Kopenhagen Universiteti | |
---|---|
Københavns Universitet | |
55°40′47″ şm. e. 12°34′21″ ş. u.HGYO | |
Əsası qoyulub | 1479 |
Tip | Dövlət |
Tələbə sayı | 38010 |
Şəhər | Kopenhagen şəhəri |
Ölkə | |
Sayt | ku.dk |
Vikianbarda əlaqəli mediafayllar |
Kopenhagen Universiteti (dan. Københavns Universitet) — Danimarkada, Kopenhagen şəhərində yerləşən və ölkənin ən böyük ali təhsil müəssisəsi. Avropanın aparıcı elmi tədqiqat mərkəzlərindən biri olan Kopenhagen Universitetində dərslər Danimarka, ingilis və alman dillərində keçilir. Kopenhagen Universiteti Danimarka Krallığının fəxri hesab olunur.
Danimarkanın ən qədim ali təhsil ocağı olan Kopenhagen Universiteti 1479-cu il iyunun 1-də Kral I Xristian Roma papası IV Sikstin razılığını aldıqdan sonra yaradılmışdır. 1536-cı ildə Lund şəhərində yerləşən Studium Generale bağlandıqdan sonra 1920-ci illərin sonunda Orhus Universiteti yaradılana qədər Kopenhagen Universiteti Danimarkada yeganə ali məktəb olmuşdur. Universitet Universal Roma katolik kilsəsinin bir hissəsi olaraq ilahiyyat, hüquq, tibb və fəlsəfə tədris edir. Ali məktəb Lüteran Reformasiyasından sonra 1537-ci ildə bərpa edilir və yevangelist-Lüteran seminariyasına çevrilir. 1675-1788-ci illər arasında universitetdə dərəcə imtahanı tətbiq edilir. 1788-ci ildə qəbul edilmiş nizamnamədən sonra bu ali məktəb tədricən klassik Avropa universitetindən müasir elmi tədqiqat mərkəzinə çevrilməyə başlayır.
1801-ci ildə admiral Horatio Nelsonun komandanlığı altında Britaniya donanması Kopenhagen şəhərini bombardman edir, Kopenhagen Universitetinin binaları da dağıntıya məruz qalır. Buna baxmayaraq, 1836-cı ildə yeni quruculuq işləri getdiyi vaxtda universitetin yeni binası istifadəyə verilir. Bu dövrdə universitet kitabxanası, Zoologiya, Geologiya muzeyləri, botanika bağı və oranjereya yaradılır. İlk qız tələbə universitetə 1877-ci ildə qəbul olunur.
1993-cü ildə Kopenhagen Universitetinin hüquq fakültəsi sosial elmlər fakültəsindən ayrılır, 1994-cü ildə ekologiya, biotexnologiya fakültələri açılır, tələbə və müəllimlərin sayı sürətlə artır. 1479-cu ildən 2004-cü ilədək universitet rektor və Konsistoriya (kilsə şurası) tərəfindən idarə olunur. 2004-2005-ci illərdə Konsistoriya İdarəçilər Şurası ilə əvəz olunur. 2005-ci ildə Kopenhagen Universitetinin Sağlamlıq və Cəmiyyət Mərkəzi, Səhiyyə İnstitutu açılır.
2006-cı ilin mayından universitet 500-dən artıq yaşı olan qədim binalarını tərk etmək qərarına gəlir. Məqsəd daha keyfiyyətli tədris şəraiti və müasir təhsil mühiti yaratmaq üçün universitetin departament və fakültələrinin əksəriyyətini üç böyük kampusda cəmləməkdən ibarət olur. Kampusdakı departamentlər fənlərdən asılı olaraq yerləşdirilir, məsələn, Siyasi elmlər və Sosiologiya departamentləri bir-birlərinə yaxın ərazidə salınıb.
2007-ci ildə Kral Baytarlıq və Kənd Təsərrüfatı Universiteti ilə Danimarka Əczaçılıq Elmləri Universiteti Kopenhagen Universitetinə birləşdirilir. Həmin universitetlər hazırda Kopenhagen Universitetinin dəqiq elmlər və əczaçılıq fakültələri kimi fəaliyyət göstərir.
Kopenhagen Universiteti yataqxanaları yetərincə tələbə yerləşdirməyə malikdir, lakin tələbə sayı çox olduğundan əcnəbi tələbələr burada otaq tapmağa çətinlik çəkir. Yataqxanada otaq tutmaq üçün tələbə dərslər başlanmazdan 2-3 ay əvvəl universitetə müraciət etməlidir. Otaqların qiyməti şəraitindən asılı olaraq ayda 2500-4500 kron arasında dəyişir. Tələbələr şəxsi evlərdə ayda 2600-4000 kron ödəməklə kirayə otaq tuta bilərlər.
