera müğənnisi Mariya Anisimovna Korona ilə evlənir və tədricən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsində rütbələr adlayır. Onun bacısı Mariko da Moskvaya köçür və Avel Yenukidze ilə birlikdə katib olaraq işləyir.[28] 1937-ci ildə, Stalin repressiyası dövründə o, Yenukidzeyə qarşı olan ittihamların bir parçası olaraq, polis nəzarətinə alınır. Yenukidze çox keçməmiş edam olunur. 1938-ci ildə Stalin Alyoşa və həyat yoldaşı Mariyanın həbs edilir. Stalin Alyoşadan tələb edir ki, Nasist Almaniyası üçün işləyən bir casus olduğunu öz boynuna alsın, lakin o, bunu etmir.[29] Alyoşa 1941-ci ildə edam olunur, Mariko və Mariya isə 1942-ci ildə güllənəlirlər.[30] Alyoşa və Mariyanın yeganə oğlu İvan Svanidze Stalinin yeganə qızı Svetlana Aliluyeva ilə qısa bir müddətə evlənir. Onlar 1959-cu ildə boşanırlar.[29]

  1. Bəzi mənbələrdə onun adını Yekaterina olaraq göstərir ki, bu da həmin gürcü adının ruslaşdırılmış variantıdır.
  2. Gürcü adları adətən ixtisarlaşdırılır.
  3. Montefiore müəllifi olduğu kitabında bir qədər məşhur bir gürcü soyadı olan Monaselidzenin (gürc. მონასელიძე) soyadını "Monoselidze" yazaraq orfoqrafik səhvlər buraxır.[6]
  4. Tarixşünas Saymon Sebaq-Montefiore qeyd edir ki, Yakovun adı Cuqaşvili uşaq ikən ona və onun anasına yardım etmiş Yakov Yeqnaraşviliyə bir hörmət əlaməti olaraq qoyulub.[15]
  5. Svanidzenin ölümünün əsl səbəbi müəyyən deyil. Kotkin yazır ki, onun ölümünə səbəb ya səpmə yatalaq, ya da ki vərəm xəstəliyi idi.[18] Buna baxmayaraq, Montefiore Svanidzenin bir qohumuna istinadən qeyd edir ki, onun ölümünə səbəb olan dəqiq olaraq, səpmə yatalaq xəstəliyi idi.[19]
  6. Montefiore ehtimal edir ki, Yakov Cuqaşviliyə Svanidzeni və onun ölümünü xatırladırdı.[24]
  1. 1 2 3 4 5 6 Montefiore, 2007. səh. 144
  2. Kotkin, 2014. səh. 753, qeyd 81
  3. Zenkoviç, 2005. səh. 368
  4. 1 2 3 4 5 6 Kotkin, 2014. səh. 105
  5. Montefiore, 2007. səh. 144–145
  6. Cavaxişvili, 1939
  7. Kun, 2003. səh. 341
  8. Montefiore, 2007. səh. 164
  9. 1 2 3 Montefiore, 2007. səh. 165
  10. 1 2 3 Kun. səh. 342
  11. Montefiore, 2007. səh. 166–167
  12. 1 2 Kotkin, 2014. səh. 106
  13. 1 2 Montefiore, 2007. səh. 173
  14. Montefiore, 2007. səh. 173–174
  15. Montefiore, 2007. səh. 174
  16. Montefiore, 2007. səh. 188
  17. 1 2 Montefiore, 2007. səh. 194
  18. Kotkin, 2014. səh. 115
  19. Montefiore, 2007. səh. 200
  20. Montefiore, 2007. səh. 199
  21. Montefiore, 2007. səh. 202
  22. Kotkin, 2014. səh. 753, qeyd 83
  23. Montefiore, 2007. səh. 202–203
  24. Montefiore, 2007. səh. 203
  25. Kotkin, 2014. səh. 116
  26. Kotkin, 2014. səh. 466
  27. Kotkin, 2014. səh. 594
  28. Montefiore, 2007. səh. 379
  29. 1 2 Kun, 2003. səh. 417
  30. Kun, 2003. səh. 413–414
  • Cavaxişvili, Giorgi, სემინარიის კურსდამთავრებულები (gürcü), Gürcüstan Milli Parlament Kitabxanası, 1939, 2022-08-30 tarixində arxivləşdirilib, İstifadə tarixi: 7 aprel 2019
  • Kotkin, Stefen, Stalin, Volume I: Paradoxes of Power, 1878–1928 (ingilis), Nyu-York: Penguin Press, 2014, ISBN 978-1-59420-379-4 (#accessdate_missing_url)
  • Kun, Miklos, Stalin: An Unknown Portrait (ingilis), Budapeşt: Central European University Press, 2003, ISBN 963-9241-19-9 (#accessdate_missing_url)
  • Sebaq-Montefiore, Saymon, Young Stalin (ingilis), London: Phoenix, 2007, ISBN 978-0-297-85068-7 (#accessdate_missing_url)
  • Zenkoviç, Nikolay, Самые секретные родственники (rus), Koskva: OLMA-Press, 2005, ISBN 5-94850-408-5 (#accessdate_missing_url)

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]