Lü Ven | |
---|---|
Doğum tarixi | 27 yanvar 1988 (36 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | fotomodel[d], model[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Lü Ven (çin. 刘雯; 27 yanvar 1988, Yunçjou[d], Xunan) – Çin modeli.[1] 2012-ci ildə "The New York Times" tərəfindən "Çinin ilk supermodeli" adlandırılmışdır.[2] Ven Victoria's Secret Dəb Şousunda podiuma çıxan ilk çinli modeldir.[3] O, Estée Lauder kosmetika brendinin mətbuat katibi olmuş ilk şərqi-asiyalı, "Forbes" jurnalının ən çox qazanan modellər siyahısına düşən ilk asiyalı qadındır.[4][5] 2017-ci ildə "American Vogue" jurnalının üzlüyündə görünən ikinci çinli model olmuşdur.[6] 2020-ci ilin aprelində ikinci dəfə bu jurnalın üzlüyündə yer alaraq bunu bacaran ilk çinli model olmuşdur.[7] Hazırda The Society Management ilə əməkdaşlıq edir[8] və Nyu-York şəhərində aktiv fəaliyyət göstərir.[9]
Lü Çinin Xunan əyalətinin Yunçjou şəhərində doğulmuşdur.[9] Sinif yoldaşları arasında ən hündürboy qız olduğu üçün onda əyilmə vərdişi yaranmış və qaməti əyriləşmişdi. Buna görə də anası onun model olmasını və qamətini düzəltməsini istəmişdi.
2005-ci ildə Xunan əyalətində keçirilən Yeni İpək Yolu Dünyası model müsabiqəsində yarım-final mərhələsinin qalibi olmuşdur. Müsabiqədə iştirak etmə motivasiyası mükafatın yeni notbuk olması idi.[10] Finalda ilk onluğa düşə bilməsə də, Pekində model olmaq təklifi almışdır.[11] Həmin dövrdə reklamlar üçün tələb olunan görünüş standartları onda olmadığı üçün iş tapmaqda əziyyət çəkirdi. Lakin 2007-ci ildə beynəlxalq model sənayesinə daxil olduqdan və "Chinese Cosmopolitan" jurnalında yer aldıqdan sonra diqqət çəkməyə başlamışdır.[12]
2008-ci ilin fevralında "Chinese Vogue" jurnalının 4 dəb məqaləsində yer almışdır.[13] Həmin ay beynəlxalq podiumlarda debüt etmiş, Burberry brendi üçün modellik etmiş və Milandakı Trussardi şousunda iştirak etmişdir. Bir həftə sonra Parisdə Chanel, Jean Paul Gaultier və Hermès brendləri üçün podiuma çıxmışdır.[14] Növbəti ilin fevralında və martında payız mövsümü üçün Lü Nyu-York, London, Milan və Paris şəhərlərindəki 74 şouda modellik etmişdir. Bu, həmin mövsümün ən yüksək göstəricisi idi və Lü bir mövsümdə ən çox şouda iştirak etmiş asiyalı model rekorduna sahib olmuşdur. 2010-cu ilin yaz mövsümündə isə bu 4 şəhərdəki 70 şouda çıxış etmişdir. Həmin mövsüm Konstans Yablonskidən sonra ən çox sifariş edilən model olmuşdur.[15]
O, Calvin Klein, Dolce & Gabbana, Roberto Cavalli, Oscar de la Renta, Hugo Boss, Alexander Wang, Rag & Bone, H&M, Marni, Lane Crawford, Bergdorf Goodman, Diesel, Gap və Vivienne Tam brendlərinin kampaniyalarında iştirak etmişdir. Bir mövsüm üçün şəxsi rekordu 7-dir: 2009-cu ilin yaz mövsümündə DKNY Jeans, The GAP, Barneys New York, Benetton, Alexander Wang, Converse və cKone brendlərinin kampaniyalarında görünmüşdür.[16] "Vogue Germany", "Vogue Espana", "Vogue China", "Vogue Italia", "British Vogue" və "American Vogue" jurnallarının baş məqalələrində yer almışdır. "Numero" (eləcə də, üzlükdə), "GQ", "V magazine", "Harper's Bazaar", "Pop Magazine", "Allure", "i-D" (eləcə də, üzlükdə), "Interview" və "W" jurnallarının da məqalələrində görünmüşdür.[16]
2009-cu ildə Victoria's Secret Dəb Şousu üçün podiuma çıxan ilk çinli olmuşdur.[3] Liu 2010-2012-ci illərdə də bu şouda iştirak etmişdir.[17][18] 2016, 2017 və 2018-ci illərdə şouya qayıdaraq podiuma çıxmışdır.[19]
2010-cu ilin aprelində Konstans Yablonski və Joan Smolls ilə birlikdə Estée Lauder kosmetika şirkətini təmsil edəcəyi açıqlanmışdır.[20] 2012-ci ilin martında "The New York Times" üzlüyündə yer almış və "Çinin ilk supermodeli" kimi təqdim olunmuşdur.[2] Həmin il ilk dəfə olaraq Kann kinofestivalında iştirak etmişdir. 2013-cü ilin yazında H&M brendi tərəfindən "Yeni ikonalar"dan biri kimi göstərilmişdir.[21]
2013-cü ildə "Forbes" jurnalının ən çox qazanan modellər siyahısında 5-ci yerdə göstərilmiş və ilk beşliyə daxil olan ilk asiyalı olmuşdur.[5][22] 2014-cü ildə bu göstəricini təkrarlamış, gəliri 4,3 milyon dollardan 7 milyon dollara qalxmışdır.[23] 2013-cü ildə Models.com saytının "Top 50 qadın modeli" siyahısında 3-cü yerdə qərarlaşmışdır. O, tarixdə ən yüksək reytinqli asiyalı modeldir.[24] 2014-cü ilin iyulunda Models.com saytı ona "Yeni supermodel" statusu vermiş və bu ada layiq görülən ilk asiyalı model olmuşdur.[25] O, 2015-ci ilin fevralından bu siyahıda qalmağa davam edir.
Lü Ven Instagram və Weibo kimi sosial şəbəkələrdə böyük izləyici kütləsi toplamışdır. "American Vogue" jurnalı 2014-cü ilin aprelində onu "rəqəmsal hərəkat lideri" adlandırmışdır.[26]
2015-ci ilin aprelində Cənubi Koreya müğənnisi Çoi Sivon ilə birlikdə "Biz evlənmişik" verilişinin Çin spin-offunda iştirak etmişdir. 2017-ci ildə "American Vogue" jurnalının üzlüyündə görünən ikinci çinli olmuşdur.[6][27][28]
Model kimi bir çox brend üçün işləmişdir: Calvin Klein, Hugo Boss, Roberto Cavalli, Dolce & Gabbana. O, Gap, H&M, Prada və Bergdorf Goodman kimi brendlərin məhsullarının marketinqini aparmışdır.[29] Chanel Beauty onu brendin qlobal səfiri kimi seçmişdir.
Lü Ven hazırda Nyu-York şəhərində yaşayır və orda aktiv fəaliyyət göstərir.