Kopenhagen Universiteti Kopenhagen şəhərinin mərkəzi hissəsində yerləşir və 4 kampusdan ibarətdir:
Şimal kampusda Sağlamlıq, Əczaçılıq elmləri, Dəqiq elmlər fakültələri, Biotexnologiya Tədqiqatları və İnnovasiyalar Mərkəzi, Cənub kampusda Humanitar elmlər fakültəsi, Şəhər kampusunda Hüquq, İctimai elmlər, İlahiyyat fakültələri, İnzibatçılıq Mərkəzi, Frederiksberq kampusunda isə Həyat elmləri fakültələri yerləşir.
Kopenhagen Universitetinin kampusları yaşıllığı və bitki örtüyünün rəngarəngliyi ilə seçilir. Universitetin məqsədi Avropanın ən yaşıl kampusu adına yiyələnməkdir. Bu təşəbbüsə tələbə və müəllimlər də cəlb olunur. Havaya zərərli qazların buraxılmasının aradan qaldırılması, enerji istifadəsinin azaldılması, ümumiyyətlə, təbiətin mühafizəsi ilə bağlı universitetdə xeyli işlər aparılır. Kopenhagenin mərkəzində universitetin Botanika bağı yerləşir. Bağ Danimarkanın bütün bitkilərinin kolleksiyasından ibarət canlı muzeydir. Həmçinin burada dünyanın ən böyük bitki və göbələk herbarisi toplanıb. Ali məktəbin kampusunda əvvəllər Kral Baytarlıq bağı adlandırılan, elmi tədqiqatlar üçün nəzərdə tutulmuş, əsrarəngiz gözəlliyə malik Həyat Elmləri bağı mövcuddur. Bütün bunlarla yanaşı, meşə təsərrüfatı təhsilinin inkişafı məqsədi ilə 1936-cı ildə Botanika bağına əlavə olaraq Kopenhagen şəhərindən kənarda dendari salınıb. Şəhərdən kənarda universitetə məxsus meyvə ağacları və kollarından ibarət Pometum, Eressunda dəniz suyu doldurulmuş və dənız canlıları saxlanılan akvarium var.
Kopenhagen Universitetində 8 fakültə və 100-dən çox departament və tədqiqat mərkəzi var.
Həmçinin Kopenhagen Universitetində fakültələrdən kənar BRİK-Biotek Tədqiqat və İnnovasiyalar, Epigenetika elmi mərkəzləri fəaliyyət göstərir.
Kopenhagen Universitetinin əsas kitabxansı Kopenhagen Universiteti Kitabxanasıdır. Bununla yanaşı, hər bir fakültə və departamentin şəxsi kitabxanası mövcuddur. Kopenhagen Universiteti kitabxana kolleksiyası Avropanın ən zəngin kolleksiyalarından biri hesab olunur.
Kopenhagen Universiteti müstəqil idarəetmə sisteminə malik dövlət universitetidir. Universitetin ali orqanı Universitet Şurasıdır. Universitet Şurası ölkənin Elm, Təhsil, Texnologiya və İnnovasiyalar Nazirliyi ilə birgə Fəaliyyət Sazişi imzalayıb. Saziş müəyyən bir vaxtı və bu vaxt ərzində universitetin inkişaf proqramını əhatə edir ("2005-ci il İnkişaf Sazişi", "2006-2008-ci illər İnkişaf Sazişi", "2008-2010-cu illər İnkişaf Sazişi"). Şura ali məktəbin ümumi maraqları və təhsil, tədqiqat məsələlərinə nəzarət edir. Universitetin rektor və prorektorları Şura, 8 fakültənin dekanları isə rektor və Şura tərəfindən təyin olunur. Fakültə və departamentlərin şəxsi administrasiyası fəaliyyət göstərir, lakin onlar da Şuraya tabedir.
2005-ci ildən Kopenhagen Universitetinin rektoru psixiatriya üzrə professor Ralf Hemminqsendir. O, universitetin tarixində 258-ci rektordur. Həmçinin o, tələbə və əməkdaşlar tərəfindən seçilən universitetin ilk rektorudur. Bu ali məktəbin prorektoru isə professor Tomas Bjornholmdur. Universitetdə ümumilikdə 8600 işçi çalışır. Əməkdaşların 4406 nəfərini akademik, 4194 nəfərini isə inzibati heyət təşkil edir.
