Legends of Runeterra | |
---|---|
Hazırlayanlar | Riot Games |
Yayımlayanlar | Riot Games |
Buraxılış tarixləri | 29 aprel 2020 |
Janrlar | rəqəmsal kolleksiya kart oyunu |
Texniki məlumat | |
Platforma | Android, İOS, Microsoft Windows |
Oyun rejimi | çoxnəfərli oyun, birnəfərli oyun |
İnterfeysin dili | ingilis dili, rus dili, ispan dili, fransız dili |
Daşıyıcı | rəqəmsal yükləmə[d], rəqəmsal distribusiya |
İdarəetmə | sensor ekran |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Legends of Runeterra (azərb. Runterra əfsanələri) və ya qısaca LoR – 2020-ci ilin aprelində Riot Games tərəfindən istehsal olunmuş və buraxılmış rəqəmsal kolleksiya kart oyunu. Riot Games tərəfindən istehsal olunmuş "League of Legends" videooyununun dünyasına əsaslanır. Oyunu oynamaq pulsuzdur, sadəcə kosmetik vasitələr pulludur. Oyun Microsoft Windows, iOS və Android platformaları üçün əlçatandır.
Oyunda məqsəd rəqibin canını sıfıra endirməkdir. Kartların müxtəlif növləri var və kartlar oyundakı 10 regiondan birinə və ya bir neçəsinə aiddir. Oyunun döyüş sistemi digər kart oyunlarından fərqlənir.
Oyunun bir çox personajı Riot Games tərəfindən istehsal olunmuş "League of Legends" videooyunundan götürülmüşdür. İstehsalçıların qısa hekayələr, komikslər və animasiyalar vasitəsilə genişləndirdiyi Runterra uydurma dünyası oyunun kartları üçün mövzu təşkil edir.
"Legends of Runeterra" tənqidçilər tərəfindən bəyənilmiş, oyunun yüksək keyfiyyətli vizualları və əlçatanlığı təriflənmişdir. Oyun bir neçə mükafata layiq görülmüşdür.
"Legends of Runeterra" oyunçular biri-birilərinə qarşı oynaya bildikləri rəqəmsal kolleksiya kart oyunudur. Oyunun başlanğıcında oyunçularının Neksusunun 20 canı olur: canı sıfır olan ilk oyunçu məğlub olmuş sayılır. Oyunçular oyunu qabaqcadan düzəltdikləri 40 kartdan ibarət dəstə ilə oynayırlar. Oyunun əvvəlində oyunçunun əlində 4 kart olur. Hər raundda oyunçular kartlar çəkirlər. Kart oynamaq üçün mana xərcləmək lazımdır və hər raunddan sonra oyunçuların maksimum manası artır.[1] Oyunçunun xərcləmədiyi maksimum 3 mana növbəti raund üçün sehr manası olaraq saxlanılır. Sehr manası ancaq sehr kartlarını oynamaq üçün istifadə oluna bilər.[2]
Oyunçular növbələşərək bir raundda hücum mövqeyində, o biri raundda isə müdafiə mövqeyində olurlar.[1][3] Bəzi kartlar müdafiə mövqeyində olan oyunçunun hücum etməsinə şərait yaradır.[2]
Hər kart bir regiona aiddir və dəstə qurarkən maksimum 2 regionun kartlarından istifadə etmək olar. Hər regionun özünəməxsus oyun stili var. Regionlar Runterra dünyasının regionlarına əsaslanır: Bendl-Siti, Bilcvoter, Demasiya, Frelyord, İoniya, Kölgə adaları, Noksus, Piltover və Zaun, Şurima, Tarqon.[4] Bunlardan əlavə, regioni olmayan xüsusi kartlar da mövcuddur ki, bu kartlar Runterra kartları adlanır. Bendl-Siti regionuna aid olan bəzi kartlar başqa bir regiona da aid ola bilir.
Kartların dörd növü var: çempion, təqibçi, sehr və yer.[5] Çempion kartları "League of Legends" oyunundakı çempionlara əsaslanır. Digər kartlardan fərqli olaraq bu kartlar səviyyə atlaya bilir. Çempion kartı səviyyə atlasa da, daha güclü çempion kartına çevrilir.[2] Təqibçi kartları hücum və can statistikasına malik kartlardır. Hücum kartın Neksusa və ya blokladığı karta vurduğu xəsarəti, can isə kartın maksimum götürə biləcəyi maksimum xəsarəti göstərir. Çempion və təqibçi kartları birlikdə birlik kartları adlanır.[1]
Sehr kartlarının hücum və can statistikası olmur, eləcə də, əldə yer tutmurlar. Onları oynayaraq oyuna müxtəlif təsirlər göstərmək mümkündür. Sehr kartlarının üç növü var: ani, sürətli və yavaş. Ani sehr kartlarının təsiri dərhal işə düşür və rəqib reaksiya göstərə bilmir. Sürətli sehr kartlarının təsiri işə dərhal işə düşmür və qabaq rəqib reaksiya göstərə bilər.[1] Yavaş sehrli kartlarının təsiri də sürətli sehr kartları kimi dərhal işə düşmür, lakin ondan fərqli olaraq ancaq qeyri-döyüş vəziyyətində istifadə oluna bilər.[6]
Yer kartları həm birlik kartlarına, həm də sehr kartlarına oxşayır.[7] Birlik kartlarından fərqli olaraq yer kartlarının hücum və can statistikası olmur, onlarla müdafiə olunmaq və ya hücum etmək mümkün deyil.[8] Lakin sehr kartları kimi müxtəlif təsirlərə malikdir və əldə yer tuturlar.[9]
Riot Games işçiləri şirkətin yarandığı ilk günlərdən etibarən kart oyunu istehsal etməyi düşünürdülər. Şirkətdə kolleksiya kart oyunlarının fanatı olan bir çox işçi işləyir.[10] Oyunun icraçı produseru Ceff Cu və direktoru Endrü Yip "Magic: The Gathering" kart oyununun böyük fanatlarıdır.[11][12] Oyun üçün bir neçə konsepsiya olsa da, "Legends of Runeterra" oyunu üzərində işlər 2017-ci ildə başlamışdır.[10][12] Riot peşəkar "Magic" oyunçularını oyunu sınaqdan keçirməyə dəvət etmiş, bəzilərini dizayn komandasına daxil etmişdir.
"Legends of Runeterra" 15 oktyabr 2019-cu ildə "League of Legends" oyununun 10 illiyi münasibətilə baş tutan tədbirdə anons edilmişdir. Anonsdan sonra oyunun qapalı beta dövrü başlamışdır.[13][14] Birinci qapalı beta dövrü 2019-cu ilin oktyabrında başa çatmışdır.[15] İkinci beta dövrü 14 – 19 noyabr tarixlərini əhatə etmişdir.[16] Oyunun açıq betası 24 yanvar 2020-ci ildə açılışdır.[17]
Oyun rəsmi olaraq 29 aprel 2020-ci ildə buraxılmışdır.[18] Beta dövründə oyunun 6 regionu, 24 çempionu və 294 kartı var idi.[19] Rəsmi buraxılışdan sonra oyuna yeni kartlar, çempionlar və mexanikalar gəlməyə davam edir.
Oyun 2020-ci ildə Ən yaxşı mobil oyun kateqoriyasında Oyun mükafatına layiq görülmüşdür.[20] Apple oyunu 2020-ci ilin ən yaxşı iPad oyunu adlandırmışdır.[21] 2021-ci ildə İlin mobil oyunu kateqoriyasında DICE mükafatının qalibi olmuşdur.[22]