2009-2010-cu tədris ilində Kopenhagen Universitetində 38010 nəfər tələbə təhsil alıb. Tələbələrin 21489 nəfərini bakalavrlar, 16521 nəfərini magistr və doktorantlar, 5484 nəfərini isə əcnəbi tələbələr təşkil edib.
II Dünya müharibəsindən sonra Danimarkada güclü "beyin axını" prosesi müşahidə edilməyə başlanıb, ölkənin ən perspektiv şəxsləri işləmək üçün xarici ölkələrə, xüsusi ilə Amerikaya yollanıb. Danimarka hökuməti bu prosesin qarşısını almaq üçün bir çox tədbirlər həyata keçirir. Hər ixtisasa uyğun ölkəyə lazım olan qədər mütəxəssis hazırlanır və onlar yüksək maaşlı işlə təmin olunur. Orta və ali məktəblərdə tələbələrə Vətənə sadiqlik, sevgi hissləri aşılanır.
Kopenhagen Universiteti ilk öncə Danimarkanın maraqlarını qoruyan və xalqının rifahına xidmət edən dövlət ali təhsil ocağıdır. Universitetin məqsədi bütün sahələr üzrə yüksək səviyyədə ixtisaslaşmış mütəxəssislər hazırlamaqdır, bunun üçün də tələbələrə dünyanın əsas dillərində müxtəlif fənlər üzrə təhsil almaq imkanı yaradılıb.
Universitet Beynəlxalq Tədqiqat Universitetləri Alyansına daxildir.[2]
2009-2010-cu tədris ilində Kopenhagen Universitetinin illik büdcəsi 7033684000 Danimarka kronu (DKK) təşkil edib.
Kopenhagen Universitetinə yerli abituriyentlər imtahansız, orta məktəbin buraxılış imtahanlarının nəticəsini təqdim edərək qəbul olunurlar. Universitetdə yerli və Avropa Birliyinə daxil olan ölkələri təmsil edən tələbələr ödənişsiz oxuyur. 2010-2011-ci tədris ilində Kopenhagen Universitetində əcnəbi tələbələrin təhsil haqqı İctimai elmlər fakültəsində bakalavr, magistratura və doktorantura pillələrində təhsil almalarından asılı olmayaraq ildə 10000 avro, Əczaçılıq elmləri fakültəsində ildə 14400 avro, Həyat elmləri fakültəsində ildə 7000 avro, Dəqiq elmlər fakültəsində ildə 13000-15300 avro təşkil edir. Təhsil haqqı tələbənin fakültədə qeydiyyata düşməsindən 1 ay əvvəl ödənilməlidir (əgər tələbə sentyabr ayının 1-dən qeydiyyata düşürsə, avqustun 1-dən, fevralın 1-dən qeydiyyata düşürsə, yanvarın 1-dən təhsil haqqını ödəməlidir).
Dünyanın digər universitetlərində olduğu kimi, Kopenhagen Universiteti də tələbələrə müxtəlif təqaüd və kreditlər təklif edir. Təqaüd və kredit almaq üçün tələbə avqust və fevral ayında universitetə yazılı ərizə ilə müraciət etməlidir. Götürdüyü krediti tələbə oxuduğu müddətdə tədricən və ya universiteti bitirib işə düzəldikdən sonra qaytarır. Əgər tələbə ali məktəbi bitirdikdən sonra sağlamlığı ilə əlaqədar və digər səbəblərə görə işləmək imkanını itirirsə, iş tapa bilmirsə, götürdüyü kredit ona bağışlanır.
2003[4] | 2004[5] | 2005[6] | 2006[7] | 2007[8] | 2008[9] | 2009[10] | 2010[11] | 2011[12] | 2012[13] | 2013[14] | 2014[15] | 2015[16] |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
65 | 59 | 57 | 56 | 46 | 45 | 43 | 40 | 43 | 44 | 42 | 39 | 35 |
2014/15[17] | 2013/14[18] | 2012/13[19] | 2011/12[20] | 2010/11[21] |
---|---|---|---|---|
46 | 45 | 51 | 52 | 45 |
Kopenhagen Universiteti çoxlu sayda məşhur məzunları ilə tanınır. Universitetin 9 nəfər Nobel mükafatı laureatı var. Onların arasında tanınmış alim, fizika üzrə Nobel mükafatı laureatı Nils Boru qeyd etmək olar. Bir çox Danimarka alimləri kimi Nils Bor da ölkədən kənarda fəaliyyət göstərib.
Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar: